XX əvvəllərində İranda da sosial ziddiyyətlər kəskinləşmişdi. O, feodal və yarım müstəmləkə zülmündən əziyyət çəkirdi. Əhali, xüsusən mülkədarlar, tacirlər və sələmçilər Şah hakimiyyətinin məhdudlaşdırılmasını, mülkiyyətlərinin toxunulmazlığının təmin olunmasını, valilərin və xanların özbaşınalığına son qoyulmasını, İranlı sahibkarlara xarici sahibkarlarla bərabər hüquqlar verilməsini tələb edirdilər. Onların bu tələbləri ruhanilər tərəfindən də müdafiə olunurdu.
Ölkənin ağır vəziyyəti əhalini cana doydurmuşdu. O, mövcud rejimə qarşı çıxmağa başlamışdı. 1905-ci ilin dekabrında Tehran və ölkənin digər şəhərlərini bürüyən kütləvi nümayişlər inqilabın başlanmasından soraq verirdi. Dekabrın 14-də ali ruhanilərin çağırışı ilə beş mindən artıq nümayişçi Tehranın Şah Əbdüləzim məscidində bəstdə oturmuşdular. Şahın səylərinə baxmayaraq ruhanilərin bəsti dayandırılmadı.
İxtişaşların geniş miqyas aldığını görən Şah güzəştə getməyə məcbur oldu, 1906-ci il yanvarın 10-da bəstçilərin bir sıra tələbləri qəbul olundu. Bəst dağıldı. Bəstçilərə qarşı repressiyalar başladı, Şahın ikiüzlü siyasətini görən əhali 1906-ci ilin iyulunda Tehranda və digər iri şəhərlərdə küçə nümayişləri və mitinqlər keçirməyə başladılar. Ümumi tətil elan olundu, bazarlar və dükanlar bağlandı, Nümayişçilər baş nazirin dərhal istefası, məclisin çağırılması, konstitusiya qəbul edilməsi, İran gömrük idarələrində yuva salmış xaricilərin qovulması tələblərini irəli sürdülər. Ordu da açıqcasına nümayişçilərlə həmrəy olduğunu bildirdi. Bütün bunlar, Şahı güzəştə getməyə məcbur etdi. 1906-cı il iyulun 29-da baş nazir öz vəzifəsindən kənarlaşdırıldı. Bu vəzifəyə liberal fikirli Nəsrulla xan təyin edildi. Avqustun 5-də Şah konstitusiya haqqında fərman verdi. Lakin bu vədlər həyata keçirilmədi.
Xalq hərəkatı yenidən coşdu. Yerlərdə ilk əncümənlər (inqilab komitələri) meydana çıxdı.
Xalqın təzyiqi ilə Şah sentyabrın 9-da Məclisə seçkilər haqqında əsasnamə imzaladı, 1906-cı il oktyabr-noyabr aylarında Məclisə seçkilər keçirildi, Deputatlar əsasən feodal aristokratiyasını, iri tacirləri, orta burjuaziyanı, ruhaniləri, mülkədarları, nüfuzlu məmurları və sənətkarların ali təbəqəsini təmsil edirdilər. Məclis Konstitusiya layihəsini müzakirə və qəbul etdi. Onun birinci hissəsi 1906-cı il dekabrın 30-da Müzəffərəddin Şah tərəfindən təsdiq olundu.
1907-ci ilin yanvarında vəfat etmiş Müzəffərəddin Şahı oğlu Məhəmmədəli Şah əvəz etdi. O, 1907-ci ilin oktyabrında "əsas qanuna əlavələr" adı altında Konstitusiyanın ikinci hissəsini təsdiq etdi.
Konstitusiyanın qəbul edilməsilə inqilabın birinci mərhələsi başa çatdı. Liberallar inqilabdan uzaqlaşdılar. Onlar irticaçı qüvvələrlə birləşərək inqilabın dərinləşməsinə mane olmağa başladılar.
Məşrutə (Konstitusiya) hərəkatı tərəfdarları arasındakı narazılıqdan istifadə edən Şah qatı irticaçı Əmin-əs-Sultanı baş nazir təyin etdi.
Onun dövründə bir çox şəhərlərdə demokratik hərəkata qarşı feodalların qiyamları təşkil olundu. Əmin-əs-Sultanın mürtəce siyasəti xalqı daha da hiddətləndirdi. O, 1907-ci ilin avqustunda fədai dəstələri tərəfindən qətlə yetirildi.
İranda genişlənən demokratik hərəkat İngiltərə və Rusiya hakim dairələrini ciddi narahat etməyə başladı. 1907-ci il avqustun 31-də İran, Əfqanıstan və Tibetin nüfuz dairələrinə bölünməsi barədə ingilis-rus sazişi imzalandı. İranın şimal hissəsi Rusiyanın, cənubi isə İngiltərənin nüfuz dairəsi elan edildi.
Xalqın hiddəti artdı. Təbriz, Rəşt, Məşhəd, Qəzvin, Kirman və Şiraz əncümənləri Şahın devrilməsini tələb etdilər. Məclisin liberal qanadı ilə sazişə gedən Şah, hökuməti istefaya göndərməyə məcbur oldu. Rusiya və İngiltərənin köməyinə arxalanan Şah 1908-ci ilin iyununda Tehranda hərbi vəziyyət elan etdi. Konstitusiya müdafiəçilərinə divan tutuldu. İyunun 23-də Məclis və Məscid bombardman edildi. Əksinqilabi çevriliş baş verdi Əncümənlər və Məclis buraxıldı, demokratik qəzetlərin nəşri dayandırıldı.
Əksinqilabi çevriliş vəziyyəti daha da kəskinləşdirdi. Təbrizdə üsyan baş verdi. Gilanda yaradılmış Cəngəlliklər respublikasının fədailəri və bəxtiyari dəstələri Tehrana daxil oldular. Şah Rusiya səfirliyində sığınacaq tapmağa məcbur oldu.
1909-cu il iyulun 16-da fədailərin, ali ruhanilərin, keçmiş nazirlərin və deputatların iştirakı ilə Milli Şuranın fövqəladə iclası oldu. İclas Məhəmmədəli Şahın devrilməsi və onun 14 yaşlı oğlu Əhmədin Şah elan olunması barədə qərar çıxardı, İclas müvəqqəti hökümətin yaradılması, Konstitusiyanın bərpası və ikinci Məclisə seçkilər keçirilməsi barədə də qərarlar verdi.
1909-cu il noyabrın 19-da İkinci Məclisin ilk iclası keçirildi. İkinci Məclis daha demokratik idi. Onda əksəriyyət təşkil edən mülkədarlar və ruhanilərlə yanaşı aşağı təbəqələrin də təmsilçiləri var idi.
Əksinqilab yenə də hücuma keçdi. Devrilmiş Məhəmmədəli Şahı müdafiə edən Rusiya ölkənin simalına, İngiltərə isə cənuba qoşun çıxardılar Müdaxiləçilərin yardımından istifadə edən Şah tərəfdarları 1911-ci ilin dekabrında çevriliş edərək Məhəmmədəli Şahı yenidən hakimiyyətə gətirdilər. Beləliklə, İranda antifeodal xalq inqilabı boğuldu.