"R" hərfi ilə başlayan tarix terminləri

"R" hərfi ilə başlayan tarix terminləri

Ra — Qədim Misir mifologiyasında günəş tacı qoymuş şahinbaşlı Günəş allahı. Allahların çarı və atası kimi sitayiş edilir və Amon allahı ilə eyniləşdirilirmiş. Misirlilərin etiqadına görə, Ra hər gün qızıl qayıqda Yeri işıqlandıraraq səmavi Nil ilə üzür və qərbdə aşağı düşürmüş. Ra orada cəhənnəmə daxil olur, şər qüvvələrlə vuruşa-vuruşa yeraltı Nil ilə üzərək ertəsi gün yenidən səhər tezdən üfüqdə görünürmüş. Ra çar kimi dünyanın hakimi idi.

raca — ari qəbilələrinin tanınmış adamlarından seçilmiş başçı. Sonralar Hindistanda knyaz titulu.

rada (slav. "şura") — Ukrayna, Belarus, Litva, Rusiya və Polşada xalq yığıncaqlarının və silki-nümayəndəli orqanların tarixi adı.

radikalizm — davamçıları əsaslı və qəti dəyişiklik tərəfdarları olan siyasi cərəyan.

Rafael (əsl adı Raffaello Santi; 1483 — 1520) — İntibah dövrünün böyük italyan boyakarı və memarı. Ən məşhur əsərləri «Konestabile madonnası», «Sikst madonnası», «Baldassare Kastilyone» rəsmləridir. Rafael müqəddəs Pyotr kilsəsinin layihəsini hazırlamış və Romada Santa-Mariya del Popolo kilsəsinin Kici kapellasını və s. inşa etmişdir.

rahdari — orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində mükəlləfiyyət; ticarət yollarını mühafizə etmək məqsədi ilə gömrükdə tacirlərdən yığılan vergi.

Rama — hind mifologiyasında populyar şahzadə. Rama sınaqdan keçərək Şiva allahının bu vaxtadək heç kəsin hətta əyə bilmədiyi oxunu sındırıb gözəl şahzadə Sita ilə evlənmişdi. Düşmənləri Ramanın öz ölkəsindən 14 il qovulmasına nail olurlar. Ögey qardaşı və arvadı Sita da Rama ilə birlikdə gedirlər. Meşədə sərgərdan həyat sürən Rama və onun qardaşı çoxlu igidliklər göstərir və bir neçə müdhiş rakşası (eybəcər məxluq simasında olan şər allahlarını) öldürürlər. Rakşasların çarı Sitanı qaçırır və onu cəng arabasında hava ilə Lanka adasındakı paytaxtına aparır. Sitanı xeyli axtardıqdan sonra Rama meymunların çarı ilə saziş bağlayır, meymunların və ayıların qoşunlarına başçılıq edərək okeandan körpü salır və Lankanı mühasirəyə alır. Döyüşdə Rama ilə qardaşı bir neçə rakşas sərkərdəsini öldürürlər, təkbətək yekun savaşında isə Rama rakşasların çarına qalib gəlir. O, Sita ilə birlikdə öz ölkəsinə qayıdır və çar olur.
XI əsrdən başlayaraq Rama kultu hinduizmin iki mühüm kultundan (krişnaizmlə yanaşı) biri olur. Həmin Şimali Hindistan kultuna görə, Ramaya baş allah kimi etiqad olunur.

«Ramayana» — şahzadə Ramanın müsibətləri və şücaətindən bəhs edən məşhur Qədim Hindistan poeması.

ramazan (ər. «rəməzan», far. və türk. «ramazan») — müsəlman qəməri təqvimi ilə doqquzuncu ay. İslamda qəbul olunub ki, Quran məhz həmin ayda nazil edilib — Yerə göndərilib. Ramazanda müsəlmanlar oruc tutmalıdırlar.

rantye — müftəxor sosial təbəqə — banklara vəsait qoyanlar, qiymətli kağız sahibləri, faiz alan və həmin gəlirlə dolananlar. Rantye bilavasitə istehsal prosesində iştirak etməyərək renta alır.

rasizm — insan irqlərinin qeyri-bərabərliyi şəraitinə əsaslanan ideologiya və siyasət. İrqçilər iddia edirlər ki, «tam dəyərli» və «natamam dəyərli» irqlər var və bununla da öz ölkələri daxilində irqi diskriminasiyaya (ayrı-seçkiliyə) və başqa ölkələrə münasibətdə işğalçı müstəmləkə siyasətinə haqq qazandırmağa çalışırlar.

ratifikasiya — ali dövlət orqanlarının razılaşan tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış beynəlxalq müqavilə və ya sazişi təsdiq etməsi. Məhz ratifikasiya müqaviləyə (sazişə) hüquqi qüvvə verir.

raşidi (ər. «dindar», «mömin», «pak») — şiələrdə dörd xəlifəyə (Əbu Bəkr, Ömər, Osman və Əli) aid edilən məfhum.

Razin Stepan — Don kazaklarının atamanı. 1667-ci ilin mayında Xəzər dənizinin qərb və cənub sahillərinə qarətçi yürüşlərinə başladı. 1668-ci ilin yayında Azərbaycanda Niyazabad və Şabran şəhərlərini, eləcə də Maştağa kəndini talan etdi. Sonra Gilan və Rəştə yürüş edən kazaklar xeyli qənimət ələ keçirdilər. 1669-cu ilin payızında Razin şahın ona qarşı göndərdiyi donanmanı darmadağın etdi və çoxlu qənimətlə Həştərxana qayıtdı. 1670-ci ilin yazında Razin kəndli müharibəsi xarakteri alan üsyan qaldırdı. 1670-ci ilin avqustunda çar qoşunları tərəfindən məğlub edildi. Kazak starşinası tərəfindən çar hökumətinə verilmiş və 1671-ci il iyunun 6-da Moskvada edam olunmuşdur.

Reabilitasiya — 1) hüquqların bərpa edilməsi; 2) orqanizmin, xəstə və əlillərin əmək qabiliyyətinin bərpasına (əvəzinin ödənilməsinə — kompensasiyasına) yönəlmiş proses.

referendum — mühüm dövlət məsələsi ilə əlaqədar ümumxalq rəy sorğusu (səsvermə).

