obstruksiya — 1) parlament tərəfindən müxalif qrup üçün qeyri-məqbul hesab edilən qanun layihəsinin müzakirəsi və qəbulunu pozmaq məqsədi ilə keçirilən etiraz, protest; 2) hər hansı təklifin, tədbirin dayandırılmasına nümayişkaranə şəkildə yönəldilmiş fəaliyyət.
obyektiv — hər hansı obyektin özünə mənsub və insan şüurundan asılı olmadan mövcudluğu.
od — ilk vaxtlar insanlar vəhşi heyvanlar kimi oddan qorxurdular, lakin 600 -700 min il əvvəl onlar oddan istifadə etməyi və onu qoruyub saxlamağı öyrəndilər. Od soyuqda adamları qızdırırdı, insanlar qidalarını onun üzərində hazırlayır və onun köməyi ilə vəhşi heyvanlardan müdafiə olunurdular. Bir neçə yüz min il keçdikdən sonra insanların özləri qaşıma, sürtmə və deşmə yolu ilə od əldə etməyi öyrəndilər. Od əldə etməklə ən qədim insanlar heyvanat aləmindən daha da uzaqlaşdılar.
Odin — Skandinaviya mifologiyasında əzəmətli şaman və müdrik keyfiyyətləri olan baş allah; müharibə allahı.
«Odisseya» — e.ə. VIII əsrdə Homer tərəfindən yaradılmış poema; e.ə. VI əsrdə yazıya alınmışdır. «Odisseya» Odisseyin Troyadan vətəninə — Yunanıstanın qərb sahilində yerləşən İtaka adasına qayıdarkən başına gələn macəralardan bəhs edir.
odlu silahlar — lülə kanalındakı döyüş sursatlarını (gülləni, minanı, mərmini) hədəfə atmaq üçün partlayıcı maddələrin (barıt və s.) enerjisindən istifadə olunan silahlar. Orta əsrlərdə və hazırda ən geniş yayılmış partlayıcı maddə Çində ixtira edilmiş barıtdır. XIII əsrdə tüfəng ixtira olunmuş, bambuq gövdələri isə lülə kimi istifadə edilmişdir; elə o vaxtlar da daş və dəmir içliklə doldurulan metal toplar ixtira olunmuşdur.
Odoakr — german tayfalarından biri olan skir tayfasının başçısı. 476-cı ildə Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustul muzdluların, o cümlədən italiklərin qoşulduğu Odoakr tərəfindən devrilmişdi. Hakimiyyətin Odoakr tərəfindən ələ keçirilməsindən sonra Qərbi Roma imperiyasında imperator hakimiyyətinə son qoyuldu və onun ərazisindəki barbar krallıqları nəinki mahiyyətcə, həm də formal olaraq müstəqillik əldə etdilər.
oğuzlar — VII — XI əsrlərdə Mərkəzi Asiyada məskunlaşmış köçəri türk tayfaları. XI əsrin ortalarında oğuzların bir hissəsi Qara dənizin şimal sahilləri çöllərinə, digəri isə Səlcuğun nəsli başda olmaqla Ön Asiya ölkələrinə köçmüşdür. Oğuzlar türkmənlərin, qaraqalpaqların, azərbaycanlıların, türklərin və qaqauzların etnogenezində mühüm rol oynamışlar.
«Oğuznamə» — türk tayfalarının əfsanəvi mənşəyi və onların ulu babası Oğuz xan haqqında epik dastan. «Oğuznamə»nin XIII — XIV əsrlərə aid ən qədim versiyası XV əsr uyğur əlyazmasında əksini tapmışdır.
Oktavian Avqust (e.ə. 63 — eramızın 14-cü ili) — Qay Yuli Sezarın bacı nəvəsi, e.ə. 27-ci ildən Roma imperiyasının imperatoru. Sezar öz vəsiyyətində Oktavianı oğulluğa götürdüyünü bildirmiş və onu özünün bütün əmlakının varisi elan etmişdir. Sezarın ölümündən sonra senatda Siseronun Antoniyə qarşı rəhbərlik etdiyi müxalifəti gizli şəkildə dəstəkləmişdir. E.ə. 43-cü ildə Mutin şəhəri yaxınlığında konsulların və Oktavianın qoşunları Antoninin qoşunlarına ağır zərbə endirmişlər, sonra isə qoşunların təzyiqi altında bir-birinə nifrət edən Antoni ilə Oktavian ittifaqda birləşmişlər. E.ə. 42-ci ildə Filippa yaxınlığındakı döyüşdə Oktavian Antoni ilə birlikdə Brut və Kassinin qoşunlarını darmadağın etdi. Bundan sonra baş vermiş əyalət bölgüsü zamanı Oktavian Roma dövlətinin qərb vilayətlərinin, Antoni isə şərq vilayətlərinin idarəçiliyini aldı. E.ə. 31-ci ildə Oktavianın donanması Aksi burnu yaxınlığında Antoninin donanmasını məğlub etdi. E.ə. 30-cu ildə Antoni və Kleopatraya qarşı Misirin zəbti ilə nəticələnən müharibədə qələbə çaldıqdan sonra Oktavian Romanın və onun bütün torpaqlarının təkbaşına hökmdarı oldu. E.ə. 27-ci ildə Oktavian prinseps (birinci senator), bütün Roma legionlarına komandanlıq edən yeganə prokonsul elan olundu. O, əvvəllər yalnız allahların ünvanına deyilən Avqust («Müqəddəs») rütbəsi aldı. Roma dövləti əvvəlki kimi respublika adlanırdı: hər il konsul, xalq tribunu və başqa vəzifəli şəxsləri seçən xalq yığıncaqları toplanırdı, senat öz iclaslarını keçirirdi. Lakin bütün bu respublika təsisatları ya Oktavianın özünü, ya da onun göstərdiyi adamları seçirdi. Oktavian Avqust bütün ömrü boyu sui-qəsdlərdən qorxmuşdur; elə buna görə də senatda həmişə onu sədaqətli adamları əhatə edərdi, paltarının altından isə zireh geyinərdi. Oktavian özünü qorumaqdan ötrü hakimiyyətinin başlıca dayağı olan pretorian qoşunlarını təşkil etdi. Hərçənd Oktavianın dövründə Romada respublika vəzifələri qalmaqdaydı, əslində isə onun burada imperiya adlandırılan təkhakimiyyətliliyi bərqərar olmuşdu.
oliqarxiya — bütün dövlət hakimiyyətinin bir ovuc varlıya mənsub olduğu idarəetmə formalarından biri (Qədim Yunanıstan polislərində iri quldarların oliqarxiyası; iri feodalların oliqarxiyası). XIX — XX əsrlərin aparıcı kapitalist dövlətlərində maliyyə oliqarxiyası dövlət aparatını özünə tabe edir, dövlətin daxili və xarici siyasətini müəyyənləşdirir, xalqın əksəriyyəti üzərində siyasi və iqtisadi ağalıq edir.
Olimp — Orta Yunanıstanda dağ. Qədim yunan mifologiyasında Olimp -başda Zevs olmaqla bütün allahların yaşadıqları dağdır. Buna görə də qədim yunan allahlarını Olimp allahları adlandırırdılar.
Olimpiya Oyunları — Qədim Yunanıstanda — Peloponnesdə — Olimpiya şəhərində Olimpiyalı Zevsin şərəfinə keçirilən ümum-yunan bayramı və yarışları -oyunları. Oyunlar dörd ildən bir keçirilirdi. Yarışlara ikitəkərli arabalarda yürüş, qaçış, tullanma, güləş, disk, nizə atmaq, əlbəyaxa döyüş, musiqi yarışları daxil edilirdi. Qadınların Olimpiya oyunlarına gəlməsi edam edilmə qorxusu ilə qadağan olunmuşdu. Olimpiya Oyunlarının keçirildiyi dövrdə Yunanıstanda bütün müharibələr məcburən dayandırılırdı. Olimpiya Oyunlarının qaliblərinə ümumyunan qəhrəmanı kimi ehtiram edilir, onlar dəfnə çələngi ilə təltif olunur, vətənlərində isə şərəflərinə heykəlləri qoyulurdu. Yunanlar il hesabını, rəvayətə görə, e.ə. 776-cı ildə olmuş birinci Olimpiya Oyunlarından aparırdılar.
Olimpiyalı Zevsin heykəli — Olimpiya Oyunlarının keçirildiyi Yunanıstanın Olimpiya vilayətinin əsas müqəddəs yeri olan Zevs məbədində e.ə. V əsrdə Fidi tərəfindən yonulmuşdur. Olimpiya şəhərinin mərkəzi meydanında mərmər suvaq çəkilmiş və müxtəlif heykəllərlə bəzədilmiş əzəmətli məbəd ucalırdı. Məbədin daxilində döşəmə möhtəşəm mozaika ilə bəzədilmişdi. Məbədin içərisində böyük qırmızı pərdə arxasında qədimdə «dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Olimpiyalı Zevsin nəhəng heykəli dururdu. Olimpiyalı Zevsin heykəlini görməyəni Yunanıstanda bədbəxt adam hesab edirdilər. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü. Zevsin bir əlində Nika — qələbə ilahəsinin heykəli, o biri əlində isə Zevsin müqəddəs quşu — qartalın təsviri ilə bəzədilmiş jezl — hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqları çələngi bəzəyirdi. Taxtda əyləşmiş Zevsin başı az qala məbədin tavanına toxunurdu, onun hündürlüyü, görünür, 17 m-ə çatırmış. Sarımtıl-çəhrayı rəngli fil sümüyü Zevsin simasına bir həyatilik verirdi. Təsadüfi deyildir ki, Zevsin Fidi tərəfindən düzəldilmiş abidəsini görmək şərəfinə nail olan hər bir şəxs söyləyirmiş ki, onun qabağındakı allahın təsviri deyil, allahın özü imiş. Olimpiyalı Zevsin heykəlinin hazırlanmasından təxminən min il sonra — eramızın V əsrində Bizans imperatoru II Feodosinin göstərişi ilə Olimpiyadan Konstantinopola aparılmış, orada isə sarayda baş vermiş yanğından məhv olmuşdur. Heykəlin təsviri yalnız yazılı mənbələrdə və qədim pullar üzərində qalmışdır.
OPEK (Neft İxrac edən ölkələr Təşkilatı) — Asiya, Afrika və Latın Amerikasının neft ixrac edən əsas dövlətlərinin 1960-cı ildə yaradılmış təşkilatı; qərargahı Vyanada (Avstriya) yerləşir. OPEK-in başlıca məqsədləri: iştirakçı ölkələrdə çıxarılan neftin gəlirinin artırılması, konsessiya sazişlərində mövcud qeyri-bərabər şərtlərin dəyişdirilməsi, duru yanacaq ehtiyatlarının tez bir zamanda tam emalının qarşısını almaq, milli neft təsərrüfatının inkişafını hərtərəfli dəstəkləmək. OPEK — neft istehsal edən ölkələrin aparıcı istehlakçı dövlətlərlə qeyri-bərabər münasibətlərinin yenidən qurulması, həqiqi iqtisadi müstəqillik, beynəlxalq əlaqələrdə diktənin aradan qaldırılması uğrunda mübarizə alətidir. OPEK-in ali orqanı -direktorların konfransıdır.
opportunizm — ikiüzlülük, hər bir şəraitə uyğunlaşma, sazişçilik.
Oranlı I Vilhelm (Dinməz Vilhelm; 1533 — 84) — Nassau qrafı, şahzadə, Niderland burjua inqilabı xadimi, antiispan zadəgan müxalifətinin rəhbəri. İspan casusu tərəfindən öldürülmüşdür.
Oranlı III Vilhelm (1650 — 1702) — 1674-cü ildən Niderland ştathalteri (hakimi, canişini), 1689-cu ildən İngiltərə kralı. "Şanlı inqilab" (1688 — 89) adlandırılan dövlət çevrilişi zamanı İngiltərə parlamenti tərəfindən kral taxtına dəvət olunmuşdur. Arvadı II Mariya Stüartla birlikdə İngiltərəni idarə etmişdir.
orden — 1) fərqlənmə nişanı, xüsusi xidmətlərə görə dövlətin fəxri mükafatı; 2) Roma papası tərəfindən təsdiq olunmuş nizamnaməyə əsasən fəaliyyət göstərən monax ordenləri (VI əsrdən); məs.: yezuitlər ordeni. Dini-cəngavər ordenləri (məsələn: Tevton ordeni) də bunlara aiddir; 3) bəzi gizli cəmiyyətlərin, məsələn, masonlar ordeninin adı.
