Ev

Ev

      Bizim evimiz — bizim qalamız və sığınacağımızdır, zor hücumlardan müdafiəmiz və istirahət yerimizdir.

      İlk valideyinlərimizin yaşadıqları ilk ev onların uşaqları hər tərəfə yayılan və yer üzərini dolduran zaman onlar üçün nümunə olmalı idi. ALLAHIN öz əli ilə bəzədiyi bu ev təmtəraqlı saraya bənzəmirdi. İnsanlar təmtəraqlı və bahalı əşyaları görəndə sevinirlər və öz əllərinin işlərilə fəxr edirlər: lakin ALLAH Adəmi bağda yerləşdirdi. Bura onun evi idi. Mavi səma onun evinin örtüyü idi: ətirli çiçəklər və yaşıl otlarla örtülmüş yer döşəməsi idi: gözəl ağacların sıx yarpaqları onun çadırı idi. Cənnətdəki evin divarları gözəl, dəbdəbəli idi və Böyük Ustanın Əlləri ilə gözəl bəzədilmişdi. Bu, bütün dövrlərdə insanlar üçün bir dərs olmalıdır ki, xoşbəxtlik qürur və ya dəbdəbə sayəsində deyil, ALLAHIN Öz yaratdığı vasitəsilə Onunla ünsiyyətdən əldə edilə bilər.

      Təbiətə yaxınlıq. Şəhər həyatı yalançı dəyərlər və süni yaradılmış müvəqqəti şeylərlə doludur. Böyük qaranlığa səbəb olan ehtiraslı yüngül qazanc arzusu, özünü nümayiş yanğısı, dəbdəbə və düşüncəsiz hərəkətlər böyük insan kütlələrini öz əlinə alaraq, onları həqiqi həyat məqsədlərindən uzaqlaşdırır. Bu gənclərə qarşısıalınmaz dərəcədə təsir göstərir. Şəhərlərdə yaşayan uşaq və gənclərin qarşısında duran ən cazibəli və ən qorxulu imtahanlardan biri — eyş-işrətə qurşanmaqdır.

      Şəhər mühiti çox vaxt sağlamlıq üçün təhlükəlidir. Daim xəstə insanlarla ünsiyyətdə olmaq məcburiyyəti, müxtəlif mikroblarla çirklənmiş hava və su, sıxıntılı, natəmiz həyat şəraiti şəhər sakininin qarşılaşdığı problemlərin bir neçəsidir.

      İnsanların şəhərlərə axışması, evlərdə və icarəyə götürülmüş yaşayış yerlərində sıxlaşmış şəkildə yaşaması ALLAHIN planlarına daxil deyildi. O, ilk valideyinlərimizi gözəl təbiət mənzərələri, səsləri arasında yerləşdirmişdi, bu halın bu gün də davam etməsini çox istəyir. ALLAHIN ilkin planına nə qədər yaxın şəkildə həyat sürsək, bir o qədər sağlam bədən, ağıl və qəlb sahibi olmaq imkanı qazana bilərik.

      Evin qarşısında kiçik bağ sahəsinin olması və onun qayğısına qalmaqda uşaqların da köməyindən istifadə etmək çox yaxşı olardı. Bu, onlar üçün həm əyləncə, həm də faydalı əmək olardı. Bitkilərlə və çiçəklərlə məşğul olmaq incə zövqün tərbiyəsinə və əqlin inkişafına kömək edir. ALLAHIN yaratdığı faydalı və gözəl ətraf aləmlə tanışlıq isə təfəkkürə təmizləyici və təkmilləşdirici təsir göstərir. 

      Bitkilərlə bağlı qanunları bilmədən, heç bir kəs əkinçilik, yaxud bağçılıqla uğur qazana bilməz. Xüsusi qulluq tələb edən hər bir bitki növünün özünəməxsus xüsusiyyətlərini öyrənmək vacibdir. Cavan pöhrələrin şitillənməsinə, budanmasına və suvarılmasına, onların axşam soyuqdan, gündüz isə günəşdən qorunmasına, alaq otlarının təmizlənməsinə, bitki xəstəlikləri və zərərli həşəratlarla mübarizəyə, meyvə ağaclarının becərilməsi və bağ sahəsinin qaydaya salınmasına ayrılan diqqət — xarakterimizin inkişafı üçün vacib olan dərsləri öyrədir, bundan əlavə, zəhmət özü şəxsiyyətin kamilləşməsi üçün gözəl vasitədir. Özündə səy, səbr, xırdalıqlara diqqət, qanuna itaət kimi xüsusiyyətləri inkişaf etdirərək, insan çox vacib hazırlıq əldə etmiş olur. Həyatın sirləri və təbiətin möcüzələri ilə daim ünsiyyət, bundan əlavə, ALLAHIN bu gözəl yaratdıqlarına qulluq edərkən, yaranan xeyirxahlıq hissi təfəkkürü canlandırır, xasiyyəti təmizləyir və ucaldır. 

      Bizim diqqətimizi  və marağımızı cəlb etmək üçün ALLAH bizi təbiətin gözəllikləri ilə əhatələmişdir. O, çox istəyir ki, təbiətin gözəllikləri Onun xarakterini bizim üçün açsın. Əgər təbiət kitabını səylə oxusaq, dərhal bu fikrə gələrik ki, o, ALLAHIN sonsuz məhəbbəti və qüdrəti haqqında düşünmək üçün tükənməz qida bəxş edir.

        Qəlbin bağçası. Qoy uşaqlar təbiətdə İlahi məhəbbətin və hikmətin təzahürünü görməyi öyrənsinlər: qoy onların ALLAH haqqında düşüncələri quşlarla, çiçəklərlə və ağaclarla bağlı olsun: qoy gözlə görünən hər bir şey görünməyənə maraq oyatsın və bütün həyat hadisələri İlahi həqiqəti öyrənmək üçün vasitə olsun.

      Hadisələrin müxtəlifliyi ilə bağlı saysız-hesabsız məsəllərin arasında bir neçə ən qiymətlisi Xilaskarın cücərən toxum haqqındakı məsəlində verilmişdir.

      Toxumun ilk cücərtiləri ruhani həyatın ilk dövrlərini təsvir edir, bitkinin sonrakı inkişafı isə xasiyyətin inkişafının obrazlı təsviridir. Bu dərsləri uşaqlara öyrətməyə çalışan valideyinlər və müəllimlər bunu praktik şəkildə də göstərməlidirlər. Qoy uşaqlar özləri torpağı hazırlasınlar və toxumları əksinlər. Işin gedişi zamanı valideyinlər və müəllimlər onlara izah edə bilərlər ki, ürək xeyir və şər toxumlarının əkildiyi bağdır, bağı bəhrəli toxumlar üçün hazırlamaq lazım olduğu kimi ürəyi də həqiqət toxumları üçün hazırlamaq lazımdır. Heç kim məhsul verəcəyinə ümid edərək, bellənib hazırlanmamış torpağa toxum səpmir. Torpağı hazırlamaq, toxum səpmək və məhsul yetişdirmək üçün gərgin və diqqətli əmək sərf etmək lazımdır. Ruhi toxumları səpərkən də bu cür hərəkət etmək lazımdır. 

      Uşaqların torpağı becərə bilməsi üçün, yaxşı olar ki, şəhərdən kənar yerdə yerləşən ev seçəsiniz. Qoy hər bir uşağın ayrıca torpaq sahəsi olsun: onlara ağac əkməyi, toxumlar üçün torpaq hazırlamağı və alaq otlarını təmizləməyi öyrədərkən, öz həyatlarından mənfi vərdişləri təmizləməyin vacibliyini də öyrədin. Bostandakı alaq otları ilə mübarizə aparmağı öyrətdiyiniz kimi, lazımsız meyillərlə də mübarizə aparmağı öyrədin. Bütün bunları onlara öyrətmək üçün vaxt lazım olacaq, lakin bunun əvəzi səxavətlə ödəniləcək. 

      Təbiətdə mövcud olanlar — Rəbbin dilsiz xidmətçiləridir, ruhi həqiqətləri bizə açıqlamaq üçün verilmişdir. Onlar bizə ALLAHIN məhəbbətindən söz açır və böyük Rəssamın hikmətini bəyan edirlər.

      Öz evimi uşaqlarım üçün necə cazibəli edə bilərəm ki, onlar burada olmaqdan zövq ala bilsinlər?

     

Top