gebrlər — müsəlmanlar islamı qəbul etməyən və günümüzədək İranın Fars və Kirman vilayətlərində, əsasən də Turkabad və Şarifabad kəndlərində qalmış zərdüştiləri «gebr» və ya «kafir» adlandırırdılar. Gebrlər kahinlərinin — mobedlərinin başçılığı ilə müstəqil dini icma təşkil edərək müsəlmanlardan ayrı yaşayırdılar. XVII — XIX əsrlərdə gebrlər Suraxanıya (Abşeron) Atəşgahda ibadət etmək üçün gəlirdilər. Hazırda bir neçə min nəfər gebr vardır.
genealogiya (yun. «gena» — “nəsil” “doğulma” və “loqos” — “elm”) -nəsillərin, ailə və ayrı-ayrı adamların mənşəyi ilə məşğul olan elm.
general (lat. «baş», "əsas") — bir çox ölkələrin silahlı qüvvələrində hərbi rütbə (çin).
generalissimus (lat. “ən baş”, “ən əsas”) — bir sıra ölkələrin silahlı qüvvələrində ali hərbi rütbə. SSRİ-də Stalinə verilmişdir.
genosid — əhali qruplarının irqi, milli, etnik və ya dini əlamətlərinə görə tam və ya qismən məhv edilməsinə yönəldilmiş zorakı fəaliyyət. BMT-nin 1948-ci il konvensiyasına əsasən, genosid beynəlxalq cinayət hesab olunur.
Genuya — İtaliyanın şimal-qərbində çox qədimlərdə salınmış şəhər. Orta əsrlərdə Genuya qüdrətli ticarət respublikası idi, XIV əsrdən doj tərəfindən idarə olunurdu. Genuyanın Qara dənizdə bir çox koloniyası var idi. Genuya yüz illərlə Venesiya və Bizans imperiyası ilə Şərqə gedən ticarət yollarını ələ keçirmək uğrunda rəqabət aparırdı.
Georgiyevsk müqaviləsi (1802) — Georgiyevskdə (Şimali Qafqazda) rus generalı Knorrinqlə Azərbaycanın Quba, Dərbənd və Talış xanları, habelə Tarku şamxalı, Qaraqaytaq usmisi, Tabasaran hakimi və b. Dağıstan hakimləri ilə 1802-ci il dekabrın 26-da imzalanmış müqavilə. Müqavilənin şərtlərinə görə, İranın hücum edəcəyi təqdirdə müqaviləni imzalamış tərəflərin hamısının birlikdə çıxış etməsi, eləcə də Xəzər dənizində ticarətin və gəmiçiliyin genişləndirilməsi nəzərdə tutulurdu. Müqavilədə göstərilirdi ki, onu imzalayan tərəflərin hamısı özlərinin xahişi ilə Rusiya imperiyasının himayəsi altına qəbul olunur. Ancaq Rusiya müqavilənin şərtlərini pozmağa başlayır, iştirakçıların hüquqlarını tapdayırdı, belə ki, o, bütün Qafqazı tutub Rusiya imperiyasının tərkibinə qatmaq istəyirdi.
Georgiyevsk traktatı (1783) — 1783-cü il iyulun 24-də Georgiyevskdə (Şimali Qafqazda) Rusiya imperiyası ilə Kartli-Kaxeti çarlığı (Şərqi Gürcüstan) arasında imzalanmış traktat. Bu traktata əsasən Kartli çarı II İrakli Rusiya imperatorunun ali hakimiyyətini tanıyır, Rusiya isə Kartli çarlığının bütövlüyünün qorunması və xarici düşmənlərin hücumundan müdafiə olunması haqqında üzərinə öhdəlik götürürdü. Kartli tacının varisi Peterburqda təsdiq olunmalı idi. Kartli çarı çarlığın daxili idarəsini öz əlində saxlayır, xarici siyasəti isə Tiflisdə olan səlahiyyətli rus məmuru ilə razılaşdırmalı idi. 1801-ci il sentyabrın 12-də Kartli-Kaxeti çarlığının ləğv olunması və onun ərazisinin Gürcüstan quberniyası kimi Rusiya imperiyası tərkibinə qatılması haqqında Rusiya imperatorunun manifesti bəyan edildi. Kartli-Kaxeti çarlığının vassalı olan Borçalı, Şəmşəddil və Qazax sultanlıqları da bu quberniyaya qatıldılar. Bunlar Rusiyanın hakimiyyəti altına düşən ilk Azərbaycan torpaqları idi.
gerb — familiya, sülalə, silk, şəhər və ya dövlətin möhürlərdə, blanklarda, sikkələrdə, pul nişanlarında, lövhələrdə, bayraqlarda, mühüm dövlət idarələrinin fasadlarında, səfirliklərin və s. üzərində təsvir olunan rəmzi və ya fərqləndirici nişanı. Gerblərin ilk nümunələri Qədim Yunanıstanın şəhər-dövlətlərində meydana gəlmişdir. Gerblər xüsusilə orta əsrlərdə iri feodallar arasında geniş yayılmışdır. Bizim dövrümüzdə bir sıra ölkələrdə gerb dövlət bayrağının tərkib hissəsi sayılır. Dövlət gerbinin məqsədi — şərti və anlaşıqlı rəmzdə ölkə və onun xalqı haqqında təsəvvür yaratmaqdır. Müasir gerblər rəsmi konstitusiya və xüsusi qanunlarla müəyyənləşdirilir.
german tayfaları — çoxsaylı german tayfaları (allemanlar, anqllar, burqundlar, vandallar, qotlar, lanqobardlar, sakslar, franklar və b.) eramızın başlanğıcında qərbdə Reyn və şərqdə Visla çayları arası, cənubda Alp və Dunay, şimalda isə Şimal dənizi və Baltik dənizi arası ərazilərdə məskunlaşdılar. German tayfaları nəsli icmalar şəklində yaşayırdılar. Onların başlıca məşğuliyyətləri əkinçilik və maldarlıq idi. Onlarda patriarxal quldarlıq mövcud idi. German tayfaları romalılarla ilk dəfə e.ə. II əsrdə toqquşdular. E.ə. 58 — 55-ci illərdə bir sıra german tayfaları Qalliyada oturaqlaşmağa cəhd göstərdilər, lakin Yuli Sezar tərəfindən dəf edildilər. E.ə. I əsrin sonlarında Reyndən Elbayadək olan ərazilər Roma tərəfindən istila edildi və az müddətə də olsa, Romanın əyalətinə çevrildi. Eramızın ilk əsrlərində german tayfaları tez-tez Roma imperiyasının şimal sərhədlərinə soxulurdular. German tayfaları ilə bir sıra toqquşmalardan sonra romalılar müdafiəyə keçdilər. Reyn Roma ilə german tayfalarının əraziləri arasında sərhədə çevrildi. Bu sərhədi möhkəmlətmək məqsədi ilə romalılar Orta Reyndən Yuxarı Dunayadək «Roma səddi» — mühafizə xətti inşa etdilər. IV — VI əsrlərdə german tayfalarının Roma imperiyası üzərinə təzyiqləri artdı və onlar ağır zərbələr endirməklə Qərbi Roma imperiyasının süqutuna səbəb oldular (bax: «xalqların böyük köçü»).
Gestapo — 1933-cü ildə faşist Almaniyasında yaradılmış məxfi dövlət polisi. Almaniyada və ondan kənarda kütləvi terrorçuluqla məşğul olmuşdur. Nümberq Beynəlxalq Məhkəməsi tərəfindən cinayətkar təşkilat hesab edilmişdir.
Getto — şəhərin yəhudilərin yaşaması üçün ayrılmış məhəlləsi. Getto orta əsrlərdə Avropanın və müsəlman Şərqinin bir çox öl-kəlorində yəhudilərin millidini təklənməsi nəticəsində meydana gəlmişdir. XIV — XV əsrlərdən getto şəhərin yəhudi əhalisinin məcburi yaşama sahəsinə çevrilmişdi. XIX əsrin birinci yarısında Avropa ölkələrində getto ləğv edilmiş, yalnız müsəlman ölkələrində qalmışdır. 1939-cu ildə, əsasən də işğal olunmuş ölkələrdə faşistlər getto təşkil etməyə başladılar. Getto yəhudilərin məhv edildiyi böyük həbs düşərgələrinə çevrildi. «Getto» anlayışı şəhərin ayrı-seçkiliyə məruz qalan azlığının yaşadığı rayonu bildirmək üçün də istifadə olunur. ABŞ-da zəncilərin yaşadığı şəhər rayonlarında da getto mövcud olmuşdur.
Geya — qədim yunan mifologiyasında allahların və insanların öz mənşələrini ondan götürdükləri Yer ilahəsi.
«Gənc türklər» — Gənc türklər inqilabının iştirkaçıları; məhdud mənada -"İttihad və tərəqqi" siyasi təşkilatının üzvləri. Avropa ictimai dairələrində yaranan «Gənc türklər» məfhumu Osmanlı imperiyasında mütərəqqi dəyişiklik tərəfdarlarının hamısına deyilirdi. Türkiyənin özündə yalnız 1908-ci il inqilabından sonra fransız dilindəki «jön türklər» formasında yayılmışdır.
Gənc türklər inqilabı — 1908-ci ildə baş vermiş birinci Türkiyə burjua inqilabı. Onun əsas məqsədi Osmanlı sultanı II Əbdülhəmidin despotik rejimini devirmək və Osmanlı imperiyasında konstitusiyalı monarxiya yaratmaq, eləcə də ölkəni yarımmüstəmləkə zülmündən azad etmək idi. İnqilabın hərəkətverici qüvvəsi gənc türk burjuaziyası, ziyalılar və xüsusilə də zabitlər idi. Onlara “İttihad və tərəqqi” gizli təşkilatı rəhbərlik edirdi. Gənc türklər inqilabının başlanması üçün bəhanə ingilis kralı ilə rus çarının Makedoniyanın faktik olaraq Türkiyədən qoparılması barəsindəki razılaşmaları oldu. 1908-ci il iyulun 3-də leytenant Niyazinin, iyulun 6-da isə mayor Ənvərin rəhbərliyi ilə gənc türklərin üsyanı başlandı. Bir neçə gündən sonra üsyan bütün Makedoniyanı bürüdü. Üsyançılara qarşı çıxarılmış qoşunlar onlara atəş açmaqdan imtina etdilər. Müqavimət göstərməyin faydasız olduğunu başa düşən sultan II Əbdülhəmid parlamentin çağırılması haqqında fərman imzaladı. Gənc türklər inqilabının qələbəsindən sonra on minlərlə dustaq və sürgündə olanlar azad edildi, senzura ləğv olundu, siyasi mühacirlər xaricdən qayıtmağa başladılar. Gənc türklər imperiyanın bütün təbəələrini «bərabərhüquqlu osmanlı» elan etdilər. 1909-cu ilin aprelində İstanbulda əksinqilabi qiyam başlandı və sultan II Əbdülhəmidin qeyri-məhdud hakimiyyətini qısa müddətə bərpa etdi. Qiyam Makedoniyadan gələn qoşun hissələri tərəfindən yatırıldı. 1909-cu il aprelin 27-də parlament sultan II Əbdülhəmidi taxtdan saldı və iradəsiz V Mehmedi sultan seçdi. Gənc türklər öz hakimiyyətlərini möhkəmlətdilər, lakin inqilabiliklərini itirdilər.
Gəncə xanlığı — 1747-ci ildə Şimali Azərbaycan ərazisində Ziyad oğlu Şahverdi xan Qacar (1747 — 60) tərəfindən əsası qoyulmuş xanlıq. Xanlığın mərkəzi Gəncə idi. Əvvəl xanlıq Kartli-Kaxeti çarı II İraklidən asılı idi. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760 — 80) bu asılılığa son qoydu. 1780-ci ildə qardaşının ölümündən sonra Məhəmməd xan Gəncə xanı oldu. Həmin il II İrakli və qarabağlı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdular, Məhəmməd xanın gözlərini çıxarıb, onu Şuşa qalasına saldılar. Gəncə xanlığını qaliblər tərəfindən təyin olunmuş iki nümayəndə idarə edirdi. Qaliblər xanlıqdan birgə xərac alırdılar. 1783-cü ildə Hacı bəyin rəhbərliyi altında baş vermiş üsyan nəticəsində yadelli nümayəndələr Gəncədən qovuldular. 1784-cü ildə İrakli bu dəfə rus qoşunları ilə birlikdə Gəncə üzərinə hücum etdi, amma gəncəlilər dağıstanlıların köməyi ilə şəhəri müdafiə edə bildilər.
Məhəmməd xanın qardaşı Rəhim bəy Şuşa qalasından qaçıb Gəncədə hakimiyyətə ələ keçirdi (1785 -86). İrakli və İbrahimxəlil xan Gəncə üzərinə üçüncü dəfə yürüş təşkil etdilər. Rəhim bəyi devirib, müəyyən məbləği ödəməyə razılıq verən Cavadxanı (1786-1804) Gəncə xanlığının xanı təyin etdilər. Ancaq 1795-ci ildən Cavad xan xərac verməkdən imtina etdi. 1796-cı ildə general Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü zamanı Cavad xan öz nümayəndəsini Zubovla danışıqlar aparmağa göndərmişdi. Lakin 1796-cı il oktyabrın 21-də Gəncə xanlığı rus qoşunları tərəfindən işğal edildi. Rus qoşunları Azərbaycandan çıxarılandan sonra Cavad xan Şəmşəddil və Borçalı mahallarını öz hakimiyyəti altına qaytarmağa cəhd göstərdi və bundan sonra onun Rusiya ilə münasibətləri gərginləşdi. 1801-ci ildə Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsindən sonra rus qoşunları Şəmşəddil, Borçalı, Pəmbək və Qazax mahallarını zəbt etdilər. Bəy və ağaların 2300 ailəsi Gəncə xanlığına köçürüldü. Cavad xan rus qoşunlarının Şəmşəddildən çıxarılmasını tələb etdi. Car-Balakən camaatının tutulmasından sonra rus qoşunları Gəncə xanlığının işğalına hazırlıq görməyə başladılar. 1803-cü il noyabrın 29-da general Sisianovun başçılığı ilə rus qoşunları Gəncə xanlığına soxuldular. Cavad xana məktub göndərən Sisianov ondan tələb edirdi ki, Rusiya taxt-tacına tabe olsun, ancaq Cavad xan imtina etdi və müqavimət göstərdi. Gəncə erməniləri xanlığın tutulması üçün rus qoşunlarına hər cür köməklik göstərirdilər. Gəncəni bir ay ərzində mühasirədə saxlayan Sisianov Cavad xana 5 dəfə məktub göndərmiş və qalanı təhvil verməyi tələb eləmişdi. Buna cavab olaraq Cavad xan demişdi: «Gəncəyə sən yalnız mənim meyidim üstündən keçib daxil ola bilərsən». 1804-cü il yanvarın 2-dən 3-nə keçən gecə rus qoşunları Gəncə qalası üzərinə hücuma keçdilər. Mayor Lisaneviç tərəfindən Cavad xanın öldürülməsindən sonra rus qoşunları şəhərə soxuldular. Gəncə zəbt edildi, Gəncə xanlığı ləğv olundu, ərazisi isə Rusiya imperiyasının tərkibinə qatıldı, Gəncənin adı dəyişdirilib Yelizavetpol (Rusiya imperatoru I Aleksandrın arvadının şərəfinə) qoyuldu.
Gəncə müqaviləsi (1735) — Rusiya imperiyası ilə Səfəvilər dövləti arasında 1735-ci il martın 10-da Gəncə yaxınlığında bağanmış müqavilə; Rusiya səfiri X.Qolitsın və Səfəvilərin nümayəndəsi Nadir xan tərəfindən imzalanmışdır. Gəncə müqaviləsinin şərtlərinə görə, rus qoşunları Azərbaycanın Xəzərsahili vilayətlərində tutduqları torpaqları tam azad etməli idilər.
Gəncəvi Nizaməddin Əbül-üla (1096 -1159) — mütəfəkkir və şirvanşah II Mənuçöhrün saray şairi. Şirvanşahlar sarayında «məlik üş-şüəra» ("şairlərin hökmdarı") rütbəsinə layiq görülmüşdür.
giksoslar — e.ə. 1700-cü ildə Ön Asiyadan Misirə soxulmuş və onu tutmuş tayfa. Giksoslar Aşağı Misirdə məskunlaşmış və özlərinin paytaxtları olan Avaris şəhərini salmışlar. Giksoslar Misirdə ilk dəfə olaraq atçılığı və cəng arabalarından istifadəni tətbiq etmişlər. Onlar Misir yazısını sadələşdirmiş və əlifbaya yaxın yazı yaratmışlar. E.ə. təqribən 1550-ci ildə Misir fironu I Yaxmos Avarisi tutmuş və giksosları Misirdən qovmuşdur.
gildiya (alm. «korporasiya», «birlik») — 1) geniş mənada: Avropada, xüsusilə də erkən orta əsrlərdə müxtəlif birliklər (dini, siyasi, qarşılıqlı yardım və s.); 2) dar mənada: xüsusilə də XII — XV əsrlərdə tacirlər birliyi.
Gilyom Kal — Fransada 1338-ci ildə baş vermiş kəndli üsyanı — Jakeriya zamanı ən çoxsaylı üsyançı dəstələrdən birinin başçısı. Kal 1357 — 58-ci illərdə üsyan etmiş parisliləri müttəfiq kimi öz tərəfinə çəkmək istəyirdi. Hiylə ilə əsir götürülmüş və zadəganlar tərəfindən edam edilmişdir.
gilyotin — ölümə məhkum olunmuş adamların başının bədənindən ayrılması üçün düzəldilmiş mexanizm; Böyük Fransa burjua inqilabı dövründə geniş istifadə olunmuşdur.
gimnasi — qədim yunan şəhərlərində tamhüquqlu vətəndaşların 16-18 yaşlı uşaqları üçün dövlət və ictimai vəsait hesabına saxlanılan təhsil müəssisəsi. Gimnasilər üçün müəllimləri xüsusi olaraq seçir və onlara məvacib verirdilər. Gimnasi şagirdləri idman məşğələlərində təkmilləşir, azyaşlılar üçün məktəblərdə almağa başladıqları elm və incəsənət sahələrində biliklərini başa çatdırırdılar. Yaşlılar üçün gimnasilər yaxşı vaxt keçirmə, söhbətləşmə, filosofların çıxışlarını dinləmə və s. yeri idi.
Girdiman dövləti — VI əsrin sonlarında Qafqaz Albaniyası ərazisində Mehran (Sasani şahənşahı II Xosrovun qohumu) tərəfindən əsası qoyulmuş dövlət. 30 min ailə ilə İrandan çıxan Mehran xəzərlərlə birləşmək məqsədi ilə Girdiman vilayətinə (Girdimançay vadisi) gəlir və orada Mehravan şəhərinin əsasını qoyur. Mehran Mehranilər sülaləsinin banisi olur. O, yerli əyanlardan 12 nəfəri öldürür və Girdiman vilayətini bütünlüklə ələ keçirir. Mehranın nəvəsi Cəsur Vardan Girdiman dövlətini daha da möhkəmləndirir. Cəsur Vardanın nəvəsi Varaz Qriqor isə bütün Qafqaz Albaniyasının knyazı olur.
Göy günbəz — Marağada (Cənubi Azərbaycan) səkkizbucaqli, qülləvarı türbə. Azərbaycanın XII əsr memarlıq şedevrlərindən biri.
Göy məscid — Təbrizdə memarlıq abidəsi. 1465-ci ildə Qaraqoyunlu dövlətinin padşahı Cahanşahın göstərişi ilə memar Nemətulla Bəvvab tərəfindən inşa edilmişdir. Göy məscidin divarları və günbəzi mərmər və səma rəngli kaşı plitələrlə örtülmüşdür. Mərmər üzərində qazıma yazısı və çoxrəngli mayolikadan (kaşıdan) ornamental naxışlar edilmişdir.
gözlər, gezlər (həll. «yoxsullar», «dilənçilər») — Niderland burjua inqilabı dövründə — 1565-ci ildə ispan hökumətinə qarşı müxalifətə keçmiş zadəganlara ilk vaxtlar verilmiş ləqəb (ayama); sonralar — ispanlarla suda və quruda mübarizə aparan partizanların adları.
günbəz — yonulmuş və tərsinə çevrilmiş nəhəng kasa kimi bir-birinə kip birləşdirilmiş formada düzəldilən tavan. Məscidlərin və milli üslublu bir çox digər tikililərin tavanı günbəz formalıdır. Dövrümüzədək qalmış Panteon da günbəz nümunəli tikilidir..
Gülüstan müqaviləsi (1813) — Rusiya imperiyası ilə İran arasında 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində (Qarabağ) imzalanmış müqavilə. Müqavilə Rusiyanın qələbəsi ilə başa çatan 1 Rusiya — İran müharibəsindən sonra bağlanmışdı. Gülüstan müqaviləsinin şərtlərinə görə, İran dövləti öz tərkibində qalan Naxçıvan və İrəvan istisna olmaqla Şimali Azərbaycan xanlıqlarının Rusiyaya tabe edilməsini, eləcə də Şərqi Gürcüstan və Dağıstanın ona birləşdirilməsini tamdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya verilirdi. İranla ticarətdə Rusiya tacirləri üçün 5%-li imtiyazlı gömrük rüsumu müəyyən olunur, onlar həm də İran ərazisində daxili gömrük vergisindən azad edilirdilər. Gülüstan müqaviləsi Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinin birinci mərhələsini rəsmiləşdirdi.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: