Habsburqlar — Avstriyada hakimiyyətdə olmuş (1282-ci ildən — hersoqlar, 1453-cü ildən — ershersoqlar, 1804-cü ildən isə Avstriya imperatorları) sülalə. 1526-cı ildə Çexiya, Macarıstan və başqa əraziləri birləşdirən Habsburqlar geniş əraziyə malik çoxmillətli dövlətin (1867-ci ildən 1918-ci ilə kimi — Avstriya-Macarıstan) monarxlarına çevrildilər. Habsburqlar «Müqəddəs Roma imperiyası»nın imperatorları (1438 — 1805), eləcə də İspaniyanın kralları (1516 -1700) idilər.
Hacı Çələbi xan (şəkili) — Şəki feodalı, Səki (Nuxa) xanlığının yaradıcısı və xanı (1747 — 55). 1743 — 44-cü illərdə Şəkidə Nadir şaha qarşı mübarizə kəskin xarakter almışdı. Yerli əhali Nadir şaha Şəki məliyi Nəcəfdən şikayət etməyə başladı. Nadir şah əmr etdi ki, Şəkinin əyanları özləri üçün vəkil seçsinlər. Vəkil seçilən Hacı Çələbi məlik Nəcəfin işlərinə qarışmağa başlayır. Məlik Nəcəf yerli əhalidən Nadir şaha şikayət edir və bildirir ki, Hacı Çələbi şah fərmanlarına tabe olmur və xalqı da onları yerinə yetirməməyə təhrik edir. Qəzəblənmiş şah Hacı Çələbini yanına çağırtdırır və onun edam olunması haqqında əmr verir. Lakin Hacı Çələbi Nadir şahı məlik Nəcəfin çirkin əməllərlə məşğul olmasına inandıra bilir, yalnız bundan sonra azad edilir və daha yüksək rütbə alır. Əmirlərinə müraciət eləyən Nadir şah bildirir: «Heç kim mənim hüzurumda nəfəsini belə çəkməyə cəsarət eləmir, Nuxadan gəlmiş Çələbi cəsarətlidir ki, boynunda kəndir ola-ola bu sözləri mənə deyir. O bizim başımıza bəla gətirəcək. Mən zənnimdə yanılmıram».
Şəkiyə qayıdan Hacı Çələbi məlik Nəcəfin hərəkətlərinə daha ciddi nəzarət edir və o yenə şaha şikayətlənir. Nadir şah Hacı Çələbini yenə yanına çağırır, ancaq bu dəfə Hacı Çələbi şahın hüzuruna getmir. Lakin Nadir şahın gec -tez Şəkiyə gələcəyini dərk eləyən Hacı Çələbi məlik Nəcəfi öldürür və iranlıları Şəkidən qovur, ərzaq-sursat ehtiyatı görüb, əhalini Şəki yaxınlığındakı «Gələsən-görəsən» qalasına yığır. 1744-cü ilin noyabrında Nadir şahın qoşunları Şəkiyə tərəf hərəkət edir, «Gələsən-görəsən» qalasında qüvvətli müqavimət görüb, geriyə çəkilməyə məcbur olur. 1745-ci ilin yazında İran qoşunları yenidən «Gələsən-görəsən» qalasına hücum edirlər, amma yenə də onu tuta bilmirlər. Nadir şah əmr edir ki, Şəkini yandırsınlar, ancaq bu da qalanın müdafiəçilərinin müqavimətini qırmır. Qalanın 5 aylıq mühasirəsindən sonra Hacı Çələbi 1746-cı ildə vəkil vəzifəsini saxlamaqla Nadir şahın ali hakimiyyətini tanımağa məcbur olur. Nadir şahın yeni vergilər təyin etməsindən sonra Şəki əhalisi 1747-ci ildə yenidən silaha əl atır və Hacı Çələbi özünü Şəkinin xanı elan edir.
Nadir şahın öldürülməsindən sonra Hacı Çələbi xan Şəki xanlığının möhkəmləndirilməsi və genişləndirilməsi sahəsində bir sıra tədbirlər görmüşdür. Hacı Çələbi xan vergiləri tənzimləmişdi, bu isə Səki xanlığının maliyyə vəziyyətinin yaxşılaşmasına imkan vermişdir. Hacı Çələbi xan Təbriz üzərinə uğursuz yürüş etmiş, Qarabağ xanlığının bir hissəsini ələ keçirmişdir. Qarabağ xanlığında Bayat qalasının nəticəsiz mühasirəsindən sonra Hacı Çələbi xan demişdir: «Pənahəli xan indiyədək əyarsız gümüş idi, biz isə gəlib ona əyar vurub getdik». Hacı Çələbi xan oğlunu qazıqumuxlu Məhəmmədhəsən xanın qızı ilə evləndirəndən sonra Qəbələ və Ərəş sultanlıqlarını özündən asılı vəziyyətə saldı. 1751-ci ildə Hacı Çələbi xana qarşı gürcü çarı II İrakli, qarabağlı Pənahəli xan, gəncəli Şahverdi xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və irəvanlı Hüseynəli xan ittifaq yaratmışdılar. Hacı Çələbi xan Nizaminin qəbri yaxınlığında baş verən döyüşdə güclü qoşunla öz rəqibləri üzərində parlaq qələbə çaldı. Bu qələbədən sonra Qazax və Borçalı gürcülərdən azad edildi. 1752-ci ilin yazında İrakli Cara hücum etdi, carlılara köməyə gələn Hacı Çələbi xan gürcü çarını daha ağır məğlubiyyətə uğratdı. 1755-ci ildə Hacı Çələbi xan Şirvanı tutmağa cəhd göstərdi, Ağsu qalasını uğursuz mühasirəyə aldı.
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu (1885 — 1948) — Azərbaycan dramaturqu, bəstəkar, musiqiçi, SSRİ xalq artisti (1938), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), Azərbaycanın professional musiqi sənətinin banisi. Respublikada musiqi təhsilinin inkişafına təkan vermiş, Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etmişdir. Bir çox musiqi kollektivləri yaratmışdır. Əsas əsərləri: «Leyli və Məcnun» (1908), «O olmasın, bu olsun» (1910), «Arşın mal alan» (1913) musiqili komediyaları, “Koroğlu” (1937) operası, kantatalar, simfonik əsərlər, Azərbaycan Demokratik Respublikasının (1918) və Azərbaycan SSR-in (1945) dövlət himnlərinin musiqisi. SSRİ dövlət mükafatları laureatıdır (1941, 1946).
Haqverdiyev Əbdürrəhim bəy Əsəd bəy oğlu (1870 — 1933) — Azərbaycan yazıçısı, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1928). Əsas əsərləri: «Dağılan tifaq» (1896) və «Bəxtsiz cavan» (1900) faciələri. Haqverdiyev «Xortdanın cəhənnəm məktubları» (1907), «Marallarım» (1910) və digər əsərlərində cahilliyi, mövhumatı, müftəxorluğu rişxəndlə tənqid etmişdir.
Halikarnas mavzoleyi — e.ə. IV əsrdə Halikarnas şəhərində inşa edilmişdir; Kariya hökmdarı Mavsolun sərdabəsi. Qədimdə «dünyanın yeddi möcüzəsi»ndən biri sayılırdı. Halikarnas şəhəri Kiçik Asiya sahillərində yerləşən və məşhur yunan tarixçisi Herodotun vətəni sayılan, çox da böyük olmayan Kariya yunan çarlığının paytaxtı olmuşdur. Mavsol ətraf əraziləri və adaları Kariyaya birləşdirə bilən hiyləgər və ehtiyatlı hökmdar idi. O, tabeliyində olanların bütün ehtiyacları üşün vergi təyin etmiş və bununla da çoxlu var-dövlət qazanmışdı. Bu var-dövlətlə o özünə çox yaraşıqlı bir sərdabə-məbəd inşa etdirmişdi.
Ölümündən sonra burada ona allaha layiq hörmət göstərilməli idi. Məbəd-sərdabənin inşasına hələ Mavsolun sağlığında başlanılmışdır. Onun ölümündən sonra məbədin inşasını arvadı, ondan sonra oğlu davam etdirmiş, nəvəsi isə başa çatdırmışdır. Bu məbəd-sərdabənin yaradılması üçün Mavsol o dövrün ən yaxşı memarlarını — Pifey və Satiri, ən məşhur heykəltəraşlarını — Leoxar, Skopas, Briaksis və Timofeyi dəvət etmişdi. Tarixçi alimlərin fikrincə, mavzoley eni 66 m, uzunluğu isə 77 m ölçüdə dördbucaqlı bina şəklində olub. Hündürlüyü 46 m-dək imiş. Mavzoley 3 mərtəbədən ibarət idi. Ağ mərmərdən hündür postament rolunu oynayan birinci mərtəbə Mavsolun və onun arvadının sərdabəsi idi. Burada çarın və çariçanın mərmər sarkofaqı yerləşirdi. Birinci mərtəbə yuxarıda enli frizlə -naxışlı mərmər zolaqla tamamlanırdı. Birinci mərtəbənin üstündə ilahiləşdirilmiş çarın və arvadının şərəfinə qurban verilmək üçün tikilmiş otağı əhatə edən sütunlar var idi. Mavsolun və arvadının nəfis düzəldilmiş mərmər heykəlləri də burada yerləşirdi. Pilləli piramida mavzoleyin örtüyü rolunu oynayırdı. Bütün tikili dörd ata qoşulmuş mərmər cəng arabası abidəsi ilə tamamlanırdı. Binanın ətəyində aslan və yürüyən atlıların mərmər heykəlləri var idi.
Mavsolun məbəd-sərdabəsinin şöhrəti o qədər geniş yayılmışdı ki, qədim romalılar böyük və monumental qəbirüstü “mavzoley” adlandırmağa başladılar. «Mavzoley» sözü romalıların dilindən müasir dillərə keçdi.
Mavzoley 1800 ilədək — xaç yürüşlərinədək qalmışdır. Xaçlı cəngavərlər Kiçik Asiyanın sahillərini istila edib, burada Müqəddəs Pyotr qala-qəsrini tikdirmişdilər. Onun inşası üçün işğalçılar mavzoleyin divarlarındakı heykəlləri, relyefli plitələri, mərmər frizləri, heykəllərdəki qızıl suyuna çəkilmiş tunc bərbəzəkləri insafsızcasına sındırırdılar. Xaçlılar türklər tərəfindən qovulduqdan sonra Müqəddəs Pyotr qala-qəsri türklərin Budrun qalasına çevrildi. Türkiyə hökumətinin icazəsi ilə ingilis tədqiqatçıları antik relyefli plitələri Britaniya muzeyinə gətirdikdən sonra əmin oldular ki, qarşılarındakı vaxtilə hökmdar Mavsolun sərdabəsini bəzəmiş frizlərdir. Budrun qalasında aparılan qazıntılar nəticəsində əlavə materiallar əldə edən memarlar tarixçi alimlərlə birgə mavzoleyi yenidən qurmuşlar, hərçənd mütəxəssislərin heç də hamısı bununla razılaşmamışdır.
Hammurapi — Babilistan hökmdarı (e.ə. 1792 — 50). Mesopotamiyanı fəth edən Hammurapi bütün Babilistan şahlığı üçün vahid baş allah, qanunlar, çəki və uzunluq ölçüləri təyin etdi.
Hannibal (e.ə. 247 — 183) — istedadlı sərkərdə, e.ə. 221-ci ildən İberiyada (İspaniya) Karfagen qoşunlarının baş komandanı. Antik müəlliflər xəbər verirlər ki, Hannibal hələ doqquz yaşında belə and içibmiş: «And içirəm ki, heç vaxt romalıların dostu olmayacağam və qüvvəm çatan qədər onlara pislik edəcəyəm». Hannibal varlı Karfagen ailəsində anadan olmuş, yaxşı təhsil almışdı. Dörd dildə, o cümlədən yunan və latın dillərində danışırdı. O, yunan ədəbiyyatı və elmini bilir, Makedoniyalı İsgəndərin yürüşlərini öyrənirdi. Romalılar heç cür onun planlarını anlaya bilmirdilər. Hannibal müharibədə gözlənilməz bicliklər işlədir və tələ qura bilirdi. Həm romalılar, həm də karfagenlilər müharibəyə hazırlaşırdılar. E.ə. 218-ci ildə romalılar Karfagenə müharibə elan etdilər. Romalılar müharibəni İspaniya və Afrikada aparmaq niyyətində idilər. Amma onların gözlədiyinin əksinə Hannibal tərtib etdiyi plana uyğun olaraq qoşunlarını və döyüş fillərini Alp dağları vasitəsilə İspaniyadan İtaliyaya keçirdi. Alp dağlarının donmuş cığırlarını keçərkən onun döyüşçülərinin yarısı və demək olar ki, fillərinin hamısı həlak olmuşdu. Hannibal sağ qalmış döyüşçülərlə Şimali İtaliyaya çıxdı və burada yaşayan qall tayfaları ona qoşuldular, seyrəlmiş qoşunlarını xeyli qüvvətləndirdilər. Hannibalın qəflətən İtaliyaya daxil olması romalılar arasında böyük çaxnaşma yaratmış, bir neçə qanlı savaşdan sonra isə Karfagen qoşunları romalıların iki ordusunu darmadağın etmişdi. Hannibal qoşunları ilə şimaldan-cənuba qədər bütün İtaliyanı keçdi. Hətta Hannibalın düşməni olan romalılar da onun şücaətini və fövqəladə sərkərdə qabiliyyətini etiraf edirdilər. E.ə. 216-cı ildə Kanna yaxınlığındakı döyüşdə Hannibalın qoşunları sayca çox olan düşmən qoşunlarını mühasirəyə alıb darmadağın etdilər. E.ə. 221-ci ildə karfagenlilər Romaya yaxınlaşdılar, amma böyük və yaxşı möhkəmləndirilmiş şəhəri mühasirəyə almaq və hücumla tutmaq üçün Hannibalın kifayət qədər qüvvəsi yox idi. Romalılar sülh imzalamaqdan imtina etdilər. Roma sərkərdələri müharibənin partizan taktikasına üstünlük verdilər. Müharibə sürəkli vəziyyət aldı. Hannibalın 16 ilə yaxın İtaliyada olan qoşunu tədricən azalmağa, Romanın qüvvəsi isə artmağa başladı. Hannibal başa düşdü ki, müharibəni uduzur. E.ə. 204-cü ildə romalılar Afrikaya çıxdılar, e.ə. 203-cü ildə isə Hannibal İtaliyadan geriyə çağırıldı və e.ə. 202-ci ildə Zama şəhəri yaxınlığında Hannibalın ordusu Afrikalı Ssipionun başçılığı ilə Roma qoşunları tərəfindən darmadağın edildi. Roma ilə sülh (e.ə. 201) imzalandıqdan sonra Hannibal Karfagenin idarəçiliyinə rəhbərlik etdi. E.ə. 195-ci ildə Hannibal Ön Asiyaya qaçdı və orada Selevkilər hökmdarı III Antioxun hərbi müşaviri oldu. Antioxla danışıqlar aparan Roma sərkərdəsi Ssipion burada Hannibal ilə görüşdü. Selevkilər dövləti romalılar tərəfindən darmadağın edildikdən sonra Hannibal Vifiniyaya (Kiçik Asiyada kiçik bir dövlət) qaçdı və burada da hökmdarın hərbi müşaviri oldu. Bundan xəbər tutan senat onun təhvil verilməsini tələb etdi. Artıq qocalmış və xəstə sərkərdə bir dəfə evinin silahlı adamlarla mühasirəyə alındığını gördü. Romalıların əsiri olmaq istəməyən Hannibal zəhər içib özünü öldürdü.
Harappa — ən qədim şəhərlərdən birinin — e.ə. 111 minilliyin ortaları — II minilliyin I yarısında Pəncab ərazisində (indiki Pakistanda) mövcud olmuş keçmiş Harappa sivilizasiyası mərkəzinin xarabalıqları. Arxeoloqlar burada kərpicdən və keramikadan inşa edilmiş qalalar, evlər və tikililər, möhürlər və s. aşkar etmişlər.
Hastinqs — İngiltərədə Pade-Kale boğazı sahilində şəhər. Normandiya hersoqu Vilhelmin qoşunları 14 oktyabr 1066-cı ildə Hastinqs yaxınlığında İngiltərəyə çıxmış və kral II Haroldun anqlosaks qoşunlarını darmadağın etmişdi. Harold döyüşdə öldürülmüş, Vilhelm isə bütün İngiltərəni tutaraq ingilis kralı olmuşdur.
Haşımzadə Mir Mehdi (1819 — 94) — «Xəzani» təxəllüsü ilə şerlər yazan Azərbaycan tarixçisi və şairi. Əsas əsəri Qarabağ xanlığının 1747-ci ildən 1828-ci ilə kimi tarixini işıqlandıran «Kitabi-tarixi-Qarabaği»dir.
hayduklar — XV — XIX əsrlərdə Osmanlı ağalığına qarşı mübarizə aparan bolqar və serb partizanları. Hayduklar müsəlman kəndlərini yandırır və talan edir, döyüşçülərə və məmurlara hücum çəkirdilər. Osmanlı qoşunları partizanları məhv edə bilməmişdilər. Hayduklar əksər hallarda amansızcasına vəhşiliklər törədir, qarət və zorakılıqla məşğul olurdular.
Hefest — qədim yunan mifologiyasında od allahı, demirçilik sənətinin himayədarı, Zevsin və Heranın oğlu. Qədim romalılar onu Vulkanla eyniləşdirirdilər.
hegemoniya — birincilik, rəhbər rol, aparıcılıq.
hegemonizm — dünya ağalığına əsaslanan siyasət. Digər dövlətlərin və xalqların daxili işlərinə qarışmaq, onlara birbaşa müdaxilə və s. formasında təzahür edir. Bu zaman siyasi, ideoloji, iqtisadi, hərbi və s. vasitələrdən istifadə olunur.
Hera — qədim yunan dini və mifologiyasında allahların çariçası, Zevsin bacısı və arvadı. Hera bərəkət ilahəsi və nikahın himayədarıdır. Qədim romalılar Heranı ilahə Yunona ilə eyniləşdirirdilər.
Herakl — qədim yunan mifologiyasında böyük qəhrəman, Zevsin və Heranın oğlu. Əfsanəyə görə, Herakl 12 qəhrəmanlıq göstərmişdir. Zevs Heraklı ölümsüzləşdirmiş və Olimp dağına aparmışdır.
heraldika — gerblərin öyrənilməsi ilə məşğul olan elm. Heraldika maddi mədəniyyətin öyrənilməsi üçün xüsusilə vacibdir, belə ki, o, tarixi maddi mənbələrin mənsubiyyətini, tarixini, istehsal olunduğu yeri və digər əlamətlərini müəyyənləşdirməyə kömək edir.
Hermes — qədim yunan mifologiyasında maldarlıq, ticarət və gəlir allahı. Olimp allahlarının müjdəçisi. Səyahətdə (yolda) olanların himayəçisi. Qədim romalılar onu Merkuri allahı ilə eyniləşdirirdilər.
Herodot (e.ə. 484 — 425) — görkəmli qədim yunan tarixçisi, mənşəcə Kiçik Asiyada yerləşən Halikarnas şəhərindəndir. Herodot Yunan — İran müharibələrinin tarixini yazmışdır. Lakin həmin əsərdə o, təkcə müharibələr barəsində deyil, həm də müharibədə iştirak edən xalqların tarixi haqqında da məlumat vermişdir. Öz əsəri üçün material toplayan Herodot Əhəmənilər dövlətinin bir çox ölkələrini gəzmiş, gördükləri, yerli sakinlərdən eşitdikləri haqqında yazmışdır. Herodot tarixi faktları ilk dəfə müqayisə edənlərdən və onları bir-biri ilə zəncirvan hadisələr kimi araşdıran, onların səbəblərini açmağa cəhd göstərənlərdən idi. Herodot özünün «Tarix» əsərindən parçaları ilk dəfə Olimpiya Oyunları zamanı oxumuşdur. Dinləyicilər Herodota həyəcanla qulaq asırdılar, çünki o, gözəl yazıçı idi. Onlar bu kitabdan o qədər həzz aldılar ki, onun haqqında rəvayətləri bütün Yunanıstana yaydılar. Herodot tezliklə məşhurlaşdı. Onun əsəri hələ qədimlərdə çox yüksək qiymətləndirilmiş, özü isə «tarixin atası» adlandırılmışdır. Herodotun «Tarix „ kitabı — Qədim Yunanıstanda və Ön Asiyada, Misirdə və bizim vətənimiz Azərbaycanda məskunlaşmış xalqların qədim tarixi üzrə biliyimizin ən mühüm mənbələrindən biridir.
Heroqlif — adətən bir söz və ya heca bildirən işarə-rəsmlərin istifadə olunduğu xüsusi yazı sistemi. Heroqlif yazısından e.ə. təxminən 3000-ci ildən Qədim Misirdə 750 heroqlifə qədər) və Qədim Çində (burada hər heroqlif bir söz bildirdiyindən on minlərlə heroqlifdən) istifadə olunmağa başlanılmışdı. Qədim Misirdə heroqlif yazısı e.ə. IV minillikdə meydana çıxmışdır. Heroqlif yazısından e.ə. III minillikdə Krit adasında, e.ə. II minillikdə hettlər və çinlilər, e.ə. X əsrdən asteklər, eramızın əvvəllərindən mayyalar, V — VI əsrlərdən isə yaponlar istifadə etmişlər. Çində qədim heroqlif yazısından bir qədər dəyişdirilmiş formada indiyədək istifadə olunur. Müasir yaponlar, koreyalılar, vyetnamlılar da heroqliflərdən istifadə edirlər.
hersoq — qədim germanlarda qəbilənin, tayfanın hərbi başçısı. Orta əsrlərin başlanğıcında Qərbi Avropada iri feodal sahibkar. Orta əsrlərin axırlarından ali zadəgan titullarından biri.
Hesiod — e.ə. VIII — VII əsrlər qədim yunan şairi. Əsas əsərləri “Zəhmətlər və günlər» və «Teoqoniya»dır.
Həbibi — I Şah İsmayıl Səfəvinin sarayında ədəbi məclisə rəhbərlik etmiş XVI əsr Azərbaycan şairi.
həbs düşərgələri (konslager) — Almaniyada faşistlərin hakimiyyətə gəlməsindən (1933) sonra hitlerçi rejimin əleyhdarlarını təcrid və əzmək məqsədi ilə yaradılmış alman-faşist həbs düşərgələri. 1938 — 39-cu illərdə Almaniyanın işğal etdiyi ölkələrdə həbs düşərgələri sistemi yaradıldı və bu ölkələrin xalqlarına qarşı repressiya və genosid — soyqırımı alətinə çevrildi. Konslagerlər insanların kütləvi məhv edilməsinə imkan verən qaz kameraları, krematoriyalarla təchiz edilmişdi. Buhenvald, Zaksenhauzen, Dahau, Maydanek, Osvensim, Treblink və s. həbs düşərgələrində 11 milyondan artıq adam məhv edilmişdir.
həcc (ər. "əl-həcc") — müsəlmanların Məkkəyə ziyarəti. Bunu yerinə yetirməyə imkanı olan hər bir müsəlman üçün Ömründə heç olmasa bir dəfə vacibdir.
Hədislər — Məhəmməd peyğəmbərin fəaliyyəti və kəlamlarına əsaslanan rəvayətlər. Hədislərin əksəriyyəti VII əsrin sonu — VIII əsrin əvvəlində meydana gəlmişdir. Səhih (doğru) sayılan hədislər birlikdə «sünnə» adlanır.
həmrəylik — maraqların birliyi, ümumiliyi.
hərbi demokratiya — ibtidai icma cəmiyyətinin inkişafının nəsli icmanın dağılması və onun qonşuicması ilə əvəz olunan son mərhələsi. Kollektivçiliyin və demokratiyanın qalıqlarının saxlanıldığı həmin mərhələdə əmlak bərabərsizliyi yaranır, xalq yığıncağının hakimiyyəti dağılır, hərbi drujinaya arxalanan hərbi başçıların hakimiyyəti güclənir.
«Hərbi kommunizm» — 1918 — 20-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə SSRİ-nin iqtisadi siyasəti. «Hərbi kommunizm» siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin qoyulması. 1921-ci ildə «Hərbi kommunizm» siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur.
hərbsizləşdirilmiş (demilitarizasiya olunmuş) zona — köhnə hərbi istehkamların saxlanılması və yenilərinin yaradılmasının, qoşunların yerləşdirilməsinin qadağan olunduğu ərazi zolağı. Hərbsizləşdirilmiş zona rejimi beynəlxalq müqavilə ilə müəyyənləşdirilir.
hərəm (ər. «hərəm» — «qadağan olunmuş yer») — 1) Kəbə və onun ətrafı; 2) müqəddəs yer; ziyarətgah; 3) müsəlmanların evində qadın otağı. Məcazi mənada -ev sahibinin arvad və kənizləri.
Həsən Cəlal — Mehranilər nəslindən olan Həsən Cəlal Arsax-Xaçın knyazlığının hakimi (1215 — 61) idi. Atabəy Özbəyin hakimiyyəti illərində Eldəgəzlər dövlətinin zəiflədiyi dövrdə Həsən Cəlal əsasən Qarabağın dağlıq hissəsini əhatə edən knyazlığın bərpa edilməsinə nail olmuşdur. Həsən Cəlal knyazlıqda qədim albanların milli özünüdərkini və ənənələrini bərpa etməyə can atırdı, lakin hələ ərəblərin ağalığı dövründə alban kilsəsinin 704-cü ildə erməni kilsəsinə tabe edilməsi ilə başlanan qriqorianlaşma prosesi onunla nəticələndi ki, Arsaxın və Xaçının əhalisi alban dili ilə yanaşı, erməni dilindən də istifadə etməyə başladı. Alban katolikosu Nersesin xahişi ilə Həsən Cəlal 1218-ci ildə Qanzasar monastırının (mənbələrdə “Albaniyanın baş kilsəsi” adlanır) tikintisinə başlanılması haqqında əmr vermişdir. Həsən Cəlal çevik siyasəti ilə öz hakimiyyətini hətta monqolların hücumu zamanı və ondan sonra da qoruyub saxlaya bilmişdi.
“Həşt behişt” — Ağqoyunlu padşahı Yaqub Mirzənin əmri ilə 1486-cı ildə Təbrizdə inşa edilmiş yaraşıqlı saray kompleksi. Kompleksə saray binaları, kitabxana və məscid, 1000 nəfərlik xəstəxana, cıdır meydanı, ağac və güllər əkilmiş geniş park daxil idi. Sarayın əsas salonu Yaxın Şərq tarixində daha çox məşhur olan döyüşlərin təsvirləri lə bəzədilmişdi. Təəssüflər olsun ki, “Həşt behişt”dən bizə yalnız onun xarabalıqları gəlib çatmışdır.
Hicrət (ər. “köçmək”, “ayrılmaq”) — Məhəmməd Peyğəmbərin Məkkədən Yəsribə (Mədinəyə) köçməsi. Hicrətin səbəbi islamın Məkkədə çoxillik uğursuz təbliğatı idi. Şəhərdən kənarda davamçıların axtarışı Məhəmməd Peyğəmbəri onun həkəmliyini qəbul edən və onu özlərinə başçı sayan Yəsrib ərəbləri ilə anlaşmaya gətirdi. Məhəmməd Peyğəmbərin və Əbu Bəkrin Yəsribə gəlmələrinin nisbətən daha düzgün tarixı 12 rəbi ül-əvvəl (24 sentyabr) 622-ci il hesab olunur. İslamın formalaşması və yayılmasında hicrət həlledici rol oynamışdır: qohumluq əlaqələrinin qırılması müsəlman icmasını xırda bir qəbilə çərçivəsindən çıxardı və onun dövlətə çevrilməsi üçün şərait yaratdı. Xəlifə I Ömərin dövründə (VII əsr) hicrət müsəlman təqviminin başlanğıcı götürülmüşdür. Hicri təqvim Ay təqviminə əsaslanır.
himn (dövlət) — vətəni, dövləti, tarixi hadisələri, onların qəhrəmanlarını vəsf edən musiqili nəzm əsəri. Hər bir ölkədə rəsmi qəbul olunmuş dövlət himni vardır. Azərbaycan Respublikasının dövlət himni (sözləri Əhməd Cavadın, musiqisi Üzeyir Hacıbəyovundur) 1992-ci il mayın 27-də Milli Məclis tərəfindən qəbul olunmuşdur.
Hipotez (fərziyyə) — elmi-tədqiqat prosesində hər hansı bir hadisənin və ya hadisələr məcmusunun izah olunması üçün irəli sürülən güman.
Hippokrat (e.ə. 460 — 370) — görkəmli qədim yunan həkimi. Hippokrata qədər hesab edilirdi ki, insan onun bədəninə şər ruhların daxil olmasına görə xəstələnib ağrıyır. Hippokrat başa düşdü ki, bu, şər qüvvələrlik deyil. Hippokratın təliminə görə, həkim xəstəliyi insanın bədənindən qovmamalı, əksinə, orqanizmin onu dəf etməsinə kömək etməlidir. Hippokratın və onun şagirdlərinin düzgün qidalanmaq, dərmanlar və əməliyyatlar haqqında əsərləri təbabətin inkişafına böyük töhfədir. Həkimin yüksək mənəvi siması haqqında düşüncələr Hippokratın adı ilə bağlıdır. İndinin özündə də həkim olmaq istəyənlərin hamısı «Hippokrat andı» içir.
Hitler (təxəllüsü; əsl adı Adolf Şiklqruber; 1889 — 1945) — Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının başçısı — füreri (1921-ci ildən), Almaniyanın reyxskansleri (1933-cü ildən), 1934-cü ildən reyxskansler və prezident vəzifələrini birləşdirmişdir. Avstriyanın Braunau şəhərində gömrük işçisi ailəsində anadan olmuş, 1932-ci ilə kimi Avstriya vətəndaşlığını saxlamışdır. Erkən yaşlarından yetim qalmışdır. Avstriyada alman millətçiliyi və antisemitizm ideyasının qatı tərəfdan olmuşdur. 1913-cü ildə Almaniyaya köçmüşdür. Birinci Dünya müharibəsi illərində Hitler könüllü orduya getmiş, iki dəfə yaralanmış və yefreytor rütbəsi almışdır. Qeyri-adi natiqlik qabiliyyəti sayəsində 1921-ci ildən Almaniya Nasional-Sosialist Fəhlə Partiyasının füreri olmuşdur. 1923-cü ildə Münhendə hakimiyyəti ələ keçirməyə cəhd göstərdi («pivə qiyamı») və buna görə məhkəmənin qərarı ilə Hitler 5 il müddətinə həbs olundu. Həbsxanada olarkən “Mayn kampf’ («Mənim mübarizəm») kitabının çox hissəsini yazdı və orada özünün siyasi görüşlərini təsvir etdi. 1933-cü il yanvarın 30-da Hitler Almaniyanın reyxskansleri, 1934-cü ildə Hindenburqun ölümündən sonra isə həm də prezidenti oldu. Almaniyada faşist terroru rejimi yaratdı. Hitler 1938-ci ildən Almaniyanın silahlı qüvvələrinin ali baş komandanı oldu. Hitler İkinci Dünya müharibəsinin başlanmasının birbaşa təşəbbüskarı, işğal olunmuş ərazilərdə hərbi əsirlərin və dinc əhalinin kütləvi qırğınının əsas təşkilatçılarından biridir. Sovet qoşunları Berlinə daxil olan zaman çıxılmaz vəziyyətə düşən Hitler 1945-ci il aprelin 30-da -reyxstaq üzərində sovet bayrağı qaldırılandan təxminən iki saat sonra imperiya dəftərxanasının yeraltı bunkerində özünü güllə ilə öldürmüşdür.
Homer — e.ə. VIII əsr görkəmli qədim yunan şairi. Homer öz poemalarını ifa edən sərgərdan kor nəğməkar idi. Troyaya yürüş haqqında rəvayətlər əsasında Homer iki böyük poema poema — "İliada" və «Odisseya» əsərlərini yaratmışdır. "İliada " poemasının adı yunanların İlion adlandırdıqları Troya şəhərinin adından götürülmüşüdür. "İliada«da Axey — Troya müharibəsinin onuncu ilinin hadisələri təsvir olunur. „Odisseya“da Odisseyin Troyadan vətəninə qayıdarkən başına gələn macəralardan bəhs olunur. Homerin hər iki poeması ən böyük ədəbi əsərlərdəndir. Bu əsərlər təntənəli hekzametr şeri ilə yazılıb, dilinin zənginliyi və oxunaqlığı ilə seçilir. Uzun illər ərzində onun əsərləri şifahi şəkildə nəsildən-nəslə ötürülürdü və yalnız e.ə. VI əsrdə yazıya alınmışdır.
homsted (ing. „ev üçün yer“, „malikanə“, „sahə“) — ABŞ-da vətəndaş müharibəsi (Şimalla Cənub arasında müharibə) illərində 1862-ci ildə homstedlər haqqında qəbul edilən qanuna əsasən verilən torpaq payı. ABŞ-ın Cənubun tərəfində vuruşmamış hər bir vətəndaşı ictimai fonddan öz mülkiyyəti üçün böyük torpaq sahəsi ala bilərdi.
Hörmüzd, Hörmüz — zərdüşti allahı Ahura Mazdanın orta əsrlərdəki adı.
hugenotlar — Fransada XVI — XVIII əsrlərdə kalvinizm tərəfdarlarını „hugenot“ adlandırırdılar. Fransada hugenotlarla mübarizə aparmaq üçün „Odlu palata“ adını alan fövqəladə tribunal yaradılmışdı. Tribunal 3 il ərzində 500 adamı məhkum etmişdi. Şimali Fransanın feodal əyanları və zadəganları başda hersoq Fransua de Giz olmaqla katoliklərin tərəfində idilər. Navarra kralı Antuan Burbon, onun oğlu Henrix və şahzadə Konde, habelə admiral Qaspar de Kolinyi hugenotlara başçılıq edirdilər. Katoliklərlə hugenotlar arasında toqquşmalar 36 il (1562 — 98) davam etdi və tarixə vətəndaş və ya dini müharibələr adı ilə daxil oldu. 1572-ci ildə Varfolomey gecəsində çoxlu hugenot öldürülmüşdür.
humanistlik — insaniyyətlik, insansevərlik, insanlara hörmətlə yanaşmaq, insan şəxsiyyətinə hörmət etmək.
humanistlər — İntibah dövrü mədəniyyəti xadimləri; onları hər şeydən əvvəl insan və onun əməlləri cəlb edirdi. Humanistlərin bir çoxu kəskin şəkildə kilsəyə qarşı çıxış edirdi. Məhz humanistlər antik dövrlə İntibah dövrü arasındakı dövrü “orta əsrlər” özlərinin yaşadıqları dövrü isə „yeni dövr“ hesab etmişlər.
humanizm (lat. „insani“, „insanpərvərlik“) — bir şəxsiyyət kimi insanın dəyərinin, sərbəst inkişafının və qabiliyyətinin aşkara çıxarılması üçün onun hüquqlarının etiraf olunması, insanın rifahının ictimai münasibətlərin qiymətləndirilməsində meyar kimi qəbul edilməsi.
hunlar (xunnular) — türkdilli köçəri tayfaların möhkəm birliyi; e.ə. IX əsrdə Şimali Çin və Monqolustan ərazilərində məskunlaşmışlar. Həmin dövrdən xunnu tayfaları Çin üzərinə daimi yürüşlər təşkil edirmişlər. Məhz xunnu yürüşlərindən qorunmaq məqsədi ilə çinlilər Böyük Çin səddini inşa etmişlər. E.ə. II əsrdə xunnu tayfaları qüvvətli, ağıllı və bacarıqlı Modenin hakimiyyəti altında birləşdirilmişlər. Onun başçılığı ilə xunnular qonşuları, xüsusilə də onların daha zəngini Çin üzərinə bir sıra dağıdıcı yürüşlər etmişlər. Çin qüvvətli xunnu təzyiqindən xilas olmaq üçün çoxlu qüvvə və qızıl sərf etməli olmuşdur. Xunnu tarixinin bu dövrünə altı taxta dirəkli daş tökümündən ibarət olan bir çox geniş kurqan qəbirləri aid edilir. Bu qəbildən müasir Ulan-Bator (Monqolustan) şəhəri yaxınlığında yerləşən Noin-Ula xunnu qəbri daha məşhurdur. Qəbirlərdə aşkar edilmiş çoxlu əşyalar o dövr xunnu təsərrüfatı, mədəniyyəti, ticarət əlaqələri və ictimai həyatı haqqında təsəvvür yaratmağa imkan verir. Xunnu təsərrüfatının əsasını əvvəlki kimi maldarlıq təşkil edirdi. Ovçuluq da böyük rol oynayırdı. Xunnu tayfaları məişət əşyalarını vəhşi heyvanların fiqurları ilə bəzəməyi xoşlayırdılar. Ön Asiya incəsənətində (o cümlədən „Luristan tuncu“ adlandırılan Azərbaycan ərazisində) də fantastik yırtıcı heyvanların, eləcə də „skif heyvani üslubu“ adlandırılan incəsənətdə oxşar təsvirlər məlumdur; lakin xunnu tayfaları Qərbi Sibir və Altay tayfaları ilə daha sıx əlaqədə idilər. Xunnu tayfaları əsir qulların əməyindən istifadə edirdilər. Hərbi əsirlərin çoxu varlı əkinçi və sənətkarlardan asılı olurdu. E.ə. I əsrin ortalarında xunnu dövləti iki hissəyə -şimali və cənubi hissələrə parçalandı. Cənubi xunnu tayfaları öz yerlərində qaldılar, şimali xunnu tayfaları isə tədricən qərbə — Mərkəzi Asiyaya tərəf hərəkət etməyə başladılar. Orada onların bir qismi Yueban dövlət qurumu yaradaraq oturaqlaşdı, qalanları isə Uralətrafı və Volqaboyuna tərəf axın etdilər. Eramızın II -IV əsrlərində xunnu tayfaları tədricən yerli uqr və sarmat tayfaları ilə qarışdılar.
Hun tayfalarının qərbə — Avropaya köçməsi „xalqların böyük köçü “nün başlanmasına səbəb oldu. Eramızın IV əsrinin ortalarından hunlar Mərkəzi Asiyadan və Uralətrafından Şimali Qafqaza doğru hərəkət etdilər. Hunların bir qismi burada əyləndi, digər qismi Cənubi Qafqaza yürüşlərə başladı, üçüncü qismi isə Balamberin başçılığı ilə qərbə doğru hərəkət edərək alan tayfalarına zərbə endirdi və onları öz tayfa ittifaqına daxil etdi. 370-ci ildə hunlar Krımda Bospor çarlığını darmadağın etdilər. Onun paytaxtı Pantikapey, şəhərlər və kəndlər tamamilə dağıdıldı. 375-ci ildə hunlar Qara dənizin şimal sahillərində olan ostqotların tayfa ittifaqlarını məğlub etdilər və nəticədə həmin ittifaq dağıldı; ostqotların bir hissəsi hunların tayfa ittifaqına daxil oldu, digər hissəsi isə qərbə doğru hərəkət etdi. Ostqotları darmadağın edən hunlar Roma imperiyası ərazilərinə soxulmağa başladılar. 395 — 397-ci illərdə hunlar Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza soxularaq buradan Roma imperiyasının əyalətləri olan Suriyaya, Kiçik Asiyaya, Mesopotamiyaya axın etdilər. Qərbi Roma imperiyası german tayfalarına qarşı mübarizədə hunlardan müttəfiq kimi istifadə etdi — 402-ci ildə hunlar Alarixin, 434-cü ildə isə burqundların darmadağın edilməsində iştirak etdilər. 420-ci ildə hunlar Pannoniyanı tutub burada tabe etdikləri bir çox tayfaların (ostqotların, kvadların, markomanların, qerulların, gepidlərin və b.) da daxil olduğu böyük birlik yaratdılar. V əsrin 40-cı illərinin ortalarında müasirləri tərəfindən »allahın bəlası" adlandırılan Attila hunlara başçılıq etməyə başladı. İqamətgahı Pannoniyada olan Attila kimi istedadlı sərkərdə və başçının dövründə hunların tayfa ittifaqı ən qüdrətli dövrünə çatdı; onların hakimiyyəti şərqdə Qafqaz dağlarına qədər, qərbdə — Reyn çayına kimi, şimalda — Danimarka adalarınadək genişləndi, cənubda isə Dunayın sağ sahilini əhatə etdi. 437-ci ildə hunlar Qalliyanın cənub-şərqində Burqund krallığını dağıtdılar. 447-ci ildə hunlar Attilanın başçılığı ilə Frakiya və İlliriyanı talayıb 70 şəhəri və qalanı dağıtdılar, Fermopilə və Konstantinopolun ətrafına çatdılar. Bizans imperiyasının hunlara ödədiyi xərac xeyli artırıldı. 451-ci ildə hunlar Attilanın başçılığı ilə Qalliyaya soxulub Orleanı mühasirəyə aldılar, sonra isə Katalaun çölündə Qərbi Roma imperiyası və müttəfiqlərinin birləşmiş qoşunları ilə savaşdılar. 452-ci il-də hunlar Attilanın başçılığı ilə Şimali İtaliyaya soxulub Akvileo şəhərini dağıtdılar, Paduya, Milan və digər şəhərləri tutdular. Roma xərac verib özünü dağıntıdan xilas etdi. Hunların başçılarının hakimiyyəti artıq V əsrdə irsi idi, amma hunlar hələ də köçəri həyat tərzi sürürdülər. Onlar hərbi demokratiya mərhələsində idilər. Hunlar tabe olunmuş tayfalara xərac təyin edirdilər. Bundan başqa, onlar hunların hərbi yürüşlərində də iştirak etməliydilər. Hunların dinlərində baş allah Tenqri xan idi. Onların gümüşdən tökülmüş bütləri var idi. Attilanın 453-cü ildə ölümündən sonra vərəsəlik üstündə onun oğlanları arasında mübahisələr başlandı və tabe edilmiş tayfalar bundan hunlara qarşı üsyana başlamaq üçün siqnal kimi istifadə etdilər. Üsyanı yatıra bilməyən hunlar Şimali Qara dəniz sahillərinə tərəf geriyə çəkildilər, 469-cu ildə isə oradan Frakiyaya daxil oldular, lakin Bizans tərəfindən məğlub edildilər. Bundan sonra hunlar bir xalq kimi Avropada hər hansı rol o ynamaqdan kənarda qaldılar.
Hus Yan (1371 — 1415) — Praqada Karlov (indiki Praqa) universitetinin professoru, Çexiya Reformasiyasının ideoloqu. Hus çex dilinin qrammatikasını işləyib hazırlamışdır. 1402 — 1403 və 1409 — 10-cu illərdə Karlov (Praqa) universitetinin rektoru. Çexiyada almanların və katolik kilsəsinin zorakılığına qarşı xalq hərəkatının ilhamçısı. Hus ruhaniləri ifşa edir, kilsə vəzifələrinin və indulgensiyanın satışına qəzəblənirdi, erkən xristianlıq prinsiplərinə qayıtmağı, adi adamların hüquqlarının ruhanilərin hüquqları ilə bərabərləşdirilməsini tələb edir, kilsənin torpaq və sərvətlərini əlindən almağa, ayinlər üçün ödəncləri ləğv etməyə, Çexiyada Roma papasına deyil, krala tabe olan öz kilsələrini yaratmağa çağırırdı. Roma papasını «böyük fırıldaqçı» adlandıran Hus ona qarşı zor işlədilməsinə çağırırdı. Konstans (Cənubi Almaniya) şəhərində keçirilən kilsə yığıncağı zamanı Hus öz əqidəsindən dönməkdən imtina etmiş, buna görə məhkum olunmuş və 1415-ci il iyulun 6-da tonqalda yandırılmışdır. Yan Husun edamı Çexiyada kütləvi üsyanın başlanmasına səbəb olmuşdur. Hazırda Yan Hus Çexiyada milli qəhrəman kimi yad edilir.
husçular — Husun edam olunması çex xalqının və özünü husçu adlandıran davamçıların qəzəbinə səbəb oldu. 1419-cu ildə Praqada üsyan başlandı, üsyançılar bir müddət paytaxtda hakimiyyəti ələ keçirə bildilər və varlı almanları və din xadimlərini qovmağa başladılar. Üsyançılar Tabor dağı yaxınlığında möhkəmləndirilmiş şəhər tikdilər. Üsyançıların ən qətiyyətli hissəsini var-yoxdan çıxmış cəngavərlərin başçılıq etdikləri taborçular təşkil edirdi. Husçuların digər qrupu mötədillərdən ibarət idi. Roma papası V Martin husçulara qarşı edilib yürüşü elan etdi. Başda «Müqəddəs Roma imperiyası»nın imperatoru Sigizmund olmaqla səlibçilərin qoşunları Çexiyaya daxil olub Praqanı mühasirəyə aldılar, lakin az sonra səlibçilər darmadağın edildilər. Roma papası və imperator Çexiyaya qarşı daha 4 səlib yürüşü təşkil etdilər. Amma onların hamısı uğursuz oldu. Husçuların əsas rəhbəri Jijka idi. Uzunsürən müharibələr nəticəsində husçuların qoşunları daimi qoşuna çevrildi. Husçuların özləri də qənimət əldə etmək məqsədi ilə Macarıstan, Polşa, Avstriya və Almaniyaya yürüşlər etməyə başladılar. Husçuların müharibələri nəticəsində mötədillərlə taborçular arasında toqquşmalar baş verdi. Səlib yürüşlərinin müvəffəqiyyət qazanacağına ümidlərini itirən Roma papası ilə imperator mötədillərə vəd etdilər ki, taborçulara qarşı vuruşsalar, tutduqları kilsə torpaqlarını onlara verəcək, Çexiyada yeni kilsəni saxlayacaq və onlara pul yardımı göstərəcəklər. 1434-cü ildə mötədillər Lipani yaxınlığında taborçulara qalib gəldilər. Husçular müharibələri (1419 — 34) dövründən başlayaraq iki yüz il ərzində Çexiyada husçu kilsəsi formalaşdı, kəndlilər kilsəyə onda bir vergisini verməkdən azad edildilər, şəhərlərin çoxunun əhalisi çex oldu.
hüquqi dövlət — öz vətəndaşlarının hüquq və azadlıqlarını təmin və müdafiə edən dövlət.
Hülakü xan — Tulunun oğlu, Çingiz xanın nəvəsi, Hülakülər sülaləsi və dövlətinin banisi. 1256-cı ildə monqol qoşunları Hülakü xanın sərkərdəliyi ilə İram və Azərbaycanı tutdu. Hülakü xan beşinci monqol ulusunun — Hülakülər (elxanilər) dövlətinin elxanı (1256 — 65) oldu. Köçəri monqol əyanları Hülakü xanın əsas dayağı idilər. Hülakü xanın qoşunları 1258-ci ildə hücumla Bağdadı aldılar, sonra isə 40 gün ərzində yerli əhalini talayıb-qırdılar. Monqollar Bağdad şəhərinin qala divarlarını dağıtdılar, xəlifələrin möhtəşəm kitabxanasını, əlyazmaların və nadir kitabların saxlandığı binalan yandırdılar. Beləliklə, Hülakü xan Ərəb xilafətini məhv etdi.
Hülakülər — 1256-cı ildən XIV əsrin ortalarınadək Kiçik Asiyanın şərq hissəsində, İraq, İran, Cənubi Qafqaz, Türkmənistan, Əfqanıstan ərazilərini əhatə edən dövlətdə hakimiyyətdə olmuş monqol elxanilər sülaləsi.
Hülakülər dövləti (elxanilər dövləti) — Dərbənddən İran körfəzinə, Amudəryadan Misirədək ərazini əhatə edən, Hülakü xan tərəfindən yaradılmış dövlət (1256 — 1357). 1258-ci ildə Hülakü xan Abbasilər xilafətini məhv etdi və beşinci monqol ulusunu yaratdı. Hülakülər dövləti İran, İraq, Əfqanıstan və Türkmənistanı, Azərbaycanın çox hissəsini və Kiçik Asiyanın şərqini əhatə edirdi. Azərbaycan dövlətin siyasi və inzibati mərkəzi idi, dövlətin paytaxtı isə əvvəlcə Marağa, sonra isə Təbriz olmuşdur. Hülakü xanın 1265-ci ildə ölümündən sonra Hülakülər dövlətində feodal pərakəndəliyi başlandı. Feodal ara müharibələri Qazan xanın hakimiyyəti illərinədək davam etmişdi. Azərbaycan ərazisində Qızıl Orda ilə aparılan daimi müharibələr ölkənin təsərrüfatı və mədəniyyətinin inkişafını ləngidirdi. Qazan xan monqol hərbi köçəri əyanlarının müqavimətini qıra və mərkəzi hakimiyyəti möhkəmləndirə bilmişdi. Qazan xanın islahatları təsərrüfatın və mədəni həyatın canlanmasına səbəb oldu. Azyaşlı elxan Əbu Səidin taxta çıxması ilə Hülakülər dövlətində feodal ara müharibələri yenidən başlandı. Elə bu dövrlərdə Qızıl
Orda xanları da Şirvanı talan etdilər. Əmir Çoban tərəfindən 1319 — 22-ci illərdə feodal qiyamlarının yatırılması faktik olaraq onu Hülakülər dövlətinin hökmdarına çevirdi. 1328-ci ildə baş əmir Çoban elxan Əbu Səidin adamları tərəfindən öldürüldü, 1335-ci ildə isə Əbu Səidin özü də sui-qəsd nəticəsində qətlə yetirildi. Bundan sonra Hülakülər dövlətinin tənəzzülü başlandı; feodal ara müharibələrində Cəlairilər, Çobanilər və Xorasan əmirləri xüsusilə fəal çıxış edirdilər. Dövləti Hülakülərin elxanları adından Çobanilər idarə Hülakülər dövlətinin gümüş dirhəmi edirdilər. Çobanilərə rəqib olan feodallar kömək üçün Qızıl Orda xanı Canı bəyə müraciət etdilər, o isə şirvanşah Kavusla birlikdə 1337-ci ildə Təbrizə heç bir müqavimətsiz daxil oldu və Hülakülər dövlətinə son qoydu. Az sonra burada Cəlairilər dövləti yaradıldı.
«Hümmət» — 1904-cü ilin payızında Azərbaycan ziyalıları M.Mövsümov, M.Hacınski və M.Rəsulzadənin təşəbbüsü ilə RSDFP Bakı Komitəsi yanında «Hümmət» Müsəlman Sosial-Demokrat təşkilatı" yaradıldı. Ə.Axundov, B.Ağayev, Q.Ağayev, M.Aydınbəyov, B.Dadaşov, A.Kazımzadə, N.Nərimanov və b. «Hümmət» təşkilatının işində fəal iştirak edirdilər. «Hümmət» təşkilatı Şimali Azərbaycanın müxtəlif qəzala-rında özəklərini yaratmışdı. 1904 — 1905-ci illərdə təşkilat «Hümmət», 1906 — 1907-ci illərdə isə «Yoldaş» və «Təkamül» qəzetlərini nəşr etmişdi. Qəzetlərin redaktəsində və çapında M.Rəsulzadə fəal surətdə çalışmışdı. «Hümmət» azərbaycanlıların milli özünüdərketməsinin oyanışında mühüm rol oynamışdı. Lakin bir müddət sonra bolşeviklərin təsiri ilə «Hümmət» milli mövqelərdən uzaqlaşdı və bundan sonra M.Rəsulzadə ilə onun həmfikirləri tədricən bu təşkilatdan ayrıldılar. Sonralar «Hümmət»də M.Ə.Əzizbəyov, P.A.Caparidze və N.Nərimanov rəhbər rol oynamağa başladılar. Rusiyada birinci inqilabdan sonrakı irtica illərində «Hümmət» təşkilatı fəaliyyətini dayandırmışdı. Rusiyada Fevral bmjua-demokratik inqilabından sonra 1917-ci il martın ortalarında «Hümmət» öz fəaliyyətini yenidən bərpa etdi. N.Nərimanov təşkilatın sədri seçildi və «Hümmət» qəzetinin redaktoru oldu.
hürrilər — Anadolu yaylasına Cənubi Qafqazdan gəlmələri ehtimal olunan qədim tayfalar. E.ə. III əsrin ortalarından hürrilər Şərqi Aralıq dənizi sahillərindən Urmiya gölünədək ərazilərdə məskunlaşmışdılar. Hürri tayfaları Urmiyaətrafı rayonda müəyyən rol oynamışlar. Hürri çarlarının Diyala çayının yuxarı axarlarında (Cənubi Azərbaycan) Akkad dilində aşkar edilən bir neçə kitabəsi dövrümüzə gəlib çatmışdır.
hürufilər — hürufiliyin davamçıları. Hürufilərin ən məşhurları — hürufiliyin banisi, Miranşahın əmri ilə 1394-cü ildə öldürülmüş Fəzlullah Nəimi, 1417-ci ildə Hələbdə (Suriya) amansızlıqla edam edilən şair Nəsimidir.
hürufilik (hürufizm) — XIV əsrin sonlarında Azərbaycanda islam ehkamlarına, Teymurilərin ağalığına və feodal istismarına qarşı yönəlmiş dini-siyasi təlim. Hürufizmin banisi Azərbaycan mütəfəkkiri Fəzlullah Nəimi olmuşdu. Nəimi hürufizmin əsas müddəalarını «Cavidannamə» əsərində təsvir etmişdi. Hürufilər hesab edirdilər ki, ərəb əlifbasının hərfləri (buradan — hüruf) müqəddəs keyfiyyətə malikdir və dünya sirlərinin mənası onlardadır. Nəimi Şərq ölkələrinə çoxlu səyahət edərək hürufizmi təbliğ etmiş və hürufi təşkilatlan yaratmışdı. Teymurilərə qarşı mübarizədə hürufilik əhəmiyyətli rol oynamışdı.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: