egida — 1) qədim yunan mifologiyasında — Zevsin qalxanı, allahların qəzəb və himayədarlıq rəmzi; 2) məcazi mənada — müdafiə, himayədarlıq.
ehkam — kor-koranə qanun kimi qəbul edilən müddəa; bütün dövrlər və şəraitlər üçün dəyişilməz hesab edilən mübahisə doğurmayan gerçəklik.
Exnaton (qədim misircə «Atona xeyirli olan») — Qədim Misir fironu, Misir dininin islahatçısı. Gerçək taxt-tac adı — IV Amenhotepdir. O, ənənəvi Misir allahlarından imtina edib vahid Günəş allahı Atona sitayişi qəbul etdi və öz adını dəyişdi, Misirin paytaxtını tikdirdiyi Axetaton şəhərinə köçürtdü. Köhnə yerli məbədlər boşaldı. Yeni allah Aton üçün dəbdəbəli məbədlər inşa olundu, islahatçı firona sadiq olan yeni kahinlər meydana çıxdı. Exnatonun dövründə Misir Suriya və Fələstin üzərində olan hakimiyyətini itirməyə başladı. Misirin Asiyadakı ərazilərinə köçəri xabiru (yəhudi) tayfalarının soxulması vəziyyəti bir qədər də mürəkkəbləşdirdi. Exnatonun hakimiyyəti Qədim Misir incəsənətində köhnə qanunların məhv edilməsi ilə müşayiət olunurdu. Yeni, daha canlı stil işlənilib hazırlandı. Exnatonun necə ölməyi bəlli deyil. Ölümündən sonra kahinlər Exnatonu həqiqi dindən üz çevirmiş kimi damğaladılar; onun tətbiq etdiyi bütün yeniliklər ləğv edildi, Exnatonun şərəfinə qoyulmuş abidələr dağıdıldı, onun adı olan yazılı məlumatlar pozuldu.
Ekbatana — Midiyanın paytaxtı (müasir Həmədan şəhəri rayonunda yerləşir). Midiyalıların Kaştariti tərəfindən assurlara qarşı yaradılmış hərbi mərkəzləri, Kar-Kaşşi (“Kassitlərin koloniyasi”) qalasının yaxınlığında yerləşirdi. Burada, Midiya tayfa başçılarının qədim toplanış yerində, sonralar (ola bilsin ki, e.ə. VII əsrin əvvəllərində) Midiyanın paytaxtı — Ekbatana (qədim Midiya dilində «Toplanış yeri» deməkdir) inşa edilmişdir. Herodota görə, Deyok Ekbatananı özü üçün tikməyi əmr edibmiş. Ekbatana iri sənətkarlıq, ticarət və mədəniyyət mərkəzi imiş.
ekspansiya — dövlətin öz nüfuz dairəsini diplomatik, iqtisadi və hərbi üsullarla başqa dövlətlərdə genişləndirməyə yönəldilmiş siyasəti. Ekspansiya başqa xalqları tabe etmək, yeni ərazilər və bazarlar tutmaq, kapital qoymaq və xammal mənbələri ələ keçirmək siyasəti güdür.
ekspropriasiya — xüsusi mülkiyyətin və ya istehsal vasitələrinin əvəzsiz və ya haqqı qismən, yaxud tam ödənilməklə dövlət hakimiyyəti tərəfindən məcburən sahibinin əlindən alınması.
eksses — 1) nəyinsə ifrat təzahürü, nəfsini saxlaya bilməmək, israfçılıq; 2) ictimai asayişi pozan kəskin toqquşma.
eksterritoriallıq — xarici dövlətlərin başçılarına, beynəlxalq təşkilatların nümayəndələrinə, xarici diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına olduqları ölkədə, eləcə də xarici sularda olan nəqliyyat vasitələrinə və hərbi gəmilərə müvafiq dövlətin icazəsi ilə verilmiş xüsusi hüquq və imtiyazlar. Eksterritoriallıq şəxsiyyətin və mənzilin toxunulmazlığını, yerli qanunlarla mühakimə edilməzliyi, öz hökuməti ilə bir-başa rabitə əlaqəsi yaratmaq ixtiyarını və s. imtiyazları bildirir.
ekstremist — ifrat tədbirlər və fəaliyyət tərəfdarı.
ekstremizm — əsasən siyasətdə ifrat baxışlara və tədbirlərə meyl etmək. elatlar — 1) köçəri maldar tayfalarından ibarət birlik və ya ittifaq; 2) geniş mənada — elatlar orduda xidmət etməli və hərbi yürüşlər zamanı hər bir tayfadan, qəbilədən süvari qoşun çıxarmalı idilər.
Eldənizlər (Eldəgizlər, Eldəgəzlər) — 1136 — 1225-cı illərdə Cənubi Azərbaycanda mövcud olmuş hökmdarların sülaləsi.
Eldənizlər dövləti — Azərbaycan ərazisində dövlət (1136 — 1225). Səlcuqilər dövləti zəiflədi və nəticədə dağılmağa başladı. 1136-cı ildə İranın bir hissəsinin, Cənubi Azərbaycan və Arranın azyaşlı Səlcuqi hakiminin atabəyi vəzifəsinə iqamətgahı Bərdədə olan Şəmsəddin Eldəgəz (1136 — 74) təyin edildi. 1160-cı ildə Şəmsəddin Eldəgəz «böyük atabəy» titulu aldı ki, bu da onun başqa atabəylərdən yüksək olduğuna işarə idi. 1161-ci ildən atabəylərin Azərbaycandakı qərb mülklərinə gürcü qoşunları vaxtaşırı hücumlar etməyə başladılar. Şəmsəddin Eldəgəzdən sonra hakimiyyət onun oğlu Məhəmməd Cahan Pəhləvana (1174 -86) keçdi, o isə paytaxtı Həmədana köçürdü, itaətsiz əmirləri tabe etdi, daha mühüm dövlət vəzifələrinə özünün 70-ə qədər şəxsi nökərini — məmlükləri təyin etdi. Məhəmməd Cahan Pəhləvan Gürcüstan və xarəzmşahla sülh bağlaya bildi. 1186-cı ildə şirvanşah I Axsitan atabəy Qızıl Arslanın (1184-91) torpaqlarına soxuldu, lakin məğlubiyyətə uğradı və Qızıl Arslan Şirvan torpaqlarını tutdu. 1191-ci ildə sonuncu səlcuq sultanı III Toğrulu devirən Qızıl Arslan xəlifənin razılığı ilə özünü sultan elan etdi. Amma elə həmin ildə də Qızıl Arslan öldürüldü və onun torpaqları qardaşı Məhəmməd Cahan Pəhləvanın oğlanları — Əbubəkr, Qutluq İnanc və Əmir Əmiran arasında bölüşdürüldü. Bir qədər sonra qardaşlar arasında hakimiyyət uğrunda mübarizə başlandı və Əbu-bəkrin (1191 — 1210) qələbəsi ilə başa çatdı. Lakin xarəzmşahların, gürcülərin arasıkəsilməz müdaxiləsi və monqolların talançı yürüşləri Eldəgəzlər dövlətinin zəifləməsinin başlanğıcı oldu. Atabəy Özbəyin (1210 — 25) dövründə feodal ara müharibələri, xarici hücumlar, mərkəzi hakimiyyətin zəifləməsi dövlətin müdafiə qabiliyyətini xeyli zəiflətdi. 1225-ci ildə xarəzmşah Cəlaləddin Azərbaycana soxuldu və onu zəbt etdi, Eldəgəzlər dövləti dağıldı, sonuncu atabəy Özbək Əlincə qalasında öldü.
Eldorado — ispan konkistadorlarının Amerikada axtardıqları qızıl və daş-qaşla zəngin mifik ölkə. Məcazi mənada — əfsanəvi zənginlər və möcüzələr ölkəsi.
elita — cəmiyyətin yuxarı, seçilmiş təbəqəsi və ya adamların seçilmiş dairəsi. Ellada — ellinlərin Qədim Yunanıstanın özündə, Egey dənizi adalarında və Kiçik Asiya sahillərində məskunlaşdıqları ərazilərə verdikləri ad.
ellinizm — Şərqi Aralıq dənizi sahili ölkələrində e.ə. 334-cü ildə Makedoniyalı İsgəndərin yürüşü ilə başlanan və e.ə. 30-cu ilə qədər olan tarixi dövr. İsgəndərin nəhəng imperiyası diadoxlar arasında bölüşdürüldü və onlar istila edilmiş ərazilərdə öz çar sülalələrini (Selevkilər, Ptolemeylər və s.) yaratdılar. Yunan sülalələri və yunan-makedon köçkünlərinin siyasi təsiri ilə yerli Qədim Şərq və yunan ənənələrinin qovuşması nəticəsində yeni mədəniyyətlər yarandı. E.ə. II-I əsrlər ərzində ellin dövlətlərinin hamısı Romanın təsiri altına düşdü. E.ə. 30-cu il -Ptolemey Misirinin Romanın əyalətinə çevrildiyi dövr — ellinizmin sonu kimi qəbul edilir.
ellinlər — çox böyük ərazidə, o cümlədən yad ölkələrdə məskunlaşmış, amma eyni dildə danışan, eyni yazıdan istifadə edən, eyni allahlara etiqad edən və özünü vahid xalq hesab edən bütün qədim yunanların özlərinə verdikləri ümumi ad.
elxan — elatların başçısı, ağsaqqalı.
Elçibəy (Əliyev) Əbülfəz — ixtisasca şərqşünas, AR prezidenti (1992 — 93). 1960-cı illərdə — 70-ci illərin birinci yarısında Əbülfəz Əliyevin rəhbərliyi ilə bir qrup azadfikirli tələbə milli özünüdərketmə şüurunu yaratmaq məqsədi ilə gənclər arasında təbliğat aparmağa başladı. 1975-ci ildə Ə.Əliyev dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edildi. 1989-cu il iyunun 16-da Bakıda “Azərbaycan Xalq Cəbhəsi” (AXC) yaradıldı və Əbülfəz Əliyev (təxəllüsü «Elçibəy») onun sədri scçildi. 1991 -ci il mayın 14-də istefaya getmiş AR prezidenti Mütəllibovun tərəfdarları Ali Sovetinin sessiyasında onu yenidən hakimiyyətə qaytardılar. Bunu qeyri-konstitusion adlandıran AXC öz tərəfdarlarının köməkliyi ilə mayın 15-də Ali Sovetin binasını tutdular. Hakimiyyət faktik olaraq AXC-nin əlinə keçdi. İyunun 7-də keçirilmiş seçkilər nəticəsində Əbülfəz Əliyev (Elçibəy) AR prezidenti seçildi. İyunun 10-da AR Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) üzvlüyünə daxil oldu, elə həmin ayda da YUNESKO təşkilatına qəbul edildi. 1992-ci ilin yayında Ağdərə əməliyyatı zamanı Azərbaycan qoşunları xeyli uğurlar qazandı. Avqustun 15-də milli valyuta — manat dövriyyəyə buraxıldı. Sentyabrın 22-də AR Avropa Yenidənqurma və İnkişaf Bankının üzvü oldu. 1993-cü ildən Azərbaycanda ali və orta ixtisas məktəblərinə qəbul imtahanları testlə keçirilməyə başlandı ki, bu da daha bilikli və bacarıqlı gənclərin həmin məktəblərə daxil olmasına imkan verdi. Novruz bayramı, Qurban bayramı daha geniş qeyd olunmağa başlandı. Köhnə məscidlər bərpa edilir və yeniləri tikilirdi. Türkiyə Respublikası ilə elmi və mədəni əlaqələr daha da genişlənirdi, lakin onilliklər ərzində Rusiya Federasiyası ilə yaradılmış belə əlaqələr getdikcə zəifləyirdi. İran İslam Respublikası ilə siyasi münasibətlər gərgin idi. AR daxilində iqtisadi tənəzzül daha da dərinləşmişdi, istehsal gücünün yalnız 25 — 30%-dən istifadə olunurdu. Ermənistanla davam edən müharibə iqtisadiyyata ciddi zərbə vururdu. Ölkədə yarım milyona qədər qaçqın və köçkünün olması vəziyyəti daha da çətinləşdirirdi. İqtisadiyyatda hökm sürən köhnə inzibati amirlik idarəetmə sistemi ləğv edildi, amma hələ yenisi yaradılmadı. İqtisadiyyat xaos vəziyyətində idi, respublikanın təbii sərvətləri talan edilirdi, Azərbaycan məhsullarının satılmasından əldə olunan valyuta əsasən xarici banklardakı şəxsi hesablarda qalırdı. Cəmiyyətdə kəskin əmlak təbəqələşməsi gedirdi — kiçik bir qrup adam zənginləşir, əhalinin 60 — 70%-i isə yoxsulluq həddindən də aşağı vəziyyətdə yaşayırdı. İşsizlik durmadan artırdı. Daxili və xarici siyasətdəki uğursuzluqlar və çatışmazlıqlar isə ilk növbədə AR rəhbərliyinin düzgün olmayan naşı kadr siyasəti ilə bağlı idi və bunun da nəticəsində idarəetmə aparatına uyğun gəlməyən səlahiyyətsiz şəxslər, əsasən də AXC üzvləri cəlb edirdi. 1993-cü il aprelin 6-da ermənilər Kəlbəcər rayonunu işğal etdilər. Azərbaycan qoşunlarının Ağdərə əməliyyatı da son hesabda uğursuz nəticələndi. Müharibənin davam etməsi, ağır itkilər, hərbi səriştəsizlik, iqtisadi tənəzzül, AR rəhbərliyindəki siyasi çəkişmələr xalqın səbir kasasını daşdırdı. Elçibəy hökuməti xalq arasındakı dayaqlarını itirir, AXC-nin nüfuzu düşürdü. Tyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə ordu hissələrinin qiyamı nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Başda Elçibəy olmaqla özünün siyasi gücsüzlüyünü dərk edən AR rəhbərliyi iyunun 9-da təcrübəli və müdrik siyasətçi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etmək məcburiyyətində qaldı. İyunun 15-də R.Əliyev AR Ali Sovetinin sədri seçildi. Bir neçə gündən sonra AR prezidenti Elçibəy qəflətən Bakını tərk edib öz doğma kəndi Kələkiyə (Naxçıvan) getdi və dəfələrlə ona edilən müraciətlərə baxmayaraq, Bakıya gəlməkdən imtina elədi. İyunun 24-də AR Ali Soveti Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini H.Əliyevə verdi. Avqustun 29-da keçirilən referendum iştirakçılarının əksəriyyəti Elçibəyə etimadsızlıq göstərdi. 1993-cü il oktyabrın 3-də H.Əliyev AR prezidenti seçildi.
emansipasiya — asılılıqdan və alçaldılmaqdan qurtarmaq, müstəqillik və hüquq bərabərliyi əldə etmək (məs.: qadınların emansipasiyası).
embarqo — məhsulun, valyutanın hər hansı bir ölkədən idxalını və ya hər hansı bir ölkəyə ixracını qadağan etmək, eləcə də xarici dövlətə məxsus olan gəmiləri, yükləri və başqa əmlakı saxlatdırmaq. Müharibə dövründə embarqo düşmən dövlətlərə qarşı iqtisadi sanksiya, dinc dövrlərdə isə müxtəlif ölkələrə iqtisadi və maliyyə təzyiqi göstərmək üçün istifadə olunur.
emissiya — pul və qiymətli kağızların dövriyyəyə buraxılması.
eneolit (lat. və yun. tərcüməsi — «mis daş») — metal dövrünün ilk mərhələsi. Daş əmək alətləri ilə yanaşı, misdən — emal üçün daha yumşaq və sadə metaldan düzəldilmiş əmək alətləri də meydana çıxır. Eneolit neolitdən sonra başlayır və e.ə. VI — IV minillikləri əhatə edir. Eneolit dövründə Azərbaycanda bütün ev heyvanları əhliləşdirilmiş, atın əhliləşdirilməsinə isə başlanılmışdı. Eneolit tunc dövrü ilə əvəz olunur.
enerji böhranı — enerji ehtiyatlarının kəskin çatışmazlığı və bununla bağlı olaraq neft, neft məhsulları və digər enerji daşıyıcılarının qiymətlərinin kəskin şəkildə artması.
Enki — Şumer — Akkad mifologiyasında Anu və Enlil ilə yanaşı, üç baş allahdan biri. Enki — bərəkət allahıdır, mədəniyyət gətirən və dünyəvi dəyərlərin yaradıcısıdır. Enki həm də yeraltı Dünya okeanının şirin sularının, eləcə də yerüstü suların ağasıdır, müdriklik və dua allahıdır, insanların yaradıcısı və allahlar qarşısında onların müdafiəçisidir, bütün çətin işlərdə allahların və insanların köməkçisidir, bağçılığın, bostançılığın, kənafın və təbabət otlarının ixtiraçısı, toxa, kotan və kərpic üçün qəlib yaradıcısıdır.
Enlil — Şumer — Akkad mifologiyasında Anu və Enki ilə yanaşı, üç baş allahdan biri. Bərəkət və yaşayış üçün lazımi qüvvələrin, eləcə də ramolunmaz təbii qüvvələrin allahıdır. Ölən və dirilən allah kimi də təqdim olunur. Enlilin rəmzi — müqəddəs mehrabda qoyulmuş buynuzlu tiaradır (tac).
enozis — Kiprdə və Yunanıstanda Kiprin Yunanıstanla birləşdirilməsi uğrunda aparılan millətçi hərəkat. XIX əsrdə Kiprin Türkiyə və İngiltərəyə tabe olduğu dövrdə yaranmışdır. 1960-cı ildə Kipr respublika elan olunduqdan sonra enozis şüarı Yunanıstanın və Kiprin mürtəce qüvvələri tərəfindən adanın dövlət müstəqilliyini ləğv etmək məqsədi ilə istifadə edilmişdir. 1974-cü ildə Yunanıstan xuntasının və Kiprin yunan icmasının enozisi uğursuz hərbi yolla həyata keçirmək cəhdi onunla nəticələndi ki, adanın şimalına Türkiyənin məhdud qüvvələri çıxarıldı və yunanların qırğınından canlarını qurtaran türk icması burada Quzey Kıprıs Türk Cümhuriyyətini — Şimali Kipr Türk Respublikasını yaratdı. Türkiyə ilə müharibə təhlükəsi Yunanıstanda xalqın səbir kasasını daşdırdı və hakimiyyətdə olan «qara polkovniklər»in hərbi-faşist diktaturası süqut etdi.
ensiklopediya (lat. «geniş biliklərə yiyələndirmək») — müxtəlif sahələr və ya müəyyən bir sahə bilikləri üzrə ətraflı məqalələrdən ibarət elmi izahlı lüğət.
ensiklopedistlər — aralarında Monteskyö, Volter və başda Deni Didro olmaqla bir sıra fransız maarifçiləri 1751-ci ildən «Ensiklopediya » nəşr etməyə başlamışdılar. «Ensiklopediya»nın nəşrinin məqsədi o dövrün elmi bilikləri və qabaqcıl ideyalarını sistemləşdirmək, feodal mütləqiyyət qayda-qanunlarını tənqid etmək idi. 38 cilddən ibarət «Ensiklopediya»nın nəşri 1780-ci ildə başa çatmışdır.
Engels Fridrix (1820 — 95) — kommunizmin banilərindən biri, Marksın dostu və silahdaşı.
epos — şifahi xalq yaradıcılığında qədim şer abidəsi. Yazısız dövrdə yaradılan eposlar şifahi şəkildə nəsildən-nəslə ötürülmüşdür.
erkən feodal dövləti — feodalizmin təşəkkülü dövründə yaranan və meydana çıxan feodallara torpaqları tutmağa və azad adamları asılı kəndlilərə çevirməyə kömək edən dövlət.
Esxil — e.ə. V əsr üç böyük qədim yunan tragediya yazarlarından biri. 90-a qədər pyes yazmışdır. Bizə isə onlardan yalnız 7-si çatmışdır. Esxilin ən məşhur pyesləri «Oresteya» və çar Aqamemnonun ailəsi haqqındakı trilogiyasıdır. Esxil qədim yunan tragediyasının banisidır. İkinci aktyoru səhnəyə çıxaran ilk şəxs də məhz Esxil sayılır. Bununla da dialoqu və səhnələri canlandırmaq mümkün olmuşdur.
eskalasiya — genişləndirmə, qızışdırma, artırma qüvvətləndirmə (məs.: münaqişənin eskalasiyası).
Eskulap — Qədim Roma mifologiyasında səfa və loğmanlıq allahı. Yunan allahı Asklepiyə uyğun gəlir. Eskulapın atributu ilan idi.
eşikağası — Səfəvilər dövründə, sonralar isə Azərbaycan xanlıqlarında saray inzibati işlərinə nəzarət edən rəhbər.
etimad rəyi — parlamentdə səsvermə yolu ilə hökumətə, nazirə, siyasi xadimə etimad göstərilib — göstərilməməsi barədə çıxarılan qərar.
etimad üd-dövlə — baş vəzir.
etnoqrafiya (yun. «xalqların təsviri») — müxtəlif xalqların həyatını öyrənən elm. Bir sıra uzaq adalarda və çətinliklə gedilə bilən digər yerlərdə indiyədək öz inkişaflarında bizdən xeyli geri qalan qəbilə və tayfalar yaşayır. Onlarm yazıları yoxdur, bir çoxları hələ metalı tanımır. Bu tayfaların həyatı min illər əvvəl olduğu kimi qalmaqdadır. Onların arasında yaşayan etnoqraflar həmin tayfaların həyat və adətlərini öyrənir və bunları yazıya alırlar. Bu cür tayfaların həyatlarının tədqiqi qədimdə insanların necə yaşamalarını təsəvvür etməyə və ya öyrənməyə kömək edir.
etnogenez — xalqların mənşəyi.
etrusklar — e.ə. I minillikdə Apennin yarımadasının şimal-qərb rayonlarında məskunlaşmış qədim tayfalar. Etruskların mənşəyi hələlik bəlli deyil, amma bir sıra alimlər etruskların dilini Qafqaz dilləri ilə bağlayırlar. Etrusklar yüksək sivilizasiya yarada bilmişlər. E.ə. VII əsrin axırlarında etrusklar on iki şəhər-dövlətdən ibarət güclü ittifaqda yerləşdilər. E.ə. V — III əsrlərdə etrusklar Roma tərəfindən istila edildilər.
Evklid — qədim yunan riyaziyyatçısı. E.ə. III əsrdə Misir İsgəndəriyyəsində işləmişdir. Evklidin 15 kitabdan ibarət "Əsaslar” adlanan əsəri antik riyaziyyatın əsasları üzrə — planimetriya, stereometriya və ədədlər nəzəriyyəsinə dair bir çox məsələnin ifadəsini vermiş, əvvəlki yunan riyaziyyatının inkişafını yekunlaşdırmış, sonraki inkişafı üçün zəmin yaratmışdır. Bundan əlavə, Evklid astronomiya, optika və musiqi nəzəriyyəsi üzrə əsərlər də yazmışdır.
Eyzenhauer Duayt Deyvid (1890 — 1969) — ordu generalı (1943), ABŞ-ın 34-cü prezidenti (1953-61). 1943-cü ilin dekabrından müttəfiqlərin Qərbi Avropadakı ekspedisiya qoşunlarının ali baş komandanı. 1944-cü il iyunun 6-da müttəfiqlərin qüvvələri general Eyzenhauerin komandanlığı altında Normandiyaya (Fransanın şimal-qərbi) çıxarıldı və beləliklə, "İkinci cəbhə«ni açdılar. 1945-ci ildə Eyzenhauer ABŞ-ın Almaniyadakı işğal qoşunlarının komandanı, 1950 — 52-ci illərdə NATO silahlı qüvvələrinin baş komandanı olmuşdur. Prezident Eyzenhauer hökumətinin „zor mövqeyi“ prinsiplərinə əsaslanan xarici siyasəti özgə ərazilərində hərbi bazalar yaratmaqdan ibarət idi. Lakin Eyzenhauerin prezidentliyi illərində ABŞ ilə SSRİ arasında münasibətlər mülayimləşdi və 1959-cu ildə Xruşşov ABŞ-a səfər etdi.
Ezop — e.ə. VI əsrdə yaşamış qədim yunan təmsilçisi; təmsil janrının yaradıcısı sayılır.
Mənbə: MƏKTƏBLİNİN TARİX LÜĞƏTİ
Müəlliflər: