Cəbhədəki ağır vəziyyət Sovet dövlətini məcbur etdi ki, 1918-ci ilin mayından başlayaraq fövqəladə tədbirlər həyata keçirsin. Mayda verilən dekretlə kənd yerlərində ərzağı müsadirə etmək hüququna malik olan xüsusi fəhlə dəstələri təşkil olundu. Eyni zamanda kəndlilərin narazılığından ehtiyat edən hökumət öz sosial bazasın möhkəmlətmək məqsədilə yoxsul komitələri (kombedlər) yaratdılar. Onların əsas vəzifəsi kənd təsərrüfatı məhsullarının toplanmasına kömək etmək idi. Toplanan məhsulun bir hissəsi komitə üzvlərinə çatırdı. Yeni ərzaq siyasəti kəndin təbəqələşməsinə və siyasi cəhətdən bölünməsinə səbəb oldu. Bundan sonra öz hüquqlarının tapdalandığını hesab edən kəndlilərin bir hissəsi «ağ» hərəkata qoşuldu, digər bir hissəsi isə nə «ağları», nə də «qırmızıları» qəbul etməyərək partizan hərəkatında birləşdilər.
Faktiki olaraq «kombedlər» kəndlərdə hakimiyyəti ələ aldılar. Onlar kənd sovetlərini buraxır və ya yenidən seçir, Qızıl Orduya əsgər toplayır, özbaşına olaraq torpaq paylarını yenidən bölüşdürür, kəndliləri kollektiv təsərrüfatlara daxil olmağa məcbur edirdilər. Bütün bunlar isə kəndlilərin yeni hakimiyyətə qarşı narazılığına səbəb olurdu.
1918-ci ilin sonunda «kombed»lər və onların yaratdığı kollektiv təsərrüfatlar buraxıldı. Ərzağın zorla müsadirə edilməsini ərzaq şapalağı əvəz etdi. Buna görə də, kəndlilər taxılın yemək və səpin üçün lazım olan az hissəsini saxlayır, qalan hissələrini sabit qiymətlərlə məcburi dövlətə təhvil verirdilər. 1919-cu il 11 yanvar tarixli Dekretinə müqavimət göstərənlərə və öz taxıl ehtiyatlarını gizlədənlərə qarşı sərt tədbirlər görülür, onların əmlakı müsadirə edilərək azadlıqdan belə məhrum edilirdilər. Çox vaxt ortabab kəndlilər də ərzaq dəstələrinin özbaşınalığının qurbanı olurdu. Bununla bağlı kənddə narazılıq artırdı. Ümumən ərzaq şapalağının tətbiqi uğurlu olmadı. Lakin buna baxmayaraq hakimiyyət orqanları ərzaq şapalağı siyasətini 1921-ci ilin yazına kimi davam etdirdi.
Xalq Komissarları Soveti 1918-ci il noyabrın 21-də ölkə əhalisinin təchizatını təşkil etmək haqqında dekret verdi. Bu sənədə görə bütün ərzağın tədarükü və bölgüsü dövlətin əlinə keçirdi, yəni xüsusi ticarət dövlət bölgüsü ilə əvəz edilirdi. 1920-ci ilin dekabrında isə ərzaq payı, mənzil, kommunal xidmətlər, yanacaq, nəqliyyat, poçt, teleqraf, telefon, hamam haqqı ləğv edilirdi. Bütün bunlar zahirən də olsa kommunizm üçün səciyyəvi olduğuna görə tarixə «hərbi kommunizm» siyasəti adı ilə daxil olmuşdur.
«Hərbi kommunizm» siyasəti dövründə siyasi sahədə RK(b) P-nin bölünməz diktaturası bərqərar oldu. Bolşeviklər partiyası tədricən siyasi təşkilat olmaqdan çıxaraq dövlət aparatı strukturuna çevrildi. Partiya ölkədə, hətta vətəndaşların şəxsi həyatında belə siyasi, ideoloji, iqtisadi və mədəni şəraiti müəyyən etməyə başladı. Bolşeviklərin diktaturasına, iqtisadi və sosial siyasətinə qarşı mübarizə aparan kadet, menşevik, eserlər (əvvəlcə sağ, sonra sollar) partiyası qadağan olundu. Görkəmli ictimai xadimlərin bir hissəsi xaricə mühacirətə getdi, digər bir hissəsi cəza tədbirlərinə məruz qaldı. Siyasi müxalifəti dirçəltmək cəhdlərinin qarşısı zor gücünə alınırdı. Bütün səviyyədə olan sovetlərdə bolşeviklər yenidən seçkilər və qovmaq yolu ilə tam təkhakimiyyətliliyə nail oldular.
Sovetlərin fəaliyyəti bolşevik partiyası orqanlarının göstərişlərini yerinə yetirdiyinə görə formal xarakter daşıyırdı. Partiya və dövlət nəzarəti altına alınan həmkarlar təşkilatları müstəqilliyini itirmişdir. Onlar fəhlələrin maraqlarını qorumaqdan məhrum oldu. Proletariat öz dövlətinə qarşı çıxış etməməlidir saxta şüarı altında tətil hərəkatı qadağan edildi. Elan edilmiş söz və mətbuat azadlığına riayət edilmirdi. Demək olar ki, bolşeviklərə məxsus olmayan bütün orqanlar bağlanmışdır. Nəşriyyat fəaliyyəti əsasən ciddi qaydalara tabe tutularaq son dərəcə məhdudlaşdırılmışdır.
Vətəndaş müharibəsi illərində bolşeviklərin yeritdiyi siyasətdə dövlət terrorizmi mühüm yer tutur. Bunun səciyyəvi cəhəti ondan ibarət idi ki, terror heç bir qanuni əsasa söykənmirdi və məqsədi günahkarın islah olunması üçün profilaktik tədbir görəmək deyil əhali arasında qorxu xofu yaymaq idi. Kütləvi xarakter daşıyan və on minlərlə insanı istintaqsız və məh-kəməsiz ölümə məhkum edən terroru həyata keçirmək Ümumrusiya Fövqəladə Komissiyasına həvalə edilmişdir. 1917-ci il dekabrın 7-də F.Dzerjinskinin sədrliyi ilə fəaliyyətə başlayan ÜFK-sı ilk vaxtlar tədqiqat aparmaq və cəza olaraq isə əmlakdan və ərzaq kartoçkasından məhrum etmək hüququ olan orqan kimi yaradılmışdır. Lakin tezliklə yerli «çekist»lər həbs edilənləri qısa mühakimədən sonra güllələməyə başladılar. Bolşevik rəhbərliyi və o cümlədən V.İ.Lenin bu «xalq terrorunu» bəyəndi. Odur ki, «çekist»lərin sayı durmadan artırdı. 1918-ci ilin aprelində onların sıralarında min nəfər, 1919-cu ilin yanvarında 37 min nəfər, 1921-ci ilin yazında isə 233 min nəfər var idi. 1918-ci il iyunun 6-da ölüm hökmü bərpa edildi. 1918-ci il avqustun 30-da V.İ.Lenin və M.S.Uritskiyə qəsdin təşkilindən sonra edam kütləvi xarakter aldı. Məhz bu zaman rəsmi olaraq qırmızı terror siyasəti başladı. Sentyabr ayının 3-də Petroqradda 500 nəfər girov və şübhəli şəxs güllələndi. 1918-ci ilin sentyabrında 400 yerli Fövqəladə Komissiya Dzerjinskidən belə bir göstəriş aldı ki, «çekist»lər axtarış, həbs və edam fəaliyyətlərində tam müstəqildirlər, yalnız əməliyyatın nəticələri haqqında hesabatı XKS-nə təqdim etməlidirlər. Əlbəttə, yalnız «çekist»lər özbaşınalaq etmirdilər, ağqvardiyaçılar da «qırmızı rayonlarda» «qılınc və odla» qorxu yaradırdılar.
ÜFK inqilaba kimi Rusiyada olmayan iki cəza növünü işə saldı: girov götürmək və islah-əmək düşərgələri. 1918-ci il iyunun 4-də L.D.Trotskinin əmri ilə ilk düşərgə yaradıldı ki, bura da silahların verməkdən imtina edən ağçexlər salındı. Avqust ayında Murom və Arzamasda «təxribatçı, əksinqilabçı zabitlər, sabotajçılar, tüfeylilər və alverçilər» üçün iki düşərgə salındı. 1918-ci il sentyabrın 5-də «qırmızı terror» tüğyan etdiyi bir vaxtda XKS düşərgələrin yaradılmasını bəyənərək elan etdi ki, «sinfi düşmənlərdən Sovet Respublikasının təhlükəsizliyini qorumaq məqsədi ilə onları həbs düşərgələri vasitəsilə təcrid etmək zəruridir». 1919-cu il aprelin 15-də hökumət vermiş olduğu dekretlə düşərgələrin strukturunu təsdiq edərək Daxili İşlər Xalq Komissarlığına tabe olan düşərgələrdə məcburi işlərin şərtləri xırdalığına kimi müəyyən edildi. İki növ düşərgə müəyyən edildi: birincisi tribunalın cəzalandırdığı adamların cəmləşdiyi XDİK, ikincisi inzibati qaydada həbs olunan «mümkün sinfi düşmənlər», «yad elementlər», «tüfeylilər»in yığıldığı ÜFK-nin tabeliyində olan müəssisələr. Bu rəsmi orqanların məlumatına görə 1921-ci il yanvarın 1-də XDİK-nin həbs düşərgələrində 51 min, ÜFK-nin düşərgələrində isə 25 min məhbus var idi. Qeyd etmək yerinə düşər ki, rəsmi orqanların bu rəqəmləri real vəziyyətdə olandan çox aşağı idi.
Mənbə: Slavyan ölkələri tarixi. 1917-2015-ci illər. Ali məktəblərin bakalavriat səviyyəsi üçün dərslik. BDU, Bakı=2016
Müəllif: Tahir Şamil oğlu Baxşəliyev