"Q" hərfi ilə başlayan tarix terminləri

"Q" hərfi ilə başlayan tarix terminləri

Qacarlar — İranda türk sülaləsi (1796 — 1925). Sülalənin banisi — mənşəcə türk qacar tayfasından olan Ağa Məhəmməd şah Qacardır. 1925-ci ildə İranda Qacarlar sülaləsini Pəhləvilər sülaləsi əvəz etmişdir.

qaçaq — Azərbaycanda yerli feodallara və çar məmurlarına qarşı mübarizə aparan silahlı kəndli dəstələrinin iştirakçısı. Öz kəndlərindən dağlara və meşələrə qaçan kəndlilər xırda silahlı dəstələrdə birləşərək yerli feodalların və çar məmurlarının üzərinə hücum edir, onların əmlakını alıb yoxsullara paylayırdılar. Yerli əhali qaçaqları müdafiə edir və gizlədirdi. XIX əsrin sonları — XX əsrin əvvəllərində qaçaq hərəkatı Şimali Azərbaycanda geniş yayılmışdı.

Qaçaq hərəkatı — XIX əsrin sonu — XX əsrin ilk rübündə Şimali Azərbaycan kəndlilərinin yerli feodallara və çar hökumətinin milli-müstəmləkə zülmünə qarşı silahlı mübarizə forması. Qaçaq hərəkatı, demək olar ki, Şimali Azərbaycanın bütün ərazisini əhatə etmişdir. Qaçaq hərəkatı XIX əsrin 90-cı illərində xüsusilə geniş yayılmışdı. Dəli Əli və Qənbər Gəncəbasarda, Süleyman və Murtuz Qarabağda, Qaçaq Yusif Zaqatala dairəsində, Qaçaq Nəbi Zəngəzurda, Qaçaq Kərəm Qazaxda və b. çox tanınmışdılar. Qaçaq Nəbi Azərbaycanda xüsusilə tanınan şəxs idi. Qaçaq hərəkatı 1905 — 1907-ci illər birinci rus inqilabı dövründə yenidən gücləndi. Zaqatala dairəsində Qaçaq Yusifin, Gəncə və Qazaxda - Qandal Nağı və Ləzgi Həsənin, Göyçay və Şamaxı qəzalarında Qaçaq Zahidin dəstələri xüsusilə uğurlu fəaliyyət göstərirdi. Birinci Dünya müharibəsi ərəfəsində Qandal Nağı və Məşədi Yolçunun qaçaq dəstələri var idi, Gəncədə Qatır Məmmədin dəstəsi məşhurlaşmışdı. 1914-cü ildə Qatır Məmməd həbs edilib Sibirə sürgün olundu. Birinci Dünya müharibəsinin başlanması Azərbaycanda qaçaq hərəkatını dayandırdı.

Qaçaq Nəbi — Yelizavetpol quberniyası Zəngəzur qəzasının Aşağı Mollu kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə 7 uşaq olduğundan dolanışıqları çox çətin idi. Nəbinin 16 yaşı olanda bəy onun atasını döymüşdür. Gənc Nəbi bəyin üzərinə atılmış, sonra bəyin şikayəti əsasında polis 1890-cı ildə Nəbini həbs etmişdir. Həbsxanadan qaçan Nəbi silahlı kəndli dəstəsi toplayıb, bəylərə və çar məmurlarına qarşı mübarizə təşkil etmişdir. Bir çox illər ərzində Qaçaq Nəbinin dəstəsi Zəngəzur və Naxçıvan qəzalarında xalq zülmkarlarına zərbələr endirmişdir. Çar cəza dəstələri onun qaçaq dəstəsini dağıda bilmirdi. Yalnız Qaçaq Nəbi 1896-cı ildə Kərbəladan qayıdarkən İranda xaincəsinə öldürüləndən sonra onun dəstəsi dağıdıldı. Xalq Qaçaq Nəbi haqqında dastan yaratmış, mahnılar qoşmuşdur.

Qafqaz Albaniyası — Şimali Azərbaycan ərazisində qədim dövlət. E.ə. IV əsrin sonları — III əsrin əvvəllərində formalaşdığı ehtimal olunur. Qafqaz Albaniyası şimalda Qafqaz sıra dağları, şərqdə Xəzər dənizi, qərbdə İberiya, cənub-qərbdə Ermənistan, cənubda isə Atropatena ilə həmsərhəd idi. Qədim Qafqaz Albaniyası müasir Azərbaycan Respublikası, Rusiya Federasiyasının Cənubi Dağıstan və Gürcüstan Respublikasının Alazan vadisini əhatə edirdi. Yazılı tarixi mənbələrin məlumatına görə, Qafqaz Albaniyasında 26 alban tayfası məskunlaşmışdı. Torpaqların müstəsna münbitliyi əkinçiliyi alban əhalisinin ən mühüm məşğuliyyəti etmişdi. Əlverişli şərait burada həm də maldarlığın inkişafına imkan yaratmışdı. Sənətkarlıq sahəsində metallurgiya, saxsı, şüşə istehsalı və toxuculuq yüksək səviyyədə idi. Su və quru beynəlxalq ticarət yolları Qafqaz Albaniyasından keçirdi. E.ə. III əsrdən Qafqaz Albaniyasında Makedoniyalı İsgəndərin sikkəsinə bənzər yerli gümüş sikkələrin zərb edilməsinə başlanılmışdı. Mənbələrdə Qafqaz Albaniyasında 29 iri şəhərin — Ayniana, Albana, Anariaka, Gelda, Kabalaka, Niqa, Şamaxiya və s. şəhərlərin olması haqqında məlumat verilir. Qədimlərdə Qafqaz Albaniyasının ən iri şəhəri və paytaxtı Kabalaka (müasir Qəbələ) şəhəri olmuşdur. Qafqaz Albaniyasını hökmdar (çar) idarə edirdi. Mənbələrdən bizə məlum olan ilk alban hökmdarı Oroys olmuşdur. Hökmdardan sonra ən hörmətli şəxs Ay ilahəsi — münbitlik ilahəsi məbədinin kahini idi. Strabon İberiya sərhədinə yaxın olan albanların Ay məbədinin və burada insan qurban verilməsi adətinin təsvirini verir. Albanlar icma allahlarının digər qədim inanclarına da sitayiş edirdilər. Hərbi əyanlarla yanaşı, kahinlər Qafqaz Albaniyasının həyatında mühüm rol oynayırdılar. Məbədlərin geniş torpaq sahələri - hiyera xora və asılı kəndliləri — hiyerodulları var idi. Qədim Qafqaz Albaniyasında istehsalçıların böyük əksəriyyəti azad adamlar idi. Yunanıstanda və Romadakı kimi geniş olmasa da, təsərrüfatın bir sıra sahələrində qul əməyindən istifadə olunurdu.

Ermənistanın romalılar tərəfindən tutulmasından sonra onlar zəngin Qafqaz Albaniyasını da işğal etmək və Hindistandan Xəzər vasitəsilə Qara dənizədək olan su ticarət yolunu nəzarət altına almaq istədilər. E.ə. 66 — 65-ci illərdə Roma sərkərdəsi Pompey albanlara iki dəfə zərbə endirsə də, Qafqaz Albaniyasını özünə tabe edə bilmədi. Pompeylə olan birinci savaşa alban hökmdarı Oroys, ikincisinə isə onun qardaşı Kozis başçılıq edirdi. E.ə. 38-ci ildə Roma hökmdarlarından olan Antoninin sərkərdəsi Kanidi də Qafqaz Albaniyasını Zoberin hakimiyyəti illərində özünə tabe edə bilmədi. Eramızın başlanğıcında digər Cənubi Qafqaz ölkələrində olduğu kimi, Parfiyanın Qafqaz Albaniyasında, eləcə də Atropatenada nüfuzu artmağa başlayır və burada Parfiya Arşakilər sülaləsinin kiçik qolıı hakimiyyətə gəlir. Alban tarixçisi Moisey Kalankatlının qeyd etdiyi ənənəyə görə, eramızın I əsrində Qafqaz Albaniyası hökmdar Aran tərəfindən idarə olunurdu. Alban tarixçisinin verdiyi məlumata görə, bu zaman Qafqaz Albaniyasının ərazisi Araz çayından Xunarakerto, yəni İberiyayadək çatırdı. Eramızın I əsrinin 90-cı illərində romalılar hətta Qobustanadək gələ bilmişdilər. Romalıların dəfələrlə Qafqaz Albaniyasını tutmaq cəhdlərinə baxmayaraq, ölkə öz müstəqilliyini qoruya bilmişdir. I — III əsrlərdə alan tayfaları Qafqaz Albaniyasına tez-tez yürüşlər etmişlər. Alanların yürüşləri nəticəsində Qafqaz Albaniyasının bir çox şəhərləri dağıdılmış, vilayətləri talan edilmişdir. II — III əsrlərdə Roma imperatorları alban hökmdarları ilə dostluq münasibətləri saxlamağa çalışırdılar, hərçənd sonuncular «onların yanına gəlməkdən imtina edirdilər». II əsrin birinci yarısında alban hökmdarı Farasman müharibəyə başlayıb Atropatenanı məğlubiyyətə uğratdı və Ermənistana soxuldu. 227-ci ildə Dərbənd keçidini aşan hunlardan və sabirlərdən ibarət türk tayfalarının ilk dəstələri Xəzər dənizi sahilləri ilə Qafqaz Albaniyasına və Atropatenaya yürüşlər etməyə başladılar.

Digər Cənubi Qafqaz ölkələri kimi, Qafqaz Albaniyası da 262-ci ildə Sasanilər dövlətinin tərkibinə daxil edildi. Lakin Qafqaz Albaniyası özünün nisbi müstəqilliyini və Arşakilər sülaləsinin kiçik qolundan olan hökmdarlarını saxlaya bilmişdi. III əsrin sonları — IV əsrdə Qafqaz Albaniyasının şimalında hun tayfaları məskunlaşmışdı. 313-cü ildə alban hökmdarı Urnayrın hakimiyyəti illərində alban əyanları xristianlığı qəbul etdilər, lakin xalq arasında hələ də bütpərəstlik və zərdüştilik geniş yayılmışdı və bunlar alban xristian hökmdarları tərəfindən sıxışdırılmağa başlandı. Alban kilsəsinin yepiskopları alban hökmdarları tərəfindən təyin olunurdu. V əsrdə Beniamin tərəfindən alban əlifbası tərtib edilmişdi. Bundan sonra Qafqaz Albaniyasında əyan uşaqları üçün xüsusi məktəblər açmağa başladılar. Dini və dünyəvi kitabların alban dilinə tərcüməsinə də elə bu vaxtlar başlamışdılar və bu dövrdə alban ədəbiyyatının özü də meydana gəlmişdir. V əsrin əvvəllərində Dərbənd keçidi vasitəsilə bulqar və sabir türk tayfalarının Qafqaz Albaniyasına axını artmışdı və Sasanilər yerli əhalini buraya qovaraq onlardan Dərbənd keçidində müdafiə tikililərinin inşasında istifadə etməyə başladılar. V əsrin ortalarında Sasani şahı II Yəzdigird zərdüştiliyi Qafqaz Albaniyasında dövlət dini kimi yaymaq məqsədi ilə buraya 700 maq göndərmişdi. Şimaldan köçərilərin tez-tez baş verən yürüşləri ilə bağlı olaraq 463-cü ildən sonra Qafqaz Albaniyasının paytaxtı Qəbələdən Partava köçürülmüşdü. Sasani şahənşahı II Xosrov Mehranilər sülaləsindən olan alban knyazlarına «Girdimanın ağası və Alban ölkəsinin knyazı» titulunu vermişdi. 627-ci ildə Qafqaz Albaniyasına soxulan Bizans imperatoru İrakli onu talan etmiş və xəzərlərlə saziş bağlamışdı. Az sonra Sasanilərin hakimiyyəti altında qalan albanlar xəzərlərə də xərac vermək məcburiyyətində qaldılar. 628-ci ildə Varaz Qriqor Qafqaz Albaniyasının Mehranilər sülaləsindən ilk knyazı oldu. Knyaz Varaz Qriqorun oğlu Cavanşir Qafqaz Albaniyasını Sasanilərdən azad etməyə cəhd göstərdi, lakin bu, Albaniyanın paytaxtı Partavın Sasanilər tərəfindən tutulması ilə nəticələndi. Gürcü knyazı ilə sazişə girən Cavanşir Sasani qoşunlarını Qafqaz Albaniyasından qovdu. Sasanilər dövlətini tutduqdan sonra ərəblər 643-cü ildə ilk dəfə Qafqaz Albaniyasına soxuldular, Dərbəndi və bir sıra digər torpaqları istila etdilər. Ərəblər getdikdən sonra bu torpaqlarda üsyanlar başlandı və ərəblər 644-645-ci illərdə buraya ikinci dəfə yürüş etdilər. Qafqaz Albaniyasını bütövlükdə tutan ərəblər burada artırılmış yeni xərac normaları müəyyənləşdirdilər. Lakin bir qədər keçdikdən sonra Şirvan əhalisi yenidən üsyana başladı. Üsyan ərəblər tərəfindən yatırıldıqdan sonra Qafqaz Albaniyası Ərəb xilafətinin vassalına çevrildi. 654-cü ildə Cavanşir Bizans imperatorundan Qafqaz Albaniyasını öz təbəəliyinə götürməyi xahiş etdi. Bələncər yaxınlığında ərəbləri məğlubiyyətə uğradan xəzərlər 662-ci ildə Qafqaz Albaniyasına soxuldular, lakin Cavanşir Dərbənd yaxınlığında xəzərlərin yürüşünü dəf edə bildi. İki ildən sonra yenidən yürüşə çıxan xəzərlər bu dəfə ölkəni Kür çayına qədər talan etdilər. Cavanşir xəzərlərlə sülh bağlayıb onların vassalına çevrilmək məcburiyyətində qaldı. 667 və 670-ci illərdə Şama gedən Cavanşir xəlifə I Müaviyə ilə danışıqlar apararaq Qafqaz Albaniyasının daxili idarə sistemində özünün sərbəstliyini saxlaya bilmişdi. 680-ci ildə Cavanşir Bizansla yaxınlaşma tərəfdarları olan alban knyazlarının sui-qəsdi nəticəsində öldürüldü. Cavanşirin qardaşı oğlu Varaz Tiridat Qafqaz Albaniyasının çarı oldu. 680 — 681-ci illərdə yenidən Qafqaz Albaniyasına soxulan xəzərlər bir çox vilayətləri və şəhərləri talan etdilər. VII əsrin axırlarında Qafqaz Albaniyası eyni zamanda üç xalqa — xəzərlərə, ərəblərə və bizanslılara xərac verirdi. Alban kilsəsinin erməni katolikosuna tabe edilməsi də elə bu vaxtlarda baş vermişdir. 705-ci ildə ərəblər alban knyazı və katolikosunun hakimiyyətini ləğv etdilər, Qafqaz Albaniyasının birbaşa idarə olunması isə Ərəb xilafəti canişinlərinin əlinə keçdi.

Qafqaz müsəlmanlarının qurultayı — 1917-ci il aprelin 15 — 20-də Qafqaz müsəlmanlarının Bakıda keçirilmiş qurultayı. Qurultay bütün Rusiya müsəlmanlarının birləşdirilməsi şüarı altında keçdi. Qurultayda əsasən Rusiyanın gələcək siyasi quruluşu və kiçik xalqların hüququ məsələləri müzakirə olunurdu. «Müsavat» və «Türk ədəmi-mərkəziyyət» partiyalarının birləşməsinin əsası da elə bu qurultayda qoyuldu. Qurultayın sonuncu günü Qafqazda müsəlman milli komitələrinin təşkili və biri Şimali Qafqaz üçün Vladiqafqazda, digəri isə Cənubi Qafqaz üçün Bakıda iki mərkəzi büronun yaradılması haqqında qətnamə qəbul olundu.

Qafqaz və Cənubi Qafqaz diyarının idarəçiliyinin dəyişdirilməsi haqqında 1867-ci il fərmanı — çar hökumətinin 1867-ci ilin dekabrında verdiyi fərman. Fərmana əsasən, başqa quberniyaların bəzi hissələri hesabına mərkəzi Yelizavetpol (Gəncə) olmaqla Yelizavetpol quberniyası yaradıldı. Yelizavetpol quberniyasının tərkibinə Şuşa, Nuxa (Şəki), Yelizavetpol və Zəngəzur qəzaları daxil idi. Hələ 1859-cu ildə Şamaxıda zəlzələ olması ilə əlaqədar quberniyanın mərkəzi Bakıya köçürülmüşdü. Bakı quberniyası Bakı, Quba, Şamaxı və Lənkəran qəzalarından ibarət idi. Sonralar yaradılmış Cavad və Göyçay qəzaları da Bakı quberniyasının tərkibinə daxil oldular. Azərbaycan ərazisində bir az əvvəl yaradılmış Zaqatala hərbi dairəsi də fəaliyyət göstərirdi. Qəza mərkəzlərində polis idarələri yaradılırdı.

qalxan (sipər) — döyüşçünün bədənini örtən müdafiə ləvazimatı. Daş dövründən XV — XVII əsrlərədək istifadə olunurdu. Ağacdan, hörülmüş çubuq və qamışdan, dəridən olan qalxanlar tunc və ya dəmir ilə haşiyələnirdi.

qalxan pulu — XII — XIV əsrlərdə İngiltərədə rıtsarlar (cəngavərlər) — feod saxlayanlar tərəfindən məcburi hərbi xidmətdən azad edilmək məqsədi ilə verilən hərbi ödəniş. Qalxan pulu vəsaiti ilə kral daimi muzdlu ordu saxlayırdı.

Qaliley Qalileo (1564 — 1642) — italyan alimi, dəqiq təbiətşünaslığın banilərindən biri. Təcrübəni idrakın əsası hesab edirdi. Aristotelin dinamika haqqındakı yanlış təsəvvürlərini rədd edərək müasir mexanikanın əsaslarını qoymuşdur: hərəkətin nisbiliyi ideyasını irəli sürmüş, ətalət qüvvəsi, cismin sərbəst düşməsi və mail müstəvidə cismin hərəkəti, hərəkətlərin məcmusu haqqında qanunları açmış, nazim çarxın izoxron hərəkətini (saatlarda kəfkirin rəqsini) aşkar etmiş, ilk dəfə olaraq materialların möhkəmliyini tədqiq etmişdir. İlk teleskopu yaratmış, Ay səthindəki dağları, Yupiterin 4 peykini, Veneranın fazalarını, Günəşin fırlanmasını və üzərindəki ləkələri aşkar etmişdir. Dünyanın heliosentrik sistemini fəal müdafiə etdiyinə görə 1633-cü ildə inkvizisiya məhkəməsinə cəlb edilmişdir. Məhkəmədən sonra Qaliley Kopernikin təlimindən imtina etməyə məcbur olmuşdur. Ömrünün sonlarmı sürgündə keçirmişdir.

qallar — Qalliyada məskunlaşmış qədim tayfa. Qallar kelt tayfalarının bir qismi idilər.

Qalliya — Avropada Po çayı ilə Alp dağları (Sizalpin Qalliyası) və Alp ilə Aralıq dənizi, Pireney dağları ilə Atlantik okeanı (Transalpin Qalliyası) arasındakı tarixi əyalət. Qədimlərdən kelt tayfalarından olan qallarla məskunlaşmışdı. E.ə. II əsrin sonlarında romalılar Cənubi Qalliyanı tutdular, e.ə. 58 — 51-ci illərdə isə Sezar Qalliyanın qalan ərazilərini zəbt etdi. Romalıların zülmü qalların tez-tez Romaya qarşı üsyanlar etməsinə səbəb olurdu. Eramızın 258-ci ilində Roma imperiyasının kəskin böhran şəraitində Qalliya Romadan ayrıldı və Postumun başçılığı ilə özünün imperiyasını yaratdı. İmperiya 15 il mövcud oldu; əsgər qiyamları ilə baqaudların üsyanlarını yatıra bilməyən onun sonuncu hökmdarı Tetrik 273-cü ildə Roma imperatoru Avreliana təslim oldu və Qalliya imperiya ilə birləşdirildi. 406-cı ildə burqund german tayfası Qalliyada ilk barbar dövləti yaratdı. 418-ci ildə vestqotlar Qalliyada federat (Roma imperiyasının müttəfiqi) hüququnda məskunlaşdırıldı. Qalliyanın tutulması V əsrin sonlarında frank german tayfasının başçısı Xlodviq tərəfindən başa çatdırıldı.

«qanlı qanunvericilik» — XV əsrin sonları — XVI əsrdə İngiltərədə "çəpərləmələr" nəticəsində meydana gəlmiş dilənçilərə və səfillərə qarşı yönəldilmiş amansız qanunlar. Həmin qanunlara görə, səfillik üstündə məhkum olunmuş adam damğalana, sürgünə göndərilə və ya asıla bilərdi.

«qanlı şura» — ispan kralı tərəfindən Niderland burjua inqilabını yatırmaq məqsədi ilə göndərilən hersoq Alba orada «Qanunsuzluqlar haqqında işlər üzrə

şura» yaratmışdır. Şura minlərlə adamı ölüm cəzasına və müxtəlif cəzalara məhkum etmişdir. Ona görə də xalq onu «qanlı şura» adlandırmışdır.

qanunlar — hakimlərin insanlar arasındakı mübahisələri onlara əsasən həll etməli olduqları qaydalar.

Qanza (alm. «ittifaq») — alman şəhərlərinin 1356-cı ildə yaradılmış ən iri ticarət ittifaqı. Qüvvətli mərkəzi hakimiyyətin olmaması və siyasi pərakəndəlik şəraitində alman şəhərləri özlərinin ticarət maraqlarını müdafiə etmək məqsədi ilə ittifaqlar yaratmaq məcburiyyətində idilər. Qanza ittifaqına 80-dən artıq alman şəhəri daxil idi və onun baş şəhəri Lübek idi. Qanzanın digər üzvləri arasında Bremen, Hamburq, Köln, Riqa və Tallinn fərqlənirdilər. Qanza Rusiya, Skandinaviya, Niderland və İngiltərə ilə vasitəçilik ticarətini öz inhisarı etmişdi. Qanza tacirlərinin öz dəniz və quru hərbi qüvvələri var idi. Onlar Novqorod, Stokholm, Brügge və Londonda faktoriyalar (ticarət məntəqələri) yaratmışdılar və çox hallarda qonşu ölkələrdə hərbi güc tətbiq etməklə ticarət üçün əlverişli şərait əldə edirdilər. Lakin XV əsrin sonlarında şəhərlər arasındakı rəqabət Qanzanın zəifləməsinə, 1669-cu ildə isə dağılmasına səbəb oldu.

Qara Yusif — qaraqoyunlu oğuz tayfasının başçısı, Qaraqoyunlu dövlətinin banisi və padşahı (1410 — 20). Qara Yusif hələ 1391-ci ildə Təbrizə girsə də, sonra rəqibin üstün qüvvələrinin təzyiqi ilə geriyə çəkilmək məcburiyyətində qalmışdı. 1392-ci ildə Qara Yusif yenidən Təbrizə daxil oldu, lakin Teymurləngin yürüşü xəbərini alıb, təkrar şəhəri tərk etdi. Teymurla mübarizə aparmaq məqsədi ilə Qara Yusif Əhməd Cəlairi ilə saziş bağladı, ancaq 1394-cü ildə müttəfiqlər Bağdad yaxınlığında Teymur tərəfindən darmadağın edildilər. Az sonra müttəfiqlər Misirin məmlük sultanının əsirinə çevrildilər, lakin Teymurun ölümündən sonra 1405-ci ildə əsirlikdən buraxıldılar və Azərbaycana qayıtdılar. 1406-cı ilin iyununda böyük qoşun toplayan Qara Yusif Sultan Əhmədlə birlikdə Bağdadı tutdu. Sonra müttəfiqlər şirvanşah I İbrahimin də olduğu Təbrizə doğru hərəkət etdilər. I İbrahim Arazdan yuxarıya çəkilmək məcburiyyətində qaldı, müttəfiqlər isə Təbrizə daxil oldular. Azərbaycanı öz hakimiyyətləri altına qaytarmaq əzmində olan Teymurilər öz qoşunlarını buraya göndərdilər. 1406-cı ilin payızında Əbubəkr Teymuri Təbrizdəki Şam-Qazan adlı yerdə müttəfiqlər tərəfindən məğlub edildi. 1408-ci il aprelin 21-də Azərbaycanın cənubunda baş verən savaşda Qara Yusif Teymurilərin qoşunları üzərində qələbə çaldı, Miranşah öldürüldü. Təbriz qalibə təslim edildi və Sultan Əhməd Cəlairi öz paytaxtına qayıtdı. Lakin sonra Sultan Əhməd Qara Yusifdən yaxa qurtarmaq qərarına gəldi və Qara Yusifin düşmənin öz ərazilərinə hücumlarını dəf etməklə məşğul olduğu bir dövrdə qoşun topladı və hücuma keçdi, amma Qara Yusif təcili olaraq Təbrizə yürüdü və 1410-cu il avqustun 30-da Şam-Qazan yaxınlığında Sultan Əhmədin və onun müttəfiqlərinin qoşunlarını darmadağın etdi. Bundan sonra yeni Qaraqoyunlu dövləti yaradıldı. Feodalları öz tərəfinə çəkmək məqsədi ilə Qara Yusif onlara soyurqallar paylamağa başladı, ona görə də o, güclü süvari qoşun yarada bildi. 1412-ci ilin sonlarında Qara Yusif Kür sahillərində şirvanşah İbrahimi məğlubiyyətə uğratdı, özünü isə əsir götürdü. Şirvanşah çox böyük ödənc verməyə və özünü Qara Yusifin vassalı hesab etməyə məcbur oldu. Teymurilər 1418-ci ildə Qara Yusifin üzərinə hücuma keçdilər, lakin onun tərəfindən məğlubiyyətə uğradıldılar. 1420-ci ildə Teymurilər yenidən Azərbaycana yürüşə çıxdılar, müharibənin ilk başlanğıcında isə Qara Yusif qəflətən öldü və mübarizəni onun oğlanları davam etdirdilər.

Qarabağ xanlığı — 1748-ci ildə Şimali Azərbaycanda Pənahəli xan (1748 -63) tərəfindən yaradılmışdır. Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri idi. Pənahəli adlandırılan pul kəsilirdi. Pənahəli xan Bayat (1748), Şahbulaq (1751) və Şuşa (XVIII əsrin 50-ci illəri) qalalarını tikdirmişdir. 1748-ci ildə şəkili Hacı Çələbi xan bir ay tamam Bayat qalasını mühasirədə saxladı. Pənahəli xan Qarabağın beş məlikliyini də özünə tabe etdi. 1757-ci ildə Pənahəli xan Qarabağ üzərinə hücum edən Məhəmməd Həsən xan Qacarın üzərində qələbə çaldı. 1759-cu ildə urmiyalı ətəli. xan Əfşar Pənahəli xanı özündən asılı vəziyyətə saldı, amma az sonra özü Kərim xan Zənd tərəfindən məğlub edildi və Pənahəli xan da onun müttəfiqinə çevrildi. Bir qədər sonra Kərim xan Zənd Pənahəli xanı "Şiraz qonaqlığı «na dəvət etməklə, əslində, onu xanlığın idarəsindən kənarlaşdırmışdı. Qarabağ xanlığında hakimiyyət uğrunda İbrahimxəlil ağa ilə Mehrəli bəy arasında mübarizə başlandı və İbrahimxəlil ağanın qələbəsi ilə başa çatdı. O, özünü xan elan etdi (1763 -1806). İbrahimxəlil xan avar hakimi Umma xanın bacısı ilə evləndi. İbrahimxəlil xanın hakimiyyəti ayrı-ayrı vaxtlarda Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yayılmışdı. Rusiya tərəfindən qızışdırılan Qarabağ məlikləri Qarabağda xristian dövləti yaratmaq istəyirdilər və elə buna görə də tabe olmaqdan imtina etdilər, amma İbrahimxəlil xan onların müqavimətini qıra bildi. Məliklər gürcü çarı II İraklinin yanına qaçdılar, o isə 1787-ci ildə Qarabağ xanlığına yürüş təşkil etdi, ancaq bu tədbir 1787 — 91-ci illər Rusiya — Türkiyə müharibəsinin başlanması ilə əlaqədar yarımçıq dayandırıldı. 1795-ci ilin yayında Ağa Məhəmməd xan Qacar Qarabağ xanlığına hücum edib Şuşanı mühasirəyə aldı. 33 günlük uğursuz mühasirədən sonra İran qoşunları Tiflisə doğru hərəkət etdilər. 1796-cı ildə general Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana hücumu başlandı. İbrahimxəlil xan öz qardaşı Əbülfət xanı, vəziri Vaqifi və bəyləri hədiyyələrlə Zubovun yanına göndərərək Rusiyaya itaət etdiyini bildirdi. Lakin 77 Yekaterinanın ölümündən sonra I Pavel rus qoşunlarını Azərbaycandan geriyə çağırdı. Bundan sonra 1797-ci ildə Ağa Məhəmməd şah Qacar yenidən Şuşa üzərinə hücum etdi. Bu dəfə Şuşa İran qoşunları tərəfindən tutuldu, İbrahimxəlil xan isə ailəsi ilə birlikdə yardım üçün Car-Balakən camaatına — avar hakimi Umma xanın yanına getdi. İbrahimxəlil xanın qardaşı oğlu, „Batmanqılınc“ adı ilə tanınmış Cavanşir bəy sui-qəsd təşkil etdi və nəticədə Ağa Məhəmməd şah öldürüldü. Onun qətlindən sonra İran qoşunları Arazın o biri tayına keçdilər. Məhəmməd bəy xanlıqda öz hakimiyyətini qurmaq istədi, lakin Qarabağa qayıdan İbrahimxəlil xan qızını İranın yeni şahına ərə verdi və burada öz hakimiyyətini bərpa etdi. Rus qoşunları Car-Balakən camaatını və Gəncə xanlığını tutduqdan sonra İbrahimxəlil xan 1805-ci il mayın 14-də Qarabağ xanlığının Rusiya imperiyasının himayəsi altına keçməsi haqqında Kürəkçay müqaviləsini imzalamaq məcburiyyətində qaldı. 1806-cı il iyunun əvvəllərində I Rusiya — İran müharibəsinin gedişində İran qoşunları Şuşaya yaxınlaşdılar. Bu hadisələr zamanı İbrahimxəlil xan mayor Lisaneviçin başçılığı ilə rus qoşunları tərəfindən öldürüldü. 1822-ci ildə Qarabağ xanlığı bütünlüklə ləğv edildi, onun ərazisi isə Rusiya imperiyasının tərkibinə qatıldı.

qaragüruhçular — 1905 — 1907-ci illərdə Rusiyada ifrat monarxiya tərəfdarları olmuş „qara yüzlər“ döyüşçü dəstələrinin üzvləri. „Qara yüzlər“ hökumətin dəstəyi ilə yaradılmışdı və polislə əlbir şəkildə inqilabçı fəhlələrə, demokratik ziyalılara və onların təşkilatlarına qarşı talançı və bandit yürüşləri keçirirdilər. 1908 — 12-ci illər „Stolipin irticasi' dövründə daha geniş yayılmışdı. “Qaragüruhçu» sözündən ifrat mürtəce cərəyan və təşkilatların mənfi mənada adlandırılması üçün istifadə edilir.

qaraqalpaqlar — Özbəkistan ərazisində yaşayan türkdilli xalq; sayı 200 min nəfərdən artıqdır.

Qaraqoyunlu — Azərbaycan ərazisində dövlət (1410 — 68). Baharlı tayfası başda olmaqla ilk vaxtlar Van və Urmiya gölləri arasındakı ərazidə məskunlaşmış köçəri oğuz türk tayfa birliyi tərəfindən yaradılıb. Teymurun Ön Asiyaya yürüşü zamanı qaraqoyunlu tayfaları ona və müttəfiqlərinə — ağqoyunlu tayfalarına qarşı mübarizə apararaq osmanlı türklərinə və Cəlairilərə yardım edirdilər. Teymurun ölümündən sonra qaraqoyunlu tayfasının başçısı Qara Yusif 1408-ci ildə Teymurun oğlu Miranşahı məğlub etməkdə Cəlairilərə kömək etdi, sonra isə 1410-cu ildə Təbriz yaxınlığında Cəlairilərin qoşunlarını darmadağın edib Kür çayından cənuba olan Azərbaycan ərazilərinə, habelə indiki Ermənistana və İraqa sahib oldu. Padşah Qara Yusifin və onun oğlu İsgəndər padşahın dövründə (1420 — 37) Qaraqoyunlu dövləti Teymurilər, Şirvanşahlar və Gürcüstan dövlətləri ilə müharibə aparırdı. 1435-ci ildə qaraqoyunlu qoşunları Teymuri sultanı Şahrux tərəfindən məğlub edildi. Taxta çıxan Cahanşah (1437-67) Teymurilərin vassalı olmaq məcburiyyətində qaldı, lakin Şahruxun ölümündən sonra o, müstəqil hökmdar oldu. 1453 — 57-ci illərdə Qaraqoyunlu dövləti Cənub-Qərbi İranı zəbt etdi. 1467-ci ildə Cahanşahın qoşunları ağqoyunlu tayfaları tərəfindən darmadağın edildi və Cahanşahın özü həlak oldu, 1468-ci ildə isə Qaraqoyunlu dövləti Ağqoyunlu dövləti tərkibinə daxil oldu.

qaraköynəklilər — ilk vaxtlar XX əsrin 20-ci illərinin əvvəllərində İtaliyada talançı faşist dəstələrinin iştirakçıları olmuşlar, sonralar isə, ümumiyyətlə, italyan faşistlərinə, Mussolininin tərəfdarlarına verilmiş ad. Adı faşistlərin İtaliyada geydikləri qara köynəklərdən götürülmüşdür.

Qaribaldi Cüzeppe (1807 — 82) — İtaliyanın xalq qəhrəmanı, general, İtaliyanın birləşdirilməsi uğrunda milli-azadlıq hərəkatında milli-demokratik cinahın rəhbərlərindən biri. 1830-cu illərdə Qaribaldi Sardiniya krallığında baş vermiş üsyanda iştirak etmişdir. Qiyabi olaraq ölüm cəzasına məhkum edilmiş Qaribaldi Cənubi Amerikaya qaçmış və 10 ildən artıq bir dövrdə ispan zülmünə qarşı milli-azadlıq mübarizəsində iştirak etmişdir. 1848-ci ilin yazında vətənə qayıtmış,- 49-cu illər İtaliya inqilabında iştira etmiş və 1849-cu il fevralın 9-da onun təklifi ilə Roma respublika elan olunmuşdur. 1848, 1859, 1866-cı illərdə Avstriya imperiyasına qarşı azadlıq müharibəsində iştirak etmişdir. 1860-cı ildə «Minlər»in yürüşünə başçılıq edərək İtaliyanın cənubunun azad olunmasında iştirak etmiş, nəticədə İtaliya krallığı yaradılmışdır. 1862 və 1867-ci illərdə silahlı qüvvə ilə Romanı fransızların müdafiə etdiyi papanın hakimiyyətindən azad etməyə cəhd göstərmişdir. Fransa — Prussiya müharibəsi dövründə könüllü olaraq Fransanın tərəfində vuruşmuşdur. Qaribaldi İnternasionalın tərəfdarı idi, 1871-ci il Paris Kommunasını alqışlayırdı.

Qaumata — Əhəmənilərə qarşı üsyan qaldırmış Midiya maqı. Maq Qaumatanın üsyanı haqqında rəvayətlər Bisütun kitabəsində və «tarixin atası» Herodotun əsərində əks olunmuşdur. Əhəməni şahı Kambiz 3 illik Misir yürüşündə olduğu dövrdə — e.ə. 522-ci il martın 11 -də maq Qaumata şahın kiçik qardaşı Bardiyanın adı altında İranda hakimiyyəti zəbt etmiş, Özünü şah adlandırmış və görünür, Pasarqadada qədim ənənə ilə tac qoymuşdur. Kambiz İrana yola düşmüş, amma səfər zamam naməlum şəraitdə ölmüşdür. Taxtda yerini möhkəmlədən Midiya maqı Qaumata Əhəmənilərə tabe olan bütün xalqları vergi və hərbi mükəlləfiyyətlərdən 3 illiyə azad etmişdi. Görünür, elə buna görə də bütün mənbələrdə eyni tərzdə bildirilir ki, Qaumatanın meydana çıxması sakitliklə qarşılanmışdı. Tarixçilərin bir çoxu isə öz iqamətgahını Midiyada yerləşən Sikayauvatiş qalasına köçürməsi ilə əlaqədar olaraq Qaumatanın çevrilişinin Midiya xarakterli olduğunu mümkün hesab edir. Yəqin ki, maq Qaumata İranda qalmaqdan ehtiyatlanırmış. Yeddi fars əyan nəslinin başçıları Qaumataya qarşı sui-qəsd təşkil etdilər. E.ə. 522-ci il sentyabrın 29-da — Qaumatanın altı ay yarımlıq hakimiyyətindən sonra Mitra allahı şərəfinə bayram zamanı saraya soxulan qəsdçilər qəflətən Qaumatanın üzərinə atıldılar. Maq Qaumata qəsdçilərdən var qüvvəsi ilə müdafiə olunsa da, sonda qətlə yetirildi. Qəsdçilər Daranı özlərinə şah seçdilər və o, I Dara adı ilə Əhəməni hökmdarı oldu.

Qavqamela — Arbela şəhəri (Mesopotamiya) yaxınlığındakı Qavqamela kəndi yanında e.ə. 331 -ci il oktyabrın 1-də (tarix dəqiq məlumdur, çünki döyüşdən 11 gün əvvəl Ay tutulmuşdur) Makedoniyalı İsgəndərlə Əhəməni şahı III Daranın qoşunları arasında həlledici döyüş olmuşdur. Farslara tabe olan bütün xalqlardan Əhəməni qoşunlarına dəstələr cəlb edilmişdi. Əhəməni qoşunları arasında Midiya satrapı Atropatın başçılığı ilə midiyalılar da var idi. «Kadusilər, albanlar və sakesinlər» də bunların tərkibində idi. Döyüşdən əvvəl İsgəndər döyüşçülərinə istirahət verdi, özünə və qoşunlarına güvənməyən Dara isə bütün gecəni əsgərlərini döyüşə tam hazır vəziyyətdə saxladı. Farsların say çoxluğunu və yeni güclü qoşun növlərinin — dəryazlı cəng arabasının və fillərin olduğunu görən İsgəndər ordunun cinahlarının mühasirəsinin qarşısını almağa çalışdı, belə ki, farsların cəbhə xətti makedoniyalıların cəbhə xəttindən xeyli uzun idi. Dara əvvəlcə atlıları hücuma çıxardı, amma istənilən uğuru əldə edə bilmədi. Belə olduqda isə fars ordusunun onun cinahlarını tutmaq cəhdi ilə uzadıldığından istifadə edən İsgəndər özü şəxsən döyüşçülərini hücuma apardı. Makedoniyalıların III Daranın qoruyucuları üzərinə hücum etməsindən sonra isə sonuncu qorxusundan döyüş meydanından qaçdı. Farsların makedoniyalıların falanqasını yarmalarına baxmayaraq, Daranın qoşunları sarsılmışdı. Farsların düşərgəsində qarışıqlıq düşdü və möhtəşəm Əhəməni ordusu darmadağın olundu. Makedoniyalılar farsları Arbelaya qədər təqib etdilər. Dara və onun bəzi satrapları kiçik qoşun dəstəsi ilə Ekbatanaya tərəf çəkilə bildilər. Farsların Qavqamela yaxınlığındakı məğlubiyyətlərindən sonra nəhəng Əhəmənilər dövləti süqut etdi.

Qay Qrakx — e.ə. 123-cü ildə Qədim Roma xalq tribunu, Tiberi Qrakxın qardaşı. Qay Qrakx torpağın yoxsullar arasında bölüşdürülməsini davam etdirmişdir. Qay çalışırdı ki, senatın hakimiyyətini məhdudlaşdırsın və yoxsulların dövlətin idarə olunmasına cəlb edilməsinə imkan yaratsın. Lakin senat vəd verməklə Qayı müdafiə edən yoxsulların bir qismini öz tərəfinə çəkə bildi. Qayın tribun vəzifəsinə seçilməsi müddəti başa çatdıqdan sonra isə senat və konsul Qaya və onun tərəfdarlarına qarşı qoşun göndərdilər. Senat vəd etdi ki, Qayın başına görə onun çəkisi qədər qızıl veriləcək. Qay Qrakx və onun 3 min tərəfdarı öldürüldü.

Qazaka və ya Qanzaka şəhəri — Atropatena dövlətinin paytaxtı. Qazaka Ekbatana şəhəri ilə Araz çayı arasında yarıyolda, müasir Miandob şəhərindən bir qədər şərqdə yerləşirdi. Tarixçilər güman edirlər ki, şəhərin adı Midiya dilindəki «qanza» — «xəzinət sözündən əmələ gəlib. Qazaka mühüm tranzit ticarət yolu üzərində yerləşirdi. Mühüm sənətkarlıq və ticarət mərkəzi idi. Zoroastrizmin (zərdüştiliyin) əsas mərkəzlərindən biri — iri od məbədi Adurquşnasp Qazakada yerləşirdi. Bu məbədin kahinləri 10 minə qədər adamın çalışdığı geniş torpaq sahələrinə malik idilər. Ərəb müəlliflərinin məlumatına görə, Sasani şahənşahları tacqoyma mərasimi zamanı Mədaindən buraya piyada gəlib atəşgahı ziyarət edirdilər. Sasanilərin Bizans ilə müharibəsi dövründə — 622-ci ildə Qazaka bizanslılar tərəfindən dağıdılmışdır.

qazı (ər. „qazi“) — hökmdar tərəfindən (əvvəlcə — xəlifə) təyin olunmuş və şəriət əsasında ədaləti bərqərar edən müsəlman məmur-hakimi. VIII əsrin ikinci yarısında baş qazı — qazı əl-qudat vəzifəsi təsis edilmiş və ona tapşırılmışdır ki, xilafətin bütün qazılarını xəlifənin adından təyin etsin və onların qərarları üzrə şikayətlərə baxsın.

Qazıbəyi — şirvanşah Sultan Məhəmməd Qazı bəyin dövründə kəsilmiş pul-dinara bərabər tutulurdu.

qazi — qəzavat iştirakçısı.

Qazi Məhəmməd — müridizm tərəfdarı, Dağıstan və Çeçenistanın ilk imamı (1828-ci ildən). Qazi Məhəmməd dağlıları qəzavat şüarı altında rus müstəmləkəçilərinə qarşı mübarizəyə çağırırdı. 1831-ci ildə çar qoşunu dəstələri üzərində bir sıra qələbələr əldə etdi. Üstünlük təşkil edən çar qoşunlarının təzyiqi altında dağlıq Dağıstana çəkilmişdi. Gimri aulu yaxınlığında savaşda həlak olmuşdur.

qezit — Sasanilər dövlətində alınan can vergisi. Bu vergi növünü ərəblər onlardan „cizyə“ adı ilə mənimsəmişlər.

qeyri-bərabər müqavilə — güclü dövlətin birtərəfli qaydada müəyyən öhdəlikləri daha zəif dövlətə zorla qəbul etdirdiyi müqavilə.

qeysər (lat. „sezar“, yun. „kaysar“, alm. „kayzer“, slav. „tsesar“, „çar“) -Qay Yuli Sezarın şəxsi adı; Roma və Bizans imperatorları tərəfindən özlərinə titul kimi qəbul edilmişdir.

qəbalə (ər. „qəbalə“ — »qəbz", "öhdəlik") — 1) borcla bağlı olaraq şəxsi asılılıq forması. Borcu vaxtında qaytara bilməyən insan borc köləliyinə və ya şəxsi asılılığa düşürdü; 2) məcazi mənada — zülm, ağır asılılıq.

Qəbələ — qədim şəhər-qala, bəzi mənbələrə görə, Kabala və ya Kabalaka (müas. Qəbələ); VI əsrədək Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qəbələ əkinçilik üçün əlverişli olan yerdə salınmışdı. Güman edilir ki, şəhər e.ə. III əsrdə inşa olunmuşdur. Qəbələ yaxşı möhkəmləndirilmişdi. Arxeoloqlar uzunluğu 1,5 km, qalınlığı — 15 m, hündürlüyü isə 6 m-dək olan cənub mühafizə divarlarının qalıqlarını aşkar etmişlər. Qafqaz Albaniyası paytaxtının küçələrinə daş döşənmişdi. Şəhərdə üstü kirəmitlə örtülmüş çoxlu ev var idi. Arpa və buğda saxlamaq üçün ayrı-ayrı taxıl anbarları var idi. Kifayət qədər bir neçə iri ev çiy kərpicdən inşa olunmuşdu. Diqqəti xüsusilə cəlb edən sütunlu binalar kompleksi, yəqin ki, hökmdar sarayıdır. Qəbələnin yaxınlığında ellin dövrünə aid böyük pul dəfinəsi aşkar edilmişdir. Plini antik Qəbələni «Albaniyada birincilik edən şəhər» adlandırmışdır. Qəbələ Qafqaz Albaniyasının iri inzibati, ticarət-sənətkarlıq və mədəniyyət mərkəzi idi. Qəbələ XV əsrədək iri ticarət mərkəzi kimi qalmaqdaydı. XVI əsrdə Qəbələ şəhəri Səfəvilər tərəfindən dağıdıldı. Qəbələ şəhəri içqalasının xarabalıqları 2,5 ha-dək sahəni əhatə edir, məbəd və yaşayış evləri ilə birlikdə isə şəhərin ümumi sahəsi 50 ha-dəkdir.

qəbilə, qəbilə (nəsil) icması — bax: nəsil, nəsil (qəbilə) icması.

Qədim qəbirlər — qədim insan qəbirləri. Arxeoloqlar belə qəbirləri bir neçə növə bölürlər: kurqanlar, torpaq qəbirlər, dolmenlər, sərdabələr. Arxeologiya üçün qəbirlərin tədqiq olunması xüsusilə vacibdir, çünki belə araşdırma bizim əcdadlarımızın mənəvi həyatını rekonstruksiya etməyə imkan verir. Qəbirlər həm də dəfn olunanların iqtisadi və ictimai vəziyyəti haqqında qiymətli materiallara malikdir. Qəbirdən çıxarılan material sənətkarlığın inkişaf səviyyəsi və sakinlərin məşğuliyyəti haqqında da məlumat verir.

Qərbi Roma imperiyası — Roma imperiyasının qərb və şərq hissələrinə parçalanması tendensiyası hələ eramızın III əsrində meydana çıxmışdı. Qəti parçalanma isə 395-ci ildə baş verdi. Qərbi Roma imperiyasının paytaxtı əvvəlki kimi Roma oldu. Qərbi Roma imperiyası sonuncu imperator Romul Avqustulun 476-cı ildə german muzdlularının başçısı Odoakr tərəfindən devrilməsindən sonra barbarların zərbələri nəticəsində süqut etdi. Bundan sonra onun ərazilərində bir çox barbar dövlətləri yarandı.

qəsbetmə (ekspropriasiya) — zor gücünə hakimiyyəti ələ keçirmək, nəyə isə olan özgə səlahiyyətini və ya özgə hüququnu mənimsəmə.

qəsidə — Şərq ölkələrində mədhiyyə xarakterli klassik şer forması.

Qəsri-Şirin müqaviləsi (1639) — 1639-cu il mayın 17-də Səfəvilər dövləti ilə Osmanlı imperiyası arasında, Səfəvilərin səfiri San xan və Osmanlı səfiri Qara Mustafa paşanın Qəsri-Şirində imzaladıqları müqavilə. Qəsri-Şirin müqaviləsi Amasya (1555) və İstanbul (1612) müqavilələrinin şərtlərini təsdiq edirdi. Həmin müqavilənin şərtlərinə görə, bütün Azərbaycan, Gürcüstan və Ermənistanın çox hissəsi, habelə Kürdüstan Səfəvilər dövlətində qalırdı.

qətnamə — hər hansı kollegial orqan tərəfindən (şura, iclas, konfrans, qurultay) qəbul olunmuş qərar.

qəzavat (ər. «qəzva» — «yürüş») — cihadın adlarından biri. Məhəmməd peyğəmbərin başçılığı ilə müsəlmanların Mədinədən öz rəqiblərinə qarşı təşkil etdikləri ilk yürüşləri qəzavat — «din uğrunda müharibə» adını almışdı. Qəzavat haqqında təlim Ərəb xilafətinin yaranması dövründə inkişaf etdirildi və ərəblər tərəfindən aparılan işğalçı müharibələrin əsaslandırılmasına xidmət edirdi. Müsəlman üçün qəzavatda iştirak etmək müqəddəs borc hesab olunurdu. Qəzavat zamanı həlak olanlar şəhid elan edilir və onlar üçün, guya, cənnətdə yer ayrılırdı. Sonralar qəzavat ideyasından Türkiyə (Osmanlı) sultanları istifadə etmişlər. Sonrakı mərhələlərdə qəzavat ideyasından müsəlman ruhanihri tərəfindən müstəmləkəçilərə qarşı mübarizədə (Şimali Qafqaz dağlılarının rus müstəmləkəçiləri əleyhinə, Sudanda məhdiyyəçilərin ingilis müstəmləkəçilərinə qarşı üsyanları və s.) bir xalq şüarı kimi istifadə olunmuşdur. Rusiyada vətəndaş müharibəsi illərində qəzavat şüarı ilə Dağıstan və Çeçenistan əhalisi, Orta Asiya basmaçıları və b. bolşeviklərə qarşı çıxış etmişlər.

Qəzəl — bir çox Şərq xalqlarında lirik şer forması.

Qəzvini Həmdullah (1281  -  1350)  - Azərbaycan tarixçisi və coğrafiyaşünas. Əsas əsərləri: «Zeyl-i tarix-i güzidə» («Seçilmiş tarixin davamı») və «Nüzhət əl-qülub» («Qəlblərin əyləncəsi»).

qılıncdarlar — Baltikyanı ölkələri zəbt etmək üçün 1202-ci ildə əsası qoyulan alman katolik dini-rıtsar ordeninin üzvləri. 1237-ci ildə qılıncdarlar litovlar tərəfindən məğlub edildikdən sonra isə ordenin qalıqları Tevton ordeni ilə birləşərək Livoniya ordenini yaratmışlar.

qıpçaqlar — XI əsrin ortalarında Volqa ilə Dunay arasındakı Qara dənizin şimal sahilləri çöllərində meydana çıxmış türk xalqı. Qıpçaqların əsas məşğuliyyəti köçəri maldarlıq və müxtəlif sahələr üzrə sənətkarlıq idi. Qıpçaqlar arasında da feodallar meydana gəlmişdi. Onlara xanlar başçılıq edirdilər, bəylərə — sıravi döyüşçülərə rəhbərlik edən sultanlar (knyazlar) da onlara tabe idilər. 1055-ci ildən XIII əsrin əvvəllərinə qədər qıpçaqlar Kiyev Rusu və Bizans imperiyasına yürüşlər edirdilər. Qıpçaqların XI əsrin sonlarında edilmiş yürüşləri daha güclü idi. 1094-cü ildə Kiyev knyazı Svyatopolk qıpçaqlarla (poloveslərlə) sülh bağlaya bildi və Tuqorkan xanın qızını almaqla bu sülhü daha da möhkəmlətdi. 1103 — 16-cı illərdə Kiyev knyazı Vladimir Monomaxın başçılıq etdiyi rus qoşunları tərəfindən məğlub ediləndən sonra qıpçaqların (poloveslərin) Kiyev Rusuna yürüşləri kəsildi. Bu məğlubiyyətdən sonra qırx minədək qıpçaq Qafqaza köçdü və sonra gürcü çarı Qurucu Davidə xidmət etməyə başladı. XII əsrin ortalarında qıpçaq (poloves) xanları ilə rus knyazları arasında sülalə nikahları çoxaldı, bir sıra qıpçaq qəbilələri xristianlığa keçməyə başladılar. XII əsrin ikinci yarısından qıpçaqlar (poloveslər) rus knyazlarının ara müharibələrində iştirak etməyə başladılar. 1183-cü ildə qıpçaqları (polovesləri) ağır məğlubiyyətə uğradan rus (varyaq) knyazları Svyatoslav və Rürik Kobyak xanı öldürdülər. 1185-ci ildə başqa rus knyazları ilə ittifaqda olan knyaz İqor Svyatoslaviç qıpçaqlar (poloveslər) üzərinə uğursuz yürüş keçirdi. Qıpçaqlar (poloveslər) rus knyazlarını məğlubiyyətə uğradıb əsir götürdülər. Knyaz İqorun darmadağın edilməsindən sonra qıpçaqlar (poloveslər) başda Konçak və Qzak xanlar olmaqla rus knyazlıqlarına yürüşə çıxıb onları talan elədilər. Bu hadisələr "İqor polku haqqında dastan«da təsvir olunub. Rus knyazları ilə ittifaqa girən qıpçaqlar (poloveslər) 1223-cü ildə Kalka çayı sahilindəki döyüşdə Cəbə və Subutayın başçılıq etdikləri monqol-tatar qoşunları tərəfindən darmadağın olundular. Sonralar qıpçaqların çox hissəsi Qızıl Ordanın tərkibinə daxil oldu, qalan hissəsi isə Macarıstana köçdü. Mənbələrin verdiyi məlumata görə, Qara dənizin şimal sahilləri çöllərində „tatarlarla qıpçaqlar qarışdılar və qohum oldular və onların hamısı qıpçaq oldu, sanki onlar bir qəbilədən idilər“.

Qırmızı Xaç — dünyanın bir çox ölkələrində mövcud olan xəstə və yaralı döyüşçülərə könüllü yardım cəmiyyətlərini birləşdirən beynəlxalq təşkilat; dinc vaxtlarda təbii fəlakətlərdən zərər çəkənlərə yardım edir və müxtəlif xəstəliklərə qarşı əhali arasında (əsasən zəif inkişaf etmiş ölkələrdə) vaksinasiya işi aparır.

»qırmızısarıqlılar" üsyanı — 1351-68-cı illərdə Çində baş vermiş üsyan. Azadlıq müharibəsinə çevrilən həmin üsyan Yuan monqol sülaləsinin devrilməsi ilə nəticələndi. Üsyançıların fərqləndirici nişanları qırmızı sanq olduğundan üsyanın adı da onunla əlaqələndirilmişdir. Üsyanın əsas rəhbərlərindən biri Çju Yuan-çjan olmuşdur. «Qırmızısarıqlılar» üsyanı nəticəsində işğalçı monqollar Çindən qovulmuşdur.

«qırmızıqaşlılar» üsyanı — imperator Van Manın torpaq islahatı keçirməsi ucbatından xalqın vəziyyəti xeyli ağırlaşdığından yoxsul kəndlilərin və qulların Çində (eramızın 17 — 27-ci illəri) baş vermiş böyük üsyanı. Üsyançılar qaşlarını qırmızı rənglə boyamışdılar ki, hökmdarın döyüşçülərindən fərqlənsinlər. Üsyana kəndli Fan Çun başçılıq edirdi. Üsyançıların qoşunlarında ciddi nizam-intizam yaradılmışdı. Əvvəlcə «qırmızıqaşlılar» uğur qazandılar — onlar hökumət qoşunlarını bir neçə ağır məğlubiyyətə uğratdılar. Eramızın 25-ci ilinin yayında «qırmızıqaşlılar» Çinin paytaxtı Çanjanı tutdular, lakin kəskin ərzaq çatışmazlığı ucbatından 26-cı ilin sonlarında şəhəri tərk etdilər. 27-ci ilin əvvəllərində «qırmızıqaşlılar» ciddi məğlubiyyətə uğradılar — onlar ağır itkilər verdilər və orduları dağıldı. Az sonra üsyançıların qalıqları məhv edildi.

«Qız qalası» — XII əsrdə memar Məsud ibn Davud tərəfindən inşa edilmiş orta əsr Azərbaycan memarlıq abidəsi. Qalanın əsas silindrik hissəsinin hündürlüyü 28 m, diametri 16 — 16,5 m-dir, şərqə tərəf dayaq divarı kimi orijinal çıxıntılıdır, fasadı üfqi xətt boyunca batıq və çıxıntılı hörülmüşdür. Əsas qalanın daxili məkanı 8 mərtəbəlidir. Qalanın cənub-şərq divarının içərisində yuxarı meydançayadək gedən pilləkənlər vardır. Pilləkəndə müəyyən aralarda ox atmaq üçün yarıqlar vardır. Əsas qalaya daha iki -həcmcə kiçik qala yapışıqdır. «Qız qalası» adlı qalalar Azərbaycanın başqa yerlərində də mövcuddur.

Qızıl Orda — əsası XIII əsrin 40-cı illərinin əvvəllərində Batı (Batu) xan tərəfindən qoyulmuş monqol-tatar xanlığı. Qərbi Sibir, Şimali Xarəzm, Volqa Bulqariyası, Şimali Qafqaz, Krım, Volqadan Dunayadək olan çöllər Qızıl Ordanın tərkibinə daxil idi. Rus knyazlıqları Qızıl Ordadan vassal asılılığında idilər və üzərlərinə böyük xərac qoyulmuşdu. Qızıl Orda orta əsrlərin ən böyük dövləti idi. Qızıl Ordanın paytaxtları: Saray-Batu, XIV əsrin birinci yarısından — Saray-Bərkə (Aşağı Volqaboyunda). XIV əsrin birinci yarısında Özbək xanın dövründə Qızıl Ordada islam qəbul olunmuş və dövlət möhkəmlənmişdi. Özbək xanın Ölümündən sonra ara müharibələri qızışdı. Artıq XIV əsrin sonları — XV əsrin əvvəllərində Qızıl Orda Sibir, Kazan, Həştərxan, Krım və başqa xanlıqlara parçalanmışdı.

qızıl standart — inkişafın müəyyən mərhələsində bir çox ölkələrdə mövcud olmuş pul sistemi. Bu zaman yalnız qızıl ümumi ekvivalent və pul ifadəsinin birbaşa dəyəri kimi istifadə olunurdu. Böyük Britaniyada qızıl standart XVIII əsrin axırlarında, bir çox başqa ölkələrdə isə XIX əsrin sonlarında tətbiq edilmişdir. Qızıl standart üçün qızıl pulların sərbəst kəsilməsi və dövriyyəyə buraxılması, kağız pulların qızıla (külçə və ya sikkəyə) dəyişdirilməsi xarakterikdir  Qızıl standart praktik olaraq XX əsrin 30-cu illərində ləğv edilmişdir.

qızılbaşlar — Ərdəbil şeyxi Heydərin yaratdığı ordunun döyüşçüləri. Qızılbaşlar 12 şiə imamı şərəfinə 12 qırmızı zolaqlı çalma bağladıqları üçün belə adlanırdılar. XVII — XVIII əsrlərdə Səfəvilərin süvari qoşunlarının əsasını təşkil edirdilər.

qızılboya — orta əsrlərdə Azərbaycanda boyaqotu (marena) kökündən əldə edilən qırmızı rəng. XIX əsrin axırlarında süni boya — alizarin ixtira olunana qədər öz keyfiyyəti ilə seçilir, toxuculuq və xalçaçılıqda geniş istifadə edilirdi.

«Qızılqaya xəyanəti» — Hacı Çələbixanın dövründə Şəki xanlığının qüvvətlənməsi onun qonşularını, xüsusilə də gürcü çarı II İraklini çox narahat edirdi. 1791-ci ildə gürcü qoşunları Şəki xanlığına soxuldular, lakin məğlub oldular. Belə olduqda II İrakli Azərbaycan xanları ilə danışıqlara başladı və Hacı Çələbi xana qarşı onlarla ittifaq bağlamağı təklif etdi. Az sonra çar II İrakli ilə qarabağlı Pənahali xan, gəncəli Şahverdi xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və irəvanlı Hüseynqulu xan arasında saziş təşəkkül tapdı. Xanlar İraklinin qoşunları ilə birləşmək üçün Gəncəyə yaxınlaşdılar; 1752-ci ilin martında onlar Qızılqaya adlanan yerdə İraklinin qoşunları tərəfindən xaincəsinə əsir götürüldülər. Beləliklə, İrakli həmin xanlıqları özündən asılı vəziyyətə salmağa səy göstərdi. Amma Nizaminin qəbri yaxınlığında Hacı Çələbi xanın onunla savaşda qələbə çalmasından sonra əsir götürülmüş xanlar azad edildilər. Bu hadisələr tarixə «Qızılqaya xəyanəti adı ilə düşdü.

qiyam — ölkədə mövcud olan hakimiyyətə qarşı dövlət çevrilişi etmək məqsədi ilə hərbi qruplaşmaların silahlı çıxışı. Adətən müvəffəqiyyət əldə ediləndə hərbi diktaturanın qurulması, demokratik təsisatların dağıdılması və kütləvi terrorla nəticələnir. qiymət — malın dəyərinin pulla ifadəsı.

qiymət maksimumu — Böyük Fransa burjua inqilabı dövründə qiymət və əmək haqqının siyasi qeydə alınması sistemi. Qiymət və əmək haqqının maksimumu tətbiq edilmiş, 1794-cü il termidor çevrilişindən sonra isə ləğv olunmuşdur.

QİYŞ (Qarşılıqlı İqtisadi Yardım Şurası) — sosialist ölkələrinin 1949-cu ildə yaradılmış beynəlxalq iqtisadi təşkilatı. QİYŞ-in tərkibinə Bolqarıstan, Macarıstan, Vyetnam, ADR, Kuba, Monqolustan, Polşa, Rumıniya, SSRİ, Çexoslovakiya daxil idilər. Sosialist sistemi dağıldıqdan sonra QİYŞ də dağıldı.

qladiatorlar — Qədim Romada silah işlətməyi bacaran nisbətən çevik və qüvvətli qullar və ya məhkum olunmuş cinayətkarlar tamaşaçıların əyləndirilməsi üçün bir-biri ilə vuruşmağa məcbur edilirdi. İlk vaxtlar etruskların təsiri altında Romada meydana gəlmiş qladiator oyunları ayin xarakteri daşıyırdı, amma sonralar camaat üçün əyləncəyə çevrildi. Qladiatorları xüsusi qladiator məktəblərində ciddi rejimlə öyrədirdilər. Qladiator döyüşləri üçün amfiteatrlar inşa etməyə başladılar. Bayram günlərində həmin səhnələrdə qladiatorların təkbətək, hətta iri dəstələr arasında döyüşləri keçirilirdi. Cəsarətlə vuruşmayan qladiatorları şallaq zərbələri və nizə yaraları vurmaqla döyüşə qovurdular. Məğlub olmuş və sağ qalan qladiatorun taleyi tamaşaçıların istəyindən asılı idi. Tamaşaçılar əllərinin böyük barmağını dik tutardılarsa, məğlubu sağ saxlayardılar; böyük barmağı aşağı əyərdilərsə, qalib onu öldürürdü. Qladiatorların aslan, pələng və digər vəhşi heyvanlarla təkbətək döyüşləri də təşkil edilirdi. Qladiator döyüşləri eramızın V əsrinədək Romada ən populyar tamaşa olaraq qalırdı. Qladiatorlar tez-tez qulların üsyanlarının təşəbbüsçüsü olurdular. Belə üsyanlardan ən irisi Spartakın başçılığı ilə olan üsyan idi. Qladiator döyüşləri oma imperatoru I Konstantin tərəfindən qadağan edildi.

qlobal — ümumi, bütiin Yer kürəsini əhatə edən.

Qobustan — Azərbaycan Respublikasında Bakı yaxınlığında məskən. Arxeoloqlar burada çaxmaqdaşından və heyvan sümüklərindən hazırlanmış böyük miqdarda əmək alətləri aşkar etmişlər. Bu tapıntılar əsasında qənaətə gəlmişlər ki, insanlar Qobustanda 12 min ilə yaxın məskunlaşmışlar. Qobustanda 4 mindən artıq qayaüstü təsvir aşkar edilmişdir. Bunların ən erkənləri neolit dövrünə aiddir. Bu, günəş və ulduzlar, kişi və qadın, qayıq, heyvan və balıq təsvirlərindən ibarətdir. Bəzi təsvirlərdə kollektiv əmək, ov, məişət, ümumi rəqs (müasir Azərbaycan xalq rəqsi „Yallı“ya oxşar) və s. əks olunub. Qobustanı „Daş əsrinin şəkil qalereyası“ adlandırırlar. Burada eramızın 1 əsrində Roma imperatoru Domisianın legionlarından birinin senturionu (yüzbaşı) tərəfindən daş üzərində qazılmış latınca yazı da aşkar edilib.

qolçomaq — Rusiya imperiyasında və SSRİ-nin yaradıldığı ilk illərdə mövcud olan varlı kəndlilər.

Qomindan — Çində 1912-ci ildə Sun Yatsen tərəfindən yaradılmış milli siyasi partiya. Əvvəllər mütərəqqi rol oynamışdır, sonralar — inqilab yatırıldıqdan və 1927-ci ildən hakimiyyətin Çan Kayşiyə keçməsindən sonra xarici kapitalla sıx əlaqədə olan mürtəce burjua-mülkədar hakim-partiyasına çevrildi. Çinin qitə hissəsində Qomindan hakimiyyəti 1949-cu ildə devrildi. Qomindan yalnız Tayvanda hakim partiya kimi qaldı.

qonşu icması — insanın oturaq həyat tərzinə keçməsi ilə formalaşmağa başlamışdır. Ox və kamanın ixtira edilməsi ovçuya öz ailəsini ərzaqla təklikdə təmin etmək imkanı verdi və qəbilə icmasından asılılığını azaltdı. Təxminən elə bu dövrlərdə insanlar əkinçiliyi öyrənməyə başladılar. İlk kənd təsərrüfatı əmək alətləri çox primitiv, əmək şəraiti isə çox ağır olduğundan qohumlardan başqa, icmaya tədricən qonşular da daxil oldular və beləliklə, birliyin yeni növü — qonşu icması yaranmağa başladı. Tarixçilər qonşu icmasının üzvlərini icma kəndliləri adlandırırlar.

Qor — Qədim Misirdə fironların himayəçisi kimi sitayiş edilən səma və Günəş allahı. Qor Osirislə İsidanın oğlu idi. Əfsanəyə görə, Set tərəfindən xaincəsinə öldürülmüş Osirisdən hamilə qalan İsida Nilin deltasındakı bataqlıqlarda gizlənərək oğlunu doğub tərbiyə etmişdir. Set ilə savaşda Qor əvvəlcə məğlub olur — Set onun gözünü çıxarır; lakin ağır və sürəkli mübarizədən sonra Qor Setə qalib gəlir. Qor öz gözünü Osirisə verir və o, gözü uddııqdan sonra di-rilir. Dirilmiş Osiris özünün Misirdəki taxt-tacını Qora verir, özü isə o biri dünyanın hökmdarı olur. Qor şahin başlı insan və ya qanadlı günəş kimi təsvir olunurdu.

»Qordi düyünü" — Qordi Kiçik Asiyada Frigiya dövlətinin əfsanəvi hökmdarı idi. Rəvayətə görə, o, paytaxtı Qordionda boyunduruğu mürəkkəb ilgəklərlə düyünlənmiş araba qoyubmuş. Belə hesab olunurmuş ki, kim «Qordi düyünü»nü aça bilsə, o, Asiyanın hökmdarı olacaq. Onu açmağa cəhd göstərən Makedoniyalı İsgəndər də ona qədər çalışanlar kimi istəyinə çata bilmir. Bu zaman o, «Qordi düyünü»nü qılıncı ilə doğrayır. Dövrümüzdə işlədilən «Qordi düyününü doğramaq» ifadəsi hər hansı qarışıq məsələni başa çatdırmaq mənasını bildirir.

qotika (hərfən — qotlara məxsus; qot tayfasının adından götürülmüşdür) -XII əsrin ortaları — XVI əsrin memarlıq üslubu. Roman üslubunu əvəz edən qotika incəsənəti də əsasən dinlə bağlı idi. Orta əsrlərda kilsə hakimiyyəti o qədər güclənmişdi ki, hətta krallar da ona tabe idilər. Avropanın müxtəlif şəhərlərində nəhəng məbədlər tikilmişdi. Aparıcı arxitektura növü oxvarı pəncərə və vitrinləri və portalları, əyilmiş heykəllərə, mürəkkəb naxışlara malik əzəmətli və yaraşıqlı qüllələri olan şəhər cameələri idi. XV -XVI əsrlərdə qotikanı İntibah əvəz edir.

qotlar — qədim german tayfalarından biri. II əsrin sonları — III əsrin əvvəllərində Markoman müharibələri nəticəsində qotların şərqi german tayfaları Şimal-Qərbi Avropadan Qara dəniz istiqamətində hərəkət etdilər. Qotlar Qara dənizin şimal ətrafında tərkibinə əsasən skitlərin və sarmatların da daxil olduğu öz tayfa ittifaqlarını yaratdılar. Bu tayfa ittifaqı III əsrin ortalarında Bospor çarlığını tutdu. III əsrin ortalarında qotlar Roma imperiyasının şərq (Balkan) əyalətlərinə soxulmağa başladılar, III əsrin 50 — 70-ci illərində isə Afina, Korinf və s. yunan şəhərlərini qarət etdilər, habelə Dunay ətrafındakı Dakiya vilayətini tutdular. Elə o za-manlar da qotlar ostqotlara və vestqotlara bölündülər. 375-ci ildə hunlar Germanarixin Qara dənizin şimal ətrafında başçılıq etdiyi ostqot tayfa birliyinə zərbə endirdilər və nəticədə həmin ittifaq dağıldı. Ostqotların bir hissəsi hun tayfa ittifaqına qoşuldu, digər hissəsi isə qərbə doğru hərəkət etdi. Ostqotların qonşuları olan vestqotlar hunların hücumundan ehtiyat edərək öz yerlərindən ayrılıb Dunayı keçərək Roma imperiyasına getdilər və 376-cı ildə Roma hökuməti tərəfindən federat — imperiyanın müttəfiqləri simasında Möziyada (müasir Bolqarıstanın bir hissəsi) məskunlaşdırıldılar. Roma məmurları tərəfindən aldadılan vestqotlar 378-ci ildə üsyan qaldırdılar və üsyan yalnız 382-ci ildə yatırıldı. 395-ci ildə vestqotlar Alarixin başçılığı ilə yenə də üsyan qaldırdılar və onu özlərinə kral (konunq) seçdilər. Sonra vestqotlar Roma üzərinə təzyiqlərini artırdılar. Roma qoşunlarında xidmət edən germanların bir çoxu Alarixin tərəfinə keçdi. Alarix bir neçə dəfə Romaya yaxınlaşıb onu mühasirəyə aldı. 410-cu ildə Roma Alarixin başçılığı ilə vestqotlar tərəfindən tutulub qarət edildi. Vestqotlar talan edilmiş İtaliyadan Cənub-Qərbi Qalliyaya getdilər və 418-ci ildə Vestqot krallığını yaratdılar. Sonralar vestqotlar bütün Qalliyanı və İspaniyanın bir hissəsini ələ keçirdilər. 488 -493-cü illərdə ostqotlar hunlarla birlikdə İtaliyanı tutaraq Teodorixin başçılığı ilə burada öz krallıqlarını yaratdılar. 711-ci ildə vestqotların İspaniyadakı zəifləmiş krallıqları ərəblər tərəfindən işğal edildi.

qoşulmamaq siyasəti — dövlətin hər hansı bir hərbi-siyasi blokda və qruplaşmalarda iştirakdan imtina etməsi.

qovulma — qədimdə və orta əsrlərdə yəhudilərdə və xristianlarda ən ağır kilsə cəzası. Qovulanlar kilsə ibadətlərinə buraxılmırdılar, qəbiristanlıqda dəfn oluna bilməzdilər, ümumiyyətlə, «qanundan kənar» sayılırdılar. Kilsə tərəfindən siyasi məqsədlər üçün də istifadə olunurdu.

qraf — erkən orta əsrlərdə Avropada qraflıqda kralın hakimiyyətini təmsil edən vəzifəli şəxs; sonralar — zadəgan titulu.

qrand — orta əsrlərdə İspaniyada zadəgan titulu.

qrenadyorlar — Avropa ölkələrində XVII — XX əsrlərdə piyada qoşun növü. XVII əsrin sonlarından seçmə quru qoşun hissələri və birlikləri. Süvari qrenadyorlar da olmuşdur.

Qriboyedov Aleksandr Sergeyeviç (1795 — 1829) — rus yazıçısı. «Ağıldan bəla» mənzum komediyasını yazmışdır. 1826-cı ildə dekabristlərin işi ilə bağlı istintaqa cəlb olunmuş, göstərdiyi xidmət müqabilində İrana səfir göndərilmiş və Türkmənçay müqaviləsinin imzalanmasında iştirak etmişdir. Qriboyedov Rusiyanın isğal etdiyi Cənubi Qafqaz vilayətlərinə, xüsusilə də İrəvan, Naxçıvan və Qarabağ xanlığı ərazilərinə ermənilərin köçürülməsinin hazırlanması və həyata keçirilməsində böyük rol oynamışdır. Bu plan 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinin 15-ci maddəsində öz əksini tapmışdır. İrandan təzminat alınması və ermənilərin Cənubi Qafqaza köçürülməsi zamanı tətbiq edilən sərt və amansız tədbirlər yerli əhalinin narazılığına səbəb olmuşdur. 1829-cu ildə bir dəstə narazı adam Tehrandakı Rusiya səfirliyinə soxulub Qriboyedovu və səfirliyin bir çox məmurlarını öldürmüşdür. Çar hökuməti bununla əlaqədar üzrxahlıq və şahdan aldığı hədiyyələrlə kifayətlənmişdir (qanbahası kimi "Şah" almazı Rusiyaya verilmişdir).

qrifon — şir bədənli, qartal qanadlı, şir və ya qartal başlı əfsanəvi heyvan. qrossbauer (alm. «böyük adam») — Almaniyada varlı kəndlilərin adı. qrossmeyster (böyük magistr) — katolik dini-cəngavər ordeninin başçısı. Orden üzvləri tərəfindən ömürlük seçilir və Roma papası tərəfindən təsdiq olunurmuş.

Qrotefend Georq Fridrix (1775 — 1853) — Almaniya şəhərlərindən birində tarix və yunan dili müəllimi idi. İşdən sonra çətin həll olunan məsələləri və gizli yazı sirlərini — şifrlənmiş yazılan açmağı sevirdi. Bir dəfə Persepoldan -Əhəmənilər dövlətindən olan hələ oxunmamış mixi yazını oxumaq qərarına gəldi. Qrotefend bir neçə sözdən ibarət olan ifadəni ayırd edə bildi. Ona bu işdə hər sözdən sonra qoyulmuş ayırıcı işarə kömək etdi. Bu ifadə az qala hər sətirdə təkrar olunurdu. Qrotefend belə güman etdi ki, bu ifadə hökmdarın adı və titulunu ifadə edir. Amma Əhəmənilər nəslindən olan hökmdarın titulundakı sözlərin nədən ibarət olduğunu heç kim bilmirdi. Belə olduqda Qrotefend qərara gəldi ki, həmin titulları İranda III — VII əsrlərdə hakimiyyətdə olmuş Sasani şahlarının məlum titulları ilə müqayisə etsin. Sasani titulaturasındakı sözlərin sayı Qədim İran şahlarının güman edilən titullarının sayı ilə üst-üstə düşürdü. Qrotefend Sasani titulları mətnini mixi yazıdakı sözlərin yerinə düzdü. Lakin o, Əhəmənilərin adlarını bilmirdi. Orada rast gəlinən üç adın əvəzinə o, A, B və C hərflərini qoydu. İndi onun iki ifadəli birinci tərcüməsi belə idi: «A», böyük şah, şahlar şahı, «B» oğlu, Əhəməni. «C», böyük şah, şahlar şahı, «A» şahın oğlu, Əhəməni. Qrotefend bu qənaətə gəlmişdi ki, «A» şah oğlu deyilmiş. Tarix müəllimi yaxşı bilirdi ki, Qədim İran tarixində iki şah var imiş ki, onların ataları şahlıq etməmişlər — Kir və Dara. Əgər bunlar Kir və onun oğlu Kambiz olsaydılar, onda hər iki adda eyni işarələr olmalı idi, amma onlar müxtəlif işarələrlə başlayırlar. Deməli, bunları Dara və onun oğlu Kserks kimi oxumaq lazımdır. Tərcümənin son variantmda həmin ifadə belə olmalı idi: «Dara, böyük şah, şahlar şahı, Qistaspın oğlu, Əhəməni. Kserks, böyük şah, şahlar şahı, Dara şahın oğlu, Əhəməni Beləliklə, 1802-ci ildə Qrotefend mətni yalnız tərcümə etdi. O, doqquz mixi işarənin mənasını müəyyənləşdirdi, ancaq daha heç nə edə bilmədi, çünki o, dilçilik üzrə mütəxəssis deyildi və Şərq dillərini bilmirdi. Lakin Qrotefendin ixtirası Qədim İran mixi yazısının oxunmasının əsasını qoydu.

Qrünvald — Şərqi Prussiyada (müasir Polşa ərazisində) Qrünvald kəndi. 1410-cu il iyulun 15-də Qrünvald yaxınlığında böyük Litva knyazı Vitovtun (Vitautas) və Polşa kralı Yaqaylonun başçılığı ilə birləşmiş Polşa-Litva qoşunları və Tevton ordeni cəngavərlərinin qoşunları arasında döyüş olmuşdur. Döyüş Tevton ordeninin tam darmadağın edilməsi ilə başa çatmış və cəngavərlərin Şərqə yürüşlərinə son qoymuşdur.

Quba xanlığı — Şimali Azərbaycanda əsası Hüseynəli xan (1726 — 58) tərəfindən 1726-cı ildə qoyulmuş xanlıq. Xanlığın mərkəzi əvvəlcə Xudat, 1735-ci ildən sonra isə Quba olmuşdur. 1756-cı ildə Hüseynəli xan Salyan dairəsini də Quba xanlığına birləşdirmişdir. Quba xanlığı qubalı Fətəli xanın dövründə (1758 — 89) idarəetmə sistemində və vergi yığımında onun keçirdiyi islahatlar hesabına xeyli güclənmişdir. Əhalinin sayını artırmaq məqsədi ilə Fətəli xan Azərbaycanın cənub xanlıqlarından əhalinin Quba xanlığına köçməsinə şərait yaradırdı. Fətəli xan 1759-cu ildə Dərbənd xanlığını tutdu və onu Quba xanlığına birləşdirdi. 1767-ci ildə Fətəli xanın bacısı Xədicə Bikə ilə Məlik Məhəmməd xanın evlənməsi nəticəsində Bakı xanlığı Quba xanlığından vassal asılılığına düşdü. 1767-ci ildə şəkili Hüseynxan ilə birlikdə Şamaxı xanlığını tutan Fətəli xan onu öz aralarında bölüşdürdülər. Sonralar Şəki xanlığına birləşdirilmiş Şamaxı torpaqları da Quba xanlığına qatıldı. Fətəli xan 1768-ci ildə Cavad xanlığını da tabe etdi. 1773-cü ilin sonlarında Şəki və Qarabağ xanlarının, eləcə də avar usmisi (hakimi) ilə gürcü çarı II İraklinin birləşmiş qüvvələri birlikdə Fətəli xana qarşı vuruşdular. 1774-cü ilin yayında Xudat yaxınlığındakı Gavduşan çölündəki döyüşdə Fətəli xanın qoşunları məğlub olub Salyana çəkildilər, onun düşmənləri isə Şamaxı və Qubanı tutub Dərbəndi mühasirəyə aldılar. Dərbəndin müdafiəsinə Fətəlixanın arvadı Tuti Bikə rəhbərlik edirdi. Düşmənlər 9 aya yaxın Dərbəndi mühasirədə saxladılar. Fətəli xan yardım üçün Rusiyaya müraciət etdi. 1775-ci ilin martında rus qoşunlarının yardımı ilə Fətəli xan rəqibləri üzərində qələbə çaldı. Fətəli xan minnətdarlıq əlaməti olaraq Dərbəndi Rusiyaya verdi. 1780 — 81-ci illərdə Fətəli xan bir neçə dəfə Qarabağ xanlığına yürüş etməyə cəhd göstərdi, lakin bunların hamısı uğursuz nəticələndi. Fətəli xan 1784-cü ildə ənubi Azərbaycanda Ərdəbil və Meşkin şəhərlərini tutdu, amma Rusiyanın təzyiqi onun qoşunları bu ərazilərdən çıxarıldı. Fətəli xanın oğlanları Əhməd xanın (1789 — 91) və Şeyxəli xanın (1791-1810) dövründə Quba xanlığı zəiflədi. Bakı, Şamaxı və Şəki xanlıqları Quba xanlığının asılılığından çıxdılar. 1796-cı ilin iyununda general Zubovun başçılığı ilə rus qoşunları Dərbəndi, sonra isə Qubanı tutdular. Şeyxəli xan rus qoşunlarına müqavimət göstərməyə cəhd etdi. 1796-cı ilin noyabrında imperatriçə II Yekaterinanın ölümündən sonra imperator I Pavelin əmri ilə rus qoşunları Azərbaycandan çıxarıldı. Qazıqumux hakimləri ilə uzunsürən mübarizədən sonra Şeyxəli xan yenidən Dərbəndi Quba xanlığına birləşdirdi. 1806-cı ilin axırlarında rus qoşunları Quba xanlığını tutdu və onun əraziləri Rusiya imperiyasına birləşdirildi. Şeyxəli xan isə xanhğın dağ rayonlarında işğalçılara qarşı müqavimət göstərməkdə davam etdirdi.

Qubada müstəmləkə əleyhinə üsyan (1837) — Quba əyalətində kəndlilərin müsləmləkə istismarı çox ağır idi. Burada kəndlilər xəzinə nəfinə 7 növ vergi ödəyir və mükəlləfiyyət yerinə yetirirdilər. Xəzinənin ixtiyarına keçmiş otlaqlar kəndlilərə iltizama verilirdi. Maldarlar xəzinəyə öz keçmiş otlaqlarından istifadə müqabilində pul ödəməli idilər. Komendantlar yerli əhalidən öz nəflərinə də vergi və mükəlləfiyyətlər tələb edirdilər. 1837-ci ildə Varşavadakı müsəlman alayında xidmətçün süvarilərin toplanması üsyanın başlanması üçün bəhanə oldu. Dəstəni təchiz etmək üçün əhalidən zəruri olduğundan iki dəfə artıq məbləğ yığırdılar. Çıxışlar 1837-ci ilin aprelində Yuxarıbaş mahalında başlandı. Əvvəlcə kəndlilər Rusiyanın dairə hərbi rəisi general Reutla danışmağa səy göstərdilər. Reut kəndlilərin tələblərinin bir neçəsini yerinə yetirməyə məcbur oldu. 1837-ci il avqustun 21-də Xuluq kəndinin kəndxudası Hacı Məhəmmədin və onun köməkçisi Yarəlinin başçılığı ilə silahlı üsyan başlandı. Avqustun 28-də Xudatda rus postunu tutan üsyançılar Hacı Məhəmmədi özlərinə xan seçdilər. Artıq sentyabrda üsyançıların sayı 12.000 nəfərə çatırdı. Onlar Qubanı mühasirəyə aldılar. Sentyabrın 4-dən 5-nə keçən gecə üsyançılar Quba üzərinə hücuma başladılar. Yarəlinin başçılıq etdiyi dəstə şəhərə daxil ola və onun mərkəzini tuta bildi, lakin daha yaxşı silahlanmış rus qoşunları burada möhkəmlənən üsyançıların müqavimətini qırdı və onları qaladan çıxardı. Qubanın tutulması üçün sentyabrın 6-da edilən cəhd də uğursuz başa çatdı. 1837-ci il sentyabrın 10-da qaladakı rus qarnizonu və general Reutun onlara köməyə gələn dəstəsi üsyançılar üzərinə hücuma keçdilər. Üsyançıların dəstələri darmadağın edildi, amma Yarəli gizlənə bildi. Üsyanın 43 fəal iştirakçısı həbs olunub məhkəməyə verildi, Hacı Məhəmməd isə edam olundu. Bundan sonra bir sıra dağ rayonlarında kəndlilərin çıxışları davam etdi və ruslar 1838-ci ildə onlara qarşı 2 hərbi əməliyyat aparmağa məcbur oldular. Quba üsyanı XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda müstəmləkə əleyhinə ən böyük üsyan idi.

qul — sahibinin — quldarın və onu istismar edənin əmlakı olan insan.

qulam (ər. „oğlan“, „qul“, „kölə“) — 1) orta əsrlərdə müsəlman ölkələrində qul, kölə; 2) Abbasilər xilafətində daimi süvari qvardiya; 3) orta əsrlərdə Osmanlı imperiyasında feodal qoşunlarının sıravi döyüşçüləri; 4) Dehli sultanlığında qvardiyaçılar -qullar.

quldar — qulları olan adam.

Quran (ər. „əl-Quran“ — »ucadan əzbər oxumaq") — müsəlmanların müqəddəs kitabı. Quran Məhəmmədin əsasən Məkkə və Mədinədə 610 — 632-ci illərdə ilahi vəhylər şəklində söylədiyi moizələrin yazılı toplusudur. Məhəmmədin sağlığında Quranın mətni əzbərdən yadda saxlanılırdı. Quranın tam mətninin ilk yazılı nüsxəsi Məhəmmədin vəfatından sonra xəlifə Əbu Bəkrin göstərişi ilə toplanmış və peyğəmbərin arvadı Həfsənin evində saxlandığından tarixə «Həfsə nüsxəsi» adı ilə daxil olmuşdur. Quran ərəb dilində yazılmışdır. Əsrlər boyu Quranda yalnız nöqtə və sətiraltı-sətirüstü işarələr düzümü artırılmış, mətni isə olduğu kimi qalmışdır. Quranın mətnində müxtəlif ölçülü (3 ayədən 286 ayəyədək) 114 surə vardır. Surələr, ayələr, eləcə də Quranda çəkilən adlar və hadisələr arasında qeyri-adi mütənasiblik mövcuddur.

qurban bayramı (ər.-türk. — «qurban-vermə bayramı») — müsəlmanların hər il zilhiccə ayında (müsəlman təqvimi ilə 12-ci ay) qeyd olunan bayramları; həmin ayda həcc ziyarəti həyata keçirilir. Qurban bayramının kökləri Qərbi Ərəbistanda bütlərə qurban verilməsinə gedib çıxır. İslamda qurban bayramının mənşəyi belə rəvayətlə izah olunur: İbrahim (Bibliyada — Avraam) peyğəmbər oğlu İsmayılı Allaha qurban verərkən Allahın ona rəhmi gəlmiş və əvəzində cənnətdən qoç göndərmişdir.

qurban verilməsi (kəsilməsi) — ölmüş uluların ruhlarına, ilahiləşdirilmiş əşyalara, bütlərə və allahlara pay verilməsindən ibarət olan ən qədim ayinlərdən biri. Qurban zənbil dolu ərzaq, öldürülmüş heyvan, bəzənsə insan ola bilərdi. Qurban verilməsi ən qədim dövrlərdən bəllidir. Kahinlərin ayrıca zümrəyə çevrilməsi ilə qurban payları onlara çatmağa başladı. Ona görə də kahinlər qurban verilməsinin sehrli qüvvəyə malik olması inamını daha da dəstəkləməyə başladılar. Qurban verilməsi əlamətləri bütün dinlərdə bu və ya digər dərəcədə indi də qalmaqdadır.

qurultay — monqol feodallarının xan seçmək məqsədi ilə yığıncaqları.

qusar — yüngül süvari, ilk dəfə 1485-ci ildə Macarıstan kralı tərəfindən türklərə qarşı mübarizə məqsədi ilə yaradılmışdı. Az sonra belə qoşunlar başqa ölkələrdə də meydana gəldi.

Qutqaşınlı İsmayıl bəy (1806 — 61) — Azərbaycan yazıçısı, Qutqaşendə (indiki Qəbələdə) ali zadagan-bəy ailəsində doğulmuşdur. Uşaqlıq və gənclik illərində dini təhsil almış, ərəb və fars dillərini öyrənmişdir. Rus ordusunda xidmət etmiş, artilleriya general-mayoru rütbəsini almış, xidmət müddətində rus və fransız dillərini mükəmməl öyrənmişdir. 1840-cı illərin əvvəllərində istefaya çıxmış, Qutqaşen və Şamaxıda yaşamışdır. Əsas əsəri 1835-ci ildə yazılmış və Varşavada çap olunmuş «Rəşid bəy və Səadət xanım» povestidir. Povestdə romantik məhəbbət tərənnüm edilmiş, qadın hüquqsuzluğu və Şərqdəki ailə həyatının patriarxal əsasları tənqid olunmuşdur. Həmçinin o, rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etməklə məşğul olmuşdur.

Qutenberq İohann (1400 -1468) — alman kitab çapı ixtiraçısı. Uzun və ağır zəhmətdən sonra o, metaldan hərftökən əl cihazı yaratmışdır. Sonra Qutenberq hərflərdən sətirlərin yığılmasını və səhifənin düzəldilməsini başa çatdırıb, kağız üzərinə basmaqla surətini çıxardı. Sökülüb quraşdırılan şriftin köməkliyi ilə istənilən mətnin sonsuz sayda səhifəsini yığmaq mümkün idi. Təxminən 1445-ci ildə Qutenberq Maynts şəhərində ixtira etdiyi çap dəzgahında Bibliyanı cap etdi. Onun ixtirasından 50 il sonra Avropa şəhərlərində artıq 1100 mətbəə fəaliyyət göstərirdi.

üds — yəhudilərin, xristianların və müsəlmanların müqəddəs şəhəri.

qvardiya — imtiyazlı seçmə qoşun hissəsi. Qədim Şərq ölkələrində meydana gəlmişdir. Daha çox Əhəmənilər dövlətində (10 minlik "ölməzlər" korpusu) və Qədim Romada (pretorianlar) inkişaf etmişdir. XII əsrdə İtaliyada meydana gələn «qvardiya» anlayışı dövlət bayrağını mühafizə edən seçmə dəstə mənasını verirdi. Qvardiya xüsusilə Fransa, İngiltərə, İsveç, Rusiya, Prussiya və s. monarxiya ölkələrində mövcud olmuşdu. Orta əsrlərdə Şərqdə qvardiya rolunu monarxların keşikçiləri, muzdlulardan və qullardan ibarət seçmə hissələr oynayırdılar. Onlar Bağdad xəlifələrinin və Böyük Moğolların qvardiyaları, habelə Misir hökmdarlarının məmlükləri və Osmanlı sultanlarının yeniçəriləri idilər.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top