Azad bazar iqtisadiyyatından doğan silsilə böhranlar ikinci dünya müharibəsindən sonra da səciyyəvi hal almışdı. Müharibədən sonra 1948 — 1949, 1953 — 1954, 1957 — 1958, 1960 — 1961, 1969 — 1970, 1974 — 1975, 1979 — 1982, 1990 — 1991- və XX əsrin son illərində iqtisadi böhranlar baş vermişdi. Onlardan 1974 — 1975-ci illər böhranı daha dərin və əhatəli olmuşdu.
Bu böhran ABŞ, İngiltərə və AFR-də başlamış, eyni vaxtda bütün kapitalist ölkələrini əhatə etmişdi. Böhranın belə əhatəli olması müharibədən sonra dünya iqtisadi inkişafında baş vermiş yeni meyllər ilə əlaqədar idi. Belə ki, ikinci dünya müharibəsindən sonra elmi-texniki tərəqqi nəticəsində kapitalizm dəyişilmiş, istehsalda beynəlmiləlləşmə artmış, beynəlxalq əmək bölgüsü və ixtisaslaşma dərinləşmişdi.
Bunun nəticəsində qabaqcıl kapitalist ölkələrinin texniki-iqtisadi oxşarlığı və milli iqtisadiyyatların bir-birindən güclü asıldığı yaranmışdı. Məhz bu amillər böhran dövründə «iqtisadi möcüzə» baş verən AFR və Yaponiya kimi ölkələrdə istehsalın çox aşağı düşməsinə səbəb olmuşdu.
ABŞ-da böhran demək olar ki, sənayenin bütün sahələrini əhatə etmişdi. O, xüsusən investisiya fəaliyyətində, mənzil və istehsal tikintisi sahəsində daha dərin hal almışdı. Mənzil tikintisi 50% aşağı düşmüşdü. Böhran, kömürçıxarma istisna olmaqla sənayenin maşınqayırma, kimya, elektrotexnika kimi sahələrini bürümüşdü. Bu sahələrdə istehsal 20-30% aşağı düşmüşdü. ABŞ-da işsizlərin sayı 8,5 milyona çatmışdı. Əmək haqları azalmış, inflyasiya yüksəlmişdi, firmaların müflisləşməsinin miqdarı artmışdı. Böhranın doğurduğu itki 400 milyard dollara çatmışdı.
Müharibədən sonra «soyuq müharibə» şəraitində hərbi istehsalın artması böhran illərində inflyasiya prosesini gücləndirmişdi.
Məlumdur ki, müharibə həmişə inflyasiyaya gətirib çıxarır. Bu da istehsal olunan məhsulun bazar üçün nəzərdə tutulmaması ilə əlaqədar idi. XX əsrin 50 — 60-cı illərində elmi-¬texniki tərəqqi ilə əlaqədar təkcə ABŞ-da ordu 3-4 dəfə yenidən silahlandırılmışdı. Hərbi xərclər ildən ilə artmışdı. 50-ci illərdə o, 50 milyard dollar idisə, 70-ci illərin axırında 150 milyard dollara yüksəlmişdi. Maliyyə sistemindəki nöqsanlar da inflyasiyaya səbəb olan amillərdən idi.
1974 — 1975-ci illərin silsilə böhranı istilik-enerji və xammal böhranı ilə çulğalaşmışdı. 50 — 60-cı illərdə kapitalist iqtisadiyyatının artım surətinin yüksəlməsi təbii enerji növlərinə tələbatın artmasına səbəb olmuşdu. Buna görə də 1950 — 1972-ci illərdə onun istehsalı üç dəfə çoxalmışdı. Enerji balansı strukturunda dəyişikliklər baş vermişdi, onun strukturunda neftin mövqeyi artmışdı. Həmin illərdə neft məsarifı beş dəfə çoxalmışdı. Neft istehsalının artması inkişaf etmiş kapitalist ölkələrinin enerji ehtiyatlarının idxalından asılılığını gücləndirmiş, idxalçı kimi vəziyyətlərini ağırlaşdırmışdı. Hətta, hələ XIX əsrin axırlarından etibarən ticarət balansında müsbət qalığı (saldosu) olan ABŞ-da XX əsrin 70-ci illərində bu sahədə çatışmamazlıq yaranmışdı.
Eyni zamanda dünyada qabaqcıl kapitalist ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlərdə də dəyişikliklər baş vermişdi. İndi müstəmləkəçilikdən azad olmuş neft istehsal edən ölkələr neftdən gəlirlərini artırmağa başlamışdılar. Bu məqsədlə də onlar daim neftin qiymətini yüksəltməyə cəhd göstərmişdilər.
Neftin qiymətlərinin kəskin surətdə yüksəlməsi şəraitində kapitalist ölkələri öz enerji siyasətlərinə yenidən baxmağa məcbur olmuşdular. Onlar enerjiyə qənaət etmək yolu ilə neft idxalını məhdudlaşdırır, öz enerji ehtiyatlarını artırır, nefti kömürlə, nüvə enerjisi ilə əvəz etməyə başlayır, enerjiyə qənaət edən dəzgah və texnologiyalar yaratmaq məqsədilə elmi tədqiqat işlərini və yeni enerji mənbələri axtarmaq səylərini gücləndirirdilər. Məsələn, Ingiltərə və İsveç bu illərdə Şimal dənizinin dibindən neft çıxarmağa başlamış, Yaponiya yeni enerji mənbələri tapmağa məcbur olmuşdu.
Bu illərdə xammal çatışmamazlığı böhranı da özünü göstərmişdi. O, özünün təzahürünü xammal qiymətlərinin artmasında büruzə vermişdi. 1970 — 1974-cü illərdə xammal məhsullarının qiymətləri 87 faiz yüksəlmişdi. İnkişaf etmiş ölkələr xammal təchizatında keçmiş müstəmləkələrdən istifadə edirdilər. 70-ci illərdə xammal tədarükçüsü olan gənc milli dövlətlər öz gəlirlərini artırmaq addımları atmağa səy göstərmişdilər. Neft sahəsində olduğu kimi, onlar burada da vahid cəbhədə çıxış edə bilməmişdilər. İnkişaf etmiş kapitalist ölkələri öz növbəsində xammal əvəzedicilərinin yaradılması siyasətinə keçmişdilər.
Bu illərdə ərzaq məhsulları, xüsusən taxıl çatışmamazlığı üzündən ərzaq böhranı da yaranmışdı. 1972 — 1974-cü illərdə məhsulsuzluq üzündən baş verən qıtlıq iqtisadi böhranı daha da dərinləşdirmişdi. Taxıl ehtiyatı 2 dəfə azalmış, qiymətlər isə 7090% yüksəlmişdi. Bu böhran, kapitalist iqtisadiyyatında vaxtaşırı baş verən struktur böhranları ilə də səciyyələnmişdi. Bu da, müəyyən istehsal sahələrinin və istehsal fəaliyyətinin inkişafı arasında uyğunsuzluqlar ilə əlaqədar idi. Bu səbəbdən 1974 — 1975-ci illər böhranı uzanmış və dərinləşmişdi.
XX əsrin II yarısında baş vermiş iqtisadi böhranlardan biri də 1980 — 1982-ci illər böhranıdır. Bu böhran üç il çəkmişdi. Bu böhran bütün kapitalist ölkələrini, istər inkişaf etmiş böyük və kiçik kapitalist ölkələrini, istərsə inkişaf etməkdə olan bir sıra ölkələri əhatə etmişdi. Böhran nəticəsində 1982-ci ildə sənaye istehsalının həcmi 1979-cu illə müqayisədə inkişaf etmiş kapitalist ölkələrində 95.5%, inkişaf etməkdə olan ölkələrdə isə 87.5%, Avropa iqtisadi birliyi ölkələrində 1.2% aşağı düşmüşdü.
Bu böhran iki mərhələdə keçmişdi. O, əvvəlcə Böyük Britaniyanı və Fransanı, sonra ABŞ və digər ölkələri əhatə etmişdi. Birinci mərhələdə böhran gündəlik istehlak malları istehsal edən sahələri, ikinci mərhələdə ağır sənayeni, o cümlədən metallurgiya sənayesini bürümüşdü. Enerji sahəsində də böhran əlamətləri qalmışdı. Bu böhran, həm də kapitalist ölkələrinin mərkəzəqaçma siyasətinin — təsərrüfat həyatının beynəlmilələşdirilməsinin güclənməsi şəraitində davam etmişdi.
XX əsrin ikinci yarısında dünya sosializm ölkələrində, o cümlədən onların əsas dayağı olan SSRİ-də də böhran halları baş vermişdi. 50-ci illərin ortalarından bu ölkələrdə başlanan böhran meylləri 70 — 80-ci illərdə daha dərinləşmişdi. 80-ci illərin ortaları üçün təkcə SSRİ-də istehsal və milli gəlir 2,5 — 3 dəfə aşağı düşmüşdü. SSRİ-də və ona müvafiq olaraq sosializm ölkələrinin əksəriyyətində həyata keçirilən «yenidənqurma» siyasəti də böhrandan çıxmağa kömək etməmişdi. Əksinə o, SSRİ-nin, dünya sosializm sisteminin iflasına gətirib çıxarmışdı.
XX əsrin 90-cı illərində də ən çox sosializmdən əl çəkmiş Cənub Şərqi Avropa ölkələrində, Rusiyada və SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş ölkələrdə iqtisadi böhran özünü qabarıq göstərmişdi. Bir sistemdən — sosializmdən bazar iqtisadiyyatına keçid, iqtisadiyyatın dağılması, istehsalın heçə endirilməsi, yüksək dərəcədə inflyasiya həmin ölkələrdə böhranı daha da dərinləşdirmişdi. Üstəlik həmin ölkələrdə iqtisadi böhran siyasi böhranla müşayiət olunmuşdu.
1991-ci ilin oktyabrında öz müstəqilliyini bərpa etmiş Azərbaycanın timsalında bunu çox aydın təsəvvür etmək olar. 1990 — 1995-ci illərdə Azərbaycanda iqtisadiyyat tam tənəzzül vəziyyətində idi, inflyasiya baş alıb gedirdi (o, 1600 faiz təşkil edirdi). Lakin 1995 — 1996-cı illərdən Azərbaycan iqtisadiyyatında dirçəlmə meyli güclənməyə başladı. Artıq iqtisadiyyatın inkişafında dinamiklik əldə edilmişdir. Bunu, əsasən SSRİ məkanında olan digər ölkələr barəsində də demək olar.