Berlin Divarı – Utanc Divarı

Berlin Divarı – Utanc Divarı

İkinci dünya müharibəsində məğlubiyyətindən sonra Almaniya, Qərbi və Şərqi olaraq iki yerə bölünmüşdü. Bu bölünmədən sonra kütləvi olaraq insanların köçünün qarşısının alınması üçün fiziki olaraq da bölünmə əmri verildi, yəni Berlin divarının inşasına başlandı. Şərqi Almaniya məclisinin qərarına əsasən 1961-ci ildə sərhəddən keçid qadağan edildi və bu divar tikilməyə başlandı.

Əsas məqsəd SSRİ tabeliyində olan Şərqi Almaniyadan Qərbi Almaniyaya kütləvi köçün qarşısının alınması idi. Bu divarın inşasına verilən qərar digər tərəfdə yaxınları qalan insanlar üçün daha böyük bir problem idi. Divarın tikintisindən sonra belə, sərhəddən keçmə cəhdləri davam edirdi. Sərhəd işçiləri tərəfindən tutulan insanlar ya öldürülür, ya da həbs cəsası alırdılar. Hər şeyə rəğmən sərhədi keçməyi bacaran insanlar da mövcud idi. Onlar bunu maşın baqajında, çantaların içində və ya müxtəlif yollarla edirdilər. Sərhədi keçmək istəyərkən həyatını itirənlərin sayı isə dəqiq bilinmir.
Image result for berlin wall original photos
10 mart 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə birlikdə artıq bu problemin düzələcəyinə dair ümid yaranmışdı. Amerikanın prezidenti Ronald Reyqan öz çıxışında Qorbaçova divarı yıxması üçün çağırış etdi. Divarın dağıdılmasının ilk addımı Macarıstan tərəfindən atıldı. Onlar kəlbətinlə tikanlı məftillərin bir hissəsini kəsdilər. 2 may 1989-cu ildə atılmış bu addım divarın yıxılması üçün bir ümid idi. Bu addımdan sonra Macarıstana köçlər başladı. Qorbaçovun 1989-cu ildə Şərqi Almaniyaya etdiyi səyahət zamanı aparılan danışıqlar da elə bu “Utanc Divarı”-nın yıxılması barədə idi. O, şiddət yolu ilə həll yolunun tapılmayacağını yaxşı bilirdi. Danışıqlar zamanı ortaq məxrəcə gəlinməsi və məsələnin həll yollarının tapılması danışılırdı. Ancaq baş verənlər, Şərqi Almaniya liderinin heç də həll yolu ilə anlaşmaq istədiyini göstərmirdi.

Mixail Qorbaçovun Şərqi Almaniyaya səyahəti zamanı Erix Honekkerin (Erich Honecker) təşkil etdiyi hərbi parad – başqa sözlə, silah sərgisi onun baş verə biləcək olan üsyanlara qarşı hazırlıqlı olduğunu göstərmək istəməsindən ibarət idi.

Bu dönəmdə çıxışlar davam etməkdə və daha da artmaqda idi. Bir müddət davam edən çıxışlardan sonra Günter Şabovski (Günter Schabowski) və tərəfdaşları əsgərlə xalq arasında yaşana biləcək ixtişaşın nəticəsinin heç də yaxşı olmayacağını bilirdi. İstefaya çağırılan Erix Honekker bunu qəbul etdi. 6 noyabr 1989-cu ildə Şabovski tərəfindən səyahət etmə qadağasının qaldırılması əmri verildi. Ancaq bu əmr hələ sərhədə çatmamışdı. Sərhəddəkilərin yeni qərardan xəbəri olana qədər hər şey üçün gec ola bilər, sərhəddə iğtişaşlar və problemlər yarana bilərdi. Ancaq xoşbəxtlikdən heç bir qarşıdurma yaranmadan yeni qərarın sədası sərhədə çatdı və Berlin divarı tarixə qovuşdu. Bu addımla “Dəmir Pərdə” qalxmağa başladı… Divarın müəyyən hissələri hələ də muzeylərdə saxlanmaqdadır.

Berlin divarının dağıdılması simvolik olaraq ayrılığın bitməsinin rəmzidir. 1989-cu ildə divar dağıdıldı və bu ayrılığa son qoyuldu. Görəsən insanlar arasında olan görünməz fikir və ideologiya divarları nə zaman dağıdılacaq?
Top