Üçlər ittifaqı — Bismarkın təşəbbüsü ilə Almaniya, Avstriya-Macarıstan və İtaliyanın 1882-ci ildə yaratdıqları hərbi-siyasi blok. Onun əksinə olaraq İngiltərə, Fransa və Rusiya Antantanı yaratdılar.
Üçlər paktı — faşist Almaniyası, İtaliya və Yaponiya arasında 1940-cı il sentyabrın 27-də bağlanmış hərbi saziş. Dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdu. Almaniya və İtaliyaya Avropada, Yaponiyaya isə Asiyada yeni «qayda-qanun» yaratmaq rolu nəzərdə tutulmuşdu.
üçtarlalı əkin — üçtarlalı əkin sistemi tətbiq edildikdə tarla 3 yerə bölünür, növbə ilə dincə qoyulur, payızlıq və yazlıq əkinlər aparılır. XVIII əsr — XIX əsrin birinci yarısında Avropa ölkələrinin kəndli təsərrüfatlarında tətbiq edilirdi. Çoxtarlalı əkin sistemi ilə əvəz olunmuşdur.
Üçüncü respublika — Fransada 1870 — 1940-ci illərdə mövcud olmuş respublika. Parisdə 1870-ci il sentyabrın 4-də baş vermiş inqilab nəticəsində imperator III Napoleon devrilmiş və respublika qurulmuşdur. İkinci imperiyanı əvəz etmişdir. Üçüncü respublikanın konstitusiyası Milli Məclis tərəfindən 1875-ci ildə cəmi bir səs çoxluğu ilə qəbul edilmişdir. İkinci Dünya müharibəsi illərində Fransanın Almaniya qarşısında 1940-cı il iyunun 22-də təslim olmasınadək mövcud olmuşdur.
"Üçüncü reyx" ("Üçüncü imperiya") — 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra nasistlərin faşist Almaniyasına verdikləri ad. Onlar «Birinci reyx» dedikdə «Alman milləti»nin «Müqəddəs Roma imperiyası»nı (962 — 1805), "İkinci reyx" dedikdə isə Almaniya imperiyasını (1871 - 1918) nəzərdə tuturdular.
üləma (ər. «alim»in cəmi) — alimlər, müsəlman ilahiyyatçı və qərardadları.
ümumi seçki hüququ — qanunla müəyyən olunmuş yaşa çatmış bütün vətəndaşların dövlət hakimiyyəti orqanlarına keçirilən seçkilərdə iştirak etmək hüququ.
Ümumrusiya müsəlmanları qurultayı — 1917-ci il mayın 1 — 11-də Moskvada keçirilmiş qurultay. Qurultay Ş.Əsədullayevin vəsaiti ilə tikilən və müsəlmanların ixtiyarına verilən binada keçirildi. Qurultaya Rusiyanın bölgələrindən 900 nümayəndə gəlmişdi. Qurultayın gündəliyində aşağıdakı məsələlər var idi: milli-ərazi muxtariyyəti, maarif və mədəniyyət haqqında, Müəssislər Məclisi haqqında, torpaq haqqında, siyasi təşkilatlar haqqında və s. Əsas mübahisələr milli-ərazi muxtariyyəti məsələsi üzrə aparıldı. Rusiyanın bir çox bölgələrinə yayılmış tatarlar yalnız mədəni muxtariyyət istəyirdilər. Bunun əleyhinə çıxış edən M.Ə.Rəsulzadə Rusiya Demokratik Federativ Respublikası tərkibində milli-ərazi muxtariyyəti yaradılması ideyasını təklif etdi. Səsvermə zamanı M.Ə.Rəsulzadənin təklifi səs çoxluğu qazandı. Qurultayın qətnaməsinə habelə icbari və pulsuz ibtidai təhsil, orta və ali məktəblərdə ana dilində dərs keçilməsi, rus dilinin xarici dil kimi tədris edilməsi və s. də salındı.
üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: