Rəbbin Ruhunun olduğu yerdə nigah münasibətlərinin uyğunsuzluğundan söhbət gedə bilməz.
Həyat maraqlarını birləşdirən iki şəxs tamamilə fərqli xarakterə malikdirlər. Toydan sonra onlar əvvəllər etmədikləri vəzifələri yerinə yetirməlidirlər.
Müqəddəs Kitab göstərir ki, ailənin başçısı kişidir: «Qadınlar, ərlərinizə tabe olun». Əgər verilmiş əmr yalnız bu sözlərlə qurtarsa idi, onda qadınların vəziyyətinə həsəd aparmağa dəyməzdi. Lakin əmrdə bu sözlər də verilmişdir: «Rəbbə tabe olur kimi...».
ALLAH insana şüur bəxş etmişdir və qadının fərdiyyəti kişinin fərdiyyətinin kölgəsində qala bilməz. Ərinin söylədiklərinin onun bədəni və ruhuna zərər toxunduracağını bilə-bilə, qadının gözüyumulu və məcburi şəkildə onları yerinə yetirməli olduğunu düşünmək böyük səhvdir. Ərdən ölçüsüz dərəcədə yüksəkdə duran Biri vardır. Qadın öz ərinə hörmət etməlidir. Ər isə öz növbəsində arvadını sevməli və qorumalıdır. Belə oxuyuruq: «Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın.
Nə ər, nə də arvad üstünlük qazanmağa çalışmamalıdır. Hər iki tərəf bir-birini incitmədən və qəlbinə toxunmadan səmimilik ruhunu saxlamalıdır.
Yoldaşınızı hər şeyi sizin istədiyiniz şəkildə etməyə və sizin arzularınıza tabe olmağa məcbur etməyin. Bu cür rəftar etsəniz, bir-birinizə qarşı məhəbbəti qoruya bilməyəcəksiniz. Şəxsi iradəni yeritmək ailədəki sülh və xoşbəxtliyi aradan qaldırır. Qoy sizin ailə həyatınız ucsuz-bucaqsız qarşıdurmalardan azad olsun. Düşünmədən hərəkət edərək, heç biriniz xoşbəxtliyi dada bilməyəcəksiniz. Xeyirxah, səbrli, təmkinli və diqqətli olun.
Güzəştə gedin. Ailə həyatında kişilər də, qadınlar da çox vaxt özlərini intizamsız, inadkar uşaqlar kimi aparırlar. Hər kəs öz dediyinin üstündə durur və heç biri güzəştə getmək istəmir. Bu, böyük bədbəxtliyə gətirib çıxara bilər. Ər və arvad qarşı tərəfin rəyi və nöqteyi-nəzərilə razılaşmağa hazır olmalıdırlar. Nə qədər ki hər iki tərəf öz fikrində inadkarlıq göstərir, ailədə hansısa xoşbəxtlikdən söhbət gedə bilməz.
Ailə həyatı ilə bağlı ayrı-ayrı fikirlərə malik ər və arvad, eyni zamanda möhkəm məhəbbət telləri ilə necə birləşə bilərlər? Onlar ailəyə aid hər bir məsələdə fikir birliyinə gəlməlidirlər. Ailə ocağının istisi — ölçüyəgəlməz var-dövlətdir. Əgər bir tərəf səhv edirsə, qoy o biri tərəf səbrli olsun və incik halda üz çevirməsin.
Ailədəki sülh və birliyi zəiflədə biləcək hər bir problemi qəti şəkildə aradan qaldırmaq, bunun əvəzində xeyirxahlıq və məhəbbət bəsləmək lazımdır. Nəvaziş, səbr və məhəbbət bəsləyən kəs ən sonda görəcəkdir ki, elə həmin münasibət onun özünə qarşı da yönəlmişdir.