"L" hərfi ilə başlayan tarix terminləri

"L" hərfi ilə başlayan tarix terminləri

labirint — 1) antik tarixçilərin mürəkkəb və dolaşıq planlı yarımzirzəmi tikililərə verdikləri ad. Qədim tarixçilər dörd labirint — rəvayətə görə, Dedal tərəfindən Minotavr üçün inşa edilmiş (Krit); firon III Amenemhet tərəfindən tikilmiş (Misir); tiran Polikratın əmri ilə qurulmuş (Samos); güman edildiyinə görə, etrusk hökmdarının sərdabəsi olan (İtaliya) labirint haqqında məlumat verirlər. Bunlardan ən məşhuru Krit adasındakı labirintdir; 2) dövrümüzdə «labirint» sözü təkcə dolaşıq planlı tikili mənasını deyil, həm də çıxılması çətin olan dolaşıq vəziyyət, şərait, münasibətlər mənasını verir («ziddiyyətlər labirinti»).

lakonik çıxış (nitq) — Qədim Spartada oğlan və qızlara qısa və aydın danışmağı öyrədirdilər; məsələn: oğlunu müharibəyə yola salan spartalı qadın ona qalxan verərək deyirdi: «Ya bununla, ya da bunun üstündə»; Spartada qalxanı itirmək biabırçılıq sayılırdı, savaşda şərəflə həlak olan döyüşçünün cənazəsini qalxan üzərində gətirirdilər. «Ya qalxanla, ya da qalxan üstündə» sözləri geniş yayılmışdı. Bizim dövrümüzdə qısa və aydın nitqi lakonik, yəni Lakonikadakı kimi adlandırırlar.

Lakonika — Qədim Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərqində vilayət. E.ə. XII əsrdə dorilər tərəfindən işğal olunmuş və onun ərazisində Sparta adlı iri yunan dövləti yaradılmışdı. Dövlətin rəsmi adı Lakedemon idi. Lakonika, Lakedemon və Sparta çox hallarda sinonim kimi istifadə olunur.

Lakşmi-bay — Chansi knyazlığının qadın hakimi (rani), 1857 — 59-cu illər sipahilər üsyanının iştirakçısı, Hindistan qəhrəmanı. 1857-ci ildə sipahilər üsyanı başladıqdan sonra Lakşmi-bay knyazlığa rəhbərlik etmişdir. O, Chansinin ingilis ordusundan müdafiəsinə cəsurluqla rəhbərlik etmiş, sonra isə süvari dəstəyə başçılıq edərək Tanti Topi qoşunları tərkibində ingilislərə qarşı qəhrəmancasına vuruşmuş və Qvalior yaxınlığında döyüşdə öldürülmüşdür.

lama — Tibet (Nepal, Hindistan), Monqolustan və Buryatiyada budda rahibi. Termin VIII əsrdə Tibetdə meydana gəlmişdir. İlk vaxtlar yalnız ali kahinləri lama adlandırırdılar. Sonralar həm Tibetdə, həm də Mərkəzi Asiyanın digər rayonlarında rahibliyi qəbul edən hər kəsə lama deməyə başladılar.

lamaizm — buddizmin cərəyanlarmdan biri; Tibet, Nepal, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya, eləcə də Hindistanın ayrı-ayrı rayonlarında yayılmışdır. Lamaizmdə tərki-dünyalıq və seyrçiliklə yanaşı, magiya və çoxsaylı yerli allahlara etiqad da mühüm yer tutur. Lamaizm üçün ayinçiliyin yüksək inkişafı və şagirdin müəllimə — lamaya tam tabe olması xarakterikdir.

landsknextlər — XV — XVII əsrlərdə muzdlu alman piyadaları.

Lankasterlər — 1399 — 1461-ci illərdə ingilis kral sülaləsi, Plantagenetlərin bir qolu. Al və Ağ qızılgül müharibələri zamanı Lankasterləri Yorklar sülaləsi əvəz etmişdir.

Latın imperiyası — 1204-cü ildə 4-cü səlib yürüşü iştirakçıları tərəfindən işğal olunmuş Bizansda yaradılmış dövlət. Latın imperiyasının paytaxtı -Konstantinopol idi. 1261-ci ildə — Bizans imperatorlarından biri səlibçiləri qovaraq Konstantinopolu tutandan sonra süqut etmişdir.

latınlar — Latsiumda məskunlaşmış qədim italyan tayfalarından biri. Latınlar Roma şəhərinin əsasını qoymuşlar. Romanın yüksəlişi ile Latsiumdakı bütün icma və tayfalar üzərindəki hakimiyyət latınların elinə keçir.

latifundiya 1) Qədim Romada quldarların geniş torpaq mülkləri; 2) yeni və ən yeni dövrdə İspaniya və Latın Amerikası ölkələrində iri xüsusi mülkiyyət torpaqları.

Latsium — qədimdə latınların məskunlaşdığı Orta İtaliyada vilayət. Sonralar Latsium vüayətində Roma şəhəri salınmışdır.

legion — Qədim Roma ordusunda əsas qoşun növü. Legion on koqortadan ibarət olurdu. Müxtəlif vaxtlarda legionda 4500-dən 7000 nəfərədək döyüşçü olurdu.

lend-liz — ABŞ-ın digər ölkələrə — İkinci Dünya müharibəsi illərində antihitlerçi koalisiya müttəfiqlərinə borc və ya icarə ilə silah, sursat, strateji xammal, ərzaq və s. verməsi sistemi.

lendlordlar — Böyük Britaniyada iri torpaq sahibləri.

Lenin (Ulyanov) Vladimir İliç (1870 -1924) — əsas təxəllüsü — «Lenin» adı ilə tanınmışdır, Rusiyanın böyük inqilabçı xadimi, 1897 — 1900-cü illərdə Sibirdə sürgündə olmuşdur. 1900 — 1905 və 1907- 17-ci illərdə mühacirətdə olmuşdur. Rusiyada 1917-ci il Oktyabr çevrilişinin rəhbəri, sovet dövlətinin başçısı. Leninin təklifi ilə 1918-ci il martın 3-də Almaniya ilə separat Brest sülhü imzalandı və Rusiya Birinci Dünya müharibəsindən çıxdı. 1918-ci il avqustun 30-da təşkil edilmiş sui-qəsd nəticəsində Lenin ağır yaralandı və hadisənin günahı onun keçmiş məşuqəsi olan, eser partiyasının üzvü Kaplanın üzərinə qoyuldu. Lenin Kommunist İnternasionalının yaradılmasının təşəbbüskarı idi. Məhz Lenin Rusiyada sənaye, aqrar və mədəni inqilabları, eləcə də ölkənin elektrikləşdirilməsi planlarını işləyib hazırlamışdır. 1921-ci ildə Lenin yeni iqtisadi siyasət (YİS) prinsiplərini irəli sürmüşdür. Leninin rəhbərliyi ilə SSRİ yaradılmışdır. 1922-ci ilin axırlarında Lenin ağır xəstələnmiş və ölümünədək ölkənin idarə edilməsində praktik olaraq fəaliyyət göstərməmişdir, əslində isə rəhbərliyi Stalin öz əlinə keçirmişdir.

Leonardo da Vinçi (1452 — 1519) — böyük italyan boyakarı, heykəltəraş, memar, alim və mühəndis. Ən çox tanınmış əsərləri «Məxfi axşam» və Mona Lizanın «Cokonda» adlandırılan portretidir. Leonardo da Vinçi bir çox kəşflər etmiş, layihələr cızmış, riyaziyyat, təbiyyat elmləri və mexanika üzrə eksperimentlər keçirmişdir. Gələcək metal-prokat, çap, yerqazan, ağac emaledən maşınların konstruksiyaları haqqında fərziyyələr söyləmişdir. Sualtı qayığın, dalğıc paltarının, tankın, uçan aparatların, paraşütün düzəldilməsi ideyaları da Leonardo da Vinçiyə məxsusdur. Ömrü boyu dərbədər gəzmiş, Fransada vəfat etmişdir.

Leonid (e.ə. 507 — 480) — Sparta çarı. E.ə. 480-ci ildə Əhəməni şahı Kserksin Yunanıstana yürüşü zamanı birləşmiş yunan qoşunlarına başçılıq etmişdir. Fermopil yaxınlığındakı döyüşdə o, birləşmiş yunan ordusunun əsas qüvvələrinin geriyə çəkilməsinə şərait yaratmaq üçün 300 nəfərlik spartalı dəstəsi ilə Əhəməni ordusunun qarşısını kəsmiş və həlak olmuşdur. Tarixə qəhrəmanlıq və şücaət rəmzi kimi daxil olmuşdur.

Leta — qədim yunan mifologiyasında yeraltı dünyada axan çay. Ölənlərin ruhu Letanın suyundan içdikdən sonra Yer üzərindəki həyatı unudurdular. Məcazi mənada «Letada batmaq» — «izi-sorağı qalmamaq», «heç bir əsər-əlamət qalmamaq», «yox olmaq» deməkdir.

levellerlər (ing. «bərabərçilik tərəfdarları») — İngiltərə burjua inqilabı dövründə İngiltərədə radikal siyasi partiya (1647-ci ilə kimi independentlərin sol cinahı). Lilbernin rəhbərlik etdiyi levellerlər partiyası əsas etibarilə ortabab şəhər sakinlərini, kəndin varlı əhalisini, «yeni tipli» ordunun əsgərlərini birləşdirirdi. Levellerlər respublika yaradılması, bütün vətəndaşların siyasi hüquqlarının bərabərləşdirilməsi, ümumi seçki hüququ verilməsi (kişilər üçün), eyni zamanda, xüsusi mülkiyyətin ləğv edilməməsi uğrunda çıxış edirdilər və diggerlərdən uzaqlaşdılar. 1649-cu ildə independentlərlə mübarizədə məğlubiyyətə uğradılar.

Lənkərani Ramazan — XV əsr Azərbaycan alimi və təbibi.

ləzgilər — Azərbaycan Respublikasının şimal-şərq rayonlarında və Dağıstanın (Rusiya Federasiyasi) cənub-şərq həmsərhəd rayonlarında yaşayan xalq. Ləzgilərin dili Qafqaz dil ailəsinə aiddir. Ləzgilər islamın sünni təriqətinə etiqad cdirlor. Ləzgilərin əksəriyyəti Azərbaycan və rus dillərini bilir. Ləzgilər antik mənbələrdə leq tayfaları adı ilə xatırlanılır. IX — X əsrlər ərəb mənbələrində Cənubi Dağıstan ərazisində lakzların çarlığı haqqında məlumat verilir. XIX əsrədək ləzgilər Azərbaycan ərazisindəki Dərbənd və Quba xanlıqlarının tərkibinə, eləcə də «azad icmalar» adlandırılan camaatlara daxil idilər.

liberal — 1) ilkin mənada — azadfikirli; bəzən həddən ziyadə güzəştə gedən insan; 2) liberalizmin davamçısı və tərəfdarı.

liberalizm — 1) feodalizm quruluşu və mütləq monarxiya ilə kəskin mübarizə dövründə sənaye burjuaziyasının maraqlarını ifadə edən siyasi və ideoloji cərəyan. Liberalizm monarxın hüquqlarının parlament tərəfindən məhdudlaşdırılmasını, konstitusiya qəbul edilməsini, dövlətin idarə olunmasında burjuaziyanın iştirak etməsinə icazə verilməsini, bir sıra demokratik azadlıqlar (“liberal” adı buradan götürülmüşdür — ing. «liberty» — «azadlıq») verilməsini tələb edirdi. Fəhlələrin inqilabi hərəkatının yüksəlişi gedişində liberallar irtica ilə danışıqlar yolunu seçdilər və özlərinin mütərəqqi xüsusiyyətlərini itirdilər; 2) məcazi mənada: ictimai həyatın mənfi təzahürləri ilə fəal mübarizə apara bilməmək, prinsipsiz sazişçilik mövqeyi tutmaq, zərərli laqeydlik, səhlənkarlıq.

Lidiya — Kiçik Asiyanın qərbində qədim dövlət.

Likey (lisey) — Afinanın kənarında, Apollonun məbədi yaxınlığında yerləşən qədim yunan fəlsəfi məktəbinin adı. Likey (lisey) e.ə. 335-ci ildə Aristotel tərəfindən yaradılmış və səkkiz yüz ilədək fəaliyyət göstərmişdir.

liqa — ictimai-siyasi birlik, ittifaq, ayrı-ayrı adamların, təşkilatların, dövlətlərin cəmiyyəti.

Lilbern Con (1614 — 57) — İngiltərə burjua inqilabı dövründə levellerlərin ideoloqu və rəhbəri. Lilbern ümumi seçki hüququnun (kişilər üçün) tərəfdarı idi. Hələ inqilabdan əvvəl Lilbern camaat qarşısında qamçılanmış və rüsvay edilmişdi, lakin inqilab ərəfəsində parlamentin qərarı ilə həbsdən azad olunmuşdu. Lilbern parlament ordusunun zabiti olmuş, sonra isə presviterianlar və independentlər tərəfindən təqib edilmişdir. 1652-ci ildə İngiltərədən sürgün edilmiş, 1653-cü ildə vətənə qayıtdıqdan sonra isə həbs olunmuşdur.

linçləmə («Linç məhkəməsi») — XVIII əsrdə ABŞ-da şübhəli bilinənin, əsasən zəncilərin və mütərəqqi xadimlərin istintaqsız və məhkəməsiz cəzalandırılması. Virciniya plantatoru Ç.Linçin adı ilə adlandırılıb. «Linç məhkəməsi»nə görə, bir dəstə adam hər hansı sahədə günahlandırılan insanı (əksər hallarda onun özünə bəraət qazandırmasını dinləmədən) ləngimədən öldürürdü. ABŞ-da «Linç məhkəməsi» uzun müddət — XX əsrədək mövcud olmuşdur.

Linkoln Avraam (1809 — 65) — ABŞ-ın 16-cı prezidenti (1861 — 65), Respublikaçılar partiyasının yaradıcılarından biri (1854); ABŞ-da köləliyin ləğv edilməsinə çağırırdı. Yoxsul fermer ailəsində dünyaya göz açmışdır. Gəncliyində çox peşələr dəyişmiş, sonra isə vəkil olmuşdur. Linkoln sadə adamlarla yaxınlığı, gözəl natiqlik istedadı, düzgünlüyü və namusluluğu ilə geniş kütlələrin rəğbətini qazanmışdı. O, ABŞ-ın mənşəcə quldar olmayan ilk prezidenti idi. Şimal ilə Cənub arasında vətəndaş müharibəsi zamanı — 1862-ci ilin sonunda Linkolnun hökuməti köləliyin ləğv edilməsi və homstedlər haqqında qanunlar qəbul etdi; müharibənin inqilabi üsullarla aparılması yollarını tutdu ki, bu da nəticədə cənubluların ordusunun darmadağın edilməsi ilə başa çatdı. 1865-ci il aprelin 14-də — cənubluların təslim edilməsindən 5 gün sonra quldarlar tərəfindən təşkil olunmuş sui-qəsd nəticəsində öldürüldü. Linkolnun adı amerikan xalqının inqilabi ənənələr rəmzidir.

Livoniya müharibəsi — 1558 — 83-cü illərdə Rusiya, İsveç, Polşa və Böyük Litva knyazlığının (1569-cu ildən — Reç Pospolita) Baltik dənizinə çıxış uğrunda zəifləmiş Livoniya ordeninə qarşı müharibəsi. Müharibənin 1561-ci ilədək davam edən birinci mərhələsi Livoniya ordeninin darmadağın olunması ilə başa çatdı. 1578-ci ilə kimi davam edən ikinci mərhələdə müharibə müxtəlif tərəflərin üstünlüyü ilə keçdi. Üçüncü mərhələdə isə rus qoşunları müdafiə xarakterli döyüşlər aparırdılar (Pskov və s.-nin qəhrəmancasına müdafiəsi). Savaş Rusiyanın məğlubiyyəti ilə başa çatdı.

lobbi — iri inhisarların və ya mütəşəkkil qrupların ABŞ-ın qanunverici orqanlarında satınalma, şantaj və s. yolu ilə qanunvericilərə və dövlət məmurlarına qərarların (qanun layihələrinin, hökumət sifarişlərinin, maliyyə yardımlarının) maraqlarını təmsil etdikləri təşkilatların xeyrinə qəbul etdirilməsi məqsədi ilə təzyiq göstərən idarə və agentliklər sistemi.

lokal — yerli, müəyyən hüdudlardan kənara çıxmayan.

lokal müharibələr — dünya müharibələrindən fərqli olaraq ayrı-ayrı ölkələri və ya məhdud ərazini əhatə edən müharibələr.

lokaut — sahibləri tərəfindən müəssisələrin bağlanması və fəhlələrin kütləvi surətdə işdən çıxarılması. Lokautdan tətilin qarşısını almaq və ya onu yatırmaq, fəhlələri irəli sürdükləri tələblərdən imtina etmək və müəssisə sahibinin şərtlərini onlara qəbul etdirmək məqsədi ilə istifadə olunur.

Lomonosov Mixail Vasilyeviç (1711 -55) — müasir rus ədəbi dilinin banisi, rəssam, tarixçi, ümumdünya səviyyəli ilk rus təbiətşünas alimi. Arxangelsk yaxınlığındakı Xolmoqorı kəndində balıqçı ailəsində anadan olmuşdur. 19 yaşında kənddən oxumağa getmişdir. 1745-ci ildə Lomonosov ilk rus akademiki olmuşdur. 1748-ci ildə Lomonosovun təkidi ilə Rusiya Elmlər Akademiyası yanında ilk elmi-tədqiqat kimya laboratoriyası yaradılmışdır. Lomonosov cisimlərin quruluşu haqqında atom-molekulyar təsəvvürləri inkişaf etdirərək bildirirdi ki, istilik korpuskulun fırlanma hərəkəti ilə bağlıdır. O, maddə kütləsinin və enerjinin saxlanması qanunlarını təcrübədə sübuta yetirmiş, atmosferdəki elektrik hadisələrini və ağırlıq qüvvəsini tədqiq etmiş, bir sıra optik cihazlar yaratmış, Venera planetində atmosfer olduğunu aşkarlamış, Yerin quruluşunun təsvirini vermiş, bir çox faydalı qazıntıların və mineralların mənşəyini izah etmişdir.

lord — 1) Böyük Britaniyada irsi zadəgan titulu; 2) Böyük Britaniyada bir sıra yüksək vəzifəli şəxslərin adları (məs.:lord-kansler, lord-mer və s.).

loyallıq — 1) hakimiyyət orqanlarının qanun və tələblərinin yerinə yetirilməsi; 2) ehtirassız münasibət, səliqəlilik, neytrallıq, hər hansı qəbahətli, çirkin və xoşagəlməz işdən çəkinmək.

Loyola İqnati (1491 — 1556) — ispan zadəganı, yezuitlər ordeninin (1540) banisi. Loyola Roma papası və katolik dininin qatı tərəfdarı idi, o, ordenin təşkilatı və mənəvi prinsiplərini işləyib hazırlamışdı. Yezuitlər ordenini yaratdığına görə Loyola katoliklərin müqəddəsləri siyahısına daxil edilmişdir.

ludçular — fəhlələr — istehsalatda maşından istifadə olunmasına və kapitalist istismarının güclənməsinə qarşı ilk kortəbii çıxışların iştirakçıları. Ludçular hərəkatı Böyük Britaniyada sənaye çevrilişi dövründə işsizliyin artmasına və ixtisassız fəhlələrin əmək haqqının azaldılmasına qarşı reaksiya kimi meydana gəlmişdir. Onlar, guya, arzuolunmaz dəzgahı birinci sındırmış əfsanəvi usta köməkçisi Ned Luddun adı ilə ludçular adlandırılmışlar. Maşın tətbiq edilməsinin işsizliyə səbəb olduğunu görən bəzi fəhlələr öz bəlalarının mənbəyini məhz maşında görürdülər. Maşınları və fabrik binalarını dağıdan ludçular kapitalistləri güzəştə getməyə məcbur etmək ümidində idilər. Hərəkat ən çox 1811 — 12-ci illərdə geniş yayılmışdır. Parlament maşınları sındıranlara ölüm cəzası tətbiq edilməsi haqqında qərar qəbul etmişdi. Ludçular hərekatı qoşunun qüvvəsi ilə yatırılmışdı.

Lukretsi, Tit Lukretsi Kar — e.ə. I əsr Qədim Roma şairi. "Şeylərin təbiəti haqqında" fəlsəfi poemanın müəllifidir.

lullubilər — Cənubi Azərbaycan ərazisində məskunlaşmış qədim tayfalar. Mənbələrdə lullubi tayfaları haqqında ilk məlumatlar e.ə. XXIII əsrə aiddir. Lullubilərin məskunlaşdıqları əyalətlər mənbələrdə Lul-lubum adlandırılır. Lullubi tayfaları hökmdar Anubanininin dövründə xüsusilə güclənmiş və ərazilərini genişləndirmişdilər. Cənubi Azərbaycan ərazisində lullubilərin adı e.ə. I əsrədək xatırlanır.

«Luristan tuncu» — «Luristan tuncu» adlandırılan mədəniyyət; qədim Azərbaycanın kassit tayfalarının mədəniyyətini əks etdirir. «Luristan tuncu» abidələrinin əksəriyyəti e.ə. II minilliyin ikinci yarısına aid edilir. Luristan məmulatlarının ən xarakterik əlamətləri onların mifoloji və magiya məzmunlu mürəkkəb bəzək sistemli olmasıdır. Onlar stilləşdirilmiş insan və heyvan fiqurlarından ibarətdir. Kassit rəmzləri və təsvirləri Babil möhürlərində də aşkar edilmişdir. Bunlar xaç (Luristan məmulatlarında da olan günəş rəmzi), rombşəkilli qadınlıq rəmzi, qanadlı qrifonlar və s.-dən ibarətdir. Luvr — Fransa krallarının keçmiş sarayı, 1793-cü ildən bədii muzey; dünyanın ən böyük bədii muzeylərindən biri. Luvrun sərvətləri altı şöbədən ibarətdir: Qədim Şərq, Qədim Misir, Qədim Yunanıstan və Qədim Roma, heykəltəraşlıq (orta əsr, Renessans dövrü və sonrakı dövrlər), boyakarlıq və rəsm, dekorativ-tətbiqi sənət.

Lübek — Almaniyada XII əsrda Baltik dənizi sahilində salınmış liman şəhəri. 1226-cı ildən azad şəhər olmuşdur. Şimali Almaniya, sonralar isə Şimali Avropa ticarətində aparıcı yer tutmuşdur. XIII — XV əsrlərdə Lübek Qanzaya başçılıq etmişdir. 1815 — 1937-ci illərdə azad şəhər idi.

lümpen-proletariat — 1) Qədim Romada yoxsul, lakin çoxlu uşaqları olan vətəndaşlar. Lümpen-proletarlara etibar etmədikləri üçün onları Roma ordusunda xidmətə çağırmırdılar; 2) yeni və ən yeni dövrdə cəmiyyətin pozğun ünsürləri.

Lüter Martin (1483 -1546) — rahib, alirn; onun 1517-ci ildə Vittenberqdə indulgensiyaya qarşı «95 tezis»lə çıxışı ilə Almaniyada Reformasiya hərəkatı başlanmışdır. Bürgerliyin ideoloqu, lüteranlığın banisidir. Ümumalman ədəbi dili normalarını yaratmaqla Bibliyanı alman dilinə tərcümə etmişdir.

lüteranlar — Lüterin dininin davamçıları. Katolik etiqadı ilə yanaşı, lüteranlıq Almaniyada 1955-ci ildə rəsmi din kimi qəbul edildi. Hazırda AFR, İsveç, Danimarka, Finlandiya, Norveç, İslandiya və Baltikyanı ölkələrdə, habelə ABŞ-da lüteranlar vardır.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top