Yarımfeodal ölkə olan Çində XX əsrin əvvəllərində sosial-iqtisadi ziddiyyətlər kəskinləşmişdi. Çin xalqı həm də iri xarici dövlətlərin müstəmləkə zülmündən də əziyyət çəkirdi.
Bütün bunlar, Çində vətənpərvər qüvvələrin formalaşmasına və baş qaldırmasına səbəb olurdu. Artıq XX əsrin əvvəllərində Çin xalqının mancur əsarətinə və müstəmləkə zülmünə qarşı mübarizə şəraiti yaranmışdı. 1903-1905-ci illərdə Çinin bir sıra şəhərlərində inqilabi təşkilatlar və cəmiyyətlər meydana çıxmışdı. Onlardan biri də Sun Yatsenin başçılıq etdiyi "Çinin dirçəliş ittifaqı" idi. Onun Çində və başqa ölkələrdə 40-a qədər təşkilatı fəaliyyət göstərirdi. 1905-ci ilin sentyabrında Tokioda onlar birləşərək «Çin inqilabı birlik İttifaqı» (Cjiyu Temin Tunminxuey) yaratdılar. Onun prezidenti Sun Yatsen, vitse-prezidenti isə Xuan Sin seçildilər «İttifaq»ın proqramının əsasını liberal demokratizm prinsipləri təşkil edirdi. O, Sun Yatsenin «üç xalq prinsipinə-«millətçilik, demokratiya və xoşbəxtlik» prinsiplərinə əsaslanırdı. O, «Minbao» (Xalq) qəzeti nəşr etdirirdi.
1906-ci ilin sonunda "İttifaqın" başçılığı ilə Pinsyan şaxtacılarının böyük üsyanı oldu. Üsyanda 300-dən çox şaxtaçı iştirak edirdi. 1907 və 1908-ci illərdə Quandun, Quansu, Yunan və Anxoy vilayətlərində kəndlilərin, sənətkarların və xırda burjua nümayəndərinin üsyanları baş vermişdi. Lakin onların hamısı yatrılmışdı. 1905-1911-ci illərdə baş vermiş üsyanlar sırasında 1910-ci ilin aprel-mayında olan «düyü qiyamı» və Şandun vilayətindəki üsyan xüsusilə fərqlənmişdi.
1911-ci il oktabrın 10-da Uçanda «inqilabı birlik İttifaqı»nın təsirində olan «yeni ordu»nun batalyonu üsyan etdi. O, Sinxay (Çin vaxtilə 1911-ci il oktyabrın 10-u «Sinxay» ili hesab olunurdu) inqilabının başlanğıcı oldu. Noyabrın axırı üçün ölkənin 15 vilayəti mancur ağalığından xilas olduqlarını bildirdilər.
Üsyançılar inqilabı əhval-ruhiyyəli əsgərlərin köməyilə şəhəri tutdular. Oktyabrın 12-də Xanyan şəhəri və iri sənaye mərkəzi olan Xanko da üsyançıların əlinə keçdi. Xubey vilayəti respublika elan olundu.
1911 -ci ilin sonu üçün Çinin bütün cənubi və mərkəzi vilayətləri mancur əsarətindən azad edildi. Hakimiyyət üsyançıların əlinə keçdi.
Ölkənin idarə edilməsinin nəzarətdən çıxdığını görən İmperator istefada olan irticaçı general Yuan Şikayi hakimiyyətə dəvət etdi. O, mərkəzi vilayətlərin general-qubernatoru təyin olundu. Az sonra o, baş nazir və silahlı qüvvələrin komandanı təyin edildi. Yuan Şikay feodalların və komprador burjuaziyanın rəğbət bəslədiyi adam idi. Yuan Şikay konstitusiyalı monarxiya tərəfdarı idi.
O, ölkədə vəziyyəti sabitləşdirmək məqsədilə respublika yaradılmasını təklif edənlərlə danışıqlara başladı. Çində marağı olan xarici dövlətlər də danışıqlarda saziş əldə edilməsinə çalışırdılar. Danışıqlar gedişində inqilabçılar mərkəzi hökuməti və inqilabı müdafiə edən silahlı qüvvələri birləşdirmək sahəsində ciddi iş aparırdılar. Noyabrın axırlarında onlar vahid baş komandanlıq yaratdılar.
1911-ci il dekabrın 25-də Sun Yatsen ABŞ-dan Şanxaya qayıtdı. Nankində toplaşan konfransda Sun Yatsen respublikanın müvəqqəti prezidenti seçildi və 1912-ci il yanvarın 1-də öz vəzifəsini icra etməyə başladı.
1912-ci il fevralın 12-də Tsin monarxiyası ləğv olundu.
Hökumətin təşkili Yuan Şikaya tapşırıldı.İrticaçı qüvvələri müdafiə edən dövlətlərin respublikçılara təzyiqi getdikcə artdı. Onlar Sun Yatsenin başçılıq etdiyi respublikanı tanımaq istəmirdilər. Nəhayət, 1912-ci il aprelin 1-də Sun Yatsen prezidentlikdən istefa verməyə məcbur oldu. Yuan Şikay respublikanın prezidenti seçildi. O, inqilabçı qoşunları tərksilah etməyə başladı. Sun Yatsen və onun tərəfdarları repressiyaya məruz qaldılar.
1912-ci ilin avqustunda «Birləşmiş ittifaq» və bir sıra liberal təşkilatlar zəminində Homindan partiyası (Milli partiya) yaradıldı. Sun Yatsen onun sədri seçildi. Tezliklə o, ölkənin ən nüfuzlu siyasi təşkilatına çevrildi, İlk parlament seçkilərində əksər yerləri qazandı.
Bundan qorxan Yuan Şikay ABŞ-ın köməyindən istifadə edərək Homindan partiyasının buraxılması və homindançı deputatların parlamentdən çıxarılması barədə fərman verdi.
Sun Yatsen və onun tərəfdarları Yuan Şikay diktaturasına qarşı etiraz çıxışlarına başladılar. Onların çağırışı ilə ölkənin cənubunda Yuan Şikay rejiminə qarşı «ikinci inqilab» adlandırılan üsyanlar başladı. Lakin xarici qoşunların köməyi ilə Yuan Şikay bu üsyanları darmadağın etdi: "İkinci inqilab" da məğlub oldu. Sun Yatsen yenidən xaricə getməyə məcbur oldu.
1913-cü ilin oktyabrında terror və hərbi diktatura şəraitində keçirilən seçkilərdə Yuan Şikay özünün prezident seçilməsinə nail oldu. Beləliklə, məşhur Çin ədibi Lu Sinin yazdığı kimi, Yuan Şikay «xalqın axıtdığı qanla dolu dəryada üzə-üzə prezident taxtına çıxdı».
1910-1913-cü illərin Çin (Sinxay) inqilabı qarşısında duran vəzifələrindən yalmz birini -monarxiyanı devirmək vəzifəsini yerinə yetirə bildi.