Reformasiya (lat. «dəyişiklik», «düzəliş») — XVI əsrdə Avropada katolik kilsəsinin yenidən qurulması (islahatı) uğrunda baş vermiş geniş ictimai hərəkat. Lüterin çıxışı ilə Almaniyada başlamışdır. Reformasiyanın ideoloqları elə tezislər irəli sürmüşdülər ki, əslində, bunlarla katolik kilsəsinin, ümumiyyətlə, öz iyerarxiya və ruhaniləri ilə birlikdə labüdlüyü faktik olaraq inkar edilirdi. Müqəddəs kitab dini həqiqətin yeganə mənbəyi hesab edilir və katoliklərin müqəddəs rəvayətləri rədd edilirdi. «Kilsə xərclərinin ucuzlaşdınlması»nı tələb edən hərəkat iştirakçıları kilsənin torpaq hüququnu və s.-ni inkar edirdilər. Reformasiyanın əsas istiqamətləri bunlardır: bürger-burjua (Lüter, Kalvin, Tsvinqli); katolik kilsəsinin ləğvini feodal istismarının ləğvi ilə bağlamağı tələb edənlər (Müntser, anabaptistlər); öz hakimiyyətlərini möhkəmlətməyə və kilsə torpaqlarını tutmağa çalışan monarxların və dünyəvi feodalların maraqlarını ifadə edən kral-knyaz cərəyanı. 1524 — 26-cı illərdə Almaniyadakı kəndli müharibəsi, Niderland və İngiltərə burjua inqilabları Reformasiya bayrağı altında keçmişdir.

reformizm — fəhlə hərəkatında siniflərin əməkdaşlığı və islahatlar yolu ilə fəhlələrin vəziyyətinin yaxşılaşdırılması uğrunda çıxış edən siyasi cərəyan.

regent, regentlik — monarxiya idarə üsullu dövlətlərdə monarxın azyaşlılığı, xəstəliyi və ya uzun müddət ölkədə olmaması ilə əlaqədar dövlət başçısı səlahiyyətinin müvəqqəti icra edilməsi. Regentlik həm kollegial (Regent Şurası), həm də fərdi (regent təyin edilməsi) ola bilər.

regional — məhəlli, yerli, hər hansı bir rayona, vilayətə, dövlətə və ya bir neçə dövlətə aid olan.

regional pakt — müəyyən coğrafi rayonda yerləşən dövlətlər arasmında beynəlxalq saziş.

reket — şantaj, zorakılıq yolu ilə alma, qoparma (pul və s.).

Rekonkista (isp. «geri almaq») — VIII — XV əsrlərdə Pireney yarımadası əhalisinin ərəblər (daha doğrusu — mavrlar) tərəfindən tutulmuş ərazilərinin geri qaytarılması. 1492-ci ildə Qranada əmirliyinin süqutu ilə başa çatmışdır.

rekonstruksiya — 1) əsaslı dəyişiklik etmək, nəyi isə yaxşılaşdırmaq, təkmilləşdirmək məqsədi ilə yeni texniki vasitələr və texniki proseslər tətbiq etmək; 2) memarlıq və ya heykəltəraşlıq abidəsinin, tətbiqi sənət nümunələrinin, yaşayış məntəqələrinin və s. tikililərin və əşyaların saxlanılmış qalıqları, qədim rəsmlər, yazılı məlumatlar və s. üzrə ilkin simasını bərpa etmək.

rekvizisiya — xüsusi əmlakın məcburi şəkildə (ödəncli və ya ödəncsiz) dövlətin mülkiyyətine və ya müvəqqəti istifadəsinə götürülməsi.

reqres — inkişafın daha yüksək formasından ibtidai formasına keçid, geriyə hərəkət, pisə doğru dəyişiklik, tənəzzül. Reqresin əksi — proqresdir.

relyasiya — 1) hərbi əməliyyatlar və ya diplomatik danışıqlar barəsində xəbər, məlumat çatdırmaq; 2) döyüşçü və ya orduların mükafata təqdim olunması zamanı döyüş rəşadətlərinin təsviri.

relyef — düz səth üzərində qabarıq və ya batıq formalı fərqlilik.

Rembrandt — Harmens van Reyn (1606 -69) — böyük holland boyakan və qrafiki. Dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri. Ən məşhur əsərləri: «Gecə gözətçiləri», «Müqəddəs ailə», «Danaya», «Fərsiz oğulun qayıtması», «Yuli Sivilisin sui-qəsdi», «Sindiki» və s.

renta — torpaq sahibinin icarəyə verdiyi torpaq sahəsindən torpaq rentası formasında aldığı gəlir; habelə rantyenin borc verilmiş kapitaldan faiz formasında götürdüyü gəlir.

reparasiya — təcavüzə başlamış dövlətin maddi-hüquqi məsuliyyəti. Təcavüzkar dövlətin zərərçəkmiş digər dövlətə dəymiş zərəri pul və ya maddi formada ödəməsindən ibarətdir. Reparasiyanın ödənməsi adətən sülh müqaviləsi ilə nəzərdə tutulur. İlk dəfə reparasiyalar Versal sistemi müqavilələrində (1919) qeyd olunmuşdur.

repatriasiya — müharibə və ya mühacirət nəticəsində öz ölkələrindən uzaq düşmüş hərbi əsirlərin və mülki vətəndaşların öz vətənlərinə qaytarılması.

repressiya — cəza tədbiri, dövlət tərəfindən həyata keçirilən cəzalandırma.

respublika (lat. «res» — «iş» və «publicus» — "ümumxalq") — dövlət hakimiyyətinin ali orqanlarının seçildiyi və ya ümummilli nümayəndəli təsisatla (parlamentlə) təşkil olunduğu dövlət idarəetmə forması. Respublika hələ e.ə. 509-cu ildə Qədim Romada meydana gəlmişdir.

restavrasiya (bərpa) — 1) nəyinsə (əşyaların, sənət əsərlərinin, binaların və s.) ilkin formasında bərpa edilməsi; 2) inqilab yolu ilə devrilmiş dövlət quruluşunun və ya əvvəllər hakimiyyətdə olan sülalənin bərpa edilməsi; 3) mövcud olmuş vəziyyətin yenidən bərpası.

resurs — zərurət yarandıqda müraciət edilməsi mümkün olan vəsait, vasitə, ehtiyat, gəlir mənbələri.

revalvasiya — milli pul vahidinin dəyər kütləsinin rəsmən artırılması. Revalvasiya öz məqsədi və iqtisadiyyata təsir mexanizminə görə devalvasiyanın əksidir.

revanşizm — müharibədə məğlub olmuş ölkənin nəyin bahasına olursa-olsun müharibəyə qədərki mövqelərinin qaytarılmasına çalışan, hətta yeni müharibəyə başlamağa hazır olan ictimai qüvvələrinin siyasəti. Şovinizmlə sıx əlaqədə olan revanşizm siyasəti «qisas» (revanş) adı altında təcavüzə hazırlığa, itirilmiş ərazilərin qaytarılmasına, «tarixi» və ya müharibədən əvvəlki sərhədlərin bərpasına və s.-yə xidmət edir.

rezervasiya — ölkənin yerli əhalisinin (ABŞ-da hindilər, CAR-da afrikalılar, Avstraliyada aborigenlər) və ya əhalinin hər hansı bir qrupunun zorla onlar üçün ayrılmış pis ərazilərə köçürülməsi. Rezervasiya — qəddar irqçi və ya milli diskriminasiya formalarından biridir.

rezidensiya — dövlət, hökumət başçısının, eləcə də yüksək dövlət və ya inzibati vəzifə tutan şəxsin iqamətgahı.

rəiyyət (ər. «təbəə»; «vergiverən») — öz torpaq sahəsi, xüsusi təsərrüfatı olan, dövlətə vergi verən və feodalın xeyrinə mükəlləfiyyət daşıyan kəndli.

rəqabət — ayrı-ayrı kapitalistlər, müəssisələr, firmalar, inhisarlar və ya ölkələr arasında xammal mənbələri, satış bazarları və kapital qoyuluşu sahələri uğrunda; böyük gəlir payı uğrunda mübarizə.

rəqəmlər — onluq say qədim hindlilər tərəfindən yaradılmışdır. On rəqəmin (o cümlədən sıfırın) köməkliyi ilə istənilən ədədi yazmaq mümkün oldu ki, bu da hesablamanı asanlaşdırdı. İndi, demək olar ki, bütün dünyada hind rəqəmlərindən istifadə olunur, amma Avropada həmin rəqəmləri ərəblərin vasitəsilə tanıdıqlarından onları "ərəb rəqəmləri" adlandırırlar. Ancaq ərəblərin özləri bu rəqəmləri «hind rəqəmləri» adlandırırmışlar.

rəncbər — XVI — XIX əsrlərdə İranda, Azərbaycanda və Ermənistanda özünün torpaq sahəsi və təsərrüfatı olmayan kəndli kateqoriyası. Feodalın torpağında onun iş heyvanı və əmək alətləri ilə işləyən rəncbər bunun müqabilində məhsulun müəyyən hissəsini (2/3-dən — 4/5-dək) ona verirdi. Xanlıqlar dövründə ancaq mülkədar torpağında çalışanlar «rəncbər» adlanırdı. Talış xanlığında bu cür kəndlilərə "əkər" deyirdilər.

rəsmi — 1) hökumətə və ya vəzifəyə aid (məs.: rəsmi bəyanat, rəsmi mətbuat orqanı); 2) bilərəkdən təmkinli, nəfsini saxlaya bilən, təvazökar, işgüzar (məs.: danışıqlarda və ya münasibətlərdə rəsmi ton).

Rəsulzadə Məmmədəmin (1884 — 1955) — Azərbaycanın görkəmli siyasi xadimi 1902-ci ildə Bakı texnikumunda oxuyarkən o, hələ 17 yaşında «Gənc müsəlmanlar» təşkilatını yaratmışdı. 1904-cü ilin payızında Rəsulzadə «Hümmət» təşkilatının yaradılmasının təşəbbüsçülərindən biri olmuş, sonralar isə onun nəşr etdiyi «Təvariş» və «Yoldaş» qəzetlərinin redaktə olunmasında iştirak etmişdir.
Bolşeviklərin təsiri ilə «Hümmət»in öz milli ideyalarından uzaqlaşdığını başa düşən Rəsulzadə həmin təşkilatdan çıxmışdı. 1905 — 1907-ci illər birinci Rusiya burjua inqilabından sonrakı irtica dövründə Rəsulzadə 1908-ci ildə İrana getmək məcburiyyətində qalmış, orada Səttarxan və Bağırxanla tanış olmuş və Təbrizdə inqilabda iştirak etmişdi. Rəsulzadə 1909-cu ildə İran Demokrat Partiyasının mətbu orqanı "İrane-nou" qəzetinin redaktoru olmuşdur. Rusiyanın çar hökumətinin tələbi ilə Rəsulzadə 1910-cu ildə İranı tərk etmək məcburiyyətində qalmış və İstanbula getmişdir. Rəsulzadə İstanbulda Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Yusif bəy Akçuroğlu, habelə sonralar məşhur fikri («Türkləşmək, islamlaşmaq, müasirləşmək») «Müsavat» partiyasının əsas şüarına çevrilən görkəmli türk maarifçisi Ziya Göy Alp ilə birlikdə işləmişdir. Rəsulzadə 1911-ci ildə «Gənc müsəlmanlar» təşkilatını «Müsavat» müsəlman demokrat partiyası«na çevirmiş və özü də onun rəhbərlərindən biri olmuşdur. Rəsulzadə 1913-cü ildə — Rusiyada Romanovlar sülaləsinin 300 illiyi münasibətilə əfv elan olunmasından sonra Bakıya qayıtmışdır. Rəsulzadə 1915-ci ildə „Açıq söz“ qəzetini nəşr etməyə başlamışdı və bu qəzet faktik olaraq „Müsavat“ partiyasının əsas mətbu orqanına çevrilmişdir. 1917-ci il martın 27-də Rəsulzadə Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə daxil olmuşdu. 1917-ci ilin mayında Rəsulzadə Ümumrusiya müsəlmanları qurultayında Rusiya tərkibində türk xalqları üçün milli-ərazi muxtariyyəti tələbləri olan məruzə ilə çıxış etmiş və bu tələb qurultay iştirakçılarının əksəriyyəti tərəfindən dəstəklənmişdi. „Müsavat“ partiyasının 1917-ci il oktyabrın 25 — 29-da (noyabrın 7 — 11-də) keçirilən I qurultayında Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin tərkibinə daxil olmuşdur. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə müsavatçılar səslərin çoxunu qazanmışdılar, lakin 1917-ci il dekabrın 31-də Rəsulzadə Rusiya bolşeviklərinin əlaltısına çevrilən Bakı Sovetinin işində „Müsavat“ partiyasının iştirak etməyəcəyini bəyan etdi. 1918-ci il mayın 27-də Rəsulzadə Azərbaycan Müvəqqəti Milli Şurasının sədri seçilmişdir. 1918-ci il 4 iyun tarixli Azərbaycan -Türkiyə müqaviləsinə əsaslanan Rəsulzadə azərbaycanlılara qarşı milli qırğın siyasəti həyata keçirən Bakı Soveti ilə mübarizə aparmaq üçün Türkiyədən hərbi yardım istəmişdir. 1920-ci il aprelin 27-də ADR parlamentinin son iclasının sədri olmuşdur. Onun qəti etirazlarına baxmayaraq, bu iclasda hakimiyyətin müsəlman bolşeviklərə verilməsi haqqında qərar qəbul olunmuşdu. Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalından sonra „Müsavat“ partiyası və onun mətbu orqanları qadağan edildi, müsavatçıların çoxu həbs olundu, bir hissəsi isə Türkiyə və digər ölkələrə mühacirət etdi. 1920-ci il avqustun 17-də Rəsulzadə həbs olunmuşdu; həbsxanada Məmmədəminə baş çəkən Stalin onu özü ilə Moskvaya aparmışdı. Rəsulzadə bir müddət RSFSR Milli Məsələlər üzrə Xalq Komissarlığında işləmişdi. Sonra o, Petroqrada (Sankt-Peterburq) getmiş, 1922-ci ildə isə oradan Finlandiyaya qaçmışdır. Rəsulzadə Finlandiyadan İstanbula gəlmişdir. Onun redaktəsi ilə Almaniyada „İstiqlal“ qəzeti (1932 — 34) və „Qurtuluş“ jurnalı (1934 -38) nəşr olunurdu. Türkiyə hökumətinə diplomatik nota göndərən SSRİ hökumətinin tələbi ilə 1932-ci ildə Türkiyədən çıxarılmışdı. O, 1932-39-cu illərdə Varşavada yaşamışdır. 1933-cü ildə Berlində Rəsulzadənin „Azərbaycan Respublikası haqqında bəzi qeydlər“, 1936-cı ildə „Çağdaş Azərbaycan ədəbiyyatı“, 1938-ci ildə isə polyak dilində „Azərbaycan hürriyyət savaşı“ kitabı çap olunmuşdur. Rəsulzadə 1936-cı ilin avqustunda Varşavada „Müsavat“ partiyasının konfransının təşkili və keçirilməsində fəal iştirak etmişdir. İkinci Dünya müharibəsinin başlanmasından sonra Rəsulzadə Parisə, sonra Londona, oradan isə Buxarestə gedir. 1941-ci ilin payızında Rəsulzadə Şərq nazirliyinin dəvəti ilə Almaniyaya gəlir. Azərbaycanlı hərbi əsirlərin Almaniyada yaradılmış Azərbaycan Milli Ordusuna cəlb edilməsində fəal iştirak edir. Rəsulzadə 1941-ci ildə „Üçrəngli bayraq“ kitabını yazır. Lakin o, tezliklə başa düşür ki, almanlar Azərbaycana müstəqillik vermək fikrində deyillər. Açıq antifaşist çıxışlarına görə 1943-cü il avqustun 5-də Almaniyadan çıxarılan Rəsulzadə Buxarestə qayıdır. Sovet qoşunları 1944-cü ildə Buxarestə yaxınlaşarkən Rəsulzadə İsveçrəyə, sonra isə Amerikanın işğal zonasında olan Mərkəzi Almaniyaya gedir. O, 1947-ci ildə Ankaraya köçür. Rəsulzadə Ankarada Türk ensiklopediyasının tərtib olunmasında fəal iştirak edir, Azərbaycanın müstəqilliyi yolunda fəaliyyətini davam etdirir. Rəsulzadə 1949-cu ildə Ankarada „Azərbaycan kültür dərnəyi“ni yaradır. 1950-ci ildə burada onun „Çağdaş Azərbaycan ədəbiyyatı“ kitabı nəşr olunur. Rəsulzadə 1951-ci ildə „Azərbaycan şairi Nizami“ monumental əsərini və „Çağdaş Azərbaycan tarixi“ kitabını nəşr etdirir. Böyük öndər 1955-ci il martın 6-da vəfat etmiş və Ankarada dəfn olunmuşdur.

Rəşidəddin Fəzlullah (1247 — 1318) — alim, təbiət üzrə ensiklopediyanın, tarix, təbabət, botanika, aqro və tikinti texnikası üzrə əsərlərin müəllifi. 1298 -1317-ci illərdə monqol elxanları Qazan xanın, Ulcaytu xanın və Sultan Əbu Səidin vəziri olmuşdur. Rəşidəddinin Təbrizdə inşa etdirdiyi Rub-i Rəşidi və Şam-Qazan hospitalları Azərbaycanda təbabət üzrə mühüm tədqiqat mərkəzi olmuşdur. Farsca yazılmış „Cami ət-təvarix“ (»Ümumi tarix") Rəşidəddinin qələminə mənsubdur. «Cami ət-təvarix»in yazılması üçün çinlilər, monqollar, Kəşmirdən olan budda rahibi və avropalı rahib material toplamışlar. Azərbaycan və digər Şərq ölkələrinin tarixinin öyrənilməsi üçün mühüm mənbədir, belə ki, əsərdə monqol ağalığı dövrünə dair iqtisadiyyat və siyasi hadisələr barəsində əhəmiyyətli məlumatlar vardır.

Rəşt müqaviləsi (1732) — 1732-ci il yanvarın 21-də Rəştdə (İran) Rusiya imperiyası ilə Səfəvilər dövləti arasında imzalanmışdır. Rəşt müqaviləsinin şərtlərinə görə, Rusiya onun tərəfindən Kürdən cənubda işğal olunmuş Xəzərsahili Azərbaycan və İran vilayətlərini Səfəvilərə qaytarırdı. Səfəvilər isə osmanlı türklərini bu torpaqlara buraxmamağı öhdələrinə götürürdülər. Müqavilədə Səfəvilər dövləti ərazisində rus tacirləri üçün imtiyazlar nəzərdə tutulurdu.

Rəvvadilər — Rəvvadilər dövlətində hakim sülalə (983 — 1060, 1107 — 16). Sülalənin banisi mənşəcə ərəb olan Rəvvad ibn Müsənna olmuşdur. 1054-cü ildə Rəvvadilər səlcuq türkləri Təbrizi tutandan sonra yaradılan dövlətin vassalına çevrildilər.

Rəvvadilər dövləti — Cənubi Azərbaycan ərazisində ərəb mənşəli Rəvvadi sülaləsindən olan Əbü-l-Hica tərəfindən əsası qoyulmuş dövlət (983 -1060,110716). Əbü-l-Hica Salarilər dövründə iri feodal idi, Salarilər dövləti zəiflədikdən sonra o, 983-cü ildə sonuncu Salari hakimini taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu. 1028-ci ildə Rəvvadi hökmdarı Vəhsudanın icazəsi ilə 2000-dək oğuz ailəsi Azərbaycana köçdü. Bir qədər keçdikdən sonra oğuz tayfalarının Azərbaycana yeni axını oldu. Rəvvadilər dövlətin paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. 1054-cü ildə səlcuqlar sultan Toğrulun başçılığı ilə heç bir müqavimətçiz Təbrizə daxil oldular. Rəvvadilər Səlcuqilərin vassalına çevrildilər.

rıtsarlıq — orta əsrlərdə Avropa ölkələrində imtiyazlı ictimai təbəqə; geniş mənada — bütün dünyəvi hərbçi feodallar, məhdud mənada isə — yalnız xırda dünyəvi feodallar. Rıtsarlar öz senyorlarının qoşunlarında süvari döyüşçü kimi xidmət etmək şərti ilə onlardan torpaq sahələri alırdılar. Rıtsar döyüş atı, ağır əsləhə (qılınc, qalxan, zirehli paltar) almalı, turnirlərdə iştirak etməli idi. Rıtsarlığın çiçəklənmə dövrü XII — XIV əsrlərə təsadüf edir. XV — XVI əsrlərdə odlu silahın yayılması və daimi muzdlu ordunun yaranması ilə əlaqədar rıtsarlıq tədricən yox olmuşdur. Zadəganların əksəriyyəti rıtsar idi.

Rişelyö Arman Jan dü Plessi — kardinal, 1624-cü ildən 1642-ci ilə qədər kral şurasının başçısı, Fransanın faktik hakimi olmuşdur. Mütləqiyyətin möhkəmlənməsinə yardım etmişdir. Hugenotların siyasi hüquqlarını ləğv etmiş; inzibati, maliyyə və hərbi islahatlar keçirmiş; feodalların qiyamlarını, xalq üsyanlarını yatırmış; zadəganlar arasında dueli qadağan etmişdir. Fransanı Otuzillik müharibəyə (1618 — 48) sürükləmişdir.

ritual (ayin, mərasim) — dini ayinlərin icrası zamanı tarixən formalaşmış mürəkkəb simvolik, rəmzi davranış; nitqdə, hərəkətdə, davranışda və s.-də ifadə olunan nizamlı fəaliyyət sistemi. Qədimdə ritual dinlərin əsas ünsürlərindən olub.

Robespyer Maksimilyen (1758 — 94) — Böyük Fransa burjua inqilabı xadimi, yakobinlərin rəhbərlərindən biri. 1793-cü il 31 may — 2 iyun xalq üsyanının rəhbərlərindən biri olmuşdur. Faktik olaraq 1793-cü ildə yakobinlər hökumətinə başçılıq etmiş, diktatura yaratmış, daxili və xarici əhsinqilabın darmadağın edilməsində böyük rol oynamışdır. Sonra öz şəxsi hakimiyyətini möhkəmlətmək məqsədi ilə rəqiblərinə qarşı, o cümlədən sol qüvvələrə qarşı terror tətbiq etməyə başladı və bununla da yakobinlər diktaturasının sosial bazasını zəiflətdi. 1794-cü il iyulun 28-də termidorçular tərəfindən gilyotində edam edildi.

Robin Qud — normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi.

Rodos Kolossu — e.ə. III əsrdə Yunanıstanın Rodos adasında Günəş allahı Heliosun qədimdə «dünyanın yeddi möcüzəsi»ndən biri hesab edilən nəhəng heykəli. Heykəltəraş Xares tərəfindən qoyulmuşdur.
Rodoslular Makedoniyalı İsgəndərin adanı tutmağa cəhd göstərən keçmiş sərkərdəsi Demetri üzərində qələbənin şərəfinə Rodos adasının himayədarı olan Günəş allahı Heliosun nəhəng tunc heykəlini ucaltmağı qərara aldılar. Möhtəşəm abidə üzərində iş 12 il davam etdi. Onun inşasında yüzlərlə məharətli sənətkar dəmirçi, metal tökməçi, tunc emalı ustaları, daşyonan və xarrat iştirak etmişdir. İnşaat işlərində bir neçə yüz qul əməyindən istifadə olunmuşdur. Güman edilir ki, Xares Heliosu başında şüa tacı olan ucaboy və yaraşıqlı cavan kimi təsvir etmişdir. Mərmər postament üzərində, azacıq arxaya əyilən və sağ əlini alnına qoyan, guya, uzaqlara baxan şəkildə ucaldılan tunc Helios ayaq üstə durmuşdu. Sol əlində yerədək sallanan plaşını tutmuşdur. Qədim yunan tarixçilərinin yazdıqlarına görə, Xaresin düzəltdiyi heykəl təsvirolunmaz dərəcədə gözəl imiş. Helios abidəsinin hündürlüyü 35 m-ə qədər imiş. Qədim yunanlar insan boyundan çox uca olan heykəlləri «koloss» adlandırarmışlar. Ona görə də Heliosun Rodos adasındakı heykəlini Rodos Kolossu adlandırmışlar.
Amma tunc Koloss cəmi 56 il yerində durmuşdur. E.ə. 220-ci ildə Rodos adasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində nəhəng heykəlin qıçları sınmış və o, yerə yıxılmışdır. Bir çox dövlətlərin hökmdarları Rodosa heykəli bərpa etmək üçün maddi və pul yardımı göndərmişlər, lakin abidəni qaldırmaq mümkün olmamışdır. Rodosda olmuş Roma tarixçisi Plini yazırdı ki, hətta indi, Koloss uzalı olduqda belə, təəccüb və iftixar doğurur. Kolossun qırıqları min ildən artıq müddət yerdə qalmışdır. 997-ci ildə Rodosu tutan ərəblər heykəlin qırıqlarım bir tacirə satmışlar, o isə bunları 900 dəvəyə yükləyib aparmışdır. Kolossun izi bu sayaq məhv edilmişdir. Amma onun nəhəng heykəli haqqında xatirə yaddaşlarda qalmışdır.

Rokfellerlər — ABŞ-da maliyyə qrupu. XIX əsrin sonlarında formalaşmışdır. Əsası C.D.Rokfeller (böyük) tərəfindən qoyulmuşdur. Sənaye özəyi — «Standard oyl kompani» (1972-ci ildən — «Ekson»), maliyyə mərkəzi -"Çeyz Manhetten bank«dır. Nüfuz dairəsi — elektrotexnika, maşınqayırma, neft hasilatı, maliyyə, sığorta sahələridir. Nəzarət etdiyi kapital — 120 milyard dollardır (XX əsrin 70-ci illərinin qiyməti ilə).

Roland — frank qrafi, Böyük Karlın qardaşı oğlu, 778-ci ildə İspaniyaya -ərəblərə qarşı təşkil edilmiş yürüşün iştirakçısı. Savaşda franklar ərəblərə məğlub oldular. Geri çəkilən frank qoşunlarının mühafizəsini təmin edən Roland da Ronseval dərəsində basklarla döyüşdə həlak olmuşdur. XII əsrin əvvəllərində Fransada qələmə alınmış „Roland haqqında nəğmə“ eposunun əsas qəhrəmanıdır.

Roma — rəvayətə görə, əsası e.ə. 753-cü ildə Latsium vilayətində Romul tərəfindən qoyulmuş şəhər. Qədim Roma tarixi üç əsas mərhələyə bölünür: çarlıq, respublika və imperatorluq. Əfsanəyə görə, çarlıq dövründə yeddi çar hökmranlıq edirmiş. E.ə. 509-cu ildə sonuncu Roma çarı Məğrur Tarkvini qovulduqdan sonra respublika yaradılmışdır. E.ə. III əsrin sonlarınadək bütün İtaliya ərazisini özünə tabe edən Roma güclü dövlətə çevrildi. Aparılmış üç Pun müharibəsi nəticəsində Qədim Roma Aralıq dənizi bölgəsinin ən güclü dövləti oldu. Romalılar tədricən bütün Cənubi Avropanı özlərinə tabe edərək Şimali Afrika və Kiçik Asiya üzərində nəzarət etməyə başladılar. Vətəndaş müharibələri nəticəsində Qay Yuli Sezar hakimiyyətə gəldi və Roma Respublikasının qeyri-məhdud hakimiyyətli hökmdarı oldu. E.ə. 44-cü ildə öldürülən Sezarın əvəzinə hakimiyyətə gələn Oktavian sürəkli vətəndaş müharibəsindən sonra e.ə. 27-ci ildə özünün təkbaşına hakimiyyətini qurdu və imperator rütbəsini ömürlük etdi. Eramızın 115 — 117-ci illərində imperator Trayanın hakimiyyəti dövründə Roma imperiyasının son iri işğalçı müharibələri aparıldı. Bundan sonra Roma imperiyası işğalçı müharibələrdən əl çəkib özünün geniş ərazilərinin sərhədlərini qorumağa başladı.
III əsrdə Roma imperiyasının böhranı təsərrüfat həyatının, sənətkarlığın, ticarətin, mədəniyyətin tənəzzülünə səbəb oldu. İstismarın kəskinləşməsi qulların və tabe edilmiş xalqların üsyanına gətirib çıxardı. Barbarların imperiyanın sərhədlərinə və içərilərinə müdaxilələri başlandı. İmperator Diokletian Roma imperiyasını möhkəmlətməyə cəhd göstərdi və bunun üçün respublika təsisatlarının qalıqlarını tamamilə ləğv edib imperiyanı dörd müstəqil idarə olunan hissəyə böldü. İmperator Konstantin xristianlığı qəbul etdi və paytaxtı Konstantinopola köçürdü. Eramızın 395-ci ilində Roma imperiyası iki imperator qardaş arasında Qərbi və Şərqi Roma imperiyasına bölündü və bu, imperiyanı daha da zəiflətdi. Roma 410-cu ildə Alarixin başçılığı ilə qotlar tərəfindən tutuldu. 476-cı ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və imperiya süqut etdi.

Roma papası — katolik kilsəsi və Vatikan dövlətinin başçısı. Kardinallar kollegiyasında (1389-cu ildən etibarən yalnız kardinallardan) ömürlük seçilir.

Roma poeziyasının „qızıl əsr“i — e.ə. II əsrin sonu — I əsrin əvvəllərini Roma poeziyasının „qızıl əsr“i adlandırırlar. Görkəmli Roma şairləri Vergili, Horatsi, Ovidi və b. bu dövrdə yaşayıb-yaratmışlar. Poetik dilin normaları da bu dövrdə formalaşır.

roman üslubu — X — XII əsrlərdə Qərbi Avropada mövcud olmuş hakim bədii üslub; orta əsr Avropa incəsənətinin ən mühüm inkişaf mərhələlərindən biri. Roman üslubu memarlığında əsas rol sərt. Qərbi Roma arxitekturasının bir çox qala xarakterli nailiyyətlərinin günbəz, yarımdairəvi tağ, qalın divarlar, sütunlar və s. kimi mənimsəmələrinə verilmişdi. Kilsələr rəsmlər və relyeflərlə bəzədilirdi. Metal və ağac, mina, miniatür işləməsi yüksək inkişaf səviyyəsinə çatmışdı.

Romul — rəvayətə görə, Roma şəhərinin banisi və ilk çarı. Əfsanəyə görə, latın şəhərciklərindən birinin padşahı öz qardaşı qızının iki oğlunu — Romul və Remi çaya atmağı əmr edir. O qorxurdu ki, uşaqlar böyüyəndən sonra onu taxtdan sala bilərlər. Uşaqlar əvvəlcə dişi canavarı əmmiş, sonra isə çoban tərəfindən tərbiyə olunmuşlar. Romul və Rem böyüdükdən sonra çara qarşı üsyan qaldıraraq onu öldürürlər. Onlar qərara alırlar ki, şəhər salsınlar, lakin onun harada salınacağı və bu şəhəri kimin idarə edəcəyi üstündə mübahisələri düşür. Mübahisə zamanı Romul Remi öldürür və öz adı ilə adlandırılan Roma şəhərini salır. Romalılar şəhərlərinin salındığı əfsanəvi tarixdən — e.ə. 753-cü ildən il hesabı aparmağa başlamışlar. Romadakı Kapitoli təpəliyində dişi canavara heykəl ucaldılmışdır. 

Romul Avqustul — Qərbi Roma imperiyasının sonuncu imperatoru (475 -476). Odoakr tərəfindən devrilmişdir.

royalistlər — kral hakimiyyəti tərəfdarları, monarxistlərin sinonimi. Termindən Böyük Fransa burjua inqilabı dövründə -XVIII əsrdə istifadə olunmağa başlanmışdı.

Rubikon — Şimali İtaliyada Rubikon çayı. Qədimdə İtaliya ilə Qalliya arasında sərhəd olmuşdur. E.ə. 49-cu ildə Sezarın Rubikon çayını keçməsi respublikaya qarşı qiyam idi. Sezar öz planı üzərində xeyli fikirləşmiş və nəhayət, demişdir: „Artıq qərar qəbul olunmuşdur“ — bundan sonra isə çayı keçmək üçün yola düşmüşdür. Məcazi mənada „Rubikonu keçmək“ — »qəti, həlledici qərar qəbul etmək" deməkdir.

ruh — guya, insanın bədənində olan fövqəltəbii varlıq. Onun bədəni tərk etməsi ilə ölüm baş verir.

ruhani — müxtəlif dinlərdə dini adət və xidmətlərin yerinə yetirilməsi ilə məşğul olan peşəkar sitayiş xidmətçiləri. Ruhanilər adətən bir silkdə birləşdirilir. Feodal dövlətlərdə ruhanilər zadəganlarla birlikdə imtiyazlı silkə mənsub idilər.

Rumlu Həsən bəy — XVI əsr Azərbaycan tarixçisi. Rumlu Səfəvi şahı I Təhmasibin sarayında xidmət göstərmiş və onun hərbi yürüşlərində iştirak etmişdir. Əsas əsəri 12 cildlik "Əhsən ət-təvarix" («Tarixlərin ən yaxşısı») əsəridir. Onun yalnız Azərbaycanın və qonşu ölkələrin XV — XVI əsrlər tarixinin təsvir edildiyi 11-ci və 12-ci cildləri dövrümüzə çatmışdır.

Rusiyada Fevral burjua-demokratik inqilabı (1917)  - Rusiya imperiyasında baş vermiş ikinci inqilabın əsas səbəbləri mütləqiyyətin və feodal torpaq mülkiyyətinin ləğv edilməsinin labüdlüyü, çarizmin hərbi məğlubiyyəti, Birinci Dünya müharibəsi ilə əlaqədar Rusiyada təsərrüfat pozğunluğu və aclıq idi. 1917-ci il fevralın 18-də Petroqradda Putilov zavodunda başlanmış tətil inkişaf eləyib üsyana çevrildi. Fevralın 23-də Petroqradda bir çox müəssisələrdə fəhlələr tətil edirdi. Fevralın 24 — 25-də bu tətillər ümumi siyasi tətilə çevrildi, polislə və şəhərə çağırılmış qoşunlarla küçə toqquşmaları baş verdi. Əsgərlər fəhlələrə qoşulmağa başladılar. Fevralın 27-də qoşunlar kütləvi şəkildə inqilab tərəfinə keçdi, şəhərin mühüm məntəqələri və hökumət binaları tutuldu. Xalqın tələbi ilə imperator II Nikolay taxtdan əl çəkdi və mütləqiyyət devrildi. Rusiya burjuaziyası çarizmlə kompromisə getməyə çalışdı, amma xalqın təzyiqi ilə martın 2-də burjuaziya knyaz Lvovun başçılığı ilə Dövlət Dumasının Müvəqqəti Komitəsini (sonralar — Müvəqqəti Hökumət) yaratdı. İkihakimiyyətlilik meydana gəldi. Sonra inqilab Moskvada, mart ərzində isə imperiyanın digər yerlərində qalib gəldi.

Rusiyada 1861-ci il kəndli islahatı — Rusiyada təhkimçilik hüququnun inqilabi-şəraitdə ləğv olunması XIX əsrin 60 — 70-ci illər burjua islahatlarından ən mühümüdür. II Aleksandrın hökuməti tərəfindən mülkədarların mənafeyini müdafiə etmək məqsədi ilə «1861-ci il 19 fevral əsasnaməsi» üzrə həyata keçirilmişdir. Mülkədarın torpağa olan sahiblik hüququ saxlanılırdı. Mülkədarlardan alınmış pay torpaqlarını kəndlilər pulla satın almaq məcburiyyətində idilər, satınalmaya qədər isə onlar «müvəqqəti mükəlləfiyyətli» adlandırılırdılar və mülkədarın xeyrinə töycü verməli və biyara getməli idilər. İslahatı yerlərdə hər mülk üçün nizamnamə sənədi tərtib edən barışdırıcı münsiflər yerinə yetirəcəkdilər. Torpaq bölüşdürülərkən mülkədarlar kəndli torpaqlarının xeyli hissəsini (kəsikləri) özlərinə götürmüş və pis torpaqları kəndlilər üçün ayırmışdılar. Kəndli islahatına cavab olaraq kəndlilər kütləvi üsyanlar qaldırdılar, lakin üsyanların hamısı amansızcasına yatırıldı. Feodalizmin bir sıra qalıqlarını saxlayan 1861-ci il kəndli islahatı Rusiyada kapitalizmin inkişafı üçün şərait yaratdı. Həll olunmamış ictimai-iqtisadi problemlər sosial mübarizənin kəskinləşməsinə səbəb oldu.

ruslar — VI əsrdən Kiyevə yaxın ərazilərdə, Dneprin orta axarı boyunda yaşamış şərqi slavyan tayfalarından biri. Rus tayfası «polyanlar» adlanan Dneprətrafı slavyan ittifaqına başçılıq edirdi. IX əsrdə ruslar bir sıra slavyan tayfalarını özlərinə tabe etdilər. IX əsrin birinci yarısında Kiyev Rus dövləti təşəkkül tapır və ruslar onun yaranmasında aparıcı rol oynayırlar. Kiyev knyazları (rus xaqanları) Oleqdən Vladimirə qədərki dövrdə, yəni X əsrin sonlarına qədər Kiyev knyazlarının hərbi drujinalarında ruslar və digər slavyanlarla yanaşı, varyaqlar (vikinqlər) mühüm rol oynamış, peçeneqlər və başqa türk tayfaları ilə vuruşmuş, Bizansa, Volqa Bulqariyasına, Xəzər xaqanlığına və Azərbaycan ərazisinə uzaq səfər yürüşləri etmişlər. Tarixi mənbələrdə bu yürüşləri keçirənlər «ruslar» adlandırılır. Kiyev knyazı Askoldun rus drujinalarının Azərbaycan ərazisinə birinci qarətçi yürüşü 880-ci ildə baş vermişdir. 909-cu ildə Kiyev knyazı Oleqin rus drujinaları 16 gəmi ilə Xəzər dənizindəki Abaskun adasını tutmuş və sahil yaşayış məntəqələrini qarət etməyə başlamışlar. Lakin yerli əhali rusları məğlub edə bilmişdi. 910-cu ildə rusların daha çoxsaylı dəstələri Sara adasını tutmuş, oradan Azərbaycan və İran ərazilərində sahil kənd və şəhərləri qarət etməyə başlamışlar, lakin şirvanşah tərəfindən məğlub edilmişlər. 913 — 914-cü illərdə Kiyev knyazı İqorun daha çoxsaylı ruslardan və vikinqlərdən ibarət drujinaları (hərəsində 100 döyüşçü olan 500 gəmi ilə) əldə edəcəkləri qənimətin yarısını xəzər xaqanına verəcəkləri vədi ilə xaqanlığın ərazilərindən keçib, Xəzər sahillərinə yeni yürüş etdilər. Rusların 50 minlik dəstəsi Abşeronun sahilyanı adalarında düşərgələr saldı. Ruslar bir neçə ay sahil şəhər və kəndləri talan etdilər, dinc əhalini qırdılar, qadınları və uşaqları əsir apardılar. Ancaq zəngin qənimətlə qayıdan zaman Volqanın mənsəbində xəzərlər tərəfindən darmadağın edildilər. Kiyev knyazı İqorun rus və vikinqlərdən ibarət drujinaları 943-cü ildə yenidən Azərbaycan ərazilərinə soxuldular. Onlar qayıqlarla Kür çayı yuxarı üzərək Bərdə yaxınlığında sahilə çıxdılar. Burada onlar Salarilərin qoşunlarını dağıdıb, Qafqazın iri ticarət-sənətkarlıq mərkəzi olan və o dövrdə «Arranın baş şəhəri» adlanan Bərdəni tutdular. Şəhər talan edildi, onun 20 min əhalisi isə qırıldı. Salari hökmdarı Mərzban ibn Məhəmməd 30 minlik qoşunla Bərdəni mühasirəyə aldı, lakin düşmənlərin cənubdan Salarilər dövlətinə hücumu xəbərini eşidən kimi Bərdə ətrafında 4000-lik dəstə qoydu və qoşunun böyük hissəsi ilə cənuba getdi. Bərdəlilərin müqaviməti və ruslar arasında epidemiyanın yayılması sonuncuları Bərdəni tərk etməyə məcbur etdi və gedərkən onlar şəhəri yandırdılar. Kür çayı ilə aşağı üzən ruslar Xəzər dənizi vasitəsilə çıxıb getdilər. Yarım il ərzində ruslar tərəfindən qarət edilən və əhalisi qırılan Bərdə bir daha özünə gələ bilmədi. Ruslar sonralar da Azərbaycan ərazisınə yürüşlər edirdilər. 987-ci ildə Dərbənd əmirinin xahişi ilə ruslar 17 gəmi ilə Dərbəndə gəlmiş və hakimiyyətini möhkəmləndirməkdə əmirə kömək etmişlər. Ruslar 1030-cu ildə 30 gəmi ilə Bakıya yan almış, şirvanşahın qoşunlarını məğlub edərək Kür çayına tərəf getmişlər. Rusları isə onunla düşmənçilik edən qardaşının gizləndiyi Beyləqanı mühasirəyə almış Səddadi hökmdarı Musa gətirtmişdi. 1032-ci ildə ruslarla birlikdə Gürcüstan ərazisindən Şirvana yürüş edən alanlar paytaxt Yezidiyyəni (Şamaxı) tutub talamış, 10 minədək adamı qırmışlar, amma geriyə qayıdan zaman Dərbənd əmiri tərəfindən darmadağın edilmişlər. Dərbənd əmirindən qisas almaq məqsədi ilə alanlar və ruslar 1033-cü ildə Dərbəndə hücum etmiş, lakin yenidən məğlub olmuşlar. Bundan sonra rusların Azərbaycan əerazisinə yürüşləri başa çatmışdır.

Russo Jan Jak (1712 — 78) — böyük fransız yazıçısı və filosofu. "İctimai müqavilə haqqında" əsərində xalqın mütləqiyyəti devirmək hüququnu əsaslandırmışdır. «Bərabərsizliyin başlanğıcı və əsasları barədə düşüncələr» əsərində göstərmişdir ki, ictimai bərabərsizliyin səbəbi — xüsusi mülkiyyətdir. Rəsmi kilsəni və dini dözümsüzlüyü ittiham edirdi. Russonun pedaqoji görüşləri «Emil, yaxud tərbiyə haqqında» roman-traktatında təsvir olunmuşdur. Russonun ən məşhur əsərləri «Yuliya, yaxud Yeni Eloiza» və «Tövbə» bədii romanlarıdır.

Ruzvelt Franklin Delano (1882 — 1945) — ABŞ-ın Demokratlar partiyasından olan 32-ci prezidenti; ABŞ-ın yeganə prezidentidir ki, həmin vəzifəyə dörd dəfə seçilib. Bir sıra islahatlar keçirmiş (bax: Ruzveltin «yeni xətt»i), antihitlerçi koalisiyanın yaradılmasında əhəmiyyətli xidməti olmuşdur. BMT-nin yaradılmasına xüsusi əhəmiyyət vermişdir.

Ruzveltin «yeni xətt»i — ABŞ prezidenti F.D.Ruzveltin 1933 — 38-ci illərdə 1929 — 33-cü illər iqtisadi böhranının nəticələrini aradan qaldırmaq məqsədi ilə həyata keçirdiyi tədbirlər sistemi. Ruzveltin «yeni xətt»i ictimai sahədə keçirilən islahatlarla iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini qüvvətləndirmək üzrə tədbirlərlə üst-üstə düşürdü. Birinci mərhələdə milli sənayenin bərpası haqqında qanun qəbul edildi; «düzgün rəqabət kodeksi» işlənilib hazırlandı; Milli Bərpa Administrasiyası (NRA) və Kənd təsərrüfatını Bərpa Administrasiyası (AAA) yaradıldı; işsizliyi azaltmaq məqsədi ilə hökumət ictimai işlər proqramını həyata keçirdi. İkinci mərhələdə fəhlələrə həmkarlar təşkilatlan yaratmaq və sahibkarlarla kollektiv müqavilələr imzalamaq hüququ verilməsi haqqında Vaqner qanunu (1935) qəbul edildi; ABŞ-da ilk dəfə olaraq işsizliyə görə müavinət və qocalığa görə pensiya nəzərdə tutan sosial sığorta haqqında qanun qəbul edildi; minimum əmək haqqı və iş həftəsinin maksimum davamiyyəti xüsusi qanunla müəyyənləşdirildi.

rübai — Şərq poeziyasında 4 misralı lirik şer forması.

rüsum (gömrük, vergi) — 1) dövlətin vətəndaşlardan, müəssisə və təşkilatlardan müəyyən xidmət növünə görə topladığı pul yığımı; 2) gömrük rüsumu — ayrı-ayrı şəxslər və ya dövlət tərəfindən onların ərazisindən aparılan mallar üçün aldıqları pul yığımı.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top