Oktyabr ərəfəsində ölkənin daxili vəziyyəti.Ölkədə inqilabi böhran getdikcə dərinləşirdi. İmperialist müharibəsi və iqtisadi dağıntı şəraitində 1917-ci ilin payızında ümummilli böhranın yetişməsi sürətləndi. Ölkəyə amansız təsərrüfat fəlakəti və aclıq yaxınlaşırdı. Sənayenin ümumi məhsulunun həcmi 1917-ci ildə 1916-cı ilə nisbətən 36,5 faiz azalmışdı. 1917-ci ilin Fevral inqilabından sonra 800-dən çox müəssisə bağlanmış, 170 min fəhlə işdən çıxarılmışdı. Yanacaq və metal hasilatı kəskin azalmışdı. Dəmir yolları ilə yük daşınması 1916-cı ilə nisbətən 34 faiz aşağı düşmüşdü.
Ölkə ağır maliyyə böhranı keçirirdi. Hərbi xərclər son dərəcə artmışdı. Əgər 1917-ci ilin birinci yarısı müharibənin hər günü Rusiyaya 58 milyon manata başa gəlirdisə, 1917-ci ilin ikinci yarısında isə müharibənin hər günü Rusiyaya 82,3 milyon manata başa gəlirdi. Martın 1-dən oktyabrın 25-dək birbaşa dövlət borcları sürətlə artaraq 49 milyard manata, o cümlədən xarici borclar 11,2 milyard manata çatmışdı. 1917-ci ilin dövlət büdcəsindən kəsir 82 faizə bərabər idi. Bu kəsiri ödəmək üçün təkcə 1917-ci ilin son səkkiz ayında 9,5 milyard manat «kerenki» (Kerenskinin hakimiyyəti dövründə buraxılan kağız pullara xalq arasında belə deyilirdi) buraxılmışdı. Petroqrad, Moskva və başqa şəhərlərin çörəklə və ərzaqla təchiz edilməsi gündən-günə azalırdı. Avqust ayında isə gündəlik çörək norması 200 qrama düşmüşdü.
Ümummilli böhranın dərinləşməsi ölkədə sinfi ziddiyyətlərin son dərəcə kəskinləşməsinə səbəb oldu. Ölkədə artmaqda olan inqilabi hərəkatın önündə fəhlə sinfi gedirdi. Avqust ayında Moskvada 100 min fəhlə, sentyabrda Uralda 110 min metallurq və şaxtaçı siyasi tətil etmişdi. Onlar Ümumrusiya Sovetlər qurultayının çağırılmasını tələb edirdilər. Kütləvi tətillərdə 2,4 milyon nəfərdən çox fəhlə iştirak etmişdir. Sentyabrda ölkənin əsasən bütün dəmir yollarında tətil başlandı. Müvəqqəti hökumət bəzi güzəştlərə getməyə məcbur oldu, belə ki, dəmiryolçuların əmək haqqı az olsa da artırıldı. Sentyabrın 27-də neftçilərin ümumi tətilində 30 min nəfər iştirak edirdi. Bakı fəhlələrinin ümumi tətili uğurla keçdi, onlar sahibkarları kollektiv müqavilə bağlamağa məcbur etdilər. Oktyabr ayında İvanovo-Voznesenskidə, Şuya, Kovrov və mərkəzi sənaye rayonunun digər şəhərlərində 300 min toxucu tətil etdi. Həmin ayda Donbas, Krivoy-Roq, Xarkov, Kiyev fəhlələrinin tətili başlandı. Kəndli hərəkatı yeni, daha yüksək mərhələyə daxil oldu. 1917-ci ilin payızında kəndli hərəkatı Rusiyanın Avropa hissəsinin onda doqquz hissəsini bürümüşdü. Əgər mayda mülkədar malikanələri 152 dəfə dağıdılmış və yandırılmışdırsa, sentyabrda belə malikanələrin sayı 958-ə çatmışdı.
Rusiyanın azlıqda qalan xalqlarının da milli-azadlıq və hüquq bərabərliyi uğrunda Müvəqqəti hökumətə qarşı mübarizəsi artmışdı. Bu hərəkat Minsk və Kiyev quberniyalarında xüsusilə güclü idi. Bir çox milli ucqarlarda sinfi toqquşmalar böyüyərək silahlı mübarizəyə çevrildi. Ukrayna, Belarusiya, Pribaltika, Orta Asiya, Cənubi Qafqaz buna misal ola bilər. Ordu və donanmada bolşevik təşkilatlarının şəbəkəsi gündən-günə möhkəmlənirdi. Fəhlələrlə hərbi hissələr arasında sıx əlaqə yaranmışdı, bu isə əsgərlərin inqilabiləşməsində əsas rol oynayırdı. Petroqrad və Moskvaya yaxın olan Şimal, Qərb cəbhələrində, eləcə də Baltik donanmasında bolşeviklərin nüfuzu güclü idi.
İyulun 24-də yaradılmış ikinci koalision hökumət avqustun 27-də dağıldı, bununla da uzun sürən hökumət böhranı başlandı. Kerenski kadetlərlə koalisiyanı bərpa etməyə çalışırdı, çünki avqustun 25-də Kornilov Ali Baş komandan vəzifəsindən uzaqlaşdırılarkən kadetlər hökumətin tərkibindən çıxmışdılar.
Siyasi mövqeyini möhkəmlətmək məqsədilə A.F.Kerenski 1917-ci ilin sentyabrın 1-də 5 nəfərdən ibarət Direktoriya (beşlik) təşkil etdi. A.F.Kerenskinin «cib» hökuməti adlandırılan Direktoriyanın üzərinə «kabinet təşkil olunanadək dövlətin işlərini idarə etmək» vəzifəsi qoyulmuşdu. Direktoruyanın tərkibi A.F.Kerenski, A.M.Nikitin, M.İ.Tereşşenko, admiral D.N.Verderovski və general A.İ.Verxovskidən ibarət idi.
Direktoriya yarandığı ilk gündən inqilabi qüvvələrə qarşı cəza tədbirləri yoluna qədəm qoydu. Lakin yaranmış şəraitdə təkcə cəza tədbirləri ilə hərəkət etmək mümkün deyildi. Demokratik ictimaiyyəti sakitləşdirmək və vəziyyətdən çıxmaq məqsədilə Direktoriya Rusiyanı sentyabrın 1-də respublika elan etdi. Kütlələrin inqilabi mübarizəsini zəiflətmək üçün Demokratik müşavirə çağırılması qərara alındı. ÜRMİK-in eser-menşevik liderlərini, həmkarlar ittifaqlarını, fabrik-zavod komitələrini, ordunu, ruhaniləri, zemstvoları təmsil edən nümayəndələr müşavirədə iştirak edirdi. Sentyabrın 14-22-si arasında keçirilən Demokratik müşavirədə Sovetlərin menşevik-eser liderləri burjua partiyaları ilə koalisiya yaratmaq məqsədilə Demokratik müşavirənin razılığını almaq istəyirdilər. Onların irəli sürdüyü qətnamə əleyhinə 75, lehinə isə 65 nümayəndə səs verdi. Demokratik müşavirənin mövqeyi əksinqilabçı liderləri qane etmədi və onlar Demokratik müşavirənin tərkibindən daimi nümayəndəlik — eser
N.D.Avksentyev sədr olmaqla Rusiya respublika Şurası və ya Parlamentqabağı seçdilər. Bu Şuranın heç bir səlahiyyəti yox idi, belə ki, hətta onun tərkibi Müvəqqəti hökumət tərəfindən təsdiq edilməli idi. Kamenev və onun tərəfdarları bolşeviklərin Parlamentqabağında iştirakını zəruri hesab edir, Lenin isə onun baykot edilməsini təkid edirdi.
Demokratik müşavirənin kadetlərlə koalisiya əleyhinə çıxmasına baxmayaraq, Kerenski kadetlərin iştirakı ilə sentyabrın 25-də üçüncü və sonuncu Müvəqqəti burjua koalision hökuməti yaratdı. Hökumətin tərkibinə kadetlərdən Kişkin, Kortaşev, Konovalov, Tretyakov, Smirnov və başqaları daxil edildi. Hökumətin 17 üzvündən 11-i burjuaziyanın nümayəndələri idi. Müvəqqəti hökumət ölkədəki çıxışların qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirməyə hazırlaşırdı. İlk növbədə bütün əksinqilabi qüvvələr səfərbər edilərək hökumətin sərəncamına verildi. İnqilabi əhval-ruhiyyəli əksər birliklər cəbhəyə göndərildi.
Yaranmış olan vəziyyətdən bolşeviklər partiyası çox məharətlə istifadə etdi. Ölkədə Oktyabr silahlı üsyanı təşkil edildi ki, bunun da ilhamçısı və təşkilatçısı başda Rusiyanın mənafeyinə xəyanət etməkdə təqsirləndirilən və «alman cəsusu» elan edilən Vladimir İliç Lenin olmaqla bolşeviklər partiyası idi. Açıq mübarizədən həmişə gizlənən V.İ.Lenin sentyabrda Finlandiyada yaşayır və orada silahlı üsyanın planını hazırlayırdı.
1917-ci ildə Rusiyada mövcud olan sosial-siyasi vəziyyətdən silahlı yolla hakimiyyəti ələ keçirməyi planlaşdıran bolşeviklər partiyasının başqa partiyalardan fərqli olaraq iki güclü rəhbəri, o cümlədən möhkəm iradəli V.İ.Lenin və tükənməz enerjisi, mükəmməl natiqliyi ilə hər kəsdən seçilən L.D.Trotski hadisələrə istiqamət verirdilər. Xüsusi tembr səsilə auditoriyanı ələ almağı bacaran L.D.Trotski kütlələri müxtəlif vədlərlə sinfi mübarizəyə səsləyərək «soyanları soy» və s. şüarlarla onları daha da qızışdırır və bolşeviklərin tərəfinə çəkirdi. Sentyabrın 12-14-də Lenin partiyanın MK-sına iki məktub göndərdi: «Bolşeviklər hakimiyyəti ələ almalıdırlar», «Marksizm və üsyan». Birinci məktubda Lenin yazırdı ki, “hər iki paytaxt Sovetlərində (Petroqrad və Moskva sovetlərində) bolşeviklər çoxluq əldə etdikdən sonra dövlət hakimiyyətini öz əllərinə ala bilərlər və almalıdırlar”. Belə ki, Kornilov qiyamı ləğv edildikdən sonra Petroqrad və Moskva sovetlərinin eser-menşevik rəhbərliyi bolşeviklərlə əvəz olundu. L.D.Trotski Petroqrad soveti İcraiyyə Komitəsinin sədri seçildi. Bir çox yerlərdə sovetlərin rəhbərliyinə bolşeviklər keçdi. Həm də ölkənin əsas mərkəzlərində bolşeviklər üstünlük təşkil edirdilər.
Leninin məktubları sentyabrın 15-də bolşeviklər partiyasının Mərkəzi Komitəsində müzakirə olundu. Mərkəzi Komitə Leninin göstərişlərini qəbul etdi və Leninin məktublarını partiyanın təşkilatlarına göndərməyi qərara aldı. Sentyabrın ikinci yarısında bolşeviklər partiyası hakimiyyəti ələ keçirmək üçün silahlı üsyanın hazırlanması işini olduqca genişləndirdi. Üsyana rəhbərlik etmək üçün Lenin oktyabrın 7-də gizli surətdə Finlandiyadan Petroqrada gəldi. Ertəsi gün Lenin «Kənar adamın məsləhətləri» adlı məqaləsini yazdı və bu məqalədə silahlı üsyanın konkret planını irəli sürdü.
Oktyabrın 10-da RSDF(b)P MK-nın iclası oldu. Lenin hazırkı dövr haqqında məruzə etdi. Lenin daxili və beynəlxalq vəziyyəti təhlil edərək qeyd etdi ki, silahlı üsyanın uğurlu olması üçün siyasi şərait tamamilə yetişmişdir. İclasda üsyan haqqında qətnamə qəbul edildi. Qətnamə əleyhinə L.B.Kamenev və Q.Y.Zinovyev səs verdilər, çünki belə hesab edirdilər ki, bolşeviklərin kəndlilər içərisində lazım olan köməyi olmadığı üçün ölkə uğurlu üsyana hazır deyil. Həm də partiyanın gələcəyini təhlükə altına atmaq olmaz. MK-nın silahlı üsyan haqqında qətnaməsi bütün partiya təşkilatlarına göndərildi. Petroqrad Soveti yanında bolşeviklərin və sol eserlərin daxil olduğu Hərbi-İnqilab Komitəsi yaradıldı. HİK-ın sədri sol eser P.Y.Lazimir oldu, sonra onu bolşevik N.İ.Podvoyski əvəz etdi, katib bolşevik V.A.Antonov-Ovseyenko idi. HİK-ə eyni zamanda K.A.Mexonoşin, H.V.Krılenko, V.İ.Nevski, M.Y.Latsis, H.A.Skrıpnik, K.S.Yeremeyev, P.Y.Dıbenko daxil idi.
Oktyabrın 16-da bolşeviklər partiyası MK-nın geniş iclası oldu. 10 oktyabr tarixli iclasın qətnaməsi əsaslandırıldı. Silahlı üsyan haqqında qərar təsdiq olundu. Silahlı üsyanı təxirə salmağı tələb edən Kamenev və Zinovyev V.İ.Leninin əleyhinə çıxış etdilər. Lenin qətnaməsi lehinə 19, əleyhinə 2 nəfər səs verdi, 4 nəfər isə bitərəf qaldı. Silahlı üsyana rəhbərlik etmək üçün MK-nın qapalı iclasında A.S.Bubnov, F.E.Dzerjinski, Y.M.Sverdlov, İ.V.Stalin, M.S.Uritskidən ibarət olan Hərbi-İnqilab Mərkəzi yaradıldı. Moskvada, Uralda, Sibirdə, Volqaboyunda, Donbasda və s. yerlərdə silahlı üsyanın hazırlanması və keçirilməsi üçün hərbi mərkəzlər yaradılırdı. Qırmızı qvardiya dəstələri təşkil olunurdu.
MK-da azlıqda qalan Kamenev və Zinovyev yenə də üsyanın əleyhinə idilər. Oktyabrın 18-də Kamenev M.Qorkinin yarımmenşevik «Novayajizn» qəzetində məktub dərc etdirdi. Bu məktubda, o, öz adından və Zinovyevin adından MK-nın üsyan haqqındakı qərarına qarşı çıxış etdi. Oktyabrın 20-də MK Kamenevin və Zinovyevin hərəkətlərini müzakirə etdi və onlara partiya adından çıxış etməyi qadağan etdi. Beləliklə, silahlı üsyanın nə vaxt olacağından xəbər tutan Müvəqqəti hökumət onun qarşısını almaq üçün bir sıra tədbir gördü.
Eyni zamanda, Trotskinin rəhbərlik etdiyi Petroqrad Sovetinə tabe olan HİK-də əsgərləri üsyana hazırlamaq üçün bütün hərbi hissələrə öz komissarlarını göndərdi. Hərbi-dəniz donanması gəmilərinə, «Avrora» kreyserinə və «Zarya svobodı» gəmisinə döyüş tapşırığı verilmişdi. Baltik donanması (60 mindən artıq matros və yüzlərlə gəmi), Petroqrad qarnizonunun 150 minədək əsgəri bolşeviklərin tərəfinə keçdi. Təlim keçmiş silahlı fəhlə drujina-larının sayı 30 min nəfər təşkil edirdi. Müvəqqəti hökumət belə hesab edirdi ki, fəhlələrin çıxışı II Sovetlər qurultayının açılışı günü-1917-ci il oktyabrın 25-də olacaqdır. Müvəqqəti hökumət həmin gün üsyanı darmadağın etməyi planlaşdırırdı. Paytaxta hərbi qüvvələr gətirilmişdi. Yunker məktəblərini döyüşə hazırlamışdılar. Fəhlə rayonlarını mərkəzlə birləşdirən körpülərin açılması üçün əmr verilmişdi.
Oktyabrın 24-də axşam Lenin dərhal çıxış etməyi tələb etdi. Lenin MK-ya yazmışdı ki, «Hər necə olursa olsun, bu gün axşam, bu gecə hökuməti həbsə almaq, yunkerləri tərksilah etmək lazımdır, və i.a… ayın 25-dək hakimiyyət heç bir halda Kerenskinin və kampaniyasının əlində qalmamalıdır, məsələ hökmən bu gün axşam və ya gecə həll edilməlidir».
Kerenskiyə Sovetlər qurultayının açılışı günü, oktyabrın 25-də çıxış etmək imkanı verməmək üçün partiyanın MK-sı HİK-ə dərhal üsyana başlamağı əmr etdi. Həmin gün inqilabçı qoşunlar bütün körpüləri öz nəzarəti altına aldılar. Petroqrada gələn bütün yollar tutdular və beləliklə Müvəqqəti hökumətin cəbhədən çağırdığı qoşunların yolu kəsilmiş oldu. Hazırlanmış plan üzrə fəhlə dəstələri dövlət idarələrini tutmağa başladılar və gecə yarısından sonra Petroqradın ən mühüm yerləri, telefon stansiyası, dövlət bankı, poçtamp, vağzallar və əsas idarələr tutulmuşdu. Hakimiyyəti silahlı üsyan yolu ilə ələ keçirməyi nəzərdə tutan silahlı üsyanın hazırlıq mərkəzi bolşeviklər partiyası qərargahının yerləşdiyi Smolnı idi. 1917-ci il oktyabrın 24-26-da başlanan üsyana və hakimiyyətin ələ keçirilməsinə bilavasitə Petroqrad sovetinin sədri L.D.Trotski rəhbərlik edirdi.
Oktyabrın 25-də Keksholm polkunun əsgərləri Müvəqqəti hökumətin sığındığı Qış sarayına gedən bütün yolları tutdu. Vəziyyətin ümidsiz olduğunu görən Kerenski Amerika bayrağı taxılmış olan bir avtomobildə üsyan etmiş paytaxtdan qaçdı.
Oktyabrın 25-də (noyabrın 7-də) səhər saat 10-da HİK Müvəqqəti hökumətin devrildiyini elan etdi. HİK-in Müraciətində deyilirdi: «Müvəqqəti hökumət devrilmişdir. Dövlət hakimiyyəti Petroqrad fəhlə və əsgər deputatları Soveti orqanının — Petroqrad proletariatı və qarnizonuna başçılıq edən Hərbi İnqilab Komitəsinin əlinə keçmişdir». Günün axırına yaxın Müvəqqəti hökumətin olduğu Qış sarayından başqa bütün şəhər artıq üsyançıların əlində idi. Müvəqqəti hökumətə, təslim olması haqqında ultimatum verildi, lakin hökumət onu rədd etdi. Axşam saat 10-da «Avrora» gəmisindən atılan top atəşindən sonra üsyançılar Qış sarayı üzərinə hücuma keçdilər. Gecə saat 2-də Qış sarayı alındı. Müvəqqəti hökumət üzvləri həbs edilib Petropavlovski qalasına salındı. Paytaxtda olan çoxlu sayda kazak, yunker və zabitlər Müvəqqəti hökumətə kömək etmədilər.
Oktyabrın 25-də axşam saat 11-ə 20 dəqiqə qalmış Smolnıda bolşeviklərin və sol eserlərin iştirakı ilə II Sovetlər qurultayı açıldı. Deputatların 388 nəfəri bolşevik, 100 nəfəri sol eser idi. Oktyabrın 26-da səhər saat 5-də Sovetlər qurultayı bütün hakimiyyətin Sovetlərə keçdiyi haqqında qərar qəbul etdi. Qurultayın ikinci iclası oktyabrın 26-da axşam saat 9-a 20 dəqiqə qalmış oldu. Qurultayda Lenin «Sülh haqqında» dekreti elan etdi. Dekretə görə müharibə aparan tərəflərə təcili olaraq üç ay müddətində barışıq sazişi imzalamaq, sonra isə ilhaqsız və təzminatsız demokratik sülh bağlamaq təklif olunurdu. Bununla bərabər gizli diplomatiya ləğv edilir, siyasətdə böyük və kiçik xalqların hüquqlarına hörmət prinsipi ön plana çəkilirdi. Sonra Lenin «Torpaq haqqında» dekreti elan etdi. Dekretə əsasən bütün mülkədar, xanədan, monastr və kilsə torpaqları, canlı-cansız avadanlığı ilə birlikdə tamamilə pulsuz olaraq kəndli deputatları Sovetlərinin sərəncamına verildi. Kəndlilərə əvəzi alınmadan 150 milyon desyatindən çox torpaq verilməsi nəzərdə tutulurdu. Torpaq üzərində xüsusi mülkiyyət həmişəlik olaraq ləğv edildi, onun alqı-satqısı qadağan olunur, torpaq ümumxalq malı elan edilirdi. Qurultayın gündəliyində axırıncı məsələ hakimiyyəti təşkil etmək məsələsi idi. Qurultayda ilk sovet hökuməti — Xalq Komissarları Soveti təşkil olundu. V.İ.Lenin XKS-nin sədri seçildi A.İ.Rıkov — Xalq daxili İşlər komissarı, V.P.Milyutin — Torpaq işləri komissarı, A.Q.Şlyapnikov — Əmək işləri komissarı, V.A.Ovseyenko (Antonov), N.V.Krılenko və P.Y.Dıbenko — Hərbi və dəniz işləri Komitəsi üzrə komissarlar, V.P.Nogin — Ticarət və sənaye üzrə komissar, A.V.Lunaçarski — Xalq maarifi komissarı, İ.İ.Skvortsov (Stepanov) -Xalq maliyyə komissarı, L.D.Bronşteyn (Trotski) — Xalq xarici işlər komissarı, Q.İ.Oppokov (Lomov) — Ədliyyə komissarı İ.A.Teodoroviç — Ərzaq işləri üzrə komissar. N.P.Avilov (Qlebov) — Poçt və teleqraf üzrə komissar, İ.V.Çuqaşvili (Stalin) — Milli işlər üzrə komissar oldular. Hakimiyyətin ali dövlət orqanı hər il çağırılması nəzərdə tutulan Sovetlər qurultayı elan olundu. Qurultaylar arasındakı dövrdə isə bu vəzifəni Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi yerinə yetirirdi. 62 nəfər bolşevik, 29 nəfər sol eserlərdən ibarət təşkil edilən ÜRMİK-nin sədri vəzifəsinə L.B.Kamenev seçildi, sonra onu M.Y.Sverdlov əvəz etdi.
Sovet hakimiyyəti bütün ölkədə sürətlə yayılmaqda idi. 1917-ci il oktyabrın 25-dən 1918-ci ilin martınadək davam edən dövrü Lenin «Sovet hakimiyyətinin zəfər yürüşü» dövrü adlandırmışdır. Yəni hakimiyyət bolşeviklər tərəfindən dinc və silahlı üsyan yolu ilə ələ keçirilmişdir. Oktyabrın 25-dən 31-dək davam edən bir həftə ərzində 17 quberniya şəhərində, noyabrın axırlarına yaxın isə 28 quberniya şəhərində və bütün ən mühüm sənaye mərkəzlərində hakimiyyət Sovetlərin əlinə keçdi. Oktyabrın 25-27-də İvanova-Voznesenskidə, Kazanda, Rostov-Donda, Samarada, Saratovda, Yekaterinburqda sovet hakimiyyəti qələbə çaldı.
Petroqraddakı hadisələr haqqında xəbər oktyabrın 26-da saat 12-də Moskvaya çatdı. Həmin gün Moskvada fəhlə və əsgər deputatları Sovetinin birgə iclası oldu. Hərbi inqilab komitəsi yaradıldı. HİK-in 13 üzvündən 5-i üsyanın əleyhinə idi. Petroqraddan Moskvaya qayıdan Moskva Sovetinin sədri V.P.Nogin də üsyanın əleyhinə idi. Moskvada hakimiyyətə həm də «İctimai təhlükəsizlik komitəsi» can atırdı. Menşeviklər HİK-in «İctimai təhlükəsizlik Komitəsi»nə tabe etdirilməsini tələb edirdilər. Bolşeviklər bu tələbi rədd etdikdən sonra onlar HİK-nin tərkibindən çıxdılar. 1917-ci il oktyabr ayının 27-də Moskva Hərbi dairəsinin komandanı K.İ.Ryabtsev HİK-nin buraxılması və şəhərdə hərbi vəziyyət elan olunması haqqında ultimatum verdi. HİK-in çağırışı ilə fəhlələr ümumi tətilə başladılar, oktyabrın 28-də tətil böyüyərək silahlı üsyana çevrildi. Oktyabrın 30-da Petroqraddan göndərilən 500 nəfərlik Kronşdat dənizçisi fəhlələrin köməyinə gəldi. Müvəqqəti hökumətin tərəfdarları ilə bolşeviklər arasındakı qanlı döyüşlərdən sonra, noyabrın 3-də Moskvada Sovet hakimiyyəti qələbə çaldı. Moskva hadisələrində 300 nəfərə kimi insan həlak oldu.
Milli rayonlarda da Sovet hakimiyyəti uğrunda şiddətli mübarizə başlandı. Ukraynada fəhlə və kəndlilər Sovet hakimiyyəti uğrunda mübarizəyə başladılar. Oktyabrın 29-da Kiyevdə fəhlə və əsgərlər Müvəqqəti hökumətə qarşı silahlı üsyana qalxdılar. Ertəsi gün şəhərdə ümumtətil başlandı və üç gün davam etdi. Üsyançılar tərəfinə keçən 2-ci Qvardiya korpusunun əsgərləri əsas dəmir yol qovuşuqlarını tutaraq Moskvaya əksinqilabın köməyinə göndərilməsi nəzərdə tutulan əsgərlərlə dolu qatarları saxladılar. Lakin Oktyabr hadisələri bütün Ukraynada Sovet hakimiyyətinin qələbəsi ilə yekunlaşmadı. Çünki Kiyevin mərkəzi küçələrində qızğın döyüşlərin getdiyi bir vaxtda Mərkəzi Rada milli hərbi hissələri şəhərə yeridərək poçt, teleqraf və başqa dövlət idarələrini tutaraq hakimiyyətin öz əlinə keçdiyini elan etdi. Ukrayna Mərkəzi Radası başda Vladimir Lenin olmaqla Rusiya bolşeviklərinin Müvəqqəti hökuməti devirib hakimiyyəti qəsb etmələrini qəbul etməyərək bu aktı pislədilər.
1917- ci il noyabrın 20-də Mərkəzi Rada özünün Üçüncü Universalı ilə Ukrayna Xalq Respublikasının yarandığını elan etdilər. Bu sənəddə söz, mətbuat, din, yığıncaq azadlığı elan olunur, ölüm hökmü, torpaq üzərində xüsusi mülkiyyət ləğv edilirdi. Səkkiz saatlıq iş günü müəyyən edilir, milli azlıqlar milli muxtariyyət hüququ alırdı.
Dekabrın 10-12-də Ukraynada Müəssislər məclisinə seçkilər keçirildi. Ukrayna sosialistləri seçkilərdə qalib gəldilər, bolşeviklər 10 faiz səs topladılar. Onlar hakimiyyəti ələ keçirə bilmədikdən sonra Xarkova köçərək Ukrayna Sovet hökumətinin yaradıldığını elan etdilər. Ukraynada bolşevik hökumətini müdafiə etmək pərdəsi altında Lenin Ukraynanı ələ keçirmək və Rusiyaya ərzaq göndərmək üçün V.Antonov-Ovseyenkonun başçılığı ilə ordu hissələrini ölkəyə yeritmək haqqında göstəriş verdi. Ukrayna- bolşevik Rusiyası müharibəsi belə başladı. Lakin Radanın qoşunları sovet Rusiyası qırmızı ordu əsgərlərinin hücumunun qarşısını ala bilmədi və Rada Kiyevi tərk edərək Jitomirə köçməyə məcbur oldu.
1918- ci il fevralın 9-da UXR Almaniya ilə Brest sülhünü imzaladı. Apreldə bütün Ukrayna alman və Ukrayna ordusu tərəfindən qırmızı ordu işğalından azad edildi. Aprelin 29-da almanların köməyi ilə general Pavel Skoropadski hakimiyyəti ələ keçirdi, Mərkəzi Radanın hakimiyyətinə son verildi. Ukraynanın getmanı elan olunan P.Skoropadskiyə qanunverici, icraedici hakimiyyət məxsus idi, eyni zamanda o, həm də Baş komandan idi. Dövlətin adı dəyişdirilərək Ukrayna Xalq Respublikası yerinə Ukrayna dövləti oldu.
1918-ci il mayın ortalarında Ukrayna sosialistlərinin gizli qurultayında iri sənayeçilər, torpaq sahibləri, Rusiyadakı burjua partiyaları, alman işğalçıları ilə iş birliy quran getman general P.Skoropadskinin siyasəti kəskin tənqid edilir və ona qarşı birgə fəaliyyət göstərmək nəzərdə tutulurdu. İyunun 12-də Kiyevdə bolşevik nümayəndələr Xristian Rakovski və Dmitri Manuilskinin rəhbərliyi ilə Ukraynanın müstəqil dövlət elan edilməsini nəzərdə tutan müvəqqəti sülh imzaladılar. Xalq içərisində öz nüfuzunu itirən getmana qarşı Ukrayna müxalifət partiyaları üsyan qaldırmaq məqsədilə rəhbərlik üçün Direktoriya təşkil etdilər. Vladimir Vinniçenko sədr, Simon Petlyura, Fyodr Şvets, Andrey Makarenko üzvlər idi. Dekabrın 19-da Direktoriyanın qoşunları Kiyevə girdi, yenidən Ukrayna Xalq Respublikası elan olundu. Həmin gün Direktoriya Vladimir Çexovskoyun başçılığı ilə Ukrayna sosialist partiyalarının nümayəndələrindən ibarət ilk hökuməti təsdiq etdi. Lakin UXR-nın vəziyyəti ağır idi. Çünki, şərq və şimaldan Qırmızı Ordu, Don istiqamətində Denikinin ordusu, Dnestrin əks tərəfindən rumınlar, qərbdən polyaklar, cənubdan isə Antanta Ukrayna torpaqlarını ələ keçirməyə çalışırdılar. Belə bir şəraitdə Direktoriya 1919-cu il sentyabrınl5-də hakimiyyəti Simon Petlyuraya verməyə məcbur oldu. Lakin hər tərəfdən düşmən əhatəsində qalan UXR-nın ordusu məğlub oldu və Ukrayna torpaqları Sovet Rusiyası ilə Polşa arasında bölüşdürüldü.
1919-cu ilin martında Kiyevdə Ümumukrayna Sovetlər qurultayı «Müstəqil Ukrayna Sovet Sosialist Respublikasının» Konstitusiyasını qəbul etdi. Lakin mahiyyət etibarilə Ukrayna Sovet Rusiyasından asılı olan onun tərkib hissəsi idi.
Petroqqaradda Oktyabr silahlı üsyanının qələbə çalması məlum olduqdan sonra oktyabrın 27-də Minsk sovetində belarus bolşevik A.F.Myasnikovun rəhbərliyi ilə İnqilabi komitə yaradıldı. Noyabrın əvvəllərində komitə Qərb cəbhəsinin Hərbi-inqilabi komitəsinə çevrildi. Bu orqan ölkənin Şimali Qərb vilayətlərində və Qərb cəbhəsində hakimiyyəti ələ keçirdi. Beləliklə, Sovet hakimiyyəti Belarusiyanın almanlar tərəfindən işğal olunmuş Qərb rayonlarından başqa qalan bütün ərazilərdə yayıldı. Belarusiyanın gənc sovet hakimiyyəti əksinqilabi qüvvələrlə ölüm-dirim savaşına başladı. Rus, ukrayna, litva və polşa iri burjuaziyası ilə sıx ittifaqda olan Belarus millətçiləri əksinqilabçı Belarus radası və general Dovbor-Muskitskinin korpusu ətrafında birləşərək Sovet hakimiyyətinə qarşı 1918-ci il yanvarın 12-də qiyam qaldırdılar. Belarusiyanın və mərkəzi Rusiyanın fəhlə və kəndlilərindən təşkil olunmuş Qızıl Ordu dəstələri hücuma keçərək qiyamçılara ağır zərbə vurdular. Əksinqilabçılara və alman işğalçılarına qarşı genişmiqyaslı hücuma keçən Qırmızı Ordu Belarusiyanı azad edərək 1919-cu il yanvarın 1-də Belarus Sovet Sosialist Respubliksının yaradıldığını elan etdi.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra yeni siyasi sistem yaratdılar. Onlar köhnə Dövlət şurasını, nazirlikləri, yerli özünüidarə orqanları olan şəhər dumalarını və zemstvoları ləğv etdilər. Məhkəmə və ordunun köhnə formalaşma və mövcud olma şərtləri ləğv olundu. Bolşeviklərin elan etdiyi fəhlə sinfinin siyasi hakimiyyətinə əsaslanan proletar diktaturasının bərqərar edilməsi üçün yeni dövlət maşınının yaradılması tələb olunurdu.
Siyasi hakimiyyət real olaraq Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinə, icraedici, həm də qanunverici hakimiyyəti öz əlində cəmləşdirən Xalq Komissarlar Sovetinə məxsus idi. Yerli idarələr isə quberniya və vilayət sovetlərindən ibarət idi. Onların fəaliyyətinə nəzarət etmək məqsədilə bolşeviklərin tərəfdarlarından ibarət olan inqilabi komitələr yaradılmışdır. Bolşeviklərin hakimiyyətini müdafiə edən yeni aparatın formalaşdırılmasına xüsusi diqqət yetirilirdi. Oktyabr ayının axırlarında (yeni stillə — noyabrın 11-i) ictimai asayişi qorumaq üçün fəhlə-kəndli milisi təşkil edilməyə başlandı. Noyabrın 22-də isə XKS-nin dekreti ilə yeni məhkəmə idarələri sistemi təsis edilmişdi. Siyasi işlərə Xalq Ədliyyə Komissarlığına tabe olan inqilabi tribunalda baxılırdı.
Bolşevik hakimiyyəti özlərinin siyasi rəqiblərinə qarşı xəbərdarlıq repressiyaları tətbiq etməyə başladılar. Xalq Komissarları Sovetinin 1917-ci il noyabr ayının 28-də qəbul etdiyi «İnqilaba qarşı vətəndaş müharibəsi başçılarının həbs edilməsi haqqında» dekreti ilə kadetlər partiyası qanundankənar elan olundu. Sovet hakimiyyətinə qarşı mübarizəyə səsləyən qəzetlər qadağan olunur, bolşeviklərin əleyhinə olan nümayiş və mitinqlər dağıdılırdı.
Məmurların böyük əksəriyyəti yeni hakimiyyətlə əməkdaşlıq etməkdən, onun göstərişlərini yerinə yetirmiəkdən, işə çıxmaqdan imtina edirdilər. Təkcə Petroqradda 50 min nəfərə yaxın dövlət və kommersiya qulluqçusu işdən imtina etmişdir. Hərbi-inqilab komitəsi sabotaj-çıları xalq düşməni elan etdi və 1917-ci il dekabrın 7-də əksinqilabçı və təxribatçılarla mübarizə aparmaq məqsədilə Xalq Komissarları Soveti nəzdində Ümumrusiya Fövqəladə Komissiyası (ÜRFK) yaradıldı. F.E.Dzerjinski onun sədri təyin edildi. Komissiya həbs, cəza və onun yerinə yetirilməsinə kimi qeyri-məhdud hakimiyyətə sahib olan bir orqan oldu. 1917-ci ilin noyabr-dekabrında XKS ordunun rəhbərliyini özünə tabe edərək Sovet hakimiyətini qəbul etməyən mindən çox general və zabiti ordu sıralarından azad etdi. Köhnə ordu tərxis edildi. 1918-ci il yanvar ayının 15-də fəhlə-kəndli Qızıl Ordusunun, yanvarın 29-da sovet Qızıl Donanmasının yaradılması haqqında dekretlər qəbul olundu.
XKS-nin 1918-ci il 20 yanvar tarixli «Vicdan azadlığı, kilsə və dini cəmiyyətlər haqqında» dekreti ilə kilsə dövlətdən, məktəb kilsədən ayrıldı. Kilsənin bütün imtiyazları ləğv olunur, sərvəti xalq mülkiyyətinə verilirdi. Din sovet vətəndaşlarının şəxsi işi elan edildi. Dekretdən irəli gələn vəzifələrin həyata keçirilməsi dövlətlə 1917-ci ilin noyabrından patriarx Tixonun başçılıq etdiyi pravoslav kilsəni qarşı-qarşıya gətirdi. 1917-ci ilin dekabr ayının 21-də Sovet Rusiyasında yeni yazı qaydaları, 1918-ci il fevral ayının 1-dən (yeni stillə 14-dən) Ümumavropa təqvimi tətbiq edilməyə başlandı.
Demokratik meyilli ictimai təşkilatlar bolşeviklərin hakimiyyəti zəbt etməsinə qarşı çıxırdılar. Kerenski-Krasnov qoşunlarının Petroqrad üzərinə hücumu zamanı eser və menşe-viklərin üstünlük təşkil etdiyi dəmiryolçuların Ümumrusiya İcraiyyə Komitəsi (VİKJEL) sosialist təmayüllü bütün partiyaların nümayəndələrindən ibarət yekcins sosialist hökuməti yaradılmasını tələb etdilər. Danışıqlarda 700 min nəfəri təmsil edən «Vikjel»in nümayəndələri, bolşeviklər, menşeviklər, sol və sağ eserlər, başqa ictimai təşkilatlar iştirak edirdilər. Danışıqlar vaxtı menşevik və sağ eserlər «Oktyabr çevrilişinin şəxsi günahkarı» hesab etikləri V.İ.Lenini hökumətdən kənar etmək tələbini irəli sürdülər. Lakin qoşunların paytaxt üzərinə antibolşevik hücumu boşa çıxdıqdan sonra Leninin təkidi ilə danışıqlar kəsildi. Xarakterik haldır ki, hətta görkəmli bolşevik nümayəndələri L.B.Kamenev, Q.Y.Zi-novyev, A.İ.Rıkov, V.P.Milyutin, A.P.Nogin yekcins sosialist hökumətin yaradılmasını təkid edərək MK-nın tərkibindən və xalq komissarları vəzifələrindən istefa etdilər. Leninin tövsiyəsi ilə Y.M.Sverdlov L.B.Kamenevin əvəzinə ÜRMİK-nin sədri seçildi. Q.İ.Petrovski Xalq Daxili İşlər komissarı, A.Q.Şlixter Xalq Torpaq komissarı, P.İ.Stuçka Xalq Ədliyyə komissarı təyin edildilər. Noyabr ayının ortalarında sol eserlərlə razılıq əldə olundu, dekabrda isə onların nümayəndələri İ.Z.Şteynberq, P.P.Proşyan, A.L.Koleqayev, V.A.Karelin Xalq Komissarları Soveti tərkibinə daxil edildilər
Hakimiyyəti ələ alan bolşeviklər dərhal Oktyabrdan sonra seçkilər keçirilən Müəssislər məclisinin açılmasını təxirə salmağa çalışdılar. Onların ehtiyat etdiyi təsdiq edildi. Müəssislər Məclisi «eser üzlü» oldu. 715 nəfər deputatın yarıdan çoxu eserlər idi, dörddə bir hissəsi bolşeviklərdən ibarət idi. Müəssislər Məclisinin 1918-ci il yanvarın 5-də Tavriya sarayında açılan yeganə iclasına cəmi 410 deputat gəlmişdi. Eserlər səslərin 40 faizinə, bolşeviklər isə cəmi 22,5 faizinə sahib idilər. Müəssislər məclisinin sədri vəzifəsinə sağ eser V.M.Çernov seçildi.
Viktor Mixayloviç Çernov (1873-1952) sosialist-inqilabçılar partiyasının liderlərindən biri olub. O, belə hesab edirdi ki, partiya sosialist dəyişikliklərini həyata keçirmək üçün yalnız kənddə deyil, şəhərdə də mübarizə aparmalıdır ki, kəndliləri kapitalizmdən qoruya bilsin.
1917-ci ildəki bolşevik inqilabını kəskin tənqid etmişdir.
Məclis bolşeviklərin təklif etdiyi «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsini təsdiq etməkdən imtina etdi. Bu əslində əməkçi xalqı təmsil edən sovet-bolşevik hakimiyyətinin proletariat diktaturası formasında bərqərar olunmasının tanınmaması demək idi. Odur ki, bunun ardınca bolşevik deputatlar iclas zalını tərk etdilər və yanvarın 6-dan 7-nə keçən gecə ÜRMİK-nin qərarı ilə Müəssislər Məclisi buraxıldı. Müəssislər Məclisini müdafiə etmək məqsədilə təşkil edilən nümayiş bolşeviklər tərəfindən gülləbaran edildi. 1918-ci il yanvar ayının 10-da III Ümumrusiya Sovetlər qurultayı açıldı. Tezliklə kəndli deputatları ilə birləşən sovetlər qurultayı «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsi»ni təsdiq etdi və Rusiya Sovet Sosialist respublikasının adı dəyişdirilərək Rusiya Sovet Federativ Sosialist Respublikası oldu.
1918-ci il iyulun 10-da V Sovetlər qurultayı RSFSR-in birinci Konstitusiyasını qəbul etdi. Bu sənədin əsasını «Zəhmətkeş və istismar olunan xalqın hüquq Bəyannaməsi» təşkil edirdi. Keçmiş istismarçı siniflərin nümayəndələri, din xadimləri, zabitlər, polis xəfiyyələri seçki hüququndan məhrum edilirdi. Fəhlə sinfi nümayəndəsinin 1 səsi kəndlinin 5 səsinə bərabər tutulurdu. Seçkilər ümumi, birbaşa, gizli və bərabər deyildi. Konstitusiya siyasi azadlıqlar söz, mətbuat, yığıncaq, nümayiş, yürüş azadlığı elan edirdi. Lakin real həyatda bu öz təsdiqini tapmırdı. Bundan başqa, 1918-ci il Konstitusiyasına görə əmlak sahibi olan siniflər və onların partiyaları siyasi həyatda iştirak etmək imkanından məhrum idi.
Siyasi mövqeyinə uyğun olaraq bolşevik rəhbərliyi xüsusi mülkiyyətin tamamilə ləğv edilməsinə səy göstərirdi. 1917-ci il noyabrın 14-də bütün xüsusi sənaye müəssisələri üzərində fabrik-zavod komitələri vasitəsilə fəhlə nəzarəti qoyuldu ki, bu da sənayenin milliləş-dirilməsinin mühüm şərti oldu. Dekabrın 14-də bütün xüsusi banklar milliləşdirildi. Bunun ardınca dəmir yol nəqliyyatı, rabitə vasitələri milliləşdirilərək dövlətin nəzarəti altına alındı.
1917-ci ilin sonu — 1918-ci ilin əvvəllərində bir sıra iri sənaye müəssisələri milliləşdirildi və beləliklə iqtisadiyyatda dövlət bölməsi yarandı. Bu bölməyə isə 1917-ci il dekabrın 2-də yaradılmış Ali Xalq Təsərrüfatı Şurası rəhbərlik edirdi. Müəssisələrin dövlət nəzarətinə keçməsi «dövlət sosializminin» əsasını qoyur və «fabrik-fəhlələrə» şüarının sosial demoqogi-yadan başqa bir şey olmadığını göstərdi. 1917-ci il oktyabrın 29-da XKS 8 saatlıq iş günü, 18 yaşına çatmamış şəxslər üçün altı saatlıq iş günü müəyyən edən dekret qəbul etdi. N.A.Se-maşkonun rəhbərliyi ilə 1918-ci ilin iyulunda Xalq Səhiyyə Komissarlığı yaradıldı. 1918-ci il yanvar ayının 21-də Sovet dövləti Çar hökuməti və Müvəqqəti hökumətin 50 milyard manat məbləğində olan dövlət borclarını ləğv etdi ki, bunun da 16 milyard manatı xarici borclar idi.
1917-ci il noyabrın 2-də XKS «Rusiya xalqlarının hüquq Bəyannaməsi»ni elan etdi ki, burada da Rusiya xalqlarının bərabərliyi və suverenliyi, onların öz müqəddaratını təyin etmək və müstəqil dövlətlərini yaratmaq hüququ təsbit olundu. 1917-ci ilin dekabrında Sovet hökuməti Ukrayna və Finlandiyanın, 1918-ci ilin avqustunda Polşanın, dekabrda Latviya, Litva və Estoniyanın, 1919-cu ilin fevralında isə Belarusiyanın müstəqilliyini tanıdı. Lakin işdə bolşevik rəhbərliyi Rusiyanın parçalanmasının qarşısını almağa çalışırdı. Yerli partiya orqanlarından istifadə edərək sovet hakimiyyətinin milli rayonlarda bərqərar olmasını təmin etmək məqsədilə Sovet dövləti onlara hərtərəfli maliyyə, maddi və hərbi kömək göstərirdi.
Xarici siyasət sahəsində gənc Sovet dövlətinin qarşısında duran əsas vəzifə ölkənin müharibədən çıxmasını təmin etmək idi. Odur ki, 1917-ci il dekabrın 3-də Brest-Litovskidə Sovet Rusiyası ilə alman bloku-Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan arasında danışıqlar başladı. Gərgin danışıqlardan sonra nəhayət dekabr ayının 15-də Sovet Rusiyası ilə Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında 28 günlük barışıq imzalandı. Barışıqdan istifadə edən Sovet hökuməti bir daha Antanta ölkələrini sülh danışıqlarına cəlb etmək istəsə də buna nail ola bilmədi, çünki bu ölkələr Rusiyanı müharibədə saxlamaq məqsədilə Brest-Litovsk danışıqlarına mane olmağa çalışırdı.
Dekabr ayının 22-də Sovet Rusiyası nümayəndələri A.A.İoffenin rəhbərliyi ilə Alman bloku ölkələrinin nümayəndələri ilə sülh haqqında danışıqlara başladılar. Sovet nümayəndə heyəti bir daha Sülh haqqında Dekretin prinsiplərini özündə əks etdirən fikirləri danışıqlarda səsləndirdi. Dekabrın 28-də sülh haqqında danışıqların birinci mərhələsi başa çatdı və 1918-ci il yanvarın 9-da ikinci mərhələ başlandı. Bu danışıqlarda sovet nümayəndə heyətinə L.D.Trotski başçılıq edirdi. Alman nümayəndə heyətinin rəhbəri Fon Külman çıxış edərək göstərdi ki, Antanta ölkələri danışıqlarda iştirak etmədiyi üçün «ilhaqsız və təzminatsız» sovet sülh təklif! qəbul edilə bilməz, indi söhbət yalnız separat sülh haqda gedə bilər. Almanların irəli sürdüyü general «Hofman xətti» şərti adı almış plana görə Polşa, Litva, Belarusiya, Ukrayna, Latviya, Estoniyanın bir hissəsi tutulurdu. Eyni zamanda Moozund adaları və Riqa körfəzi almanların əlində qalırdı. Bu plan keçmiş Rusiya imperiyasının 150 min kv.km ərazisini zəbt etməyi nəzərdə tutan bir sənəd idi.
Almaniyanın irəli sürdüyü ağır şərtlər müzakirə edilərkən həm Sovet hökuməti, həm də bolşevik rəhbərliyi arasında ciddi fikir ayrılığı aşkar oldu. Sol eserlər belə hesab edirdilər ki, bu şərtləri qəbul etmək satqınlıqdır və inqilabı müdafiə etmək üçün hərbi əməliyyatları davam etdirmək lazımdır. Onlar danşıqlarda iştirak etməkdən imtina etdilər və öz nümayəndələrini sovet nümayəndə heyətinin tərkibinə daxil etmədilər. V.İ.Lenin köhnə ordunun döyüş qabiliyyətini itirdiyini nəzərə alaraq sovet hakimiyyətini saxlamaq üçün alman təklifini danışıqsız qəbul etməyi təkid edirdi. «Sol» kommunistlər N.İ.Buxarin, K.B.Radek, Q.L.Pyatakov, F.E.Dzerjinski danışıqlara getməməyi və dünya inqilabının qələbəsi məqsədilə alman milli-tarizminə qarşı mübarizəni gücləndirməyi tələb edirdilər. L.D.Trotski «Nə sülh, nə müharibə!» şüarını irəli sürdü ki, bu da hərbi əməliyyatları dayandırmaq və müqaviləni imzalamaqdan imtina etmək demək idi. Sovetin nuümayəndə heyətinin başçısı L.D.Trotski N.V.Krı-lenkoya teleqram göndərdi və müharibənin dayandırılması, ordunun tərxis edilməsi haqqında əmr verilməsini tələb etdi. Özü isə nümayişkaranə surətdə Bresti tərk edərək bildirdi ki, belə soyğunçu sülh müqaviləsini imzalamayacaq. Bundan istifadə edən alman komandanlığı barışıq şərtlərini pozaraq 1918-ci il fevral ayının 18-də bütün rus-alman cəbhəsi boyu hücuma keçdi. Köhnə ordu qalıqlarını məğlub edən düşmən qoşunları bir neçə gün ərzində Latviya və Estoniyanı, Ukraynanın xeyli hissəsini, Dvinsk, Minsk, Polotsk şəhərlərini tutdular.
Belə bir ağır vəziyyətdə V.İ.Leninin təkidi ilə XKS fevralın 19-da Almaniyanın şərtlərini qəbul etdi və danışıqlara getməyi təklif etdi. Eyni zamanda hökumət düşmən hücumunun qarşısını almaq məqsədilə fevralın 21-də «Sosialist vətəni təhlükədədir!» dekretini qəbul etdi. Bu bütün qüvvələri işğalçılarla mübarizəyə səfərbər etdi. Nəticədə 1918-ci il fevralın 23-də Qırmızı Ordu düşməni Pskov yaxınlığında dayandırdı.
Nəhayət, 1918-ci il martın 1-də Brest-Litovskidə sülh konfransının iclası yenidən başlandı. Sovet nümayəndə heyətinə Q.Y.Sokolnikov rəhbərlik edirdi. G.V.Çiçeren, Q.İ.Petrovski, L.M.Karaxan nümayəndə heyətinə daxil idi. Çiçerin Georgi Vasileviç (18721936) 1905-ci ildən RSDFP-nin inqilabı hərəkatının iştirakçı, 1918-ci ildən isə bolşevik partiyasının üzvü olub. Peterburq Universitetinin məzmunu olan G.Çiçerin 1918-1930-cu illərdə RSFSR, sonra SSRİ Xarici işlər üzrə xalq komissarı olmuşdur. Xarici ölkələrlə konstruktiv əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olan G.Çiçerin belə hesab edirdi ki, Komintemin rəhbərliyi diplomatiyanın səmərəli fəaliyyətinə mane olur. O, 1927-ci ildə faktiki olaraq XİK-nin işindən kənarlaşdırılmışdır. Yüksək professionallığı və erudisiyası ilə seçilən G.Çiçerin Motsart yaradıcılığının dərin bilicisi olaraq həm də mahir piano ifaçısı olub.
Alman nümayəndəliyini isə Fon Rozenberq və general Hofrnan təmsil edirdi. Beləliklə, 1918-ci il mart ayının 3-də bir tərəfdən Sovet Rusiyası, digər tərəfdən Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə arasında 14 maddədən ibarət sülh müqaviləsi imzalandı. Tərəflərin imzaladığı müqaviləyə əsasən Sovet Rusiyasından 46 milyon nəfər əhalinin yaşadığı bir milyon kv.m. ərazi, o cümlədən Polşa, Pribaltika, Belarusiyanın bir hissəsi, Qars, Ərdəhan, Batum alınırdı. Sovet hökuməti öz qoşunlarını Ukraynadan geri çəkməyi, 3 milyard manat təzminat ödəməyi, mərkəzi Avropa ölkələrində inqilabi təbliğatı dayandırmağı öz öhdəsinə götürürdü. Brest müqaviləsinə əlavə olaraq 1918-ci il avqustun 27-də Almaniya Rusiyaya iqtisadi məsələlərə dair müqavilə qəbul etdirdi ki, buna görə Sovet Rusiyası qarşı tərəfə 6 milyard marka təzminat ödəməli idi. (450 ton qızıl)
1918-ci il martın 14-də Moskvada toplanan IV fövqəladə Sovetlər qurultayı böyük səs çoxluğu ilə Brest sülhünü təsdiq etdi. Lehinə 784 nəfər, əleyhinə 261 nəfər səs verdi, 115 nəfər isə bitərəf qaldı. Brest sülhünün bağlanmasına qarşı etiraz əlaməti olaraq sol eserlər martın 15-də Sovet hökuməti tərkibindən çıxdılar. L.D.Trotski Xalq xarici işlər Komissarı vəzifəsindən istefa verdi, onun yerini G.V.Çiçerin tutdu. Bu vaxtdan etibarən Sovet Rusiyasının icraedici orqanlarında təkpartiyalı sistem bərqərar oldu. Bolşeviklərin sol eserlərlə hökumət koalisiyası dağıldı.
Brest sülh müqaviləsi 1918-ci il martın 22-də alman Reyxstaqı tərəfindən bəyənildi, martın 26-da isə Almaniyanın imperatoru II Vilhelm tərəfindən təsdiq olundu. Lakin ağır Brest sülhü uzun çəkmədi, belə ki, Almaniyada baş verən noyabr inqilabı nəticəsində II Vilhelm üsul-idarəsi devrildi. Bundan istifadə edən Sovet hökuməti 1918-ci il noyabrın 13-də Brest-Litovsk müqaviləsini ləğv etdi, itirdiyi ərazilərin çox hissəsini özünə qaytardı.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev