XX əsrdə ABŞ ərazisinin işğalı faktı

XX əsrdə ABŞ ərazisinin işğalı faktı

XIX əsrin əvvəllərindən sonra ABŞ ərazisinə xarici qəsbkarların hücumu məhz həmin tarixdə reallaşmışdı. Söhbət 1943-cü ilin bu günlərindən, konkret olaraq 11 may tarixindən gedir. Həmin döyüşlərdə iştirak etmiş Amerika hərbçilərinin sayı ümumilikdə 150 minə çatıb. Maraqlıdır ki, uzun illər ərzində yaponlara qarşı aparılmış bu əməliyyatın hansı məqsədə xidmət etdiyi qəribə təsir bağışlayıb. Hətta gülməli də görünüb. Söhbət demək olar, insan əlinin çatması mümkünsüz olan Aleut arxipelaqının tərkibindəki daşlı-qayalı relyefə və sərt quraq iqlimə malik Attu və Kiska adaları ilə bağlı münaqişədən gedir. Ekspertlər adaların strateji əhəmiyyətinə diqqət yetirərək bildirirlər ki, II Dünya Müharibəsinin gedişində belə mənasız hərbi əməliyyatı təsəvvürə gətirmək mümkün deyil. Mənasız hərəkətə yol verənlər isə təkcə amerikalılar yox, həm da yaponlar idi.

Ancaq onu da vurğulamaq lazımdır ki, Yaponiya hələ 1942-ci ilin iyunundan Attuya desant qüvvələri çıxarmağı planlaşdırırdı. Ölkənin başlıca məqsədi amerikalıları Sakit okeandakı əsas döyüşlərin gedəcəyinin planlaşdırıldığı Midueydən yayındırmağa hesablanmışdı. Bunun üçün yaponlar iki qırıcı daşıyan gəmi, habelə digər nəhəng hərbi gəmilərlə birgə heç də qonaqpərvər iqlimə malik olmayan şimal enliyinə doğru irəlilədilər. Nəticə isə 1812-1815-ci il Amerika-İngilis müharibəsindən sonra ilk dəfə baş vermiş hadisəni — ABŞ ərazisinə təcavüzü doğurdu. Olay Amerika ictimai rəyində şok effkti yaratdı, işğal kimi qarşılandı.

Bəri başdan deyək ki, haqqında söz açdığımız əməliyyat yekunda yaponlar üçün iflasla sona çatdı. Yaponiyanın hərbi-dəniz qüvvələrinin gizli danışıqlarının kodlarını ələ keçirən amerikalılar yayındırıcı strategiyadan zamanında xəbər tutmağı bacardılar və qüvvələrini elə əsas cəbhə sayılan Midueydən ayırmadılar. Amma bu, heç də o anlama gəlmir ki, onlar Attunu və işğal altında qalan digər adanı — Kiskanı diqqətdən kənarda qoydular.

1943-cü il fevralın sonunda hərbi əməliyyatların getdiyi Sakit okean teatrındakı Solomon adalarına daxil olan Quadalkanalın ələ keçirilməsinə hesablanmış döyüşlər demək olar, heç bir nəticə vermədi. Bununla belə yaponlar mümkün olduğu qədər öz mövqelərini möhkəmləndirməyi bacardılar. Həmin vaxt «Əvvəl Avropa» deyimini rəhbər tutmuş ABŞ başqa desant əməliyyatlarının reallaşdırılması üçün resurlar və planlar hazırlayırdı. Ancaq haqqında bəhs etdiyimiz təcavüz faktı amerikalıların istəklərini alt-üst etdi. ABŞ üçün artıq şərəf məsələsi gündəmə gəldi. Yaponlara gəldikdə, onlar hələ müharibənin əvvəlində  — 1941-ci ilin noyabrında ABŞ-ın Sakit okeandakı ən böyük hərbi bazası olan Pyorl-Harboru yerlə-yeksan etməklə demarşa bir növ, alışmışdılar. Amma Amerika torpağına girmək onlar üçün də psixoloji əhəmiyyət daşıyırdı — artıq Asiyada deyil, belə demək mümkünsə, yeni dünyadaydılar.

Attu və Kiska adalarını işğaldan qurtarmaq üçün ABŞ komandanlığı əsl armada formalaşdırdı. Təkcə 10 min desant hazırlandı. Gəmilərin və qırıcıların sayı hesabı yox idi. Attudakı Yaponiya qarnizonunda yer alan hərbçilərin sayı isə 2500-ə çatırdı və onlar amerikalıların adaya enişinə maneçilik törətməyə cəhd belə göstərmədilər. Əslində buna ehtiyac da duyulmurdu. Məsələ burasındadır ki, Attuda hərəkət etmək heç də asan vəzifə deyildi. Həmin vaxtadək belə tip hərbi əməliyatlara, ən əsası iqlim şərtlərinə öyrəşikli olmayan ABŞ ordusu çoxlu sayda itki verdi. Təkcə ilk günlərdə 1200 Amerika əsgəri soyuqdan dönərək həyatını itirdi.

Birləşmiş Ştatların canlı qüvvə itkisi 4000-i aşdı. Onlardan yalnız 1500-ü odlu silahdan açılmış atəş nəticəsində ölmüşdü. Soyuq hava şəraitində düşmənin itki verdiyini müşahidə edən yaponlar belə düşündülər ki, əks hücuma keçməklə uğur qazana bilərlər. Amma hava şəraiti onları da belə desək, soyuq ölümün cənginə atdı. Attudakı 2500 yapon əsgərindən yalnız 26-ı əsir düşərək canını qurtardı. Beləcə ABŞ ordusu Attunu işğaldan azad etdi. Ancaq «pir qələbəsi»ndən sonra Birləşmiş Ştatların hərbi komandanlığı Kiska adasını qurtarmağa girişməyin mənasızlığını anladı. Yalnız iyulda Vaşinqtondan sözügedən ərazinin azad edilməsi əmri verildi. Kiska iki həftə ərzində ağır bombardımana məruz qaldı. Daha sonra ümumilikdə 34 min əsgərin iştirak etdiyi hücum başlandı. Yaponiya 5 min əsgərini adadan çıxardığından amerikalılar asanlıqla Kiskaya daxil oldular.

Hazırda Amerika tarixçisi Liddel Hart iddia edir ki, Aleut arxipelaqındakı hərbi əməliyyatlar heç bir əhəmiyyət daşımayıb. Onun fikrincə, həmin əməliyyat resurslardan düzgün istifadə etməmənin ən bariz göstəricisidir. Bir sıra ekspertlər isə iddia edirlər ki, L.Hardın gəldiyi qənaət o zaman gec də olsa, ABŞ dairələrinə də məlum olub və onlar istər Pyorl-Harbor müsibətinə, istərsə də məhz Aleut işğalında itirdiyi insanlara görə intiqamı Yaponiyaya atom bombası atmaqla aldılar.

Tarixə müraciət etsək, həmin vaxt Naqasaki və Xerosimada nüvə silahından istifadə üçün heç bir əsasın olmadığını müəyyənləşdirmək mümkündür. Çünki SSRİ 1945-ci ilin avqustunadək Mancuriya cəbhəsində Yaponiyanı əsas qüvvələrini məğlubiyyətə uğratmışdı və Yaponiya imperatoru hələ avqustun ilk günlərində təslim aktının mətnini hazırlanması göstərişini vermişdi. Ölkənin müharibəni davam etdirməyəcəyi dünyanın siyasi dairələrinə, o cümlədən ABŞ rəsmilərinə də yaxşı məlum idi. Ancaq onlar qisas almalıydılar. Aldılar da.

Mənbə: 168.az 

Top