XX əsr iri iqtisadi böhranlarla da səciyyəvidir. Böhran bazar iqtisadiyyatının başlıca xüsusiyyətidir. Bu səbəbdən hələ XIX əsrin əvvəllərindən etibarən bazar iqtisadiyyatı ölkələrində vaxtaşırı iqtisadi böhranlar baş vermişdi. XX əsrdə o daha da güclənmişdi.
Dünya XX əsrə 1900 — 1903-cü illərdə təxminən eyni vaxtda Rusiya və ABŞ-da başlanan sənaye böhranı şəraitində daxil olmuşdu. Bu böhran əvvəl metallurgiya sənayesini, sonra isə kimya, energetika və tikinti sahələrini əhatə etmişdi. Sənaye böhranı Almaniyanı, İtaliyanı, Fransanı və b. sənaye ölkələrini də bürüyərək ümumi xarakter almışdı. O, əksər sənaye müəssisələrini iflasa uğratmış, işsizlərin sayı kütləvi olaraq artmışdı. Lakin dünya ölkələri tezliklə böhran vəziyyətindən çıxmışdılar. İstehsal normallaşmağa başlamış, sərmayə qoyuluşu yüksəlmişdi.
XX əsrin əvvəllərində dünya 1907-ci il iqtisadi böhranı və 1913 — 1914-cü illərin böhranqabağı vəziyyəti ilə də rastlaşmışdı.
Birinci dünya müharibəsinin başlanması ilə böhran vəziyyəti aradan qalxmışdı. Birinci dünya müharibəsindən sonra iki Dünya müharibəsi arasında 20 — 30-cü illərdə dünya üç ümumi istehsal artıqlığı böhranı — 1920 — 1921-ci illər, 1929 — 1933-cü illər, 1937 — 1938-ci illər böhranları ilə rastlaşmışdı.
1929 — 1933-cü illər dünya iqtisadi böhranı və onun qarşısını almaq tədbirləri. XX əsrin birinci yarısındakı iqtisadi böhranlar sırasında 1929 — 1933-cü illər dünya iqtisadi böhranı xüsusi yer tutmuşdu. O, daha uzun, ağır və çoxcəhətli olmuşdu. Bu böhrandan dünyanın bütün sənaye ölkələri, xüsusən ABŞ və Almaniya daha çox əziyyət çəkmişdi.
Böhran 1929-cu ilin payızında ABŞ-da başlayıb, sonra Avropa və Asiya ölkələrinə yayılmışdı. Böhran illərində sənaye istehsalı ABŞ-da 41.2 faiz, Almaniyada. 40.2 faiz, Fransada 30.9 faiz, İtaliyada 33 faiz, İngiltərədə 16.2 faiz azalmışdı. Zəif inkişaf etmiş ölkələrdə istehsal daha aşağı düşmüşdü. Məsələn, sənaye istehsalı Yuqoslaviyada 50 faiz, Polşada 45 faiz, Çexoslovakiyada 40 faiz azalmışdı. Çində kənd təsərrüfatı istehsalı 72 faiz aşağı düşmüşdü. İşsizlərin sayı görünməz dərəcədə artmışdı. Rəsmi məlumatlara görə dünyanın təkcə 32 ölkəsində işsizlərin sayı böhranın üç ili ərzində (1929 — 1932-cü illər) 5.9 milyon nəfərdən 21.4 milyon nəfərə qalxmışdı. Təkcə ABŞ-da 17 milyon işsiz var idi. Böhranın yaratdığı çətinliklər dünyada sosial qarşıdurmanı da gücləndirmişdi. O, sənaye ölkələrində güclü fəhlə çıxışlarına səbəb olmuşdu.
Böhranla mübarizə, onu aradan qaldırmaq üçün yeni üsul və yollar axtarılırdı. Siyasi qüvvələr, siyasi partiyalar və siyasi dövlət xadimləri bu məqsədlə müxtəlif təkliflər, ideyalar və yollar təklif edirdilər. Onlardan bəziləri, o cümlədən ABŞ prezidenti F.Ruzvelt liberal islahatlar, sosial-demokratiya liderləri geniş sosial islahatlar həyata keçirməyi, Almaniya nasistləri isə iqtisadiyyatı hərbiləşdirmək, dövlətin tənzimedici rolunu artırmaq ideyalarını irəli sürürdülər.
Beləliklə, böhrandan çıxmaq üçün irəli sürülən təkliflər üç istiqamətdə qruplaşmışdı: liberal-islahatçılıq, sosial-islahatçılıq və totalitarizm. Birincidən ABŞ-da, ikincidən Skandinaviya ölkələrində, Fransada və üçüncüdən isə Almaniya, İtaliya və Yaponiyada istifadə olunmuşdu.
Böhrandan çıxmağın amerikan variantı öz əksini 1932-ci ilin payızında ABŞ prezidenti seçilmiş F.Ruzveltin təklif etdiyi «Yeni xətt» siyasətində tapmışdı. Bu siyasət əsasən liberal iqtisadiyyat prinsipləri ənənələrinə söykənmişdi. Burada təsərrüfat və ictimai həyatın bütün sahələrinə təsir göstərəcək metodlara üstünlük verilirdi. «Yeni xətt» siyasətinin əsasını bütün sahələri, xüsusən bank və maliyyə sistemini əhatə edən islahatlar təşkil edirdi. Bu məqsədlə konqres 70-ə qədər qanun qəbul etmişdi. «Yeni xəttin başlıca istiqamətini iqtisadi və sosial fəaliyyətin bütün sahələrində dövlətin tənzimedici rolunu artırmaq təşkil edirdi. 1933 — 1938-ci illəri əhatə edən bu siyasət dövlətin müdaxiləsi yolu ilə kapitalizmin əsaslarını möhkəmləndirmək və sosial prosesləri qaydaya salmaq mahiyyəti daşıyırdı. O, iki mərhələdə: 1933 — 1935-ci və 1935 — 1938-ci illərdə həyata keçirilmişdi.
Birinci mərhələdə dövlətin iqtisadiyyata nəzarətini gücləndirmək, iqtisadi inkişafda bank sisteminin rolunu artırmaq, azad və ədalətli rəqabəti gücləndirmək, iqtisadi inkişafda fəhlələrin iştirakını təmin etmək, kənd təsərrüfatı istehsalım səmərələşdirmək tədbirləri həyata keçirilmişdi. Sənaye istehsalını qaydaya salmaq məqsədilə „Milli bərpa idarəsi“ yaradılması barədə qanun verilmişdi. Qanunda sahibkarlar tərəfindən həmkarlar ittifaqlarının tanınması, onlarla işçilərin haqlarını müdafiə etmək məqsədini güdən kollektiv müqavilələr imzalanması, işsizliyi aradan qaldırmaq üçün dövlət hesablı ictimai işlərin təşkil edilməsi kimi tədbirlərin həyata keçirilməsi müəyyən olunmuşdu. Bu işlər üçün 12 milyard dollar vəsait ayrılmışdı. Xüsusi „Vətəndaş mühafizəsi korpusu“ yaradılmışdı. 20-25 yaşlı gənclər üçün bütün ştatlarda əmək düşərgələri təşkil olunmuşdu.
Kənd təsərrüfatı istehsalını qaydaya salmaq məqsədilə də tədbirlər müəyyən olunmuşdu. Kənd təsərrüfatı üzrə qəbul edilmiş qanunda əkin sahələrini və mal-qaranın sayını azaltmaq, kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən satın alınması, onların emalı və saxlanılması yolu ilə məhsul artıqlığına son qoyulması tədbirləri nəzərdə tutulmuşdu.
Ikinci mərhələdə zəhmətkeşlərin sosial problemlərini qaydaya salmaq tədbirləri həyata keçirilmişdi. Sosial təminat barədə xüsusi qanun verilmişdi. Bu qanuna əsasən ABŞ-da ilk dəfə dövlət pensiya və müavinət sistemi həyata keçirilmişdi. Belə ki, sosial sığorta, minimum əmək haqqı, işsizlərə, əlillərə və b. imkansızlara müavinət verilməsi, onların pulsuz yeməklə təmin olunması barədə tədbirlər həyata keçirilmişdi. Bütün bu tədbirlərin həyata keçirilməsi sayəsində 1937-ci il üçün ABŞ iqtisadiyyatı böhrandan çıxarılmışdı. 1937-ci ildə o, böhrandan əvvəlki səviyyəyə çatmışdı.
Kapitalizmin inkişafında yeni mərhələ açan „Yeni xətt“ siyasəti böhrandan çıxmaqda digər inkişaf etmiş ölkələr üçün də yararlı olmuşdu. Bu siyasətin prinsiplərinin həyata keçirilməsi sayəsində Böyük Britaniya və bir sıra başqa ölkələr 1929 — 1933cu illərin ağır iqtisadi böhranından xilas olmuşdular. Artıq ikinci dünya müharibəsinin başlanğıcı üçün onlar iqtisadi böhranın nəticələrini tamamilə aradan qaldırmışdılar.
Böhrandan çıxmaq üçün sosial-islahatlar keçirməyi təklif edənlər dövlətin tənzimedici rolunu artırmağı və iqtisadiyyatı „sosialistləşdirməyi“, yəni bir sıra müəssisə və təsərrüfat sahələrini dövlətin ixtiyarına verməyi (milliləşdirməyi) nəzərdə tuturdular. Bu cəhətdən onlar SSRİ təcrübəsindən əxz etmişdilər. Sosial islahat ideyaları ən çox sol qüvvələrin (sosial-demokratların) hakimiyyətdə olduğu Skandinaviya ölkələrində gerçəkləşdirilmişdi. Artıq, 30-cu illərdə İsveçdə, Danimarkada, Norveçdə iqtisadiyyatda dövlət bölməsinin çəkisi xeyli artmışdı. Bu ölkələrin sosial-demokrat hökumətləri xarici ticarəti və kapital ixracını dövlət nəzarətinə almış, borc alma faizini aşağı salmaq yolu ilə istehsalı maliyyələşdirmək şəraitini yüngülləşdirmiş, əsaslı tikintiyə, kənd təsərrüfatı istehsalına kapital qoyuluşunu artırmışdılar. Sosial islahatlar şəraitində pensiya təminatını əsaslı surətdə yaxşılaşdırmaq, dövlət sığorta sistemi yaratmaq, anaları və uşaqları mühafizə edən qanunlar vermək, əmək qanunvericiliyini inkişaf etdirmək və nəhayət, mənzil tikintisini dövlət tərəfindən maliyyələşdirmək tədbirləri də həyata keçirilmişdi.
Dövlət tənzimlənməsində bu kimi meyllər sol antifaşist qüvvələr hakimiyyətə gəldikdən sonra Fransada və İspaniyada da mövcud olmuşdu. Bu meyllər, burjuaziyanın müxtəlif səbəblərə görə sosial-iqtisadi manevrlər etməyə geniş imkanları olmayan və eyni zamanda sol qüvvələri güclü olan ölkələr üçün səciyyəvi idi.
Qeyd etmək lazımdır ki, sosial-iqtisadi inkişafın bu variantı heç də tezliklə müsbət nəticələrə gətirib çıxarmamışdı. Belə ki, kəskin böhran şəraitində heç də bütün ölkələrdə islahatçılara optimal tədbirlər görmək və onları qoruyub saxlamaq, yəni müxtəlif sosial qruplardan olan vətəndaşların tələblərini ödəmək nəsib olmamışdı. Bu da, qeyri sabit daxili siyasi şəraitə, islahatların ardıcıllığının pozulmasına və onların dayandırılmasına gətirib çıxarmaya bilməzdi. Sağların qələbəsi nəticəsində İspaniyada və Fransada yaranmış vəziyyət buna misal ola bilər. Buna baxmayaraq böhrandan çıxmaq üçün sosial istlahatları keçirməyi təklif edənlərin Skandinaviya təcrübəsi öz bəhrələrini verməkdədir. İsveç sosializm fenomeni buna parlaq misaldır.
Nəhayət, Almaniya kimi totalitarizm tətbiq olunan ölkələrdə vəziyyət başqa cür idi. Qeyd edək ki, liberal-islahatçı və sosial-islahatçı modelli ölkələr bazar münasibətləri sisteminə əsaslandıqları halda, totalitar modelli dövlətlər bu münasibətləri əsasən qəbul etmirdilər. XX əsrin 30-40-cı illərində Almaniyada, İtaliyada, Yaponiyada, general Franko qələbə çaldıqdan sonra İspaniyada və bir sıra digər ölkələrdə təşəkkül tapmış təsərrüfat sistemi buna misal ola bilər. Bu ölkələrdə təsərrüfat mexanizmi yüksək dərəcədə mərkəzləşdirilmə ilə səciyyələnirdi. Almaniya, İtaliya və Yaponiya iqtisadi böhrandan çıxmaq vəzifəsini həyata keçirməkdən çox, gələcəkdə silahlı yolla dünyanı yenidən bölüşdürmək məqsədini güdürdülər. Əslində onlar üçün dünyanı yenidən bölüşdürmək vəzifəsi böhrandan çıxmağın yol və metodlarını müəyyən edirdi.
Beləliklə, xalq təsərrüfatının ucdantutma hərbiləşdirilməsi böhran əleyhinə siyasətin başlıca cəhəti idi. Bu məqsədlə də faşist dövlətləri təsərrüfat işlərinə birbaşa qarışmaq metodlarına üstünlük verirdilər. Buna görə də adi çəkilən ölkələrdə iqtisadiyyatda dövlət bölməsi daim artırdı. Xüsusi hərbi sənaye müəssisələri ilə yanaşı, xammal sahələri, istilik-enerji bazaları, nəqliyyat və b. sahələr milliləşdirilirdi (dövlətləşdirilirdi). Bunlarla yanaşı, bir sıra müəssisələr məcburi yolla dövlətlə sıx əlaqəsi olan iri inhisar birliklərinin tərkibinə daxil edilirdilər. Bunun əsasında dövlət sifarişləri daim artır, sərəncamlı iqtisadi planlaşma inkişaf edirdi.
Məhz bu siyasətin nəticəsində artıq bir ildən sonra Almaniyada işsizlik aradan götürülmüşdü. İqtisadiyyatda, xüsusən ağır sənaye sahələrində artım kəskin surətdə yüksəlmişdi. Bu model (totalitarizm) digər iqtisadi modellərdən fərqli olaraq daha tez müsbət səmərə vermişdi. Onu da qeyd edək ki, Almaniya və Yaponiya istisna olmaqla əksər ölkələr 1929 — 1933-cü illər böhranı bitdikdən sonra uzun müddət iqtisadi durğunluq vəziyyətində qalmışdılar.
Bununla belə, çox böyük iqtisadi artım əldə etməsinə baxmayaraq Almaniya iqtisadi fəlakət qarşısında qalmışdı. Belə ki, onun təsərrüfatında artım hərbi sənayenin süni olaraq inkişaf etdirilməsi əsasında baş vermişdi. İqtisadiyyatı hərbiləşdirmək siyasətinin davam etdirilməsi nəinki təsərrüfatın tarazlığını bərpa etmək, daxili və xarici bazan genişləndirmək, maliyyə sistemini sağlamlaşdırmaq, sosial münasibətlərin ahəngdarlığını təmin etmək problemlərini həll etməyə imkan verirdi, hətta onları çıxılmaz vəziyyətə salırdı. İqtisadi fəlakətdən xilas olmağın yeganə yolunu xarici təcavüzə başlamaq təşkil edirdi. Ona görə də totalitar faşist dövlətləri 1931-ci ildən etibarən hərbi münaqişələr, təcavüzlər təşkil etməyə başlamışdılar. Bu da, bəşəriyyəti ikinci dünya müharibəsi astanasına gətirib çıxarmışdı.
Faşist ölkələrinin hərbiləşməsi dünyada silahlanma prosesini gücləndirmişdi. Müharibə qabağı ABŞ, İngiltərə, Fransa və başqa ölkələrdə dövlət inhisarçı kapitalizmini gücləndirmək meylləri artmışdı. Lakin bu onların təsərrüfat sistemini totalitar modelinə çevirə bilməmişdi.