"F" hərfi ilə başlayan tarix terminləri

"F" hərfi ilə başlayan tarix terminləri

falanqa — spartalılar tərəfindən yaradılmış döyüş düzümü. Bu zaman piyadalar çiyin-çiyinə söykənməklə 6-9 cərgədə sıx düzülürlər. Falanqa fleyta və xor nəğmələrinin sədaları altında nizami cərgələrlə düşmən üzərinə yürüyürdü. Makedoniyalılar II Filippin dövründə falanqanı təkmilləşdirmişlər; onların falanqaları 16-25 cərgədən ibarət olmuşdur. Makedoniya falanqalarında döyüşçülərin nizələri eyni uzunluqda olmamışdır — altıncı cərgədə döyüşçünün nizəsinin uzunluğu altı metrə çatırdı. Uzun nizələri öndə duran döyüşçülərin çiyninə qoyurdular. Falanqaların kənarlarında süvari dəstələri olurdu, onlar döyüşdə düşmən qoşunlarını cinahlardan əhatəyə alır və ya arxadan zərbə endirirdilər, sonra isə qaçmağa başlayan düşməni təqib edirdilər. Falanqa böyük zərbə qüvvəsinə malik idi, amma çevik deyildi, xüsusilə də dərə-təpəli yerlərdə döyüş zamanı yenidən düzülməyə çətinlik çəkirdilər.

fanatizm — 1) hər hansı bir dinə və ya nöqteyi-nəzərə, hər hansı bir insana son dərəcə meyl etmək, hər hansı digər nöqteyi-nəzərə (məs.: dini, siyasi və s. fanatizm) dözümsüzlük; 2) məcazi mənada — nəyə isə son dərəcə sədaqətli olmaq.

farfor (çini) — odadavamlı yumşaq gildən, kaolindən, çöl şpatı və kvarsdan ibarət farfor kütləsinin bişirilməsi yolu ilə əldə edilən su keçirməyən, ağ, şumal, cingiltili material. Farforu IV — VI əsrlərdə Çində istehsal etməyə başlamışlar. Elə buna görə də ona həm də çini deyilir. Farfor saxsı məmulatın -qab-qacaq, vaza, heykəl və s. hazırlanması üçün istifadə edilirdi. XVI əsrdən etibarən Avropada yumşaq adlandırılan kaolinsiz farfor istehsalına başlanılmışdır. Avropada möhkəm farfor yalnız XVIII əsrdə ixtira edilmişdir. Hazırda farfordan memarlıq detallarının, izolyatorların, kimyəvi aparatların və s. istehsalında istifadə olunur.

faşizm — Birinci Dünya müharibəsindən sonra İtaliyada meydana çıxmış və Almaniya, İspaniya, Macarıstan, Rumıniya və bir sıra başqa ölkələrdə yayılmış mürtəce siyasi cərəyan və ideologiya. Nisbətən daha mürtəce və təcavüzkar burjua dairələrinin marağını ifadə edir. Təbliğatın demaqoq üsullarından geniş istifadə edən faşizm öz maraqları naminə əhalinin müxtəlif təbəqələri arasında irticaya münasibətdə tərəddüdlü meyldən fəal şəkildə yararlanır. Faşizmin ideologiyası barışmaz antikommunizm, irqçilik, şovinizm, zorakılıq, şəxsiyyətə pərəstiş, totalitarizm, təcavüzkarlıqdır. Hakimiyyətə gəlmiş faşizm aşkar terrorçuluq diktaturasıdır.

fayans (saxsı) — sıx xırda məsaməli, adətən ağ rəngli, parlaq və ya qeyri-parlaq şirlə örtülmüş material. Fayans üzlük plitələr, memarlıq detalları, qab-qacaq və s. istehsalında istifadə olunur. Fayans istehsalında farforun hazırlandığı tərkibli materiallardan istifadə olunur, lakin komponentlərin tərkibi fərqlidir. Fayans məmulat hələ Misirdə və Çində (IV — V əsrlər) istifadə olunurdu. Avropada fayans istehsalına XVI əsrdə başlanılmışdır.

federasiya — 1) dövlət quruluşu forması; hüquqi cəhətdən müəyyən siyasi müstəqilliyi olan bir neçə dövlətin yaratdığı ittifaq dövləti. Bu dövlət qurumlarından hər birinin (ştat, respublika, kanton və s.) öz konstitusiyasını, hüquq və məhkəmə sistemini qəbul etmək hüquqları var. ABŞ, AFR, İsveçrə, Avstriya və s. federasiyadırlar; 2) ittifaq, bir neçə ictimai təşkilatın birliyi.

feldmarşal — bir sıra Avropa ölkələrinin ordusunda ali hərbi rütbə.

Femida — qədim yunan mifologiyasında ədalət ilahəsi. Femida gözübağlı və əlində tərəzi tutmuş halda təsvir olunurdu. Bu, mübahisələrin həllində qərəzsizlik mənasını bildirirdi. Məcazi mənada “Femidanın tərəzisi” — ədalət deməkdir; “Femidanın kahin” — qanun xidmətçisidir.

Femistokl — Afına dövlət xadimi və sərkərdəsi. Mənşəcə aristokrat ailədən olmasa da, uşaq vaxtından şan-şöhrət arzusunda idi. Marafon döyüşündə strateq idi və afinalıları inandıra bilmişdi ki, özlərinin güclü hərbi donanmalarını inşa etsinlər. Salamin döyüşündə Afina donanmasına rəhbərlik etmişdir. Afina istehkamlarının yenidən  qurulmasına başlamışdır, lakin e.ə. 471-ci ildə o, Afinadan qovulmuşdur.

Feniks — əfsanəvi quş; qədim insanların təsəvvürünə görə, yaşlananda özünü yandırır ki, yenidən küldən gənc və yeniləşmiş şəkildə əmələ gəlsin. Feniks əbədi dirçəliş rəmzi hesab olunur.

feod — Avropada orta əsrlərdə senyorun vassala kəndlilərlə birlikdə xidmət etmək şərti ilə (hərbi, idarəçilik, məhkəmə və s.) və ya adətlə müəyyən edilmiş haqq verilməsi müqabilində irsən verilən torpaq mülkiyyəti.

feodal — torpaq mülkiyyətçisi, asılı kəndliləri istismar edən feod sahibi.

feodal malikanəsi — Avropada torpaq sahibinin -feodalın asılı kəndliləri istismar elədiyi böyük təsərrüfat. Malikanədə əkin sahələri 2 hissəyə ayrılırdı: ağa tarlaları və kəndli pay torpaqları (nadelləri). Kəndlilər ağa torpaqlarında biyara gedirdilər, bu sahələrdən yığılan bütün məhsul isə feodala məxsus olurdu. Öz əmək alətləri ilə pay torpaqlarında işləyən kəndlilər özlərini və ailələrini yedizdirməli idilər. Pay torpaqları da feodalın mülkiyyəti olduğundan kəndli ondan istifadə üçün ağaya töycü verməli idi.

«feodal nərdivanı» -feodalların elə təşəkkül formasıdır ki, bu zaman feodal nərdivanının üst pilləsində ən iri feodallar, alt pilləsində isə xırdaları dururdu. Hersoqların və qrafların senyoru sayılan kral ölkədəki bütün feodalların başçısı hesab olunurdu. Bir pillə aşağıda baronlar dururdu; onlar hersoqların və qrafların vassalı idilər. Baronlar rıtsarların senyoru idilər, rıtsarların isə özlərinin vassalları yox idi. Feodalların «feodal nərdivanı» formasında təşkili onlara imkan verirdi ki, feodal pərakəndəliyi dövründə müharibə apara və kəndliləri öz tabeliyində saxlaya bilsin.

feodal pərakəndəliyi — bu ele bir dövrdür ki, bu zaman iri feodal dövlətləri vəhdət təşkil etmirdilər. Onlardan hər biri iri feodal mülkiyyətinə parçalanmışdı, bunlar da öz növbəsində bir çox xırda mülkiyyətlərə bölünmüşdülər. Feodal porakəndəliyi dövrü icma torpaqlarını ələ keçirən feodalların imperatorun (kralın və s.) güclü hakimiyyətinə ehtiyacı olmadığı bir zamanda meydana gəlir. Bundan başqa, natural təsərrüfatın mövcudluğu dövründə ölkənin ayrı-ayrı vilayətləri arasında möhkəm əlaqə olmamışdır. Feodalların hakimiyyətinin natural təsərrüfatın ağalığı dövründə möhkəmlənməsi feodal pərakəndəliyinə gətirib çıxardı. Feodal pərakəndəliyinin təbii nəticəsi ara müharibələri idi. Feodal pərakəndəliyi dövründən sonra inkişaf etmiş ölkələrdə adətən silki monarxiya formasında mərkəzləşdirilmiş dövlət meydana gəlirdi.

feodalizm — əsas işçi qüvvəsinin əksəriyyətini təhkimli kəndlilər təşkil edən dövr; quldarlığı əvəz etmişdir. Feodalizm dövründə feodalların xüsusi mülkiyyətləri ilə yanaşı, kəndlilərin və sənətkarların əmək alətlərinə və şəxsi əməyə əsaslanan öz təsərrüfatlarının məhsuluna fərdi mülkiyyətçilikləri mövcud idi. Bu, kəndlilərdə və sənətkarlarda əmək məhsuldarlığının artırılmasına maraq oyadırdı. Feodal dövlətləri əsas etibarilə monarxiya formasında mövcud olmuşdur. Belə dövlətlərdə kəndli üsyanları və müharibələri çox tez-tez baş verirdi. Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədar olaraq feodalizmdə tədricən kapitalizm yaranırdı və sonralar o, burjua inqilabları nəticəsində təşəkkül tapdı.

fermer — xüsusi və ya icarəyə götürülmüş torpaqda yaradılmış fermer təsərrüfatının sahibi. Fermer təsərrüfatında bəzən muzdlu əməkdən istifadə olunmaqla iş görülür, əsasən isə iş fermerin və onun ailə üzvlərinin qüvvəsi ilə yerinə yetirilir.

Fermopil — Şimali və Orta Yunanıstanı birləşdirən dağ keçidi. E.ə. 480-ci ildə çar Leonidin başçılığı ilə 300 spartalı bu keçidi şah Kserksin İran ordusundan qoruyaraq yunanların birləşmiş əsas qüvvəsinin geri çəkilməsinə şərait yaratmış və qeyri-bərabər savaşda həlak olmuşdur.

fetişizm — dindarların düşüncəsinə görə, fövqəltəbii qüvvələrə və xüsusiyyətlərə malik olan cansız cisimlərin — fetişlərin kultu. Fetişizm ibtidai dövrdən yayılmışdır, onun gözmuncuğu, tilsim və b. bu kimi qalıqları dövrümüzədək gəlib çatmışdır.

fəhlə aristokratiyası — burjuaziyanın kapital ixracından əldə etdiyi artıq gəlirin, eləcə də milli gəlirin bir hissəsinin inhisarlar arasında bölüşdürülməsindən əldə edilən əlavə gəlir hesabına yüksək məvacib ödədiyi, əsas etibarilə yüksəkixtisaslı fəhlə təbəqəsi.

fəlsəfə (yun. «müdrikliyə məhəbbət, sevgi») — ük vaxtlar filosoflar ətraf aləmin bütün tərəflərini öyrənirdilər. Sonra fəlsəfə təbiətin, insan cəmiyyəti və təfəkkürünün inkişafının ən ümumi qanunlarını öyrənən xüsusi elmə çevrildi.

fərman — Şərq ölkələrində yalnız dövlət başçısı tərəfindən verilən rəsmi sərəncam.

Fətəli xan (qubalı) — Quba xanlığının xanı (1758 — 89), Hüseynəli xanın oğlu. Fətəli xan uzaqgörən, qəlbi geniş, cəsur və yorulmaq bilməyən adam, bacarıqlı və müdrik dövləl xadimi idi. Fətəli xan hələ xan taxtına varis olduğu dövrdə Salyan sultanlığını Quba xanlığına birləşdirmişdi (1757). Quba xanlığının möhkəmləndirilməsi məqsədi ilə Fətəli xan bir sıra islahatlar keçirmişdi. Vergi islahatına görə, naiblər tərəfindən vergi yığımı ona görə ləğv edildi ki, onlar yığılmış verginin bir hissəsini mənimsəyirdilər. Vergilərin toplanması kəndxudalara tapşırılmışdı və onlar yığdıqları vergini xan xəzinəsinə təhvil verirdilər. Yerli hakimlərin özbaşınalığına son qoymaq üçün mükəlləfiyyətlərin bir qismi yalnız xanın yasavullarının tələbi ilə yerinə yetirilməli idi. Fətəli xan əhalinin sayını artırmaq məqsədi ilə Şabran vilayətinə Cənubi Azərbaycan xanlıqlarının əhalisini, Muğana isə döyüşkən şahsevən tayfalarını köçürmüşdü.
Diplomatik üsullardan məharətlə istifadə edən Fətəli xan Dərbənd və Şamaxı xanlarının ittifaqa girmələrinə maneçilik törətdi, özü isə Cənubi Dağıstan əmirlərini ittifaqa cəlb edə bildi. Fətəli xan 1759-cu ildə 2 aylıq savaşdan sonra Dərbəndi tutdu. Dərbənd Quba xanlığının ikinci mərkəzi oldu. Bundan sonra 1767-ci ildə «nikah diplomatiyası ondan istifadə edən Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verərək Bakı xanlığını özündən asılı vəziyyətə saldı. Fətəli xan o dövrün rəsmi sənədlərində Quba, Dərbənd, Bakı və Salyan hakimi adlandırılırdı. 1765 — 68-ci illərdə Fətəli xan Şamaxı xanlığının tabe edilməsi uğrunda müharibə aparırdı. Şamaxı xanlığının ərazilərinin müttəfiqlər arasında bölüşdürülməsi haqqında Şəki xanı ilə ittifaqa girən Fətəli xan bu xanlığı ələ keçirə bildi. Bir müddət sonra şəkili müttəfiqlərini qovan Fətəli xan Şamaxı xanlığının bütün ərazisini tutdu.
1768-ci ildə Şamaxı xanlığı ilə qonşuluqda olan Cavad xanlığı da Fətəli xanm hakimiyyəti altına düşdü. Şirvanda özünə dayaq yaratmaq məqsədi ilə Fətəli xan Dərbənd əhalisinin bir qismini buraya köçürdü. Azərbaycanın şimal-şərq torpaqlarının bir xanlıq tərkibində birləşdirilməsi o dövr üçün mühüm əhəmiyyətli hadisə idi. Lakin Quba xanlığının möhkəmlənməsi bir sıra Azərbaycan xanları və Dağıstan hakimlərini qorxuya saldı. 1773-cü ilin noyabr -dekabr aylarında Şəki və Qarabağ xanlarının eləcə də avar hakiminin müttəfiq qoşunları Quba xanlığının üzərinə yürüş etdi. Fətəli xan rəqiblərin hücumunu dəf edə bildi, lakin 1774-cü ildə müttəfiqlərin birləşmiş qoşunları Xudat yaxınlığındakı Gavduşan çölündə Fətəli xanı məğlubiyyətə uğratdı.
Fətəli xan Salyana tərəf geriyə çəkildi, Qubanı və Şamaxını tutan müttəfiqlər isə Dərbəndi mühasirəyə aldılar. Dərbəndin müdafiəsinə Fətəli xanın arvadı Tuti Bikə rəhbərlik edirdi. Dərbəndin 9 aylıq mühasirəsindən sonra şəhərdə aclıq başlandı və xəstəlik yayıldı. Şəraiti nəzərə alan Fətəli xan yardım üçün Rusiya imperatriçəsi II Yekaterinaya müraciət etdi. General Medemin başçılıq etdiyi rus qoşunlarının köməyi ilə Fətəli xan 1775-ci ilin martında Dərbənd yaxınlığında rəqiblərini məğlub etdi. Dərbəndin açarlarını II Yekaterinaya göndərən Fətəli xan yardım üçün minnətdarlıq əlaməti kimi Dərbəndi Rusiyaya verdi və xahiş etdi ki, Quba xanlığını Rusiyanın himayəsi altına alsın. XVIII əsrin 70-ci illərinin axırlarında Şəki xanlığı Fətəli xandan asılı vəziyyətə düşdü. 1780 — 81-ci illərdə Fətəli xan Qarabağ xanlığı üzərinə bir neçə dəfə uğursuz yürüş etdi. 1784-cü ilin avqustunda Fətəli xan Cənubi Azərbaycanda Ərdəbil və Meşkin şəhərlərini tutdu. Amma sərhədlərinin lap yaxınlığında yerləşən Quba xanlığının qüvvətlənməsini istəməyən Rusiya bundan narazı qaldı. Rusiya ilə münasibətlərini korlamaq istəməyən Fətəli xan qoşunlarını Cənubi Azərbaycandan çıxarmağa məcbur oldu. Fətəli xanın 1789-cu ildə ölümündən sonra Bakı, Şəki və Şamaxı xanlıqları Quba xanlığının asılılığından qurtardılar və Fətəli xan tərəfindən Şimal-Şərqi Azərbaycanda yaradılmış birlik dağıldı.

Fidi (e.ə. 500 — 431) — Elladanın ən möhtəşəm heykəltəraşı. Periklin dostu, Afina Akropolunun rekonstruksiyasının rəhbəri. Bir çox relyefli heykəllərin, o cümlədən Afina Akropolundakı Parfenon məbədində Afina ilahəsi Palladanın on bir metrlik heykəlinin müəllifi. „Dünyanın yeddi möcüzəsi“ndən biri — Olimpiyalı Zevsin heykəli onun yaratdığı heykəllərdəndir. Periklin dostu olduğuna görə aristokratiya tərəfindən təqib olunmuşdur.

Filantropiya (yun. „insansevərlik) xeyriyyəçilik, şəfqətlilik.

Filipp II Makedoniyalı — ağıllı və qüdrətli Makedoniya çarı, böyük sərkərdə. Makedoniya ordusunu və falanqanı yenidən qurmuşdur. Diplomat kimi böyük məharət göstərmişdir. 25 il ərzində ölkəni birləşdirmiş, onun sərhədlərini genişləndirmiş və Makedoniyanı öz dövrünün qüdrətli hərbi dövlətinə çevirə bilmişdir. Xeroneya yaxınlığındakı döyüşdən sonra o, Spartadan başqa, demək olar ki, bütün Yunanıstanı özünə tabe etdi. Çar e.ə. 336-cı ildə sui-qəsd nəticəsində öldürüldü. Oğlu və varisi Makedoniyalı İsgəndər II Filippin Şərqə yürüş planlarını həyata keçirdi.

finikiyalılar — qədimdə Aralıq dənizinin şərq sahillərində məskunlaşmış xırda xalq. Müstəsna dərəcədə əlverişli coğrafi şəraitdən istifadə edən finikiyalılar vasitəçi ticarətlə məşğul idilər. Tezliklə finikiyalıların zəngin ticarət şəhərləri — Tir, Bibl, Sidon və Arvad meydana gəldi və bunlardan ən əsası Tir oldu. Ərazidəki sidr və palıd meşələri finikiyalıları gəmi inşası üçün ağacla təmin edirdi. E.ə. II minilliyin sonları — I minilliyin əvvəllərində finikiyalılar ən yaxşı gəmi inşaatçıları və dənizçilər idilər. Finikiya dənizçiləri Aralıq dənizində ağalıq edir, ondan kənarlara üzürdülər — onlar Britaniya adalarından qalay, Baltik dənizi sahillərindən kəhrəba gətirirdilər. Finikiya dənizçiləri ilk dəfə olaraq Afrika ətrafında üzmüşdülər. Finikiyalılar Aralıq dənizinin sahillərində və adalarında öz koloniyalarını salırdılar və bunun sayəsində xeyli finikiyalı öz vətənindən kənarda yaşayırdı. Finikiya koloniyalarından ən irisi Karfagen idi. Finikiyalılar əlifba Şüşə, al-qırmızı (purpur) rəngi ixtira etmişlər.

Firdovsi Əbülqasim (940 — 1020) — böyük Mərkəzi Asiya şairi. Firdovsinin ən məşhur əsəri isə onun üzərində 30 ildən artıq çalışdığı “Şahnamə» poemasıdır. Şair həmin poemada hökmdarları ara müharibələrini dayandırmağa və ölkənin çiçəklənməsi üçün çalışmağa çağırırdı.

firon — Qədim Misirdə hökmdarın adı. Qədim misirlilər hesab edirdilər ki, Misirdə hökmdarın hakimiyyəti dünyanın yarandığı gündən allah tərəfindən müəyyənləşdirilib. Hökmdarlar Misirin ilk hökmdarı olmuş Ra allahının övladı sayılırdılar. Hökmdara göz dəyməməsi üçün onun adını ucadan söyləmək olmazdı. Ona görə də onu dolayısı adla — «Böyük ev» yəni «saray» adlandırırdılar. Misirlilərin dilində bu, təxminən «per-o» kimi səslənirdi, yunanlar isə onu «firon» kimi tələffüz etmişlər. Biz də yunanların ardınca Qədim Misir hökmdarlarını «firon» adlandırmışıq. Firon çox böyük hakimiyyətə malik idi — o, bütün Misirin insanları, torpaqları və sularının sahibi idi. Fironun hakimiyyəti irsən keçirdi.

forum — ilk vaxtlar Romanın mərkəzində bazar meydanı. Burada xalq yığıncağı çağırılar, canilər mühakimə edilər, habelə müxtəlif şənliklər keçirilərdi. E.ə. V əsrdən Roma forumunda məbədlər tikməyə, onu abidələrlə və zəfər tağları ilə bəzəməyə başladılar. Roma forumunun mərkəzi Sezarın məbədidir. Qərbi Roma imperiyasının süqutundan sonra forum öz əhəmiyyətini itirdi və bir müddət daş karxanasına çevrildi.

fraxt -1) su və dəniz yolları ilə daşınan yükün yol xərci; 2) icarəyə götürülmüş gəmi ilə daşınan yük.

fraksiya — 1) parlamentdə, yerli idarə orqanlarında və ya başqa təşkilatlarda partiya üzvlərinin mütəşəkkil qrupu; 2) siyasi partiya daxilində partiyanın əsas xəttindən fərqli baxışlara malik, öz təşkilat mərkəzi, platforması olan və partiyanın əksər üzvləri tərəfindən qəbul edilmiş siyasətə qarşı mübarizə aparan qruplaşma.

Frank dövləti — V əsrin sonlarında başda Xlodviq olmaqla salik (sahilyanı) franklarının Qalliyanı işğalları nəticəsində meydana gəlmiş erkən feodal dövləti. Böyük Karlın işğalları nəticəsində Frank dövləti, demək olar ki, bütün Qərbi Avropanı və Mərkəzi Avropanın bir hissəsini əhatə edirdi. 843-cü il Verden müqaviləsinə əsasən Frank dövləti bölüşdürüldü.

Franklin Bencamin (1706 — 90) — Amerika maarifçisi, dövlət xadimi, alim, Şimali Amerikada istiqlaliyyət uğrunda müharibənin fəal iştirakçısı, ABŞ-ın İstiqlaliyyət bəyannaməsinin müəlliflərindən biri. Sənətkar ailəsində anadan olmuş, İngiltərəyə köçmək məcburiyyətində qalmış və orada mətbəədə işləmişdir. Amerikaya qayıtdıqdan sonra qazandığı pullara xırda kitab dükanı açmışdır. 1731-ci ildə Filadelfiyada Şimali Amerika koloniyalarında ilk kütləvi kitabxananın, 1740-cı ildə Pensilvaniya universitetinin, 1743-cü ildə Amerika Fəlsəfə Cəmiyyətinin əsasını qoymuşdur. Dəyərin əmək nəzəriyyəsini tərtib etmişdir. Elektrikləşmənin ümumi nəzəriyyəsini tədqiq etmiş, ildırım keçiricisinin tətbiqini təklif etmişdir. Zəncilər arasında köləliyin ləğv edilməsinə çağırırdı.

Fransa — Prussiya müharibəsi (1870 — 71) — Cənubi Almaniya torpaqlarını tutmağa çalışan Fransa ilə Şimali Almaniya ittifaqı dövlətləriylə birlikdə çıxış edərək Almaniya torpaqlarını birləşdirməyə və Fransa torpaqlarını tutmağa çalışan Prussiya arasında müharibə. Fransa ordusunun Sedan yaxınlığında darmadağın edilməsi («Sedan faciəsi») və təslim olmasından, III Napoleonun isə əsir götürülməsindən sonra İkinci imperiya süquta uğradı, Prussiya qoşunları Fransanın xeyli hissəsini ələ keçirdi və 1871 — ci il Paris Kommunasının boğulmasında iştirak etdi. 1871-ci il yanvarın 18-də Versal sarayda Prussiya kralı I Vilhelm Almaniya imperiyasının imperatoru elan olundu. Fransa Prussiya müharibəsi 1871-ci il mayın 10-da imzalanmış Frankfurt sülh müqaviləsi ilə başa çatdı. Müqavilənin şərtlərinə görə Elzas və Şərqi Lotaringiya Almaniyaya çatdı. Fransa həm də 5 milyard frank təzminat verməli idi, təzminatın tam ödənməsinədək isə Fransa ərazisinin xeyli hissəsi alman qoşunlarının işğalı altında qaldı.

Fravartiş — I Dara hakimiyyəti Midiya maqı Qaumatanın əlindən aldıqdan sonra (e.ə. 522-ci ilin sentyabrı) Əhəmənilər dövlətinin bir çox vilayətlərində Daraya qarşı üsyanlar başlandı. Midiyada üsyançılara özünü Midiya hökmdarı Kiaksarın nəslindən olan Xşasrita (Kaştariti, Fraort) adlandıran Fravartiş adlı şəxs başçılıq etmişdi. Üsyana başlamış midiyalılar formal olaraq Əhəmənilar dövlətinin tərkibində sayılan Midiyanın özündən başqa, bu dövrdə onun əraziləri hesab olunan Assuriya, Ermənistan, Parfiya və Hirkaniya üzərində də nəzarət yarada bildilər. Fravartişin başçılığı ilə olan üsyan kütləvi xalq hərəkatı idi. Bisütun kitabəsində bildirilir ki, bütün Midiya xalqı üsyan etdi. Dara midiyalıların üsyanını yatırmaq üçün sərkərdəsi Vidarnunu onlara qarşı göndərdi. Midiyadakı Maruş şəhər yaxınlığında, görünür, nəticəsiz bitən savaş oldu. Belə ki, Vidaraanın başçılıq etdiyi farslar bir neçə ay növbəti əməliyyatlardan çəkinərək Daranın əsas qüvvələrlə gəlməsini gözləyirdilər. Dara midiyalıların Fravartişin rəhbərlik elədiyi təhlükəli üsyanının yatırılmasına özü rəhbərlik etmişdi. E.ə. 521-ci il mayın 7-də Midiyada Kunduruş adlandırılan yerdəki həlledici döyüşdə üsyançılar məğlubiyyətə uğradıldı. Bu savaşda 34.425 üsyançı həlak oldu və 18.000 üsyançı əsir götürüldü. Fravartişin özü Midiyanın şərqindəki Raqa vilayətinə qaça bildi. Amma həmin ilin iyununda tutulub Daranın yanına gətirildi. O isə onunla çox qəddar davranaraq burnunu, qulaqlarını, dilini kəsib, gözünün də birini çıxardı. Bundan sonra qandallanmış Fravartişi Ekbatanaya gətirib payaya keçirdilər. Fravartisin yaxın davamçıları da oraya gətirilmiş, dəriləri soyulub içərisinə saman doldurularaq qala divarlarından asılmışdı. Üsyan başçılarına qəddarcasına divan tutulması və həlak olan midiyalıların sayının həddən ziyadə çoxluğu sübut edir ki, Fravartisin üsyanı Əhəməni şahı I Dara üçün ən iri və təhlükəli üsyanlardan idi. Bir fakt da bu məsələni təsdiqləyir ki, Daranın hökmranlığının əvvəllərində bş vermiş çoxsaylı üsyanlardan Herodota yalnız Midiya və Babilistanda baş verən üsyanlar haqqında məlumat çatmışdır.

freska — qurumamış suvaq üzərində boyalarla çəkilmiş rəngkarlıq əsəri. funt — İngiltərə ölçü sistemində çəki vahidi.

Funt — təxminən 0,45 kq-a bərabərdir.

fut — İngiltərə ölçü sistemində uzunluq ölçü vahidi. 1 fut təxminən 0,31 m-ə bərabərdir.

futurologiya — 1) Yerin və bəşəriyyətin gələcəyi haqqında ümumi konsepsiya; 2) gələcək sosial prosesləri əhatə edən elmi bilik sahəsi, proqnozlaşdırmanın sinonimi.

Füzuli Məhəmməd Süleyman oğlu (1494 — 1556) — böyük Azərbaycan şairi, Yaxın və Orta Şərqin ən böyük lirik şairlərindən biri; monqolların, sonralar isə Teymurun   işlərindən   sonra   bir çox azərbaycanlıların köçdükləri Kərbəla   şəhərində(müasir İraq ərazisi) anadan olmuşdur. Füzuli əvvəlcə Kərbəlada, sonra isə Bağdadda oxumuşdur. Üç dili -Azərbaycan, fars və ərəb dillərini sərbəst bilmişdir. Əsas əsərləri: 3 qəzəl, qəsidə, rübai toplusu, "Şikayətnamə" siyasi satirası, «Mətlə ül-etiqad» («Etiqadın mənbəyi») fəlsəfi traktatı. Füzuli yaradıcılığının zirvəsi Azərbaycan dilində yazılmış «Leyli və Məcnun» romantik poemasıdır. Füzulinin poetik yaradıcılığı Şərqin bir çox şairlərinin yaradıcılığına çox böyük təsir göstərmişdir. Füzulinin antik, Azərbaycan, hind, İran və ərəb fəlsəfəsindən bəhs edən «Mətlə ül-etiqad» əsəri də mühüm əhəmiyyət kəsb edir. Füzulinin astronomiya və digər elm sahələrinə dair də əsərləri olmuşdur.

 

Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər:

  • Rauf Məlikov, Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın qədim tarixi» şöbəsinin elmi işçisi
  • Nizami İbrahimov, Tarix müəllimi, «Azərbaycan tarix müəllimləri» ictimai birliyinin üzvü.
Top