"N" hərfi ilə başlayan tarix terminləri

"N" hərfi ilə başlayan tarix terminləri

Nadir şah Əfşar (1688 — 1747) — sərkərdə, İran şahı (1736 — 47). Nadir xan mənşəcə qızılbaş əfşar tayfasındandır. Fəaliyyətinə sərkərdə kimi başlamışdır. 1726-cı ildə İrana soxulmuş əfqanları qovmuşdu. Əfqanlar üzərində qələbə, eləcə də 1730 — 31-ci illərdə osmanlı türklərinə qarşı apardığı uğurlu hərbi döyüşlər Nadir xanın nüfuzunu yüksəltmişdir. O, 1732-ci ildə Səfəvi şahı Təhmasibi devirərək onun azyaşlı oğlu III Abbası şah elan etmiş, özü isə şahın qəyyumu kimi dövlət idarəsini əlində cəmləşdirmişdir. 1736-cı ildə — Osmanlı imperiyası ilə müharibə qurtardıqdan sonra özünü İranın şahı elan etmişdir. Nadir şahın əsas dayağı qızılbaş əfşar tayfası və kürdlər idi. Onun yeritdiyi siyasət mərkəzləşdirilmiş güclü hakimiyyət yaratmağa və İran feodallarının gəlir mənbəyi olan işğalçı müharibələr aparmağa yönəlmişdi. O, tərkibinə Azərbaycan, indiki Ermənistan, Gürcüstan, Dağıstan, Əfqanıstan, Bəlucistan, Xivə və Buxara xanlıqları da daxil edilən böyük imperiya yaratdı. Nadir şah 1739-cu ildə Böyük Moğollar imperiyasının paytaxtı Dehlini tutdu. Hərbi xərclərin artması nəticəsində oturaq əhali, eləcə də əvvəllər vergilərdən azad olan köçəri tayfalar üzərində vergilər artırıldı. Əhalinin qarət edilməsi isə xüsusilə 40-cı illərdə kəskinləşən üsyanların baş verməsinə, eləcə də feodal ara müharibələrinə səbəb oldu. 1747-ci il iyunun 20-də Nadir şah hərbi feodal əyanlarının sui-qəsdi nəticəsində öldürüldü.

Nağıyev Musa (1849 — 1919) — görkəmli Azərbaycan sahibkarı, mesenat. Biləcəri kəndində yoxsul ailəsində anadan olmuşdur. 11yaşından hambal işləməyə başlamışdır. Pul topladıqdan sonra o, borc götürür, bir parça torpaq sahəsi alır və burada əkinçiliklə məşğul olmaq istəyir. Su quyusu qazarkən gözlənilmədən neft fontanı vurur. İlkin kapitalı (sərmayəni) bir yerə toplayıb, 1893-cü ildə «Musa Nağıyev» neftçıxarma firmasının əsasını qoyur, ilk növbədə savadlı neftçi mütəxəssisləri işə cəlb edir. Bir neçə ildən sonra Binəqədidəki bütün buruqlar faktik olaraq ona məxsus idi, 1900-cü ildə isə o, artıq illik hasilatı 10 milyon pud neft olan ən iri şirkətin sahibi idi. XX əsrin əvvəllərində onun mülkiyyəti on milyonlarla rubla bərabər idi. Nağıyevin neftayırma zavodları və neftdaşıyan gəmiləri, eləcə də iri mülkləri var idi. Nağıyev 1912-ci ildə satışa çıxarılmış bahq vətəgələrinin bir hissəsini almışdır. O, 1914-cü ildə Tağıyevlə birlikdə əsas kapitalı 3 mln. rubla bərabər olan Bakı Ticarət Bankını təsis etmiş və onun idarə heyətinin sədri seçilmişdi.
Nağıyev həm də iri mesenat idi, onun vəsaiti ilə Bakıda bir çox gözəl binalar — yaraşıqlı "İsmailiyyə" kompleksi (1907 — 13 — indi Azərbaycan MEA Rəyasət Heyətinin binası), indi Musa Nağıyevin adını daşıyan şəhər Təcili yardım xəstəxanasının binası, alman kirxasının (lüteran kilsəsinin) binası və başqa bir çox monumental binalar inşa edilmişdi. Nağıyev Bakı su kəmərinin istismarına da xeyli vəsait xərcləmişdi. O, Bakı realni məktəbində 25 müsəlman qızının təhsil və dolanacaq xərclərini verməklə maarifin ehtiyaclarının ödənilməsinə də çoxlu vəsait sərf etmişdi. Nağıyev öz fəhlə və mütəxəssislərinin də qeydinə qalır, onların toylarını təşkil edir, istedadlı işçiləri isə xaricə oxumağa göndərirdi. O, “Nəşri-maarif’ mədəni-maarif xeyriyyə cəmiyyətinin fəxri üzvü seçilmişdir.

Naxçıvan xanlığı — 1747-ci ildə Şimali Azərbaycanda Araz çayı vadisində Heydərqulu xan (1747 — 63) tərəfindən yaradılmış xanlıq. Heydərqulu xan xanlığın gücləndirilməsi, ticarətin və sənətkarlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir. Lakin hərbi cəhətdən zəif olan Heydərqulu xan qarabağlı İbrahimxəlil xandan asılı vəziyyətə düşmüşdü. Heydərqulu xanın oğlu Hacı xan Kəngərlinin hakimiyyəti illərində Naxçıvan xanlığı zəifləmişdi. Onun oğlu Rəhim xanın dövründə isə xanlıqda daxili çəkişmələr başlanmış və bu da xanlığın daha da zəifləməsinə səbəb olmuşdu. 1783-cü ildə Xoy hakimi Əhməd xan Naxçıvan xanlığının başçılığına öz adamı olan Cəfərqulu xanı gətirdi. 1787-ci ildə qarabağlı İbrahimxəlil xan Naxçıvan xanlığına yürüş təşkil etdi, amma Kəlbəli xan onun hücumunun qarşısını ala bildi. 1792-ci ildə Xoy və İrəvan xanlıqlarının yardımı ilə İbrahimxəlilxanın ikinci hücumu da dəf olundu. 1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacarın qoşunları Naxçıvan xanlığına soxuldular və bununla əlaqədar olaraq Kəlbəli xan Rusiya ilə saziş bağlamağa meyl etdi. Buna görə də 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Azərbaycana ikinci yürüşü zamanı Kəlbəli xanı həbs edib gözünün birini çıxartdı, xanlığın əhalisinin bir hissəsini isə İrana köçürdü. Bundan sonra Abbasqulu xan Kəngərli xan oldu. Birinci Rusiya — İran müharibəsi zamanı general Qudoviçin başçılıq etdiyi rus qoşunları 1808-ci ilin sentyabr — oktyabrında Naxçıvan xanlığını tutdular. Lakin 1809-cu ilin ortalarında Abbas Mirzənin sərkərdəlik etdiyi İran qoşunları rusları Naxçıvan xanlığından sıxışdırıb çıxardılar. Gülüstan müqaviləsinin şərtlərinə görə, Naxçıvan xanlığı İranın nüfuz dairəsində qalırdı. İkinci Rusiya — İran müharibəsi zamanı general Paskeviçin komandanlıq etdiyi rus qoşunları 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü tutdular. 1827-ci il iyunun 16-da rus qoşunları Naxçıvanı döyüşsüz tutdular. Türkmənçay müqaviləsinin şərtlərinə görə, İran Naxçıvan xanlığının Rusiya imperiyasına birləşdirilməsinə razılıq verdi. Türkmənçay müqaviləsinin şərtlərinə görə, Rusiya tərəfindən zəbt olunmuş Azərbaycan torpaqları İrandan köçürülən erməni ailələrinin məskəninə çevrildi. Bir qədər sonra Naxçıvan və İrəvan xanlıqları ləğv edildi, onların ərazilərində isə ruslar tərəfindən «Erməni vilayəti» adlandırılan qurum yaradıldı.

Naxçıvani Məhəmməd (1293 — 1365) — Azərbaycan tarixçisi və dilçisi. Əsas əsəri «Dəstur əl-katib fi təyin əl-məratib»dir («Dərəcələrin təyin edilməsində katiblər üçün göstəriş»). Bu əsərdə Azərbaycanın XIII — XIV əsrlər ictimai-siyasi həyatını xarakterizə edən faktlar və 4000-dək Azərbaycan sözü olan farsca-azərbaycanca-ərəbcə lüğət var idi.

Naxçıvanski Hüseynxan Kəlbəlixan oğlu — çar ordusunun general-leytenantı. Birinci Dünya müharibəsi illərində Qərb cəbhəsində «Qafqaz yerli süvari diviziyası»na və ya «Vəhşi diviziya» deyilən hərbi bölməyə komandanlıq etmişdir.

naib (er. «canişin», "əvəz edən", «müavin», «vali») — 1) orta əsr müsəlman dövlətlərində (Ərəb xilafəti, Qızü Orda və s.) dairə və ya əyalət hakimi; 2) Azərbaycan xanlıqlarında — mahal (sahə) hakimi vəzifəsini icra edən; 3) Şamilin imamətində — onun müvəkkil etdiyi hərbi, inzibati və dini hakimiyyəti yerinə yetirən şəxs; 4) Osmanlı imperiyasında şəriət hakimi, baş qazının müavini, mollanın, qazının və ya sex başçısının köməkçisi; 5) yerli polis idarəsinin rəisi.

Naqasaki — Küsü adasının (Yaponiya) qərbində liman şəhəri. Yaponiyanın xarici aləmdən təcrid olunduğu dövrdə (1636 -1854) Naqasaki çinlilərlə və hollandlarla məhdud ticarət aparan yeganə liman olmuşdur. İkinciDünya müharibəsi zamanı — 1945-ci il avqustun 9-da Naqasakiyə Amerika tərəfindən atom bombası atılmışdı. Atom partlayışı nəticəsində şəhərin v3-i dağıldı, 73 min nəfər həlak oldu. Şəhər sonralar bərpa olunmuşdur. Hazırda Naqasaki iri gəmi inşaatı və gəmi təmiri (Mitsubisi konsemi), eləcə də motorqayırma və metallurgiya mərkəzidir.

namaz (far. «ibadət», ər. «səlat») — islamın əsas ibadətlərindən biri və müsəlmanlığın beş şərtindən ikincisi. Gündəlik (bir qayda olaraq beş dəfə) ibadətdən və ibadət-ərəfəsi yuyunmaqdan — dəstəmaz almaqdan (abdəst) ibarətdir. Namaz qılan üzü qibləyə — Kəbəyə tərəf duraraq niyyət edir və Qurandan müəyyən surələr oxuyur. Gündəlik namazdan əlavə, cümə, bayram, ölü namazları və s. niyyət namazları da mövcuddur. Şiələrin və sünnilərin namaz qılmalarında müəyyən fərq vardır.

Napoleon I, Napoleon Bonapart (1769 — 1821) — böyük sərkərdə, Fransa Respublikasının birinci konsulu (1799 — 1804), fransızların imperatoru (1804 — 14, 1815). Ayaçço şəhərində (Korsika adası) müflisləşmis zadəgan ailəsində anadan olmuşdur. On yaşından hərbi məktəblərdə təhsil almışdır 1785-ci ildə Paris hərbi məktəbini bitirmişdir. Orduya kiçik zabit rütbəsində gəlmişdir Xidmət illərində xüsusi və ümumi elmi, fəlsəfi-siyasi və bədii ədəbiyyatı oxuyub öyrənmişdir. Napoleon Böyük Fransa burjua inqilabını rəğbətlə qarşılamış, inqilabi ordunun sıralarında vuruşmuşdur. 1793-cü ildə qiyamçı monarxistlər və ingilislər tərəfindən tutulmuş Tulonun uzunmüddətli və uğursuz mühasirəsi zamanı Napoleon şəhəri tutmaq üçün öz planını təklif etmiş, özü də şəhəri hücumla almışdır. Bundan sonra 24 yaşlı kapitan olan Napoleon briqada generalı rütbəsinə layiq görülmüşdür. Bununla da onun sürətli yüksəlişi başlanmışdır. Termidor irticası zamanı Robespyerlə münasibətlərinə görə həbs olunan Napoleon sonradan Direktoriyanın etimadını qazana bilmiş və 1795-ci ildə monarxistlərin qiyamının yatırılması zamanı göstərdiyi şiicaət, qətiyyət və qəddarlığı ilə yenidən diqqəti özünə cəlb etmişdi. Bunun ardınca Paris qarnizonunun komandiri, 1796-cı ildə isə italiyada keçiriləcək əməliyyat üçün ordunun baş komandanı təyin olunmuşdur.

1796 — 97-ci illər kampaniyası Napoleonu respublikanın ən yaxşı sərkərdələrindən biri kimi şöhrətləndirdi. Napoleonun bir neçə qələbəsinə («piramidalar yaxınlığındakı döyüş») və özünün göstərdiyi şəxsi igidliyə baxmayaraq, 1798 — 1801-ci illər Misir səfəri uğursuz başa çatdı. Direktoriya ordusunun Suvorov tərəfindən məğlub edilməsi haqqında xəbərləri eşidən kimi Napoleon Misır yürüşünü özbaşına yarımçıq qoyaraq Parisə qayıtdı. Burjuaziyanın nüfuzlu dairələrinə arxalanan Napoleon 18-19 brümerdə (1799-cu il noyabrın 9 -10-u) dövlət çevrilişi edərək Konsulluq rejimi təsis etdi və faktik olaraq hakimiyyəti bütövlükdə onun sərəncamına verdi. Napoleonun hakimiyyəti burjuaziyanın və sahibkar kəndlilərin marağının müdafiəsinə yönəlmişdi; o, demokratik azadlıqların qalıqlarını da ləğv etdi. 1800-cü ildə Napoleon Marenqo yaxınlığında avstriyalıları darmadağın etdi. Roma papası I Pavel ilə 1801-ci ildə imzalanmış konkordat Napoleona katolik kilsəsinin dayağını təmin etdi. Napoleonun şəxsi iştirakı ilə 1804-cü ildə mülki, kommersiya və cinayət kodeksləri işlənib hazırlandı. Onun iqtisadi siyasəli sənaye və ticarətin inkişafına yönəlmişdi; o bu inkişafda dövlətin qüdrətinin möhkəmləndirilməsi vasitəsini görürdü. Napoleon istər ictimai əmək təşkilatı (işsizliyə qarşı vasitə), istərsə də fəhlə birliklərinin yaradılmasını qadağan edən 1791-ci il Le Şapelye qanununun saxlanılması və 1803-cü il əmək kitabçalarının tətbiqi ilə fəhlə çıxışlarına yol verməməyə çalışırdı. Napoleon 1802-ci ildə özünün ömürlük konsul təyin edilməsinə nail oldu, 1804-cü ildə isə I Napoleon adı ilə fransızların imperatoru elan olundu. Ulm, Austerlis (1805) və Yen (1806) yaxınlığındakı parlaq qələbələr, imperiyanın ərazisinin hədsiz dərəcədə genişləndirilməsi və Napoleonun faktik olaraq bütün Qərbi (İngiltərə istisna olmaqla) və Mərkəzi Avropanın hökmdarına çevrilməsi onun şan-şöhrətini görünməmiş səviyyədə artırdı. Lakin kontinental blokada və 1807-ci ildə Portuqaliyada, 1808-ci ildə İspaniyada və 1812-ci ildə Rusiyada aparılan işğalçı müharibələr və bütün xalqın Napoleonun qoşunlarına qarşı partizan müharibəsinə qalxması onun imperiyası üçün son dərəcə fəlakətli nəticələrə gətirib çıxardı. 1812-ci ildə Rusiyada Vətən müharibəsi nəinki təkcə «böyük ordu»nu məhv elədi, həm də bütün Avropada Napoleon zülmünə qarşı milli-azadlıq hərəkatının yüksəlməsinə təkan verdi. 1813-cü il kampaniyasında Napoleon təkcə öz əleyhinə koalisiyanın qoşunlarına qarşı deyil, həm də Avropanın üsyana qalxmış xalqlarına qarşı da vuruşmalı olmuşdur. Napoleonun məğlubiyyəti və 1814-cü il martın 31-də müttəfiq qoşunların Parisə daxil olması onu 1814-cü il aprelin 6-da taxtdan əl çəkməyə məcbur etdi. Qalib müttəfiqlər I Napoleonun imperator titulunu saxlayıb Fransa və İtaliya sahilləri yaxınlığında -Aralıq dənizindəki Elba adasını onun mülkiyyətinə verdilər. 1815-ci il martın 1-də Napoleonun Fransaya çıxması və yenidən hakimiyyətə qayıtdığı sonrakı «100 gün»ü (1815-ci il martın 20-dən iyunun 22-dək) onun arxalandığı ictimai qüvvənin əhəmiyyəti və böyüklüyünü bir daha göstərdi. Xalq onu mənfur (iyrənc) Burbonları və aristokratları qova biləcək bir adam kimi tanıyırdı. Lakin Napoleon xalqa arxalanmağa cəsarət etmədi, nəticədə 1815-ci il iyunun 18-də Vaterloo yaxınlığında ingilis və pruss qoşunları tərəfindən məğlub edildi, ikinci dəfə taxtdan əl çəkməli oldu. İngilislərin əsiri kimi Müqəddəs Yelena adasına sürgün edilən Napoleon 6 ildən sonra öldü.

Napoleon III, Şarl Lui Napoleon Bonapart (1808 — 73) — İkinci respublikanın prezidenti (1848 — 52), Fransa imperatoru (1852 — 70), I Napoleonun qızlığının və qardaşı Lui Bonapartın oğlu. 1848-ci ilə qədər III Napoleon siyasi avantürist həyatı sürmüş, 1 Napoleonu vəsf edən bir neçə broşür nəşr etdirmiş, 1836 və 1840-cı illərdə Fransada hakimiyyəti ələ keçirməyə cəhd göstərmişdir. 1840-cı ildə İyul monarxiyası hökuməti tərəfindən ömürlük həbs edilmiş, həbsxanadan Belçikaya qaçmışdır. 1848-ci il Fevral inqilabından sonra Müəssislər Məclisinin deputatı seçilmiş, 1848-ci il dekabrın 10-da isə İkinci respublikanın prezidenti seçilmişdir. Hərbçilərin yardımı ilə 1851-ci il dekabrın 2-də dövlət çevrilişi edərək bütün hakimiyyəti əlində cəmləşdirmiş, 1852-ci il dekabrın 2-də isə III Napoleon adı ilə özünü İkinci imperiyanın imperatoru elan etmişdir. Maliyyə kapitalının mənafeyi naminə siyasət yeridərək öz diktaturasını qurmuşdur. III Napoleonun hakimiyyəti illərində Fransa Krım müharibəsində (1853 — 56), Avstriyaya qarşı müharibədə (1859), Böyük Britaniya ilə birlikdə 1856 — 60-ci illər «tiryək müharibələri»ndə, Hind-Çinə (1858 — 62), Suriyaya (1860-61), Meksikaya (1862 — 67) qarşı işğalçı müharibələrdə iştirak etmişdir. 1870-ci il sentyabrın 2-də Fransa — Prussiya müharibəsi zamanı III Napoleon Sedan yaxınlığında əsir düşdü. O, 1870-ci il sentyabrın 4-də Parisdə baş vermiş inqilab nəticəsində taxtdan salındı. 1871-ci ildə Almaniya ilə Fransa arasında Frankfurt sülhü bağlandıqdan sonra əsirlikdən azad edildi və ömrünün sonlarına kimi Böyük Britaniyada yaşadı.

Napoleonun «yüz gün»ü — imperator I Napoleonun Elba adasından qaçdıqdan sonra Fransada ikinci dəfə hakimiyyətdə olduğu dövr (20 mart — 22 iyun 1815). Bir çox Avropa dövlətlərinin koalisiyası Napoleon imperiyasına qarşı çıxış etdi. Napoleonun ordusu Vaterloo yaxınlığında darmadağın olundu və bundan dörd gün sonra Napoleon ikinci dəfə taxtdan əl çəkdi və Müqəddəs Yelena adasına sürgün edildi. O elə həmin adada da öldü.

nasizm (nasional-sosializm) — 1919-cu ildə yaradılmış və Hitlerin başçılıq etdiyi Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının (ANSFP) ideologiyası və siyasəti.

Natəvan Xurşidbanu (1830 — 97) — görkəmli Azərbaycan şairəsi və rəssamı. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı; bütün Qarabağda «Xan qızı» adı ilə məşhur idi. Onun bir sıra qəzəlləri bizə gəlib çatmışdır. Əsas rəsmləri "Şəhərin görünüşü", «Dəniz mənzərəsi»dir.

NATO (North Atlantic Treaty Organization — Şimali Atlantika Müqaviləsi Təşkilatı adının ilk hərflərinin abbreviaturası) — 1949-cu il müqaviləsinə əsasən, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka, İslandiya arasında yaradılmış hərbi-siyasi blok. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR NATO-ya daxil olmuşlar. 1966-cı ildə Fransa, 1974-cü ildə isə Yunanıstan (enozisə uğursuz cəhddən sonra) NATO-nun hərbi təşkilatından çıxmışdır; eyni zamanda, təşkilatın digər proqramlarında iştiraklarını davam etdirirlər. 1982-ci ildə İspaniya NATO-ya daxil oldu. 1994-cü ilin mayında H.Əliyev Azərbaycan Respublikasının NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində iştirakı haqqında sazişi imzalamışdır. 1999-cu ildə Macarıstan, Polşa və Çexiya NATO-ya daxil oldular. Litva, Latviya və Estoniyanın da bu bloka qəbulu gündəlikdədir. NATO-nun iqamətgahı Brüsseldədir (Belçika).

natural təsərrüfat — istehsal məhsulunun satış məqsədi ilə deyil, şəxsi istifadə üçün nəzərdə tutulduğu təsərrüfat növü. Hər bir patriarxal ailədə, kənd icmasında, feodal malikanəsində bütün təsərrüfat işlərinin — müxtəlif növ xammalın əldə olunmasından hazır məhsulun istehlakına qədər bütün işlərin yerinə yetirildiyi qədim dövrdə və orta əsrlərdə natural təsərrüfat üstünlük təşkil edirdi. Mübadilənin inkişafı ilə əlaqədar olaraq natural təsərrüfat tədricən öz yerini əmtəə təsərrüfatına verir.

naturalizasiya — şəxsin başqa dövlətin təbəəliyinə keçməsi, əcnəbinin hər hansı bir ölkədə vətəndaşlıq hüququ alması.

neandertal adamı (insanı) — ən qədim insan növlərindən biri. Onun skelet qalıqlarının tapıldığı vadinin — Almaniyadakı Neandertal vadisinin adı ilə adlandırılmışdır. Neandertallar 200 — 35 min il əvvəl yaşamışlar və antropoloqların fikrincə, «ağıllı insan»ın əcdadı və ya müstəqil növü olmuşlar.

Nefertiti — e.ə. XIV əsr Qədim Misir hökmdarı, firon IV Amenhotepin (Exnatonun) arvadı. Təxminən 100 il əvvəl arxeoloqlar qədim Axetaton şəhərinin emalatxanasında çariça Nefertitinin büstünü tapdıqdan sonra bu qadının gözəlliyi haqqında geniş məlumat əldə edildi.

neolit (yun. «yeni daş») — daş dövrünün üçüncü mərhələsi. Neolit mezolitdən sonra başlayır və e.ə. VII — VI minillikləri əhatə edir. Neolit dövründə istehsal təsərrüfatı meydana gəlir. Neolit ilk mərhələsi eneolit dövrü adlanan metal dövrü ilə əvəz olunur.

Neptun — Qədim Roma mifologiyasında dəniz allahı. Qədim yunanlardakı Poseydona müvafiqdir.

Nərimanov Nəriman Kərbəlayı Nəcəf oğlu (2 aprel 1870 — 19 mart 1925) -Azərbaycan və sovet dövlət və partiya xadimi, yazıçı və publisist. Tiflisdə xırda tacir ailəsində anadan olmuşdur. 1890-cı ildə Qori müəllimlər seminariyasını bitirdikdən sonra Tiflis quberniyasının Qızılhacılı kəndində müəllim işləmişdir. 1908-ci ildə isə Nərimanov Novorossiya (Odessa) universitetinin tibb fakültəsini bitirmişdir. Müəllim, sonra isə həkim işləmişdir. Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanasının yaradıcısı, Azərbaycan və rus dili dərsliklərinin müəllifi, Qoqolun «Müfəttiş» komediyasının tərcüməçisidir. Bir neçə bədii əsərin müəllifidir; bunlardan «Nadir şah» dramını, «Bahadır və Sona» romanını, «Pir» povestini göstərmək olar. 1905-ci ildə «Hümmət» təşkilatına daxil olmuş, 1905 — 1907-ci illər inqilabı dövründə sosial-demokrat mətbuatında məqalə və felyetonlarla çıxış etmiş, RSDFP-nin proqramını Azərbaycan dilinə çevirmişdir. 1909-cu ildə həbs edilmiş və 5 illiyə Həştərxana sürgün olunmuşdur. 1917-ci ildə «Hümmət» qəzetinə redaktorluq etmiş, «Hümmət» təşkilatının sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü seçilmişdir. 1918-ci ilin aprelindən Bakı XKS şəhər təsərrüfatı komissarı olmuşdur. 1919-cu ildən RSFSR Xarici İşlər Xalq Komissarlığı Yaxın Şərq bölməsinin müdiri, sonra isə milli məsələlər üzrə xalq komissarının müavini təyin edilmişdir. 1920-ci ilin aprelindən Müvəqqəti Hərbi-İnqilab Komitəsinin sədri, 1921-ci ildən Azərbaycan Xalq Komissarları Sovetinin (XKS) sədri olmuşdur. Beynəlxalq Genuya konfransında sovet nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir. 1922-ci ilin dekabrında Nərimanov SSRİ MİK-in dörd sədrindən biri seçilmişdir. O, ÜİK(b)P MK Qafqaz bürosunun üzvü, Zaqafqaziya Ölkə Partiya Komitəsinin, habelə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin üzvü olmuşdur. RK(b)P-nin XII qurultayında RK(b)P MK üzvlüyünə namizəd seçilmişdir. Moskvada Qızıl meydanda dəfn edilmişdir.

nəsil, nəsil (qəbilə) icması — başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. «Ağıllı insan»ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi.

Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.

Nəsimi İmadəddin (1369 — 1417) — böyük Azərbaycan lirik şairi. Şamaxıda anadan olmuş, gözəl təhsil almış və üç dildə -Azərbaycan, fars və ərəb dillərində yazıb-yaratmışdır. Nəsimi insanın əhəmiyyətini, onun düşüncəsini yüksək dəyərləndirmiş, təbiəti vəsf etmişdir. Nəsiminin canlı Azərbaycan xalq dilində yazılmış şerləri Azərbaycan ədəbi dilini yeni bədii üsul və obrazlarla, şer vəznləri ilə zənginləşdirmişdir. Nəsimi yaradıcılığında özünün də mənsub olduğu hürufilik ideyaları təsvir olunmuşdur. Nəsiminin mühüm əsərlərindən biri şerlər toplusundan ibarət olan divanıdır. Bu divanında onun farsca beş minədək şeri vardır. Nəsiminin şerləri Kiçik Asiyada, Suriya, İraq və Mərkəzi Asiyada yaxşı məlum idi. Onun əzablı ölümü də hürufizmlə bağlı idi. Suriyanın Hələb şəhərində açıq meydanda müflinin nəzarəti ilə Nəsiminin diri-diri dərisi soyulmuşdur.

Nəvvab Mir Möhsün (1833 — 1918) — istedadlı Azərbaycan rəssamı, xəttat, musiqi nəzəriyyəçisi, şair, din xadimi. Müstəvi-dekorativ ornamentli divar naxışları, güllər, quşların təsviri olan və həcmi modelləşdirmə cəhdli parlaq şəkillər onun rəsmləri üçün xarakterikdir. Əsas əsərləri miniaturlər və özünün əlyazma şəklində olan «Bəhr ül-həzən» («Qəm dəryası», 1864) kitabına çəkdiyi illüstrasiyalar, həmçinin «Teymurun portreti», «Quşlar», "Çiçəklər", «Qızılgül və bülbül» rəsmləridir. Nəvvab Avropa rəssamlıq metodlarını qədim miniatür sənəti ilə əlaqələndirməyə səy göstərirdi. XIX əsrin 70-ci illərində Nəvvabın təşəbbüsü ilə Qarabağda «Məclisi-fəramuşan» adlı ədəbi məclis (cəmiyyət) fəaliyyətə başlamışdı. Azərbaycan tarixi üzrə mühüm əsəri olan «1905 — 1906-cı illərdə erməni — müsəlman davası» kitabının nəşrinə (1993) yalnız SSRİ-nin dağılmasından sonra icazə verilmişdir. Nəvvab 1913-cü ildə Bakıda muğamlara həsr olunmuş «Vüzuhul-ərqam» («Rəqəmlərə şərhlər») adlı kitab nəşr etdirmişdir.

Niderland burjua inqilabı — Niderlandda baş vermiş burjua inqilabı (1566 — 1609). Bu dövrdə Niderlandın Antverpen şəhəri dünya ticarətinin zəngin mərkəzinə çevrilir. XVI əsrdə Niderlanddan İspaniya xəzinəsinə daxil olan vergi onun Amerikadakı müstəmləkələrindən gələn gəlirdən dörd dəfə artıq idi. İnqilab feodalların ağalığına və İspaniyanın Niderlanddakı müstəmləkə zülmünə qarşı yönəlmişdi. Kalvinizm bayrağı altında keçən bu inqilabda varlanmış burjuaziya və xalq kütlələri ispan ağalığının və feodal zorakılığının, varlı şəhərlilər isə zadəganlarla birlikdə (Oranlının başçılığı ilə) ispan rejiminin ifratçılığına qarşı mübarizə aparırdılar. İnqilabın əsas hadisələri: 1566 — 67-ci illər xalq üsyanı; 1567-ci ildə hersoq Albanın başçılığı ilə ispan cəza qoşunlarının Niderlanda daxil olması və xalq tərəfindən «qanlı şura» adlandırılan «Qanunsuzluqlar haqqında işlər üzrə şura»nın yaradılması; 1572-ci ildə şimal əyalətlərində ümumxalq üsyanı, Brill limanının gözlər tərəfindən tutulması; 1576-cı ildə cənub əyalətlərində üsyanın başlanması; 1579-cu ildə Utrext uniyasının bağlanması; 1538-85-ci illərdə İspaniyanın cənub əyalətlərini təkrar özünə tabe etdirməsi; 1585 — 1609-cu illərdə Niderlandın İngiltərə və Fransa ilə ittifaqda İspaniyaya qarşı müharibələr aparması. Niderland burjua inqilabı şimal əyalətlərinin ispan ağalığından azad olması və orada Birləşmiş Əyalətlər Respublikasının yaranması ilə başa çatdı. Niderlanddakı inqilab tarixdə qələbə çalmış ilk burjua inqilabı idi.

nimfalar — yunan mifologiyasında dağlarda, meşələrdə, dənizlərdə, bulaqlarda yaşayan təbiət ilahələri. Zevsin qızları hesab olunur, bir çox yerlərdə onlara sitayiş edilirdi.

Nineviya (Neynəva, Ninəva) — Assuriyanın paytaxtı. Ətraf xalqlar Nineviyanı “Aslanlar yuvası” adlandırırdılar. E.ə. 612-ci ildə Nineviya başda hökmdar Kiaksar olmaqla Midiyanın və Nabopalassar olmaqla Babilistanın müttəfiq qoşunları tərəfindən hücumla alınmış və sonra məhv edilmişdir.

Nizami Gəncəvi (təxəllüsü; əsl adı Əbu Məhəmməd İlyas ibn Yusif; 1141 -1209) — böyük Azərbaycan şairi və mütəfəkkiri. Gəncədə sənətkar ailəsində dünyaya göz açmış və bütün ömrü boyu öz yaradıcılığı ilə vətəninə bağlı olmuşdur. Nizami Gəncədə rəfli, gözəl təhsil almışdır. Bir şair kimi Nizamiyə də həyatı bilavasitə müşahidə etmək, təbiət və insan haqqında biliyə malik olmaq xas idi. Nizami üçün əsas ilham mənbəyi xalq rəvayətləri idi. Beş poemadan — “Sirlər Xəzinəsi” (1177), “Xosrov və Şirin” (1180), “Leyli və Məcnun” (1188), “Yeddi gözəl” (1196) və “İsgəndərnamə”dən (təqr. 1203) ibarət “Xəmsə” (“Beşlik”) onun əsas əsəridir. Nizami “İsgəndərnamə”də hamının qanun qarşısında bərabər olduğu ideal cəmiyyəti təsvir edir: burada varlı-kasıb yoxdur, pul heç bir hüquqa malik deyil, hamı ümumi torpaqda çalışır. Şairin lirik divanının da bir hissəsi saxlanışlmışdır. O, zorakılığa və ədalətsizlikliyə qarşı çıxış edirdi. Nizaminin poeziyası məna dərinliyi, dil zənginliyi, böyük bədii ustalığı ilə fərqlənir. Onun poeziyası Yaxın və Orta Şərq Ədəbiyyatına çox böyük təsir göstərmişdir. 1947-ci ildə Nizaminin 800 illik şənliklərinin keçirildiyi günlərdə Gəncədə şairin qəbri üzərində onun mavzoleyi açılmışdır.

Nizamnamə — müəssisənin, təşkilatın və ya partiyanın fəaliyyətinin tənzimləyən qaydalar toplusu.

Nobel mükafatı — illik beynəlxalq mükafatlar; təsisçisi İsveç kimyaçı — mühəndisi, ixtiraçı və sənayeçi Alfred Bernhard Nobelin şərəfinə belə adlandırılmışdır. 1901-ci ildən fizika, kimya, fiziologiya və yaxud tibb elm sahələrində ən mühüm ixtiralara, ədəbiyyat əsərlərinə, habelə sülhün möhkəmləndirmək uğrunda fəaliyyətə görə verilir. 1968-ci ildən isə İsveç Dövlət Bankı özünün 300 ililik münasibətilə iqtisadiyyat elmləri sahəsində işlərə görə də Nobel xatirinə təsis etmişdir.

Nobellər — uzunmüddət Rusiyada və Azərbaycanda yaşamış isveçli ixtiraçılar və sənaye sahibkarları: ata, oğullar və nəvə; 1) Emmanuel (1801-72) -sualtı mina ixtira etmişdir. Peterburqda mexaniki zavod tikmişdir; 2) Alfred Bernhard (1833-96) — 1867-ci ildə dinamiti, 1888-ci ildə isə ballistiti (tüstüsüüz barıt) ixtira etmişdir. Partlayıcı maddələr üzrə bir çox müəssisələrin təşkilatçısı və müştərək sahibi. Qardaşı Lüdviqlə birlikdə Bakıda neft sənayesi müəssisəsi yaratmışdır (1879-cu ildən “Nobel qardaşları şirkəti” adlanmışdır). Nobel mükafatlarının təsisçisi; 3) Lüdviq (1831 — 88) — dəzgah konstruktoru, atasının tikdiyi zavodu iri “Lüdviq Nobel” maşınqayırma zavoduna çevirmişdir; 4) Lüdviqin oğlu Emmanuel (1859 — 1932) — 1888-1917-ci illərdə Nobel qardaşlarının Rusiya və Azərbaycanda müəssisələrinə başçılıq etmişdir. 1918-ci ildə İsveçə qayıtmışdır.

noyon — orta əsrlərdə əvvəllər monqol ordusunda yüksəkmənsəbli hərbi rəis; sonralar — dünyəvi feodal.

normanlar — Qərbi Avropada vikinq tayfalarına verilən ad. Rusiyada varyaqlar adı ilə tanınmışdılar. Skandinav dillərində northman — "şimal adamı" deməkdir.

nota — bir dövlətin digərinə rəsmi, diplomatik müraciəti.

numizmatika (lat. «numisma» — «sikkə») — sikkələr haqqında elm; zərbxana və pul dövriyyəsini öyrənir. Numizmatika ticarətin və təsərrüfatın inkişafını öyrənməyə kömək edir.

nümayiş — ictimai-siyasi əhvalı, tələbləri, etirazı, həmrəyliyi bildirən kütləvi yürüş.

Nürnberq prosesi — 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Nümberqdə Beynəlxalq Hərbi Tribunalda bir qrup əsas nasist caniləri üzərində keçirilmiş məhkəmə prosesi. Tribunalın hökmünə əsasən, 12 nəfər cani ölüm cəzasına, qalanların əksəriyyəti isə müxtəlif müddətli həbs cəzasına məhkum edildi. Nürnberq prosesi hərbi caniləri cəzalandıran və təcavüzü ən ağır beynəlxalq cinayət hesab edən ilk beynəlxalq məhkəmə prosesi idi.

nüvə silahı — nüvə sursatı, onların hədəfə daşınması və idarə edilməsi vasitələrinin məcmusu. Nüvə silahı kütləvi qırğın silahıdır. Nüvə bombasının partlaması zamanı zərbə dalğası, işıq şüalanması, sirayət edici radiasiya və radioaktiv çirklənmə qırğın təsiri göstərir. Hazırda ABŞ və Rusiyadan savayı, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan nüvə silahına malikdir.

Nyuton İsaak (1643 — 1727) — ingilis fiziki, riyaziyyatçısı, mexanika ve astronomiyanın nəzəri əsaslarının yaradıcısı. Əsas əsərləri «Təbii fəlsəfənin riyazi əsasları» və «Optika»dır. Diferensial və inteqral hesablamanın üsulunu müəyyənləşdirmiş, işıq nəzəriyyəsinin, klassik mexanikanın əsasını qoymuş, ümumdünya cazibə qanununu ixtira etmiş, səma cisimlərinin hərəkəti nəzəriyyəsini yaratmışdır.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top