Ailə-bizim sığınacağımız və trampilinimizdir. Ondan təkan alaraq, biz yeni zirvələri fəth edə bilərik.
Əgər nigahınızın toydan sonra acınacaqlı vəziyyətə düşməsini istəmirsinizsə, onda bu məsələ haqqında yubanmadan ciddi və ətraflı şəkildə düşünməlisiniz. Qadının əri kimi heç bir kəs onun xoşbəxtliyini əlindən ala və həyatını dözülməz edə bilməz: öz qadını kimi heç bir qadın kişinin ümid və arzularını heçə endirə, qüvvəsini əlindən ala və onun nüfuzunu və nailiyyətlərini yox dərəcəsinə endirə bilməz. Bir çox qadınlar və kişilər bütün müvəffəqiyyətlərinin və uğursuzluqlarının başlanğıcını nigah günündən başlayaraq hesablayırlar, gələcəyə ümidlərini bu günlə bağlayırlar. Nigah — sizin indiki və gələcək həyatınıza böyük təsir göstərən qeyri-adi bir məvhumdur.
ALLAH qadını yaratdı ki, o, öz əri üçün həyat yoldaşı və köməkçi olsun, onunla bir bədən olsun, ona ruh və xeyir-dua versin: ər isə öz növbəsində qadının etibarlı dayağı olsun. Müqəddəs məramla nigaha girənlər — ər, qadının ürəyinin təmiz rəğbətini qazanmaq üçün: qadın ərinin xasiyyətini yumşaltmaq və yaxşılaşdırmaq üçün — ALLAHIN onlar üçün nəzərdə tutduğu məqsədləri yerinə yetirirlər. Bunun sayəsində insani məhəbbət incəlir və saflaşır, ucalır və nəcibləşir.
Əgər insani məhəbbət ilahi məhəbbətlə birləşməzsə, heç vaxt qiymətli bəhrə verə bilməyəcək və Səmaya ucalmaq üçün yüksələ bilməyəcəkdir.
ALLAHIN insanlara bəxş etdiyi bütün digər ənamlar kimi, nigah da günahla ləkələndi, lakin Müjdənin məqsədi onun saflığını və gözəlliyini bərpa etməkdir. Rəbbimiz çox istəyir ki, ailə yer üzündə ən xoşbəxt yer, səmavi ailənin simvolu olsun.
Həyat məktəbi. Birgə həyatın ilk ili — təcrübə toplamaq ilidir. uşaqlar nəktəbdə yeni şeylər öyrəndikləri kimi, ərlə arvad da bir-birinin xasiyyətinin müxtəlif tərəflərini öyrənirlər. Qoy sizin ailə həyatınızın bu ilk fəslində səhifələr olmasın ki, gələcək xoşbəxtliyinizin üstünə kölgə düşməsin.
Ömürlük bağladığınız ittifaqda həm kişi, həm də qadının meylləri hər ikinizin xoşbəxtliyinə qulluq etməlidir. Hər biriniz qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir. Bu, ALLAHIN sizinlə bağlı iradəsidir. Lakin bir bədəndə birləşərkən hər kəs öz fərdiyyətini qoruyub saxlamalıdır. Sizin fərdiyyətiniz ALLAHA məxsusdur. Yaradılışınızın əsasında duran məqsədi hansı yolla daha yaxşı həyata keçirə biləcəyinizi yalnız ondan soruşmalısınız.
Nigah münasibətlərinin məğzini başa düşmək üçün bütöv bir həyat yaşamaq lazımdır. Nigaha daxil olanlar elə bir məktəbə daxil olurlar ki, bu həyatda onu bitirə bilməyəcəklər. Nigah nə qədər ehtiyatlı və müdrik şəkildə başlasa da, yalnız nadir hallarda elə bir cütlüyə rast gəlmək olar ki, nigah mərasiminin yenicə başa çatdığı bir vaxtda heç bir şeydə fikir ayrılığı olmasın. Nigahda birləşmiş iki insanın həqiqi ittifaqı qarşıda duran illər ərzində formalaşır.
Gənc ailə həyat çətinlikləri və uğursuzluqlarla qarşılaşan zaman, ailədə hökm sürən romantika get-gedə itir. Ər və arvad bir-birinin xasiyyətini əvvəllər öyrənə bilmədikləri bir şəkildə öyrənirlər. Bu, onların birgə həyatının böhranlı dövrüdür. Onların bütün gələcək həyatının xoşbəxtliyi və uğuru indi düzgün yolu seçə bilmələrindən asılıdır. Çox vaxt onlar öz yoldaşlarında əvvəllər görmədikləri zəif cəhətləri və çatışmazlıqları görürlər: lakin məhəbbətlə birləşən ürəklər əvvəllər görə bilmədikləri müsbət keyfiyyətləri də ayırd edə bilərlər. Qoy həyat yoldaşları bir-birinin mənfi cəhətlərini deyil, müsbət cəhətlərini görməyə çalışsınlar. Çox vaxt bizim şəxsi münasibətimiz, ətrafımızda yaratdığımız abı-hava başqaları haqqında nə düşündüyümüzü təyin etməyə imkan verir.
Nigah — məhəbbətin başlanğıcı. İlk vaxtlarda çətinliklər, anlaşılmazlıqlar və maneələr yaranmasına baxmayaraq, nə ər, nə də arvad nigahlarının səhv və məyusluq olduğu fikrini özlərinə yaxın buraxmamalıdırlar. Qərar verin ki, bir-biriniz üçün edə biləcəyiniz hər şeyi edəcəksiniz. Yenə də bir-birinizə əvvəllər olduğu qədər diqqət yetirməkdə davam edin. Həyat mübarizəsində bir-birinizə dəstək verin.Qoy qarşılıqlı məhəbbət və güzəşt sizi sevindirsin. O zaman sizin nigahınız məhəbbətin sonu deyil, əvvəllər olduğu kimi onun başlanğıcı olacaqdır. Xoş xasiyyət və təmkin göstərməklə, qəlbi isidən həqiqi məhəbbəti qorumaq mümkündür.
Öz nitqinizə diqqət yetirin, çünki o, həm xeyirə, həm də şərə böyük təsir göstərir. Dodaqlarınızdan kəskin kəlmələrin çıxmasına yol verməyin.
Məhəbbətin izhar olunması. Bir çoxları məhəbbətin izharını zəiflik hesab edirlər və başqalarının rəğbətini tapdalayan və onları özündən uzaqlaşdıran davranışlarında davam edirlər. Əgər səmimi nəcib hisslər gizli saxlanılarsa, onlar zaman keçdikcə tamamilə itəcəklər və qəlbiniz boş və soyuq olacaq. Bu səhvə yol verməkdən özümüzü gözləməliyik. Əgər məhəbbətimizi heç cür izhar edə bilmiriksə, o, öz mövcudluğunu uzun müddət saxlaya bilməz. Qoy nigah telləri ilə bağlandığınız şəxsin ürəyi xeyirxahlıq və rəğbət kasadlığından əziyyət çəkməsin.
Qoy hər kəs tələb olunandan çox məhəbbət bəsləsin. Özünüzdə ən nəcib xasiyyətləri inkişaf etdirin və bir-birinizin müsbət cəhətlərini etiraf etməyə tələsin.
Layiqincə qiymətləndirildiyini dərk etmək gözəl stimul yaradır və məmnunluq bəxş edir. Rəğbət və hörmət kamilliyə canatmaya təkan verir.
Dünyamızda bu qədər amansız insanların mövcudluğunun əsas səbəbi odur ki, səmimi bağlılıq zəiflik kimi qiymətləndirilir və insan çaşqınlıq və təzyiq hiss edir.
Qarşılıqlı qayğı. Həddindən şox qayğılar ailələrimizi ağuşuna alır və təbii sadəlik, sülh və xoşbəxtlik çox az hiss olunur. Dünyəvi qayğılar haqqında düşünməkdən daha çox yaxınlarımızın qayğısına qalmağa diqqət yetirmək lazımdır. Ailə üzvləri yalançı, zahiri nəzakət göstərmək əvəzinə, bir-birinə daha çox nəvaziş və məhəbbət bəsləməlidirlər. Bir çoxları evi daha çox cəlbedici və sevincli yerə çevirməyin yolunu öyrənməlidirlər. Minnətdar ürək və nəvazişli baxış, var-dövlət və cah-cəlaldan daha qiymətlidir. Əgər ailədə məhəbbət hökm sürürsə, adi şeylərdən məmnunluq xoşbəxtlik bəxş edir.
Biz öz məhəbbətimizi baxışımızda, davranışımızda, yaxınlarımızla danışıq tərzimizdə nümayiş etdirməliyik.
ALLAHIN ailədə mövcudluğu. Qarşılıqlı güzəşt və məhəbbət olmadan heç bir dünyəvi qüvvə qadınla kişini birgə həyat telləri ilə bağlaya bilməz. Sizin nigah münasibətləriniz yaxın, incə və uca, həyatınızı ruhi qida ilə doldura biləcək şəkildə olmalıdır, çünki Müqəddəs Yazılar belə tələb edir. ALLAHIN sizin üçün nəzərdə tutduğu səviyyəyə çatanda, özünüzü səmadakı kimi hiss edəcək və ALLAHIN həyatınızda mövcudluğunu duyacaqsınız.
İnsanlar ALLAHI öz Köməkşilərinə çevirsələr, Onun qabaqcadan onlar üçün təyin etdiyi ideala çata bilərlər. Məhəbbətlə Rəbbə güvənənlər üçün onun lütfü insan ağlının edə bilmədiklərini edəcəkdir. Rəbbin qabaqgörənliyi ürəkləri səmavi tellərə bağlaya bilər. Səmavi dəzgahlar yerdəki dəzgahlardan daha incə və möhkəm özül yaradır, bütün imtahanlara və çətinliklərə dözə biləcək örtüklə örtür. Ürəklər ucu-bucağı bilinməyən qızıl bağlarla birləşəcək.