XX əsrin əvvəllərində Rusiyada elə bir iqtisadi və siyasi şərait əmələ gəlmişdi ki, bu şərait ölkədə inqilabi partlayışın yaxınlaşmaqda olduğunu göstərirdi. Birinci Dünya müharibəsi dünya silsiləsində ən zəif yer olan Rusiyaya xüsusilə ağır təsir edirdi. Müharibə və təsərrüfat dağıntısı ölkədə kəskin narazılığa səbəb olurdu.
Müharibə illərində Rusiyanın ingilis-fransız kapitalından iqtisadi asılılığı daha da artmışdı. Hərbi xərclər, ölkənin maliyyə sisteminin pozulması bu asılılığı gündən-günə artırırdı. Çar hökuməti geyim, dərman, cihaz, sənaye avadanlığı, paravoz, vaqon, avtomobil və s. üçün xarici ölkələrə sifariş vermişdi. Xaricə verilən sifarişlərin qiyməti çox böyük məbləğə çatırdı. Təkcə hərbi idarə xarici ölkələrə 3,2 milyard manatlıq sifariş vermişdi. Çar Rusiyasının İngiltərəyə borcu 1917-ci ilin fevralında 7,5 milyard manata çatmışdı, bu da Rusiyanın müharibənin əvvəlindəki büdcəsindən iki dəfədən də çox idi. Rusiyanın Fransaya borcu 5,5 milyard manat idi. Xaricə verilən hərbi sifarişlər və xarici borclarla bağlı olaraq Rusiyanın dövlət borcu 4 dəfə artmışdır.
Arxada təsərrüfat dağıntısı hökm sürürdü. Kömür və neft hasilatı aşağı düşürdü. Yanacaq çatışmadığına görə zavodlar daynırdı. Təkcə Petroqradda 50-dən çox müəssisə dayanmışdır. Təsərrüfatın dağılmasının ən mühüm səbəblərindən biri nəqliyyatdakı böhran idi. Dəmir yol şəbəkələri və nəqliyyat vasitələrinin üçdəbir hissəsi cəbhənin ixtiyarına keçmişdi. 1916-17-ci ilin qışında qar altında 60 mindən çox arxa cəbhə üçün nəzərdə tutulan yüklə dolu vaqon qalmışdır. Bu ərzaq böhranının kəskinləşməsinə səbəb oldu. Ordu öz normasının ancaq yarısı miqdarında ərzaq alırdı. Çörək mağazalarının qabağında ac adamların uzun növbələri düzülmüşdü.
Müharibə illərində kənd təsərrüfatının məhsuldarlığı son dərəcə aşağı düşmüşdü. 14 milyonadək adam və ya yaşlı kişi əhalinin 47%-i orduya səfərbərliyə alınmışdı. Atların və mal-qaranın fasiləsiz olaraq müsadirə edilməsi və xüsusilə iş qabiliyyətli gənc əhalinin orduya getməsi kənd təsərrüfatının məhsuldar qüvvələrini sarsıtmışdı. Əkin sahələri müharibədən əvvəlki illərə nisbətən xeyli azalmışdı. Taxıl toplanışı 1916-1917-ci illərdə 2,1 milyard puddan 1,1 milyard puda enmişdi.
Müharibə illərində fəhlə sinfinin tərkibində əmələ gələn dəyişiklik, iqtisadiyyatın ümumi böhranlı vəziyyətinin mühüm səbəblərindən biri idi. İş qabiliyyəti yüksək olan fəhlələrin təqribən 40%-i orduya çağırılmışdı. Müharibə illərində ümumən orduya 15,8 mln. adam səfərbər edilmişdir, 1917-ci ilə doğru ölən, yaralanan, əsir düşən əsgərlərin sayı 9 mln.nəfərə çatırdı.
Zavod və fabriklərdə orduya səfərbər edilən işçilərin yerini qadınlar və yeniyetmələr tutdu. Onlar fəhlələrin 40%-ni təşkil edirdilər ki, bu isə məhsul istehsalının kəskin aşağı düşməsinə səbəb oldu. Müharibə dövrünün qanununa müvafiq olaraq iş günü artırılaraq 14-16 saata çatırdı. Ölkənin iqtisadiyyatı gündən-günə pisləşirdi. Bu manatın alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsində özünü göstərirdi. 1914-cü illə müqayisədə 1917-ci ilin əvvəllərində bu göstərici 27 qəpik təşkil edirdi. Bu zaman kəsiyində ərzaq mallarının qiyməti 300 faiz artmışdır. Sənaye və kənd təsərrüfatı mallarının istehsalı sürətlə aşağı düşürdü. Əhalinin yoxsul təbəqəsinin onsuz da ağır olan vəziyyəti dözülməz həddə çatmışdı.
Ümumiyyətlə, müharibə ölkədə bütün ziddiyyətləri kəskinləşdirmiş, onları aşkara çıxarmışdı. Tətil edənlərin sayı artaraq 1915-ci ildəki 550 min nəfərdən, 1916-cı ildə 1086 min nəfərə çatırdı. 1917-ci ilin əvvəlində inqilabi böhran daha da kəskinləşdi,1917-ci ilin yanvar ayının 9-da Qanlı bazar gününün 12-ci ildönümü münasibətilə tətil “Rədd olsun müharibə!”, “Çörək verin!” şüarı altında baş verdi. Təkcə Petroqradda tətilçilərin sayı 137 min nəfərdən çox idi. Petroqradda, Moskvada, Kiyevdə və başqa şəhərlərdə tətil dalğası durmadan artırdı. 1917-ci ilin yanvar-fevral aylarında 676 min fəhlə tətil etmişdir. 1917-ci il fevralın 14-də “Rədd olsun müharibə!”, “Yaşasın Respublika!” şüarları altında növbəti kütləvi siyasi tətil başladı.Fevralın 17-də 36 min nəfər fəhlənin çalışdığı nəhəng artilleriya zavodu Putilovda yenidən tətil baş verdi. Fevralın 22-də zavod rəhbərliyi lokaut elan etdi ki, bu da Petroqrad fəhlələri arasında həmrəylik hərəkatının meydana gəlməsinə səbəb oldu.
Fevralın 23-də (martın 8-də) Beynəlxalq qadınlar günü münasibətilə müharibə əleyhinə başlayan mitinq tezliklə paytaxtda kütləvi tətil və nümayişə çevrildi. 128 min nəfərin iştirak etdiyi tətil hərəkatında “Rədd olsun müharibə!”, “Rədd olsun mütləqiyyət!”, “Çörək verin!” şüarları səsləndirildi. Tətil iştirakçıları qonşu zavodların fəhlələrini onlara qoşulmağa məcbur edirdi. Fevralın 24-də paytaxtın 224 müəssisəsində işləyən 214 min nəfərdən çox fəhlənin iştirakı ilə ümumi siyasi tətil başladı.
Fevralın 25-də Petroqradın 421 müəssisəsindən olan 305 min nəfər fəhlənin, fevralın 26-da isə 438 müəssisədən olan 306,5 min nəfər fəhlənin iştirakı ilə tətil hərəkatı polis, əsgər və kazaklarla toqquşmalara səbəb oldu. Znamensk meydanında Volınsk polkunun leyb-qvar-diya rotasının əsgərlərinin açdığı atəşlə 40 nəfər nümayişçi öldürüldü, 40 nəfər isə yaralandı. Nümayişçilər küçələrdə ilk barikadalar qurdu. Paytaxtda nümayişçilərin gülləbaran edilməsindən sonra fevralın 26-da axşam Nazirlər Sovetinin sədri N.D.Qolitsın Dövlət Dumasın və Dövlət Şurasın II Nikolaya xəbər verərək aprel ayına kimi tətilə göndərdi. Petroqraddakı kütləvi çaxnaşma şəraitində imperiyanın taleyi şəhərdə olan 160 min əsgər, 3,5 min polis və bir neçə yüz nəfər kazakların mövqeyindən asılı idi.
1917-ci il fevralın 27-də (Martın 12-də) Petroqradda silahlı üsyan baş verdi. Volınsk polkunun ehtiyat batalyonunun 600 nəfərlik təlim komandası feldfebel (rota komandiri köməkçisi) T.İ.Kirpiçnikovun başçılığı ilə komandir ştab-kapitan İ.S.Laşkeviçi öldürüb üsyançılara qoşuldular. Litovsk və Preobrajensk ehtiyat batalyonlarının əsgərləri ilə birlikdə onların sayı tezliklə 20 min nəfəri keçdi.Axşama doğru üsyançılara qoşulan əsgərlərin sayı 67 min nəfər oldu. 869 müəssisədən 385 min nəfər fəhlənin iştirak etdiyi üsyan ümumxalq xarakteri aldı. İnqilabçı fəhlə və əsgərlər “Krest” həbsxanasının dustaqlarını azadlığa buraxdı. Onların arasında 1917-ci ilin yanvarında Dövlət Dumasını müdafiə etmək məqsədilə keçirilən nümayişin təşkilatçıları K.A.Qvozdyev, B.O.Boqdanov, M.İ.Broydo kimi menşevik-müdafiəçilər də var idi. Məhz onların təşəbbüsü ilə üsyançılar Dövlət Dumasının iqamətgahı Tavriya sarayına yönəldi və onu zəbt etdilər. Fevralın 27-də gündüz Dumanın Ağsaqqallar Şurasının iclasında M.V.Rodzyankonun rəhbərliyilə hakimiyyət orqanı olan Dövlət Dumasının Müvəqqəti Komitəsi yaradıldı.
Kütlə ilə birlikdə Tavriya sarayına gələn Mərkəzi Hərbi sənaye komitəsi nəzdindəki Fəhlə qrupunun üzvləri menşevik K.A.Qvozdyev, B.O.Boqdanov, Dövlət Dumasının menşevik fraksiyasının deputatları N.S.Çxeidze, M.İ.Skobelev və b. Petroqrad Sovetinin Müvəqqəti İcraiyyə Komitəsini təşkil etdilər. İcraiyyə Komitəsi zavod və əsgər hissələrində çağırış vərəqələri yayaraq onlara öz nümayəndələrini seçib Tavriya sarayına göndərməyi tapşırdı.Axşam saat 21.00-da Tavriya sarayında Dövlət Dumasının deputatları menşevik N.S.Çxeidze sədr, trudovik A.F.Kerenski, menşevik M.İ.Skobelev müavinlər olmaqla Petroqrad Fəhlə Deputatları Sovetinin birinci iclası toplandı.Martın 1-dən bu fəhlə və əsgər deputatları Soveti adlandı.
Fevralın 27-də günün ikinci yarısı inqilabçı fəhlə və əsgərlər mərkəzi poçt, teleqraf, vağzal, körpülər və başqa xüsusi yerləri ələ keçirdilər. Fevralın 28-də Petropavlovsk qalası, Admirallıq binası, Qış sarayı tutuldu.2-ci Baltik flotunun dənizçiləri və “Avrora” kreyserinin heyəti inqilabçı qüvvələrə qoşuldu.
Fevralın 28-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi elan etdi ki, N.D.Qo-litsın hökuməti fəaliyyətini dayandırdığı üçün hakimiyyəti öz əlinə alır. Fevralın 28-də səhər Komitənin sədri M.V.Rodzyanko deputat A.A.Bublikovu Dövlət Dumasının Müvəqqəti Komitəsinin komissarı kimi nəqliyyat yolları nazirliyinə cavabdeh şəxs təyin etdi.
Martın 1-də Kronşdat hərbi-dəniz bazasında üsyan başladı və Kronşdat qubernatoru, vitse-admiral R.N.Viren öldürüldü. İnqilabçı dənizçilər Baltik flotunun 100 nəfərdən çox zabitini öldürdülər, Kronşdatın 500 nəfər zabitini isə həbs etdilər.
Petroqradın ardınca fevralın 27-də Moskvada inqilabi hərəkat başladı. Martın 1-də fəhlələrlə polis işçiləri arasında toqquşma oldu, ilk qurbanlar verildi. Hiddətlənmiş kütlə Butırsk həbsxanasından 350 nəfər siyasi məhbusu və 700 nəfər cinayətkarı azad etdi. Martın 2-də inqilabçılar poçt, teleqraf, telefon stansiyasını, vağzal, cəbbəxana və Kremli tutdular. Martın 1-də Nijni Novqorodda, martın 2-də Saratovda, Ivanovo-Voznesenskdə, Voloqdada, martın 3-də Samarada, Yekaterinburqda inqilabi orqanlar fəaliyyətə başladı. Martın 3-də Kiyevdə, martın 4-də isə Minskdə yeni inqilabi hakimiyyət orqanları formalaşdı.Fevral inqilabı günlərində təkcə Petroqradda 300 nəfər üsyançı həyatını itirdi, 1200 nəfər isə yaralandı. Baltik flotunun 100 nəfərdən çox zabiti öldürüldü, Rusiyanın bir çox yerində qan töküldü.
1917-ci il martın 1-də Petroqrad Sovetinin İcraiyyə Komitəsi belə bir qərar qəbul etdi ki, Dövlət Dumasının Müvəqqəti komitəsinə öz mülahizəsinə görə hökuməti təşkil etmək hüququ verilsin, Sovetin nümayəndələri Müvəqqəti hökumətin tərkibinə daxil olmasınlar, Müvəqqəti hökumət bütün siyasi məhbuslara amnistiya versin, ittifaqlar, yığıncaqlar, tətillər və söz azadlığı elan etsin, milli və dini məhdudiyyətləri ləğv etsin, polisi milislə əvəz etsin, yerli özünüidarə orqanlarına seçkilər keçirsin, əsgərlərə və matroslara vətəndaşlıq hüquqları verilsin, Rusiyanın dövlət quruluşunun gələcək forması məsələsini həll etməli olan Müəssislər Məclisini çağırsın. 1 №-li əmrlə əsgər komitələri yaradılır, hərbi hissələr sovetlərə tabe edilirdi ki, bununla da ordu siyasi mübarizənin əsas qüvvələrindən biri oldu.
Eserlər və menşeviklər Rusiyanın yeni hökumətini, burjua Müvəqqəti hökumətini yaratmaq haqqında dumaçılarla razılığa gəldilər. Dərinləşən böhran şəraitində Dövlət Dumasının sədri M.V.Rodzyanko, kadet və oktyabristlərin liderləri, nüfuz sahibi olan generallar A.A.Brusilov, N.V.Ruzskiy, M.V.Alekseev və b. II Nikolayı inandırdılar ki, taxtdan əl çəksin. II Nikolay 1917-ci il martın 2-də hakimiyyətdən öz qardaşı böyük knyaz Mixail Romanovun xeyrinə əl çəkdi. Lakin monarxiya idarə-üsuluna qarşı kütlələr geniş etiraz etdiklərinə görə Mixail Romanov da taxtda möhkəmlənə bilmədi.
Dövlət Dumasının Müvəqqəti Komitəsi ilə Petroqrad Soveti İcraiyyə Komitəsinin nümayəndələrinin danışıqlarından sonra 1917-ci il martın 2-də knyaz Q.Y.Lvovun sədrliyi ilə burjua Müvəqqəti hökuməti yaradıldı. Q.Lvov eyni zamanda daxili işlər naziri vəzifəsini də tutdu. P.N.Milyukov — Xarici İşlər naziri (kadetlər partiyasının başçısı); A.İ.Quçkov — Hərbi və dəniz naziri (oktyabristlər partiyasının başçısı); M.İ.Tereşşenko — Maliyyə naziri; A.İ.Ko-novalov — Ticarət və sənaye naziri; A.F.Kerenski (eser) — Ədliyyə naziri; A.İ.Şinqaryov -Torpaq naziri; N.V.Nekrasov — Yollar naziri; A.A.Manuylov — Maarif naziri; V.N.Lvov -Sinodun baş prokuroru; M.V.Qordnev — Dövlət nəzarətçisi təyin olundular. 11 nəfərdən yalnız biri — A.Kerenski sosialist xadimi idi. Petroqrad Sovetinin eser-menşevik rəhbərliyi belə hesab edirdi ki, bu inqilab burjua inqilabıdır. Odur ki, onlar dövlət hakimiyyətini tam ələ keçirməyə cəhd etməyərək Müvəqqəti hökuməti müdafiə etmək mövqeyi tutdular.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev