Faşizmin yeni dünya müharibəsi təhlükəsi yaratması

Faşizmin yeni dünya müharibəsi təhlükəsi yaratması

Hakimiyyətə gələn faşist qüvvələri addımbaaddım dünyanı yeni müharibəyə sürükləməyə başladılar. 1933-cü ildə Hitler iri dövlətlərdən əlindən alınmış müstəmləkələri geri qaytarmağı tələb etdi. Elə həmin ildə İtaliya və Almaniya Millətlər Cəmiyyətindən çıxdılar. Almaniya ciddi surətdə silahlanmağa başladı. 1934-cü ildə alman faşistləri Avstriya kansleri Dolfusun və Yuqoslaviya kralı Aleksandrın öldürülməsini təşkil etdilər. İri dovlətlərin etirzlarına baxmayaraq Hitler 1935-ci ildə ümumi hərbi mükəlləfıyyəti bərpa etdi. Hərbi hava və dəniz donanması qurmağa başladı. Həmin ildə alman silahlı qüvvələri Versal müqaviləsi əsasında hərbisizləşdirilmiş Reyn zonasına daxil oldular,
Hitler 1935-ci ildə Saar vilayətini, 1936-cı ildə isə Reyn zonasını özünə birləşdirdi. 1933 — 1936-cı illərdə Almaniya öz hərəkəti ilə Versal sülhünün şərtlərini pozmağa başladı. O, iqtisadi və hərbi potensialını artırdı. 1934 — 1939-cu illərdə Almaniyada hərbi istehsal 22 dəfə, ordunun sayı 35 dəfə artdı. Almaniya sənaye istehsalının həcminə görə dünyada 2-ci yerə çıxdı. 1936-1938-ci illərdə onun hərbi xərcləri 32% artmışdı. 1939-cu ildə işğal etdiyi ərazilərlə birlikdə Almaniya dünya sənaye istehsalının 15%-ni verirdi. O, bu sahədə İngiltərə və Fransam geridə qoymuşdu. Çox güclü ordu yaratmışdı.
İtaliya da Adriatik və Aralıq dənizləri ətrafındakı, habelə Balkan yarımadasındakı ərazilərə yiyələnmək niyyətlərini gizlətmirdi. O, 1935-ci ildə Efiopiyaya hücum etdi. 1936-cı ildə onu tamamilə özünə birləşdirdi. 1936 — 1938-ci illərdə İtaliya hərbi xərclərini 53.7% artırdı.
1937 — 1938-cı illərdə Almaniya və İtaliya birlikdə İspaniyaya müdaxilə təşkil etdilər. Onların köməyi ilə İspaniya Respublikası süqut etdi. 1936-cı ilin oktyabrında Almaniya-İtaliya ittifaqı yaradıldı. Buna tarixdə Berlin-Roma «oxu» da deyilirdi. Bir ay sonra Almaniya ilə Yaponiya arasında «antikomintern» paktı bağlandı. 1937-ci ilin noyabrında İtaliya da bu pakta qoşuldu.
Vahid xalq, vahid dövlət, vahid fürer1938-ci ildən sonra faşist dövlətləri işğalçılıq planlarını həyata keçirməyi genişləndirdilər, Almaniya «Vahid xalq, vahid dövlət, vahid fürer» şüarı altında bütün almanlar yaşayan torpaqları birləşdirmək uğrunda mübarizəyə başladı. İlk növbədə hədəf Hitlerin vətəni olan Avstriya oldu. Hitler ultimativ şəkildə Avstriyada hakimiyyəti yerli nasistlərə verməyi tələb etdi. Onlar ölkədə qayda-qanun yaratmaqda kömək üçün alman qoşunlarını Avstriyaya dəvət etdilər. 1938-ci il martın 12-də Almaniya qoşunları Avstriyaya girdilər. Onun müstəqilliyi ləğv olundu. Avstriya Almaniyanın bir vilayətinə çevrildi. Beləliklə, Avstriya dinc yolla (anşlyus) Almaniyaya birləşdirildi.
Sonra Hitler Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətini tələb etdi. O, məqsədinə nail olmaq üçün yeni müharibə hədələri ilə böyük dövlətlərə təsir göstərməyə başladı, İngiltərə, Fransa, Almaniya və İtaliya dövlət başçılarının (N.Çemberlen, E.Daladye, A.Hitler və B.Mussolini), 1938-ci il sentyabrın 29-da imzalanmış Münhen sazişi ilə Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya keçməsinə xeyir-dua verildi. 1938-ci il oktyabrın 1-də Sudet vilayəti alman qoşunları tərəfindən işğal olundu. Çexoslovakiya ərazisinin 1/5-ni itirdi.
1939-cu il martın 15-də isə Almaniya Münhen sazişini pozaraq Çexiya və Moraviyanı işğal etdi. Slovakiyanın ərazisində almanpərəst müstəqil dövlət yaradıldı. Çexoslovakiya tamamilə parçalandı.
1939-cu il martın 21-də Hitler Polşadan Dansiqi (Qdanski) Almaniyaya verməyə razı olmağı tələb etdi. Martın 22-də alman qoşunları Litvaya məxsus olan Memeli (Klaypedi) zəbt etdi.
Nasist Almaniyasının müttəfiqi olan İtaliya da öz növbəsində 1939-cu ilin aprelində Albaniyanı işğal etdi.
1939-cu ilin may ayında İtaliya ilə Almaniya arasında «Polad pakt» adlandırılan hərbi-siyasi ittifaq müqaviləsi imzalandı.
1940-cı ilin sentyabrında (22-də) Berlində dünyanı yenidən bölüşdürmək barədə Almaniya-İtaliya-Yaponiya üçlük paktı bağlandı. Beləliklə, tarixə «Berlin-Roma-Tokio üçbucağı» adı ilə daxil olan faşist-militarist ittifaqı yaradıldı. Bu pakta müəyyən vaxtlarda Macarıstan, Bolqarıstan, Finlandiya, Rumıniya, Danimarka, Slovakiya, Xorvatiya və b. ölkələr də daxil olmuşdular.
Bu illərdə Almaniya və İtaliyaya qoşulan militarist Yaponiya da Şərqdə öz təcavüzkarlıq siyasətini gücləndirmişdi. O, hələ 1931-ci ildə Mancuriyaya, Şimali Çinə hücum etmiş, 1937-ci ildə isə Mərkəzi Çinə daxil olaraq yapon-çin müharibəsini genişləndirmişdi, 1938-ci ildə yapon qoşunları Xasan gölü rayonunda Sovet ərazilərinə hücuma keçmişdi, 1939-cu ildə Yaponiya Monqolustanın Xalxin-qol rayonunda hərbi əməliyyata başlamışdı.
30-cu illərdə faşizmin və militarizmin yeni dünya müharibəsi yaratmaq siyasətlərinin gerçəkləşməsinə iri dövlətlərin (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) şirnikləndirmək, sakitləşdirmək, qarışmamaq, güzəştə getmək və manevr etmək siyasətləri də səbəb olmuşdu. Bu onların əl-qol açmasına imkan vermişdi. Almaniya üçün Versal sülhünün şərtlərini yumşaltmaq, onun silahlanmasına göz yummaq, İtaliyada faşistlərin və Almaniyada nasistlərin hakimiyyətə gəlmələrinə məhəl qoymamaq, İspaniya hadisələrində, Avstriyaya qarşı anşlyus siyasətinin həyata keçirilməsində qarışmamaq xətti, Münhendə güzəştə getmə diplomatiyası, təcavüzkar faşizmə qarşı liberal-demokratların və sosializm qüvvələrinin vahid cəbhəsini yaratmaq imkanlarından istifadə etməmək faşist-militarist dövlətlərin yeni dünya müharibəsi törətmək yolunu asanlaşdırmışdı. Liberal-demokratizm ölkələrinin başçıları kommunizm əleyhinə açıq xaç müharibəsi elan etmiş faşizmlə müqayisədə dünya üçün sovet totalitarizminə daha təhlükəli qüvvə kimi baxırdılar. Məhz buna görə də Almaniya və İtaliya ilə dil tapmağa cəhdlər göstərirdilər.
1935-ci ilde Avropanin xəritəsi
Almaniya ilə dil tapmağın mümkün olmadığını görən İngiltərə 1939-cu ilin martında SSRİ-yə Fransa və Polşa ilə birlikdə təcavüzkar əleyhinə qarşılıqlı hərəkət etmək barədə rəsmi bəyanat imzalamağı təklif etdi. Hətta, bu istiqamətdə SSRİ, İngiltərə və Fransa nümayəndələri arasında beş aydan çox danışıqlar aparıldı. Lakin heç bir nəticə alınmadı. Tarix ədəbiyyatında bu uzun danışıqlar Almaniya ilə dil tapmaq məqsədilə ona təsir göstərmək vasitəsi kimi qiymətləndirilmişdi. 1939-cu ilin yazında Göringin iştirakı ilə ingilis-alman görüşləri fəallaşsa da, Almaniyanın Polşaya marağı onlar arasındakı əlaqələrdə kəskin soyuqluq yaratmışdı. İngiltərə və Fransanın Almaniyanın Polşaya olan iddialarını birgə müzakirə etməkdən imtina etmələri və üstəlik təcavüz baş verdiyi şəraitdə Polşaya zaminlik vermələri Hitleri daha da hövsələdən çıxardı. Buna cavab olaraq Almaniya SSRİ-yə bir-birinə hücum etməmək barədə müqavilə imzalamağı təklif etdi. 1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ arasında 10 il müddətinə bir-birinə hücum etməmək barədə müqavilə, Molotov-Ribbentrop paktı imzalandı. Bu müqavilə Almaniyanın Polşa üzərinə hücum etmək planının gerçəkləşməsini sürətləndirdi. O, 1939-cu il sentyabrın 1-də Polşa üzərinə hücuma keçdi. Sentyabrın 3-də isə İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Beləliklə, İkinci dünya müharibəsi başlandı.
Top