Vakx (lat. «Baxus») — Qədim Roma dinində bərəkət və şərabçılıq allahı, qədim yunanlardakı Dionisə uyğun gəlir. Vakxın şərəfinə dini bayramlar -vakxanaliyalar keçirilirdi.
vakxanaliya — Qədim Romada Vakxın şərəfinə keçirilən dini bayramlar. Vakxanaliya iştirakçıları şərab içməklə özlərini ekstaz vəziyyətinə çatdırırdılar.
Vaqif Molla Pənah (1717 — 97) — «Vaqif» təxəllüsü ilə yazmış görkəmli Azərbaycan şairi və Qarabağ xanlığının vəziri. Vaqif Qıraq Salahlı kəndində (müasir Azərbaycan Respublikasının Qazax rayonunda) kəndli ailəsində anadan olmuşdur. Mükəmməl təhsil alan Vaqif fars və ərəb dillərini də öyrənmişdir. Əvvəlcə Gəncədə yaşamış, sonra Qarabağa köçüb Tərtərbasar kəndində məktəbdə dərs demiş, bundan sonra isə Şuşada müəllimlik etmişdir.
Vaqifin hərtərəfli biliyə malik olması və onun şerləri haqqında xəbər tezliklə poeziya həvəskarı Qarabağ xanı İbrahimxəlil xana da çatdı və o, Vaqifi öz yanına çağırıb onu eşikağası təyin etdi. Bir qədər keçdikdən sonra Vaqif Qarabağ xanlığının baş vəziri oldu. Azərbaycan xanlıqlarının ara müharibələri ilə zəiflədiyi dövrdə onlar xanlıqları ilə İran işğalçılarının qənimətinə çevrildilər, Vaqif isə Azərbaycan Gürcüstan arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, eyni zamanda, Rusiya ilə dostluq əlaqələrinin inkişaf etdirilməsinə yönəlmiş siyasət yeridirdi. 1796-cı ildə general Zubovun başçılığı ilə rus qoşunları Azərbaycana yürüş edərkən Qarabağ xanlığının Rusiya ilə yaxınlaşmasında Vaqifin xidmətlərinin etirafı kimi Rusiya imperatriçəsi /7 Yekaterinanın adından Zubov ona qiymətli əsa hədiyyə etmişdir. Tarixçilərin fərziyyəsinə görə, 1797-ci ildə Ağa Məhəmməd şahın İran qoşunları Şuşanı mühasirəyə alan zaman istilaçılara qarşı sui-qəsd təşkil etmək məqsədi ilə Vaqif qalada qalmışdı. Şahın qoşunları Şuşaya soxulanda isə Vaqif tutulub zindana atılmışdı. Vaqifin ertəsi günü edamının gözlənildiyi gecə Ağa Məhəmməd şah öldürülmüş və İran qoşunları Şuşanı tərk etmişlər. Bu, Vaqifə zindandan çıxmağa imkan versə də, onun ömrünü uzatmadı. İbrahimxəlil xanın burada olmamasından istifadə edən qardaşı oğlu Məhəmməd bəy Cavanşirin əmri ilə Vaqifi və onun «Alim» təxəllüsü ilə şer yazan oğlu Əliağanı öldürdülər, şairin evi isə talan edildi və çox güman ki, clə bu zaman da onun əsərlərinin əksəriyyəti məhv oldu. Vaqifin poetik yaradıcılığı özünəməxsusluğu ilə fərqlənir. Vaqifin şerləri həyatsevərliyi, nikbinliyi, fəlsəfi düşüncələri, vətəndaşlıq motivləri ilə zəngindir. Vaqif Azərbaycan poeziyasında aşıq şer forması olan qoşmanı inkişaf etdirmişdir. Vaqifin yaradıcılığı Azərbaycan poeziyasının sonrakı inkişafı üçün çox böyük əhəmiyyətə malik olmuş və onun məktəbinin davamçılarını həyata səsləmişdir. Vaqifin mükəmməl biliyi xalq deyimlərinə də daxil olmuşdur: «Hər oxuyan Molla Pənah olmaz!».
valkiriyalar — Skandinaviya əfsanələrində ilahələr; allah Odinin göstərişi ilə döyüş meydanı üzərində hərlənərək onun istiqamətini müəyyənləşdirən döyüşən pərilər.
Valua — 1328 — 1589-ci illərdə Fransada kral sülaləsi.
valyuta — 1) hər hansı bir ölkənin pul sistemi (qızıl, gümüş, kağız pul və s.), yaxud əsas pul vahidi (dollar, funt-sterlinq, manat və s.); 2) beynəlxalq bazarda işlədilən xarici pullar (kredit biletləri, sikkələr və s.), eləcə də beynəlxalq hesablaşmalarda istifadə olunan qiymətli metallar və digər qiymətli şeylər.
van — e.ə. XVI əsrdən Qədim Çin hökmdarlarının adı. Xan sülaləsi dövründən «van» anlayışı yüksəkmənsəbli əyanların titulunu bildirir və hökmdar ailəsi üzvlərinə, xüsusi xidməti olan məmurlara verilirdi. Koreyanın qədim və orta əsrlər dövlətlərində də hökmdarlar «van» tituluna malik idilər.
vandalizm — 455-ci ildə Roma vandallar tərəfindən işğal olunarkən şəhər iki həftə davam edən və qəddarlığı ilə fərqlənən dəhşətli dağıntıya və talana məruz qalmışdır. Vandallar heykəlləri sındırır, kitabları məhv edir, evləri yandırırdılar. Yanğında bir çox memarlıq və incəsənət abidəsi məhv edilmişdir. Vandalların yürüşündən sonra Romada cəmi 7 min nəfərədək əhali sağ qalmışdır. Mədəni dəyərlərin ağılsızcasına məhv edilməsini bildirən «vandalizm» anlayışı da buradan meydana gəlmişdir.
vandallar — german tayfalarından biri. 270-ci ildə vandallar sarmatlarla ittifaqda Pannoniya ərazisinə soxuldular. Hunlar tərəfindən Pannoniyadan sıxışdırılan vandallar Roma imperiyası ərazisinə soxuldular. Məğlubiyyətə uğradıqdan sonra Roma imperiyası ilə sülh müqaviləsi imzaladdar. Müqaviləyə görə, Roma qoşunları üçün süvarilər verməyi öhdələrinə götürdülər. 335-ci ildə romalılar tərəfindən Pannoniyaya köçürüldülər. IV əsrdə alanlarla birləşdilər. Hücum edən qotların təzyiqi altında alanlar və vandallar Qalliyadan keçərək 409-cu ildə İspaniyaya yayıldılar. 429-cu ildə vandallar kral Heyzerixin başçılığı ilə Cəbəlüt-tariqi keçərək Afrikanın Romaya aid hissəsini ələ keçirib burada öz krallıqlarım yaratdılar. 455-ci ildə vandallar asanlıqla Romanı tutub qarət etdilər. 534-cü ildə Vandal krallığı Bizans qoşunları tərəfindən dağıdıldı.
Varfolomey gecəsi — 1572-ci il avqustun 24-nə keçən gecə (müqəddəs Varfolomey bayramı ərəfəsində) Parisdə hugenotların katoliklər tərəfindən kütləvi şəkildə öldürülməsi. Kraliça Yekaterina Mediçi və Giz hersoqlarının başçılığı ilə təşkil olunmuşdu. Hugenotların hərbi rəhbəri Navarralı Henrix yalnız ona görə xilas ola bilmişdir ki, o, həmin ərəfədə təcili olaraq katolikliyi qəbul etmişdir. Fransada dini müharibələr daha da amansız oldu. Dövrümüzdə «Varfolomey gecəsi» ifadəsi «rəqibə qarşı qəddar, amansız rəftar etmək» mənasında işlədilir.
Varşava müqaviləsi — 1955-ci il mayın 14-də Varşavada SSRİ, Albaniya, Bolqarıstan, Macarıstan, ADR, Polşa, Çexoslovakiya və Rumıniya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında imzalanmış hərbi müqavilə. Varşava müqaviləsinin bağlanması NATO-nun fəaliyyəti ilə bağlı idi və başda SSRİ olmaqla sosialist ölkələrinin təhlükəsizliklərinin təmin olunması məqsədini güdürdü. VM-in qərargahı Moskvada yerləşirdi. VM üzvü ölkələri silahlı qüvvələrinin sovet generallarının rəhbərliyi ilə Birləşmiş Komandanlığı yaradılmışdı. 1968-ci ildə VM qoşunlarının Çexoslovakiyaya yeridilməsi ilə əlaqədar olaraq Albaniya VM-dən çıxdı. XX əsrin 90-cı illərinin əvvəllərində -SSRİ-nin dağılması prosesində VM praktik olaraq öz fəaliyyətini dayandırdı.
varyaqlar — skandinav tayfaları vikinqlərin və ya normanların slavyanca adı.
Vasko da Qama (1469 — 1524) — ilk dəfə Hindistanadək üzə bilmiş Portuqaliya dəniz səyyahı. 1498-ci ilin mayında Afrikanın cənubunu dolanan Vasko da Qama gəmilərini Hindistanın Kalikut şəhərinə gətirə bilmişdir. Ədviyyat alan Vasko da Qama səyahətə çıxmasından iki il sonra Portuqaliyaya qayıtmışdır. Hindistana ikinci səyahəti zamanı o, portuqaliyalıların bir neçə dayaq bazasını yaratmışdır. 1524-cü ildə Vasko da Qama Hindistanın vitse-kralı təyin olunmuşdur.
vassal (hərfən — «hərbi qulluqçu», «nökər», «xidmətçi») — senyordan torpaq payı alan feodal. Vassal senyorun əmri ilə yürüşə getməyə, məsləhəti ilə senyora kömək etməyə borclu idi. İri torpaq payı olan vassalın bəzən öz vassalları da olurdu. Bundan əlavə, o, senyoru əsirlikdən pulla satın almalı idi.
Vaşinqton Corc (1732 — 99) — Virciniya plantatoru, koloniya qoşunlarının polkovniki, görkəmli dövlət xadimi, ABŞ-ın ilk prezidenti (1789 — 97). Vaşinqton Şimali Amerikada ingilis koloniyalarının müstəqilliyinin qətiyyətli tərəfdarı idi, hindilərə və fransızlara qarşı hərbi əməliyyatlarda xüsusilə fərqlənirdi. Sonralar Vaşinqton özünü böyük sərkərdə və görkəmli siyasi xadim kimi göstərə bilmişdir. Müstəqillik uğrunda müharibədə ABŞ konqresi ordusunun baş komandanı təyin edilmişdi. Vaşinqton hərbi işi bilməyən fermer və sənətkarların nizam-intizamını möhkəmlətmək məqsədi ilə orduda ciddi tədbirlər görürdü. Vaşinqtonun və Lafayetin qoşunları 1871-ci ildə Yorktaun yaxınlığında ingilislərin əsas qüvvələrini mühasirəyə alıb darmadağın etdilər. ABŞ-da konstitusiya qəbul edildikdən sonra 1789-cu ildə Vaşinqton ABŞ-ın ilk prezidenti seçildi. 1793-cü ildə ikinci və sonuncu dəfə prezident vəzifəsinə seçilmək üçün öz namizədliyini irəli sürməyə razılıq verdi. ABŞ paytaxtı Vaşinqtonun şərəfinə adlandırılmışdır.
Vaterloo — Belçikada yaşayış məskəni. 1815-ci il iyunun 18-də burada «yüz gün „lük hakimiyyətə qayıtmış I Napoleonun qoşunları ilə hersoq Vellinqtonun komandanlıq etdiyi birləşmiş antinapoleon müttəfiq qoşunları arasında döyüş baş vermişdir. Fransız qoşunları 72 min nəfər və 243 top, müttəfiq qüvvələri isə 67,5 min nəfər və 156 topdan ibarət idi. Çox əlverişli mövqe seçən Vellinqton qoşunlarını yamaclar arxasında fransız artilleriyasının atəşindən gizlətməyə müvəffəq oldu. İngilis əsgərlərinin cəsurluğu sayəsində fransızların ilk hücumu uğursuz oldu, lakin ikinci hücum zamanı onlar bir sıra yüksəklikləri ələ keçirə bildilər. Döyüşün həlledici anında Prussiya qoşunları dəstəsi marşal Blüxerin komandanlığı ilə yürüşlə fransızların cinahına zərbə endirdi. Bu, Vellinqtona imkan verdi ki, əks-hücuma keçib fransız qoşunlarını döyüş meydanından sıxışdırıb çıxarsın. Döyüşdə fransızların itkisi ölən, yaralanan və əsir götürülən 25 min nəfər, ingilislərin — 15 min nəfər, prussiyalılarınkı isə 7 min nəfər olmuşdur. Vaterloo yaxınlığındakı məğlubiyyət I Napoleonun ikinci dəfə hakimiyyətdən imtina etməsinə və Müqəddəs Yelena adasına sürgün edilməsinə səbəb olmuşdur.
Vatikan — Romada Monte-Vatikano təpəliyində bir neçə məhəllədən ibarət olan cırtdan dövlət; katolik kilsə başçısının -Roma papasının iqamətgahı.
“Vays» planı («Voys» — alm. «ağ») — faşist Almaniyasının Polşaya qarşı müharibə planının şərti adı. Hitler tərəfindən 1939-cu il aprelin 3-də təsdiq edilib. 1939-cu il sentyabrın 1-də Polşa üzərinə hücumu nəzərdə tuturdu.
Vazeh — əsərlərini «Vazeh» təxəllüsü ilə yazan tanınmış Azərbaycan lirik şairi, maarifçisi Mirzə Şəfi Sadıq oğlu (1794 -1852). Vazeh Gəncədə memar ailəsində anadan olmuşdur. Atası onu ruhani görmək istəyirdi, amma atasının ölümündən soma o. mədrəsəni tərk edərək bir neçə il Cavad xanın qızının mirzəsi olmuşdur. Sonra bir müddət mədrəsə şagirdlərinə nəstəliq xəttini öyrətmişdir. 1840-cı ildən 1846-cı ilə kimi Vazeh Tiflis qəza məktəbində türk (Azərbaycan) və fars dillərini tədris etmişdir. Vazeh 1844-cü ildə Tiflisdə «Divani-hikmət» ədəbi dərnəyi təşkil etmiş və alman şərqşünası Fridrix Bodenştedt də bu dərnəyin üzvü olmuşdur. Vazeh 1846-cı ildən 1850-ci ilədək Gəncədə rus dilindən dərs demişdir. O, 1850-ci ildə İ.Qriqoryevlə birlikdə türkcə (azərbaycanca) «Kitabi-türk» vəsaitini hazırlayır. Vazeh təkrar Tiflisə qayıdır və Tiflis gimnaziyasında dərs deyir. O, Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur. Vazeh öz satirik şerlərində cəmiyyətin çatışmazlıqlarını tənqid edir, şəxsiyyətin azadlığı uğrunda mübarizəyə, varlığın dərk olunması zərurətini qəbul etməyə, daimi hərəkətdə olan təbiəti anlamağa çağırırdı. Vazehin bir çox lirik şerləri xalq mahnısına çevrilmişdir. O, qəzəl, rübai, məsnəvi və s. formalarda yazıb-yaratmışdır.
Mirzə Şəfi ilə Azərbaycan və fars dilləri üzrə məşğul olan Bodenştedt onun şerlərini alman dilinə tərcümə edir və onları «Mirzə Şəfinin şərqiləri» adı ilə nəşr etdirir. "Şərqilər" böyük uğur qazanır və demək olar ki, bütün Avropa dillərinə və eləcə də bir çox Asiya dillərinə tərcümə olunur və dəfələrlə nəşr edilir. Şöhrət düşkünü olan Bodenştedt az sonra özünü "Şərqilər«in müəllifi kimi qələmə verməyə başlayır, lakin tapılmış arxiv sənədləri və digər sənədlər onun ədəbi oğurluğunu ifşa edir və Mirzə Şəfi Vazehin müəllifliyini təsdiqləyir.
Velaskes Rodriges de Silva (1599 — 1660) — ispan saray boyakarı. Dini, əfsanəvi, tarixi süjetlərlə, xalq həyatı ilə bağlı əsərlər, eləcə də portretlər çəkirdi. Ən məşhur əsərləri: „Vakx“ „Bredanın təslimi“, „Səhər yeməyi“, „İpəyirən qadınlar“. Velaskesin boyakarlığı cəsarətli realist müşahidəçiliyi, modelin xarakterinə müdaxilə etmə qabiliyyəti, incə harmoniya həssaslığı, zərif və zəngin koloritliyi ilə fərqlənir.
Venera (Zöhrə) — Roma əsatirlərində ilk vaxtlar bahar, bağ və bostan ilahəsi. Sonralar yunanların Afrodita ilahəsi ilə eyniləşdirilmiş, məhəbbət və gözəllik ilahəsi kimi ona sitayiş edilmişdir.
Venesiya — İtaliyanın şimal-şərqində şəhər; əksər hissəsi Adriatik dənizinin Venesiya körfəzindəki adalarda yerləşir. Venesiya şəhəri IX əsrdə meydana gəlmişdir. IX — XVI əsrlərdə Venesiya Qərbi Avropa ilə Şərq ölkələri arasında ticarət vasitəçiliyinin iri mərkəzi olmuşdur. Orta əsrlərdə tabeliyində müəyyən ərazi hissəsi olan dojun başçılıq etdiyi ticarət respublikası idi. 1797-ci ildən 1866-cı ilə kimi Avstriya imperiyasının əyaləti (1805 — 15-ci illərdə I Napoleonun tabeliyində olması istisna edilməklə) idi. 1866-cı ildə İtaliya krallığının tərkibinə daxil olmuşdur.
»Verden qırğını" — Birinci Dünya müharibəsi dövründə — 1916-cı il fevralın 21-dən dekabrın 21-dək keçirilmiş hərbi əməliyyat. Verden şəhəri rayonunda 5-ci Almaniya ordıısu fransız qoşunları cəbhəsinin dar sahəsini yarıb keçməyə cəhd göstərdi, lakin ciddi müqavimətlə üzləşdi. Alman qoşunlarının Verden üzərinə təzyiqləri 1916-cı ilin mart — iyun aylarında general Brusilovun komandanlığı altında rus qoşunları tərəfindən Şərq cəbhəsinin yarılması ilə zəiflədildi. İngilis və fransız qoşunları iyul ayında Somma çayı üzərində əks-hücuma başladılar və ingilislər burada tarixdə ilk dəfə tanklardan istifadə etdilər. 1916-cı ilin dekabrında fransız qoşunları vəziyyəti əsasən bərpa etdilər, alman qoşunları müdafiəyə keçmək məcburiyyətində qaldı. Hər iki tərəf uzunsürən amansız döyüşlər zamanı «Verden qırğını»nda böyük itkilərə məruz qaldı — bir milyon nəfərədək (600 min — almanlar, 358 min — fransızlar) döyüşçü həlak oldu.
Verden müqaviləsi — Böyük Karl imperiyasının bölüşdürülməsi haqqında 843-cü ildə Verdendə imzalanmışdır. Müqaviləyə əsasən, Frank imperiyası Böyük Karlın nəvələri Lotar (İtaliya, Reyn və Rona çayları boyunu, sonralar -Lotaringiyanı), Daz Karl (Reyndən qərbdə olan torpaqları) və Alman Lüdovik (Reyndən şərqdəki ərazini) arasında bölüşdürüldü. Əslində, bu bölünmə ilə üç böyük dövlətin — İtaliya, Fransa və Almaniyanın əsası qoyuldu.
vergi — dövlətin xeyrinə tutulan məcburi ödəmələr.
Vergili Maron Publi (e.ə. 70 — 19) — məşhur Roma şairi; on il ərzində özünün ən iri əsərini — «Eneida» qəhrəmanlıq poemasını yaratmışdır. Poema troyalı Eneyin səyahətlərindən bəhs edir. Vergili poemada cəsurluğu, vəzifəyə sədaqətli olmağı, böyüklərə hörmət etməyi tərif edir. «Eneida» təntənəli və melodik şerlə yazılmışdır. «Eneida» Qədim Roma klassik şerinin zirvəsidir. «Eneida»dan başqa, Vergili «Bukoliki» və «Georgiki» poemalarını da yazmışdır. Vergili Roma poeziyasının «qızıl əsr»ində yazıb-yaratmışdır.
Versal — müasir Fransada Paris yaxınlığında şəhər. 1682 — 1789-cu illərdə Fransa krallarının iqamətgahı. Kral XIV Lüdovik sarayını narahat Parisdən paytaxtın 18 km-liyində zövqlə tikilmiş Versal sarayına köçürmək qərarına gəldi. Versal XVII — XVIII əsrlər Fransa klassisizmi üslubunda tikilmiş ən böyük saray-park ansamblıdır. Versala əsas saray (1682-ci ildə inşa edilib), Böyük Trianon sarayı (1687), hovuzları, fəvvarələri, heykəlləri olan daimi park daxildir; peyzaj parkında Kiçik Trianon sarayı (1764) yerləşir.
Versal sülh müqaviləsi (1919) — Birinci Dünya müharibəsinə yekun vuran müqavilə. 1919-cu il iyunun 28-də Versalda bir tərəfdən qalib dövlətlər — ABŞ, İngiltərə, Fransa, İtaliya, Yaponiya, Belçika ilə, digər tərəfdən məğlub dövlət -Almaniya arasında imzalanmışdır. Versal müqaviləsinin şərtlərinə görə, Almaniya Elzas və Lotaringiyanı Fransaya, Malmedi və Eypen dairələrini Belçikaya, Sileziyanın bir hissəsini Çexoslovakiyaya, Poznanı Polşaya, Pomorye və s. əraziləri Prussiyaya verirdi; Dansiq (Qdansk) «sərbəst şəhər» elan edilirdi, Memel (Klaypeda) şəhəri isə 1923-cü ildə Litvaya birləşdirildi. Mübahisəli ərazilərin bir hissəsində dövlət mənsubiyyətçiliyi barəsində rəy sorğusu keçirildi. Saar vilayəti 15 il müddətinə Millətlər Cəmiyyətinin idarəçiliyinə verildi, sonra isə onun taleyi rəy sorğusu yolu ilə həll olunmalı idi. Hərbsizləşdirilmiş. Reyn bölgəsi yaradıldı. Almaniyanın müstəmləkələri əsas qalib dövlətlər arasında bölüşdürüldü (bax: mandat sistemi). Almaniyanın quru qoşunları 100 min nəfərlik döyüşçü ilə məhdudlaşdırıldı, onun hərbi donanması batırıldı, silahlar sahəsində də məhdudiyyətlər qoyuldu. Almaniya reparasiyalar ödəməyi öhdəsinə götürdü. Millətlər Cəmiyyətinin statusu da Versal müqaviləsinin ayrılmaz hissələrindən oldu. ABŞ həmin müqaviləni ratifikasiya etmədi və Almaniya ilə 1921-ci ilin avqustunda təxminən buna müvafiq, amma Millətlər Cəmiyyəti haqqında maddə olmayan xüsusi müqavilə imzaladı.
Versal — Vaşinqton sistemi — qalib dövlətlər — başlıca olaraq Böyük Britaniya, Fransa, ABŞ və Yaponiya tərəfindən Birinci Dünya müharibəsindən sonra yaradılmış sülh sistemi. Versal — Vaşinqton sisteminin əsasını Versal sülh müqaviləsi (1919) və Almaniyanın keçmiş müttəfiqləri ilə bağlı və 1921 — 22-ci illərdə Vaşinqton konfransında imzalanmış sazişlər təşkil edirdi. Sazişə əsasən, Yaponiya qoşunlarını Çinin Şandun əyalətindən çıxarırdı, ABŞ və İngiltərə isə vəd verirdilər ki, hərbi-dəniz bazalarını Yapon adalarına 5 min km-dən yaxın məsafədə yerləşdirməyəcəklər; ABŞ, İngiltərə və Yaponiya Çinə «bərabər imkanlar» prinsipini tətbiq etmək haqqında razılığa gəldilər.
Vespuççi Ameriqo (1454 — 1512) — Florensiya taciri və dəniz səyyahı. «Yeni Dünya» adlandırılan Cənubi Amerika sahillərinə təşkil olunmuş bir sıra İspaniya və Portuqaliya ekspedisiyalarında (1499 — 1504) iştirak etmişdir. İlk dəfə olaraq bu yerlərin dünyanın yeni hissəsi olması haqqında fərziyyə söyləmişdir və alman xəritəçisi Valdzemüller Ameriqo Vespuççinin şərəfinə bu yeri Amerika (1507) adlandırmışdır.
Vest-Hind (ing. «Qərbi Hindistan») — Atlantik okeanında Şimali və Cənubi Amerika materikləri arasında yerləşən adaların ümumi adı. Bu adaların çox hissəsi isə səhvən Hindistana çatdığını zənn edən Kolumbun səyahəti zamanı (1492 -1502) aşkar edilmişdir. Hindistandan fərqli olaraq (Ost-Hind — ing. "Şərqi Hindistan") bu adaları sonralar «Vest-Hindistan» və ya «Vest-Hind» adaları adlandırdılar.
veto (lat. «qadağan edirəm») — 1) Qədim Roma xalq tribunu konsulların və senatın plebeylərə aid olan sərəncamlarını ləğv edə bilərdi. Bunun üçün onun «veto» deməsi kifayət idi. «Veto hüququ» ifadəsi, yəni hər hansı bir qərarın qadağan olunması, ləğv edilməsi hüququ buradan əmələ gəlmişdir; 2) dövrümüzdə «veto hüququ» dövlət başçısına verilir, o, nümayəndəli hakimiyyət orqanları tərəfindən qəbul olunmuş qanunvericilik aktlarına veto qoya bilər; 3) BMT Təhlükəsizlik Şurasının üzvləri olan dövlətlər «veto hüququ»na malikdirlər.
Veymar respublikası — Almaniyada 1918-ci il Noyabr inqilabı nəticəsində yaranmış respublika. Veymar şəhərində qəbul olunmuş konstitusiyaya görə belə adlandırılmışdır. 1933-cü ildə Hitler hakimiyyətə gələndən sonra ömrünü başa vurmuşdur.
vəhhabilər (ər. "əl-Vəhhabiyyə") — XVIII əsrin ortalarında Ərəbistanda Məhəmməd ibn Əbd əl-Vəhhabın təlimi əsasında sünnilər arasında meydana gəlmiş dini-siyasi hərəkatın tərəfdarları. əl-Vəhhab 1704-cü illərdə qazı ailəsində anadan olmuş, dini təhsil almış, gənc yaşlarında Ərəbistan və qonşu ölkələrə çoxlu səyahətlər etmiş, sonra isə öz təlimini yaymağa başlamışdır. Onun təliminin əsasını Allahın təkliyi haqqındakı düşüncələr təşkil edirdi: «Allah törənişin yeganə mənbəyidir və yalnız O, səcdə olunmağa layiqdir, amma müsəlmanlar müqəddəslərə etiqadla və müxtəlif yeniliklər tətbiq etməklə bu prinsipdən uzaqlaşmışlar». Vəhhabilərə görə, islamın təmizlənməsi və onun ilkin vaxtlardakı normalarına qayıtmaq zəruridir. Vəhhabilər ictimai-siyasi sahədə sosial harmoniya, bütün müsəlmanların qardaşlığı və birliyini təbliğ edir, islamın əxlaqi-etik prinsiplərinin ciddi qorunması, cah-calalın, tamahkarlığın ittiham olunması çağırışı ilə çıxış edirdilər. Çoxallahlılara və erkən islam prinsiplərindən «uzaqlaşan» müsəlmanlara qarşı cihada mühüm yer verilirdi, belə ki, hesab olunurdu ki, əslində, həmin müsəlmanlar "çoxallahlıdırlar". Öz rəqiblərinə qarşı inam və ekstremizm məsələlərində mübarizədə erkən vəhhabiliyə qatı fanatizm xarakterikdir. XVIII əsrin 40-cı illərinin ortalarından əl-Vəhhab Ərəbistan yarımadasında siyasi mübarizəyə qoşulmuşdu, onun təlimi Ərəbistanı öz hakimiyyətləri altında birləşdirmək istəyən əl-Səud nəsli nümayəndələrinin mübarizə bayrağına çcvrilmişdi. Sonralar isə Səudilər dövlətinin — Səudiyyə Ərəbistanının rəsmi ideologiyası oldu. XIX əsrin əvvəllərində vəhhabilik Ərəbistan yarımadasının əksər hissəsində mövqeyini möhkəmlətdi, sonra isə Hindistan, İndoneziya, Şərqi və Şimali Afrikada yayıldı. SSRİ-nin dağılmasından sonra vəhhabizm Orta Asiya respublikalarında, eləcə də faktik olaraq Çeçenistanda (İçkeriya Respublikasında) yayılmağa başladı. Hazırda vəhhabilər Azərbaycan Respublikasında da yuva salmağa cəhd göstərirlər.
vəqf — müəyyən məqsədlər üçün nəzərdə tutulan və özəlləşdirilməyən əmlak: 1) ən geniş mənada — müsəlmanlar tərəfindən fəth olunmuş və onlardan xərac ödənilən torpaqlar; 2) daha məhdud və ürnumişlək mənada — gəlir və ya məhsulun tam və ya bir hissəsinə mülkiyyət hüququnun məhdudlaşdırıldığı əmlak; 3) dini-xeyriyyə məqsədləri üçün nəzərdə tutulmuş özəlləşdirilə bilməyən əmlak. Bu mənada müsəlman dini müəssisələrinə mənsub olan torpaq sahələri də vəqf hesab olunur.
vətəndaş — qanunla müəyyənləşdirilmiş hüquqlardan istifadə edən və dövlət qarşısında öhdəliyi olan adam.
Vətəndaş müharibəsi — bir ölkə daxilində onun vətəndaşları arasında baş verən müharibə.
vətənpərvər (patriot) — vətənə dərin məhəbbət hissi bəsləyən insan.
vəzir — Şərq ölkələrində dövlət inzibati aparatının başçısı. Quranda həmin söz ilkin mənasında («köməkçi») işlənilir. Vəzirin əsas fəaliyyət dairəsi inzibati-maliyyə işləridir; adətən ordu və məhkəmə məsələləri onun tabeliyində olmurdu. X əsrdən, xüsusilə də Ərəb xilafətinin şərqində iri hökmdarların hamısının vəziri olmuşdur. Osmanlı imperiyasında bir neçə vəzir olmuşdur və onlardan yalnız biri -baş vəzir (ulu vəzir) sultana məlumat vermək ixtiyarına malik idi. Dövrümüzdə «vəzir» sözü «nazir» məfhumu ilə ehtiva olunur.
Vəzirov Nəcəf bəy (1854 — 1926) — görkəmli Azərbaycan dramaturqu. Əsas dram əsərləri: «Daldan atılan daş topuğa dəyər», «Sonrakı peşmançılıq fayda verməz», «Adı var, özü yox» və Azərbaycan ədəbiyyatında ilk faciə «Müsibəti-Fəxrəddin».
Vidadi Molla Vəli (1709 — 1809) — Azərbaycanın lirik şairi. Vidadi Şəmkirdə anadan olmuşdur. O burada ibtidai təhsil almış, sonra isə kənd məktəblərində dərs demişdir. Vidadi bir müddət Qarabağ xanlığında və gürcü çarı II İraklinin sarayında yaşamışdır. O, Füzulinin davamçısıdır. Onun bir çox şerləri xalq aşıq poeziyası formasında yazılmışdır. Vidadi qoşma və gəraylı ustası kimi tanınır. O öz şerlərində feodal qayda-qanunlarından narazılığını ifadə etmişdir. Qazaxda «Gəmiqaya» deyilən yerdə dəfn olunmuşdur.
vikinqlər — VIII — XI əsrlərdə Avropa ölkələrinə talançı və işğalçı yürüşlər etmiş skandinav tayfaları. Qərbi Avropada vikinqləri «normanlar», Kiyev Rusunda isə «varyaqlar» adlandırmışlar. VIII əsrdə yelkənli qayıqlarla Qərbə yollanan vikinqlər İslandiyaya, Britaniyaya, Avropa qitəsi və Aralıq dənizi sahillərinə soxulmuşlar. Vikinqlər Baltik dənizindən Kiyev Rus dövlətinin çayları vasitəsilə Qara dənizədək gəlib çıxır və Bizans imperiyası şəhərlərini talayırdılar. Bu ölkələrin hökmdarları vikinqlərə müqavimət göstərmədən xərac ödəməklə talanlardan qurtarmağa üstünlük verirdilər. Vikinqlərin mədəniyyət nümunələri saqalardır.
Viktoriya — Qədim Roma mifologiyasında qələbə ilahəsi; qədim yunanların Nike ilahəsinə uyğundur.
vilayət — Türkiyədə inzibati-ərazi vahidi. Vilayətlərə bölgü 1866-cı ildə tətbiq olunmuşdur, bu vaxta qədərsə əsas inzibati vahid əyalət idi. Vilayətin başında hökumət tərəfindən təyin olunan vali durur. Vilayətlərdə yerli özünüidarə orqanı seçkili məclisdir.
villa — Qədim Romada şəhərkənarı yaşayış və təsərrüfat tikililəri kompleksi — quldarlıq malikanəsi mərkəzi. Orta əsrlərdə Avropada müxtəlif növ məskənləri -icma, kənd, sonralar — feodal malikanəsini bildirən məfhum.
Vişnu — hinduizmdə Brahma və Şiva ilə bərabər baş allah, qoruyucu allah, əbədi canlı təbiətin mücəssəməsi. Kainatın sonsuzluğunu təcəssüm etdirən Vişnu adətən dərisi göy rəngli, şanagüllə çiçəyi və ya əfsanəvi Harud quşu üzərində oturmuş, yaxud da yayvarı qıvrılmış Şeşe ilanı üzərində uzanmış gözəl oğlan simasında təsvir olunur.
viza — 1) hər hansı bir sənədin həqiqiliyini təsdiq edən dərkənar, yazı; 2) rəsmi olaraq hər hansı bir dövlətə getmək, gəlmək və ya onun ərazisindən keçmək haqqında pasportda edilmiş qeyd.
volyuntarizm — 1) cəmiyyətin inkişafında şəxsiyyətin iradəsinin əsas olduğunu qəbul edən fəlsəfi cərəyan. Volyuntarizm ictimai hadisələr və proseslərdə səbəb şərtləndiriciliyini inkar edir; 2) siyasi volyuntarizm subyektivizm və subyektiv özbaşınalıqla nəticələnir. SSRİ-də «volyuntarizm» anlayışı N.S Xruşşovun idarəçiliyinə aid edilirdi.
Volter (əsl adı Mari Fransua Arue; 1694 — 1778) — fransız yazıçısı və maarifçi filosofu. Volterin fəaliyyəti dini dözümsüzlüyə və cəhalətə qarşı idi, feodal-mütləqiyyət sistemini tənqid edirdi. Böyük Fransa burjua inqilabının ideya hazırlığında böyük rol oynamışdır.
Voronsov Mixail Semyonoviç — knyaz, general-feldmarşal, Rusiya imperatorunun Qafqazdakı birinci canişini.
votçina — 1) X — XI əsrlərdə Kiyev Rus dövlətində meydana gəlmiş ən qədim feodal torpaq sahibliyi forması — irsən keçən nəsli mülk; sonralar bütün Rusiyada yayılmışdır; 2) hər hansı feodalın feodal torpaq sahibliyinin və onunla bağlı olan feodal-asılı kəndlilərin hüquqlarının kompleks bildirilməsi üçün işlədilən termin.
Vulkan — Qədim Roma mifologiyasında dağıdıcı və təmizləyici od allahı, dəmirçilərin himayəçisi. Qədim yunanlardakı Hefest allahına uyğun idi.
Vurğun (əsl adı Səməd Yusif oğlu Vəkilov; 1906 — 56) -«Səməd Vurğun» təxəllüsü ilə yazmışdır. Azərbaycanın xalq şairidir. Vurğun Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Əvvəlcə kənd məktəbində oxumuş, sonra isə rayon pedaqoji texnikumunu bitirərək müəllim işləmişdir. 1929-cu ildən təhsilini II Moskva Dövlət Universitetində, sonralar isə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında dil və ədəbiyyat bölməsi üzrə davam etdirmişdir. Vurğun 1924-cü ildən şer yazmağa başlamışdır. Səməd Vurğunun şerləri dil saflığı və forma poetikliyi, parlaq obrazlılığı, emosionallığı ilə fərqlənir. Vurğunun ən məşhur əsərləri " Şairin andı" (1930), «Fanar» (1932) şerlər toplusu, «Komsomol poeması» (1932), mənzum «Vaqif (1938) tarixi dramı, »Xanlar" (1939) pyesi, «Fərhad və Şirin» (1941) dramatik poemasıdır. «Vaqif və »Fərhad və Şirin" pyeslərinə görə şair iki dəfə SSRİ dövlət mükafatına layiq görülmüşdür. Səməd Vurğun dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı və SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü seçilmişdir.
«Vuruşan çarlıqlar» dövrü — Çin tarixində e.ə. IV — III əsrlərdə bütün Çində hakimiyyəti ələ keçirmək uğrunda bir neçə müstəqil çarlıq arasında baş vermiş sürəkli və qanlı müharibələr dövrünün adı.
Vyana konqresi (1814 — 15) — Avropa dövlətlərinin I Napoleon üzərində qələbədən sonra (1814-cü ilin sentyabrı — 1815-ci ilin iyunu) Vyanada (Avstriya) keçirdikləri konqres. Burada feodal qaydalarının və Avropanın əvvəlki sülalələrinin hakimiyyətinin bərpasına, qalib dövlətlərin ərazi iddialarının təmin olunmasına, Almaniya və İtaliyanın siyasi pərakəndəliyinin rəsmiləşdirilməsinə, Varşava hersoqluğunun Rusiya, Prussiya və Avstriya arasında bölüşdürülməsinə yönəldilmiş müqavilələr imzalanmışdır. Fransa tutduğu ərazilərdən məhrum edilmişdi. 1815-ci ilin sentyabrında Vyana konqresinin qərarlarına «Müqəddəs ittifaq»ın yaradılması haqqında akt əlavə edildi.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: