"J" hərfi ilə başlayan tarix terminləri

"J" hərfi ilə başlayan tarix terminləri

Jakeriya — Yüzillik müharibə dövründə -1358-ci ildə Fransanın şimal-şərqində feodal zülmünün güclənməsi, iqtisadi dağıntı nəticəsində baş vermiş antifeodal kəndli üsyanı. Adını feodalların kəndlilərə verdiyi «sadəlövh Jak» ləqəbindən götürmüşdür. Üsyan kortəbii xarakter daşıyırdı və ölkədə üsyan edən bir neçə kəndli dəstəsi var idi. Ən iri dəstələrdən birinin başçısı Gilyom Kal idi. Üsyançılar feodal mükəlləfiyyətləri və təhkimçilik asılılığına qarşı çıxış edirdilər. Üsyan fransız feodallarının gözünü elə qorxutmuşdu ki, hətta məğlubiyyətə uğrayan kəndlilərin şəxsi asılılıqdan tezliklə azad edilmələri üçün imkan yaradıldı.

Janna d'Ark (1412 — 31) — Fransa milli qəhrəmanı. Janna Fransanın şimal-şərqindəki Domremi kəndində dindar kəndli ailəsində anadan olmuşdur. 13 yaşı tamam olanda müqəddəslərin səslərini eşitməyə başlamışdı. 18 yaşına çatanda isə o, vətənini ingilislərdən azad etmək üçün bu səsləri yuxarıdan deyilən göstəriş kimi qəbul etməyə haşladı. Onda Janna kral qoşunlarının kapitanı ilə görüşə nail ola və zabiti inandıra bildi ki, onu Fransa kralının oğlunun qəsrinə aparsın. Kralın oğlu Karl taxtı özünə qaytarmaq üçün uğursuz cəhdlər göstərdiyi bir məqamda Janna onun qəsrinə gəlib çıxdı. Karl ingilislər tərəfindən mühasirəyə alınmış Orleana çatmaq üçün Jannaya kiçik bir dəstə ayırdı. Janna ingilislərə qarşı bir neçə uğurlu hücuma başçılıq etdi və nəticədə 1429-cu il mayın 8-də Orlean mühasirədən azad oldu. Bu qələbədən ruhlanan xalq ona «Orlean qızı» ləqəbini verdi. Sonra Janna öz ordusu ilə Reymsi ingilislərdən azad etdi. Karl bundan sonra tac qoyaraq VII Karl adı ilə Fransanın kralı oldu. Tacqoymadan sonra Janna kralı artıq 10 il ingilislərin əlində olan Paris üzərinə hücum etməyə inandıra bildi. Lakin onun uğursuz hücumundan sonra Karl Jannanı Luara vadisinə çağırdı. 6 aylıq bekarçılıqdan sonra Janna kiçik dəstə ilə yenidən Paris üzərinə hücum etdi. 1430-cu il mayın 23-də Janna Kompyen qalası yanında burqundlara hücum edərkən əsir götürüldü. Burqundiyalılar Jannanı ingilislərə satdılar, onlar isə Jannanı özlərinin nəzarət etdikləri Fransa inkvizisiyası və Paris universitetinin ilahiyyatçılarına verdilər. Məhkəmə gənc qızı «islahedilməz bidətçi» kimi məhkum etdi və o, 1431-ci il mayın 30-da Ruan şəhərində tonqalda yandırıldı. Fransa kralı VII Karl Jannanın xilas edilməsi üçün heç bir tədbirə əl atmadı. 1455-ci ildə kilsə məhkəməsi Jannaya qarşı irəli sürülmüş bütün ittihamları rodd etdi. 1920-ci ildə katolik kilsəsi tərəfindən Janna müqəddəs elan olundu.

Jijka Yan (1360 — 1424) — var-yoxdan çıxmış cəngavər, sərkərdə. Qrünvald döyüşünün iştirakçısı. 1420-ci ildən taborçuların getmanı (hərbi başçısı). 1420 -22-ci illərdə onun başçılığı ilə taborçular 3 səlib yürüşünü dəf etmişdilər. Orduda üzərində səhra topları qoyulan səyyar arabalar (vaqenburqlar) sistemini tətbiq etmişdir. Döyüşlərin birinde Jijka başından yaralanmış və kor olmuşdur, bununla belə, yenə də orduya komandanlıq etmişdir. Döyüşlərdə o, düşməni gözlənilməz üsullar və qərarlarla lərzəyə salan yeni-yeni taktikalar tətbiq edirdi. Jijka döyüş zamanı ən gözlənilməz yerlərdə peyda olurdu. Düşmənləri onu «Dəhşətli kor» adlandırırdılar. Yan Jijka Çexiyanın xalq qəhrəmanıdır.

jirondistlər — Böyük Fransa burjua inqilabı dövründə respublikanın ticarət-sənaye və torpaq sahibliyi burjuaziyasını təmsil edən siyasi qrup. «Jirondistlər»ə bu ad sonralar tarixçilər tərəfindən, qrupdakı xadimlərin çoxunun Jironda departamentindən olması ilə əlaqədar verilmişdir. Liderləri J.P.Brisso, P.V.Vernyo, J.A.Kondorse və b. idi. Monarxiyanın devrilməsindən sonra 1792-ci il avqustun 10-da jirondistlər hakimiyyətə gəldilər. Onlar inqilabın sonrakı inkişafına maneçilik törətməyə başladılar. 1793-cü il 31 may — 2 iyun üsyanı jirondistləri hakimiyyətdən məhrum etdi. 1793-cü ilin oktyabrında onların bir qismi edam olundu. Termidor çevrilişindən və Direktoriya hakimiyyətinin yaradılmasından sonra jirondistlər əksinqilabçılara qoşuldular.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top