Yeni dünya müharibəsi təhlükəsinin artması SSRİ-nin daxili və xarici siyasətinə də öz təsirini göstərdi. O, daxildə hərbi sənaye kompleksini daha da gücləndirməyə üstünlük verdi. 1939-1941-ci illərdə bu istiqamətdə bir sıra ciddi tədbirlər: əmək intizamını möhkəmləndirmək, gənc fəhlə kadrlan hazırlamaq, ağır sənayeni xüsusən hərbi sənayeni daha da inkişaf etdirmək və s. tədbirlər həyata keçirdi.
Xarici siyasətdə müharibə təhlükəsini özündən uzaqlaşdırmaq üçün manevr etmək gedişlərinə də üstünlük verdi. Buna baxmayaraq o, faşizm tərəfindən gözlənilən müharibə təhlükəsindən canını qurtara bilmədi. Dünya ağalığı niyyətində faşist nasist Almaniyası 1941-ci il iyunun 22-də, 10 il müddətində bir-birinə hücum etməmək barədə 1939-cu il 23 avqust sovet-alman müqaviləsini xaincəsinə pozaraq bütün cəbhə boyu SSRİ üzərinə hücuma keçdi. Bununla, SSRİ öz iradəsindən asılı olmayaraq ikinci dünya müharibəsinə qatıldı. SSRİ-nin faşist Almaniyasına qarşı 1941-1945-ci illər Böyük Vətən müharibəsi başlandı.
SSRİ müharibənin ilk illərində ciddi müvəffəqiyyətsizliklərə məruz qalsa da tezliklə öz qəddini düzəltdi. Antihitler koalisiyasının fəal üzvü kimi nasist Almaniyasının məğlub edilməsində həlledici rol oynadı. Beləliklə, totalitar sosializm totalitar faşizmdən üstün olduğunu göstərdi. Sovet cəmiyyəti çox böyük maddi və insan itkisi (o, müharibədə 27 milyon adam itirmiş, 2 trilyon 169 milyard manat (1941-ci il məzənnəsi ilə) zərərə düçar olmuşdu) versə də hərbi-siyasi cəhətdən müharibədən qalib çıxdı.
Müharibə, hələ XX əsrin 30-cu illərində SSRİ-də yaradılmış sərt ictimai-siyasi şəraiti daha da gücləndirdi. Bu şərait müharibədən sonra da davam etdirildi. Kütləvi siyasi repressiyaların yeni dalğası başlandı. 1948-ci ildə «Leninqrad işi» adı ilə təşkil olunan repressiya zamanı 2 minə qədər adam həbs olundu, onlardan 200 nəfəri güllələndi. Bir sıra yüksək rütbəli hərbçilər mühakimə edildi, görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri təqib olundu. Ümumən, 1948-1953-cü illərdə 6,5 milyona qədər adam kütləvi siyasi repressiyaya məruz qaldı. Dövlət düşərgələr sistemi (QULAQ) özünün ən yüksək səviyyəsinə çatdı. Həmin düşərgələrdə olanların sayı 4,5-12 milyon çevrəsində idi.
1953-cü il martın 5-də İ.V.Stalinin ölümündən sonra Sovet cəmiyyətinin sosial-iqtisadi və siyasi həyatında yeni abı-hava yaranırdı. 1953-cü ilin avqustunda SSRİ Nazirlər Sovetinin sədri Malenkov tərəfindən ilk iqtisadi islahat ideyaları irəli sürüldü. O, sənaye istehsalında çox işlənən mallar istehsalına üstünlük verməyi təklif edirdi. Lakin onun tezliklə vəzifəsindən kənarlaşdırılması islahat ideyasının həyata keçirilməsinə imkan vermədi. 1953-cü ilin sentyabrında N.Xruşşovun təşəbbüsü ilə kənd təsərrüfatı inkişafının geniş tədbirlər proqramı irəli sürüldü. Tədbirlər sırasında kənd təsərrüfatının inkişafında kolxozçuların maddi marağını yüksəltmək, xam və dincə qoyulmuş torpaqlar hesabına əkin sahələrini artırmaq mühüm yer tuturdu. 1954-cü ildə xam torpaqların istifadəyə verilməsinə başlanıldı. İlk beş il ərzində 42 milyon hektar xam və dincə qoyulmuş torpaq istifadəyə verildi. 1953 — 1958-ci illərdə kənd təsərrüfatı istehsalı cəmi 34% artım verdi.
Kənd təsərrüfatına nisbətən sənayedə vəziyyət az-çox yaxşı idi. 1950 — 1955-ci illərdə sənaye məhsulları istehsalının həcmi 1.6 dəfə artmışdı. 50-ci illərin sonlarından sənayeni daha da inkişaf etdirmək tədbirləri həyata keçirildi. 1957-ci ildə sənayenin idarə edilməsinin strukturu yenidən quruldu. Respublika Xalq Təsərrüfatı Şuraları və Ali Xalq Təsərrüfat Şurası yaradıldı. 1959cu ildə planlaşmada dəyişikliklər edildi. Beşilliklər əvəzinə perspektiv çoxillik (onbeşillik) planlaşmaya keçildi. Yeddiillik (1959 — 1965) plan qəbul olundu. Maşınqayırma, kimya, energetika, tikinti materialları və b. sənaye sahələrinin inkişafı sürətləndirildi. Buna baxmayaraq yeddillikdə sənaye istehsalı ancaq 84%, kənd təsərrüfatı isə 14% artım verdi.
1959-cu ildə üç il müddətində heyvandarlıq məhsulları istehsalına görə ABŞ-a çatmaq və onu ötüb keçmək kimi cəfəng hərəkat başlandı. Hətta SSRİ rəhbərliyi 1961-ci ildə (XXII qurultayda) 20 il müddətində ölkədə kommunizm cəmiyyəti qurmaq proqramını qəbul etdi. Sonradan bunun xülyadan başqa bir şey olmadığı məlum oldu.
1965-ci ilin mart və sentyabr aylarında keçirilmiş iqtisadi islahatlar da əsaslı nəticə vermədilər.l970-ci il üçün sənayedə müəyyən irəliləyiş olsa da, (1966 — 1970-ci illərdə sənaye istehsalı 1.5 dəfə artdı) kənd təsərrüfatında islahat tam uğursuzluqla nəticələndi.
L.Brejnevin ölkə rəhbərliyinə gəlməsi ilə (1964) Stalin zamanının siyasi rejiminə rəvac vermək dövrü başlandı. Bəzi ədəbiyyatlarda bu dövr «neostalinizm» (yeni stalinizm), «qızıl əsr» kimi də qiymətləndirilirdi. Bu dövrdə Stalini ittiham etməkdən əl çəkildi, partiya-dövlət nomenklaturası ənənəsi gücləndirildi, «kadrların sabitliyi» xətti irəli sürüldü. Xruşşovun «mülayimləşmə» dövründə qəbul olunmuş bir sıra tədbirlər ləğv edildi və pislənildi. 1971-ci ildə SSRİ-də «inkişaf etmiş sosializm» cəmiyyətinin qurulduğu elan edildi. Partiya və dövlət aparatı getdikcə şişməyə başladı. 1983-cü ildə idarə aparatında çalışanların sayı 18 milyon nəfərə çatdı. Demək olar ki, hər 6-7 nəfərə bir nəfər idarə edən düşürdü. Beləliklə, Stalin dövründəki inzibati-amirlik sisteminin davamı olan inzibati-bürokratik sistem formalaşdı. «Partiyanın birliyi uğrunda mübarizə» şüarı altında «baş xətt» lə uyğun gəlməyən bütün ideyalar, nöqteyi-nəzərlər boğuldu, tənqid və özünütənqid heçə endirildi. Brejnevin şəxsiyyəti olmazın dərəcədə fetişləşdirildi. Bütün sahələrdə, o cümlədən dövlət aparatında partiyanın nəzarəti gücləndirildi. SSRİ-nin 1977-ci il oktyabrın 7-də qəbul edilmiş Konstitusiyanın (Bu Rusiya tarixinin Sovet dövründə qəbul edilmiş 4-cü konstitusiyası idi) 6-cı maddəsində Sovet cəmiyyətində Kommunist Partiyasının rəhbəredici və istiqamətverici rola malik olduğu təsbit olundu. Onun «siyasi sistemdə başlıca qüvvə» olduğu göstərildi. Beləliklə, ölkədə hakimiyyətin real olaraq Kommunist Partiyasına məxsus olduğu hüquqi əsas aldı.
Beləliklə, köhnə siyasi rejimin qorunub saxlanılması ölkə həyatının bütün sahələrində durğunluğa gətirib çıxardı, sözlə iş, nəzəriyyə ilə praktika arasında dərin uçurum yarandı. "İnkişaf etmiş sosializm cəmiyyətinin qurulduğu elan olunmuş ölkə sosial-iqtisadi böhranla üzləşdi. 1981 — 1985-ci illərdə sənaye və kənd təsərrüfatı məhsulları istehsalı 1966 — 1970-ci illərə nisbətən təqribən 2.5 — 3 dəfə aşağı düşdü. Kapital qoyuluşu, əmtəə dövriyyəsi, əmək məhsuldarlığı və milli gəlir də xeyli azaldı. Ölkənı böhran vəziyyətindən xilas etmək üçün kardinal tədbirlər görmək zərurətə çevrildi. L.Brejnevdən sonra Y.V.Andropovun (noyabr 1982 — fevral 1984) və sonra isə K.S.Çernenkonun (fevral 1984 — mart 1985) rəhbərliyə gəlməsi ilə də vəziyyət düzəlmədi. 1985-ci ilin martında rəhbərliyə M.S.Qorbaçov gətirildi.
Qorbaçovun dövründə sosializmin aşınması və iflası prosesi daha da dərinləşdi. O, «yenidənqurma» siyasətini irəli sürdü. «Yenidənqurma» yuxandan siyasi quruluşun demokratikləşməsini və iqtisadiyyatda bazar münasibətlərinə yol verilməsinə keçilməsini, ictimai həyatda Sov.İKP-nin rolunu azaltmağı, parlamantarizmi bərpa etməyi, aşkarlığı, iqtisadiyyata mərkəzləşdirilmiş rəhbərliyi zəiflətməyi, region hakimiyyət orqanlarının hüquq və məsuliyyətini artırmağı nəzərdə tuturdu. Deməli o, sosializmi ləğv etmək deyil, onu yeniləşdirmək şərtilə saxlamaq məqsədini güdürdü.
Sovet qoşunlarının Əfqanıstanda böyük xərc tələb edən müharibə aparması, hərbi sənaye kompleksinə külli maliyyə vəsaitinin sərf olunması, mərkəzdənqaçma qüvvələrin fəallaşması sözügedən vacib vəzifənin həyata keçirilməsinə imkan vermirdi. O biri tərəfdən, partiya rəhbərliyinin və demokratik qüvvələrin siyasətdə və iqtisadiyyatda tələm-tələsik radikal islahatlar keçirmək tələbləri ölkədə başlanmış böhranı daha da dərinləşdirirdi. Milli respublikalarda və regionlarda mərkəzə qarşı kütləvi çıxışlara səbəb olurdu, Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Litvada suverenlik uğrunda kütləvi mübarizə başladı. Çıxışları yatırmaq üçün Sovet rəhbərliyi silahlı qüvvələrdən istifadə etdi. 1989-cu ilin yazında Gürcüstanda dinc əhaliyə silah qaldırıldı. 1990-cu ildə Azərbaycanda Qanlı yanvar hadisəsi törədildi. Bakıda dinc əhalidən 132 nəfər qanına qəltan edildi, yüzlərlə adam yaralandı və itkin düşdü. "Şanlı" Sovet Ordusu öz vətəndaşlarına divan tutdu. Mərkəzi rəhbərliyin dəstəyi ilə qondarma Dağlıq Qarabağ məsələsi uyduruldu. Ermənistan-Azərbaycan münaqişəsi təşkil olundu. Bir milyona kimi azərbaycanlı yer-yurdundan qaçqın düşdü.
Əndicanda və Fərqanədə də qırğınlar törədildi. Məhsəti türkləri Orta Asiyadan qovuldular.
Bütün bunlar kommunist siyasətinin iflasa uğradığına dəlalət edirdi. SSRİ dağılmağa doğru gedirdi. SSRİ-nin dağılmasına təkan verən hadisələrdən biri də M.Qorbaçovun xeyir-duası ilə ermənilərin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana qatmaq məqsədilə başladıqları separatizm hərəkəti oldu.
SSRİ-ni xilas etmək məqsədi ilə müttəfiq respublika rəhbərlərinin 1991-ci ilin iyulunda (23-24-də) Novo-Oqoryovoda keçirilən yığıncağında «Suveren dövlətlərin ittifaqı haqqında müqavilə» hazırlandı. Lakin onu imzalamaq baş tutmadı. Vitse prezident G.Yanayev başda olmaqla yüksək rütbəli sovet rəhbərləri 1991-ci il avqustun 19-da Dövlət Fövqəladə Vəziyyət Komitəsi (DFVK) yaratdılar. M.Qorbaçovun prezidentlik səlahiyyətləri əlindən alınaraq SSRİ vitse-prezidenti G.Yanayevə verildi. Lakin dövlət çevrilişi baş tutmadı. RSFSR prezidenti B.Yeltsin və onun tərəfdarları onu qanunsuz elan etdilər. DFVKnin üzvləri həbs olundular.
1991-ci il 19-21 avqust hadisələri SSRİ-nin dağılmasını sürətləndirdi. 1991-ci ilin noyabrında yeni siyasi ittifaq yaratmaq cəhdi də baş tutmadı. 1991-ci ilin dekabrın 7-8-də Rusiyanın, Ukraynanın və Belorusiyanın prezidentləri (Yeltsin, Kravçuk və Şuşkeviç) Belovej qoruğunda Müstəqil Slavyan dövlətləri birliyinin təsis edilməsi barədə müqavilə imzaladılar. Sonradan keçmiş müttəfiq respublikalardan 9-u (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan) da bu quruma qoşuldu. Beləliklə, tərkibinə 12 suveren dövlətin daxil olduğu Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı, Bununla da, 69 il sonra 1991-ci ilin dekabrında SSRİ bir siyasi qurum kimi süqut etdi, Keçmiş sovet məkanında 15 müstəqil respublika Azərbaycan, Belorus, Ermənistan, Gürcüstan, Estoniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna dövlətləri yaradıldı.