Ordubadi Məmməd Səid (1872 — 1950) — istedadlı yazıçı və jurnalist, ilk Azərbaycan romanlarının müəllifi. Ordubadda müəllim ailəsində anadan olmuşdur. 7 yaşında ikən atasını itirmiş və barama açma fabrikində işə girmişdir. Burada o, satirik şerlər yazmağa başlamışdır. Ordubadi «Molla Nəsrəddin» jurnalı, "Şərqi-Rus" qəzeti və digər nəşrlərlə əməkdaşlıq etmişdir. 1907 — 11-ci illərdə Ordubadi İran inqilabında fəal iştirak etmiş və bir çox illərdən sonra onun epizodları «Dumanlı Təbriz» romanında əks olunmuşdur. 1913-cü ildə Ordubadi çar hakimiyyəti tərəfindən həbs edilmiş, həbs cəzasından sonra Saritsın (indiki Volqoqrad) şəhərinə sürgün olunmuşdur. 1918-ci ildə Saritsında Qırmızı Ordu sıralarına daxil olmuş, siyasi şöbədə işləmiş, sonralar Həştərxanda və Şimali Qafqazda çalışmışdır. Ordubadinin ən məşhur əsərləri «Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngiməab»; 1914), «Döyüşən şəhər» (1938), «Gizli Bakı» (1940), «Qılınc və qələm» (1946 — 48) romanlandır. Ordubadinin ən böyük əsəri 4 cildlik «Dumanlı Təbriz» (1933-48) romanıdır.
oriyentasiya — 1) hər hansı bir problemdən baş açmağı bacarmaq; 2) siyasətdə müəyyən yönüm (məs.: amerikayönümlü və ya rusiyayönümlü siyasət).
Oroys (və ya Oris) — Qafqaz Albaniyasının e.ə. I əsrdə hakimiyyətdə olmuş çarı. Adı antik mənbələrdə çəkilən ilk alban çarı. Alban çarı Oroysun dövründə -e.ə. 66-cı ildə Pompeyin başçılığı ilə romalılar Albaniyaya soxuldular. Pompey qışı Kür vadisində keçirmək və yazda fəal hərbi əməliyyatlara başlamaq fikrində idi. Pompeyin planlarını başa düşən Oroys qərara gəldi ki, yazın gəlişini gözləməsin; o, təşəbbüsü ələ almaq və düşməni parçalayıb məğlub etmək məqsədi ilə özü romalılara hücum etdi. Oroys romalılara qarşı 40 minlik qoşun çıxardı. E.ə. 66 -cı ilin dekabrında Kür sahilində — İberiya ilə sərhədin yaxınlığında qanlı döyüşlər baş verdi. Albanlar üç möhkəmləndirilmiş düşərgədə yerləşən Roma qoşunlarına hücum etdilər. Düşərgələrdən birinin yaxınlığında albanlar düşməni sıxışdırıb xəndəyədək qovdular. Amma bu savaşda uğur Pompeyin sayca çox olan, yaxşı silahlanmış və intizamlı ordusuna qismət oldu. Romalılar albanları geri çəkilməyə məcbur etdilər. Vaxt qazanıb qüvvələri səfərbər etmək məqsədi ilə Oroys Pompeylə barışıq bağladı. Bundan sonra Pompey İberiya ilə müharibəyə başladı və bu zaman albanlar romalılara arxadan zərbə endirdilər. Pompey iberlərlə müharibəni bitirdi və e.ə. 65-ci ildə yenidən Qafqaz Albaniyasına soxuldu. Albanlar İberiya və Albaniya arasında böyük məsafədə sərhədə çəpər çəkdilər. Kürü keçən Pompey 10.000 tuluq su götürüb səhra ilə — dolayı yolla getdi. Romalılar öldürmək hədəsi ilə əsir albanları məcbur etmək istədilər ki, onların qoşunlarını daha qısa yolla aparsınlar. Amma hədədən qorxmayan əsirlər düşmən qoşunlarını ən uzun və çətin yolla apardılar və bununla da Roma legionlarının yürüşünü ləngitdilər. Kürün sol sahilində romalılar alban çarı Oroysun qardaşı Kozisin başçılıq etdiyi qoşunları məğlubiyyətə uğratdılar. Bu savaşda alban qoşunlarının darmadağın edilməsindən sonra romalılar Oroysla sülh bağladılar. Pompey ölkənin daxilinə — Xəzər dənizi sahillərinə doğru irəlilədi. Amrna alban xalqının davam edən müqaviməti nəticəsində Pompey Xəzərə çatmağa 2 günlük yol qalanda Qafqaz Albaniyasından geriyə qayıtmağa məcbur oldu.
ortodoks — müəyyən təlimə (doktrinaya, baxışlar sisteminə) dönmədən riayət edən; mövcud təlimə onun ilkin başlanğıcında olduğu kimi və ya ümumi qəbul olunmuş qaydada ciddi əməl edən.
Osiris — Qədim Misir mifologiyasında təbiətin məhsuldar qüvvələrinin, sonralar — o biri dünyanın çarı. Osiris ilk zamanlardan Yerdə hökmranlıq edən dörd allahdan biri idi. Misirdə çarlıq edən Osiris insanları vəhşi həyat sürməkdən və insan yeməkdən çəkindirmiş, onlara taxıl ekmək, üzüm bağları salmaq, çörək bişirmək, pivə və çaxır düzəltmək, habelə mis və dəmir filizləri çıxarıb emal etməyi öyrətmişdi. O, insanlara həkimlik etməyi, şəhərlər tikməyi öyrətmiş, allaha sitayişi yaratmışdır. Osiris haqqında əfsanədə rəvayət olunurdu ki, şor allahı Set -Osirisin qardaşı hiylə işlədərək bitkilərin və əkinçiliyin himayəçisi Osirisi öldürmüşdü, Osirisin oğlu Qor isə Setə qalib gəlmiş və öz gözünü atasına verməklə onu diriltmişdi. Osiris diriləndən sonra Yer üzərində qalmaq istəməmiş və o biri dünyada ölmüş insanların hökmdarı və ruhlarının hakimi olmuşdur. O, ölənlərin ürəklərini həqiqət ilahəsi Maatın mizan-tərəzisində çəkərmiş. Osiris allahların iradəsi xilafına olanlara qarşı çox amansız imiş və onların ürəklərini heybətli məxluqa yedizdirərmiş, bəraət qazananlar isə “cənnət çölləri” İarəyə düşərmiş.
Adətən Osirisi ağaclar arasında, ya da üzüm tənəkləri ilə əhatələnmiş şəkildə təsvir edərmişlər. Onun bədənini həmişə yaşıl rənglə boyayarmışlar. Hesab olunurdu ki, Osiris bitki aləmi kimi hər il ölür və sonra yenidən həyata qayıdır. Bəzən məzarlarda parça üzərinə pərinc və ya arpa səpilmiş Osirisin torpaq fiqurunu qoyurdular: əgər Osiris bitki ilə cücərərdisə, onda ölənlər də dirilərmiş. Firon da ölümündən sonra Osirisə bənzədilərmiş. Osirisə sitayiş Misir tərəfindən tutulmuş ərazilərdə, antik dövrdə isə Qərbi Asiya və Avropa ölkələrində geniş yayılmışdı.
Osman — Əməvilər nəslindən olan üçüncü raşidi xəlifə (644 — 656). Məhəmməd peyğəmbərin ilk tərəfdarlarından biri və kürəkəni. Osmanın dovründə Ərəb xilafətinin ərazisi xeyli genişlənmişdir. Osmanın tapşırığı ilə Quranın vahid rəsmi nüsxəsi tərtib olunmuşdur. Mədinədə onun hakimiyyətinə qarşı başlanmış iğtişaşlar zamanı öldürülmüşdür.
Osman I Qazi bəy -1299/1300-cü illərdə türk sultanları sülaləsinin və Osmanlı imperiyasının əsasını qoymuşdur. 1324 və ya 1326-cı ilədək hakimiyyətdə olduğu güman edilir.
Osmanlı imperiyası — sultan Türkiyəsinin adı. Osman Qazi tərəfindən XIII əsrin sonlarında Kiçik Asiyanın şimal-qərbində, səlcuq türklərinin dağılmış dövlətinin ərazilərində yaradılmışdır. Osmanın hakimiyyəti altında birləşən tayfalar Osmanlı türkləri adlanmağa başladılar. Balkan ölkələrinin zəifliyinə əmin olan türklər Bizans mülklərinin xeyli hissəsini tutdular. Türklər 1351-ci ildə Dardaneli keçərək boğazın qərb sahilində möhkəmləndilər. 1362-ci ildə Osmanlı qoşunları Adrianopolu tutub Ədirnə adlandırdılar və öz paytaxtlarını buraya köçürdülər. Türk sultanı Bizans imperatorunu özünün vassalına çevirdi. 1389-cu ildə türklər Kosovo çölündəki savaşda serb qoşunlarını darmadağın etdilər və Serbiya onların hakimiyyəti altına keçdi. 1396-cı ildə türklər Bolqarıstanı tabe elədilər. Elə həmin ildə macar kralının başçılığı ilə Bolqarıstana soxulan xaçlı qoşunları da türklər tərəfindən darmadağın olundu. Sonra sultan Bəyazid Konstantinopolu mühasirəyə aldı, lakin tuta bilmədi. Yalnız 30 ildən sonra II Mehmet 100 minlik qoşun yığıb Konstantinopolu mühasirəyə aldı. Bu dövrdə türklər bütün Avropada ən güclü artilleriyaya malik idilər. 1453-cü il mayın 29-da Osmanlı türkləri misilsiz şücaətlə Konstantinopolu tutdular və bu dövrdən şəhər İstanbul adı ilə Osmanlı imperiyasının paytaxtı oldu. Osmanlı türkləri 1475-ci ildə Krımı tutdular; Krım xanı Qara dənizin tam ağasına çevrilən türk sultanının vassalı oldu. Daha çox genişləndiyi dövrdə (XVI əsrin ikinci yarısı — XVII əsrin 70-ci illəri) Türkiyənin özündən əlavə, bütün Balkan yarımadası, Şimali Afrikanın xeyli hissəsi (Mərakeşdən başqa), Mesopotamiya, Ərəbistan yarımadası və s. imperiyaya daxil idi. Osmanlıların fəthləri XVI əsrin sonlarından etibarən qurtarır və nəticədə bütövlükdə hərbi qənimətdən asılı olan xəzinənin gəlirləri azalır, vergilər və mükəlləfiyyətlər isə artmağa başlayır. Hərbçi feodallar xidmətləri müqabilində aldıqları mülkləri öz mülkiyyətlərinə çevirməyə başlayırlar. Onların bir çoxu hərbi xidmətdən yayınır və Osmanlı ordusunun tərkibi seyrəlir. Bu dövrdən etibarən qoşunu əsasən yeniçərilər təşkil edirlər. Beləliklə, Osmanlı imperiyasının tədrici tənəzzülü başlanır.
Siyasi quruluşuna görə Osmanlı imperiyası istibdad hakimiyyəti xarakteri daşıyırdı. Sultan qeyri-məhdud hakimiyyətə malik idi, dövlətdə ikinci şəxs isə baş vəzir hesab olunurdu. Türkiyədə təhkimçilik hüququ yox idi, çünki kəndlilər istifadə etdikləri torpaq üçün yalnız pul şəklində töycü ödəyirdilər. Pul sultana, eləcə də yerlərdə onun hakimiyyətini təmsil edən bəylərbəyiyə ödənilirdi. Osmanlı feodalları vergi ödəyicilərini rəiyyət — bir hökmdarın idarəsinə tabe olan əhali, təbəə adlandırırdılar.
XIX əsrin 70-ci illərində Osmanlı imperiyası Avropa dövlətlərinin yarımmüstəmləkəsinə çevrilməyə başladı. "Şərq məsələsi" bütün kəskinliyi ilə qarşıya çıxdı. 1877 — 78-ci illər Rusiya — Türkiyə müharibəsi nəticəsində Osmanlı imperiyası Balkan yarımadasındakı torpaqlarının xeyli hissəsindən məhrum oldu. 1908-ci ildə Osmanlı imperiyasında «gənc türklər» inqilabı baş verdi, nəticədə sultan II Əbdülhəmidin istibdad rejimi devrildi və konstitusiyalı monarxiya quruldu, amma feodal münasibətləri aradan götürülmədi. 1911 — 12-ci illərdə İtaliya Osmanlı imperiyasından Liviyanı zəbt etdi. Osmanlı imperiyası Balkanlardakı digər torpaqlarını Balkan müharibələri (1912 — 13) nəticəsində itirdi. 1914-cü ilin oktyabrında Osmanlı imperiyası Almaniyanın tərəfində Birinci Dünya müharibəsinə qoşuldu. Osmanlı imperiyası Birinci Dünya müharibəsində məğlub olduqdan sonra parçalandı və 1922-ci ildə kamalçı inqilab nəticəsində tamam məhv edildi.
Ost-Hind — Vest-Hinddən fərqli olaraq Hindistanın və Cənub-Şərqi Asiyanın bir sıra digər ölkələrinin ərazilərinin adı.
Ost-Hind şirkəti — 1) İngiltərə Ost-Hind ticarət şirkəti (1600 — 1848). Hind və Sakit okeanların sahilləri boyunca yerləşən ölkələrlə, o cümlədən Ost-Hind ilə ticarət etmək məqsədi ilə yaradılmışdır. Sipahilərdən və müstəmləkə idarəçiliyi üzrə məmurlardan ibarət orduya malik olan şirkət tədricən İngiltərənin Hindistandakı torpaqlarını idarə eləmək üzrə dövlət təşkilatına çevrilmişdir; 2) Niderland inhisarçı ticarət şirkəti (1602 — 1798). Rəqabət aparan bir neçə şirkətin birləşməsi nəticəsində meydana gəlmişdir. Cənub-Şərqi Asiyada tutduğu böyük ərazilərdə (Yava adasında və s.) inhisarçı ticarət, dənizçilik, faktoriyalar yerləşdirmək və s. hüququna malik idi; 3) Fransa ticarət şirkəti (1664 — 1719). Hindistanla ticarəti inhisara almaq məqsədi ilə yaradılmışdı. Hindistan sahillərində bir neçə faktoriyası olmuşdur. Kral hökumətinin rəhbərliyi altında idi. XVIII əsrin əvvəllərində Fransanın bütün xarici ticarətini inhisara alan yeni hind şirkətinə qatılmışdı.
Osvensim (alm. Auşvits) — Polşada şəhər; 1940 — 45-ci illərdə onun yaxınlığında alman-faşist həbs düşərgəsi yerləşmişdir. Osvensimdə 4 mln.-a qədər adam məhv edilmişdir. 1944-cü ilin payızında hərbi əsirlərin qaldırdıqları üsyan amansızcasına yatırıldı. 1945-ci il yanvarın 27-də Osvensim sovet qoşunları tərəfindən azad edildi. Keçmiş həbs düşərgəsinin yerində muzey yaradılmışdır.
oturaq həyat tərzi — daim bir yerdə yaşamaqdan ibarətdir. 10 min il əvvəl əkinçiliyin meydana gəlməsi ilə yaranır. Əkinçilər həmişə öz tarlalarının yanında yaşamalı idilər. Oturaqlığa keçid sənətkarlığın inkişafına səbəb oldu.
ovçuluq — vəhşi heyvanların öldürülməsi və ətinin qidada istifadə olunması. Ovçuluq yığıcılıqla yanaşı, ən qədim insanların ilk məşğuliyyətlərindən biri idi. Ovçuluq mənimsəmə (istehlak) təsərrüfatı formasına aiddir.
oykumen (yun. «məskən salıram») — insanların məskunlaşdığı yerlərin məcmusu. Yerin yunanlara məlum olan hissəsinə (Avropa, Kiçik və Ön Asiya, Hindistan, Şimali Afxika) şamil olunurdu.
ozanlar — türk oğuz xalqlarında və Şərq ölkələrində xalq nəğməkar rəvayətçiləri.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: