1929-1933-cü illərdə dünya iqtisadi böhranı faşizm hərəkatının inkişafında dönüş mərhələsi oldu. Faşist dövlətləri iqtisadi böhrandan çıxmaq yolunu iqtisadiyyatı hərbiləşdirməkdə gördülər.
İtaliya faşist hökuməti hələ 1927-ci ildə elan etdiyi «korporativ dövlət» proqramını həyata keçirməyə başladı. 19301934-cü illər sözügedən proqramın həyata keçirilməsində mühüm mərhələ oldu. İqtisadiyyatın bütün sahələrinə müvafıq olaraq sahibkarları, həmkarlar ittifaqlarını və bütün zəhmətkeşləri öz sıralarında birləşdirən 22 korporasiya yaradıldı. Korporativ sistemin yaradılması ölkə iqtisadiyyatına dövlət nəzarətini gücləndirilməyin səciyyəvi forması idi.
Mussolininin iqtisadi xətti güclü «dövlət-rəhbər» ideyasına əsaslanırdı. Bu ideya əsasında dövlət inhisar kompleksi yaradılmışdı.
30-cu illərdə İtaliyanın iqtisadi həyatında gedən proseslərdən biri də avtargiyaya nail olmaq uğrunda mübarizə idi. Burada məqsəd ölkədə özünü təmin edən və iqtisadi cəhətdən müstəqil olan sistem yaratmaq idi. Bu məqsədlə 1937-ci ilin oktyabrında avtargiya üzrə Ali komissiya yaradıldı. Bütün sahələrin və iqtisadiyyatın texniki cəhətdən yenidənqurulması, istehsal və maliyyə üzərində ciddi nəzarət qoyulması, istehlakın, hərbiləşdirmənin nizama salınması tədbirləri həyata keçirildi.
İqtisadiyyatın işinə birbaşa, hərtərəfli müdaxilə edilməsi sayəsində faşist-korporativ dövləti ölkənin inkişaf sürətini artırmağı təmin etdi. Tezliklə sənaye istehsalının strukturu dəyişildi, maşınqayırma və metallurgiya sənayesinin xüsusi çəkisi xeyli yüksəldi. Müharibəyə hazırlaşan İtaliya üçün belə iqtisadi siyasət qanunauyğun proses idi.
Beləliklə, İtaliya faşizmin dünyada yayılmasında, onun beynəlxalq faktora çevrilməsində əməli addımlar atdı. O, faşizm hərəkatında italyan formasım ideallaşdırmağa başladı. 30-cu illərdə onun xarici siyasət sahəsində atdığı addımlar davakar faşizm ideologiyasını həyata keçirmək nümunələri idi.
1929-1933-cü illərdə iqtisadi böhran zamanı çətinliklərdən istifadə edən Almaniya nasistləri də populist çıxışlar və vədlərlə kütlələri öz tərəflərinə çəkməyə başladılar. Bəzi tarix ədəbiyyatında göstərildiyi kimi, «böhran hakimiyyətə can atan Adolf Hitlerin ən yaxşı müttəfiqi oldu».
Hitlerin hakimiyyətə gəlməsində kommunistlərin və sosialistlərin də təqsiri var idi. Onlar nasistlərə qarşı vahid cəbhə yarada bilmədilər. Bu da Hitlerin hakimiyyətə gətirilməsini asanlaşdırdı. Nasistlər, «qırmızı terror» adlandırdıqları «sol» qüvvələrə, xüsusən kommunistlərə qarşı sağ qüvvələrin cəbhəsini yarada bildilər.
Hitler və onun tərəfdarları nasist diktaturasının yaradılmasını Versal müqaviləsi buxovlarından xilas olmağın, böhrandan çıxmağın yeganə yolu hesab edirdilər. Nasist təbliğatına uyan orta təbəqələr (sənətkarlar, kəndlilər, müharibə veteranları, işsizlər), iri kapitalın nüfuzlu dairələri nasisitləri dəstəkləməyə başladılar. Demokratiyadan usanmış gənclər də nasistlərə tərəfdar çıxırdılar. Veymar respublikasından narazı olan sənayeçilər, bankirlər və hərbi bürokratik elita da nasistləri müdafiə edirdi. Onların təhriki ilə prezident Hindenburq 1933-cü il yanvarın 30-da Hitleri reyxskansler təyin etdi. Hitler ilk gündən etibarən ölkədə demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı. Buna haqq qazandırmaq məqsədilə 1933-cü il fevralın 27-də Reyxstaqın yandırılması təşkil olundu. Onun təqsiri kommunistlərin üzərinə atıldı. Hətta 1933-cü ilin sentyabrında Leypsiqdə qondarma mühakimə keçirildi. Fevralın 28-də faşist hökumətinin təklifı əsasında prezident «Xalqı və dövləti müdafiə etmək» adlı fövqəladə fərmanla Veymar konstitusiyasının müəyyən etdiyi bütün azadlıqları ləğv etdi. Nasist partiyası istisna olmaqla bütün siyasi partiyaların fəaliyyəti qadağan olundu. Gizli polis (gestapo) yaradıldı. 1933-cü ilin martında siyasi islahat nəticəsində yerli özünüidarə orqanları, federativ dövlətin tərkibinə daxil olan alman torpaqlarının muxtariyyəti ləğv edildi. 1934-cü ilin avqustunda prezident Hindenburqun ölümündən sonra bütün hakimiyyət Hitlerin əlində cəmləndi. Hitlerin ən yaxın silahdaşları — Görinq, Himmler, Gebbels, Ley, Şirax əsas dövlət vəzifələrini tutdular.
Beləliklə, Almaniyada terrorçu, avtoritar nasist diktaturası bərqərar oldu. Cəmiyyətdə nasist partiyası rəhbər qüvvəyə çevrildi. Hakimiyyətə gəldikdən sonra ANSFP üzvlərinin sayı 850 mindən müharibənin sonuna 6 milyon nəfərə çatdı. Hitler partiyadaxili parçalanmalara son qoydu. Ona qarşı çıxan Ştrasser qardaşlarını, habelə şturmoviklərin komandiri Z.Remi və «sol qanadın» digər tərəfdarlarını tamam sıradan çıxardı. Bu nasizmin tarixinə «uzun bıçaqlar gecəsi» hadisəsi kimi daxil olmuşdur. Həmin gecə ANSFP daxilindəki müxalifət məhv edilmişdi.
İqtisadiyyata və mədəniyyətə rəhbərlik nasist diktaturasının əlində cəmləşdi. Sərt mərkəzləşmə yarandı. Təsərrüfat işini tənzim edən Baş Şura yaradıldı.1936-cı ildə 4 illik iqtisadi inkişaf planı qəbul edildi. Planda iqtisadiyyatın hərbiləşdirilməsi, ordunun yeniləşdirilməsi, əmək ehtiyatlarının birləşdirilməsi əsas götürülmüşdü. İqtisadiyyatın dovlət bölməsi yüksəldi. Dövlət vəsaiti hesabına şosse yolları tikilməsinə başlanıldı, hərbi sənayenin inkişafı sürətləndirildi. İqtisadi marağı artırmaq məqsədilə vergi güzəştləri qoyuldu, qiymət və əmək haqları nəzarətə alındı. Kənd təsərrüfat məhsulları müəyyən olunmuş möhkəm qiymətlərlə satılmağa başladı. Fəhlələrə əmək kitabçası verildi. Fəhlələrə tətil etmək, azad həmkarlar təşkilatları yaratmaq qadağan olundu. Əməklə kapital arasında ahəngdarlığı təmin etmək üçün fəhlə və sahibkarlardan ibarət alman əmək cəbhəsi yaradıldı. Onun sıralarında 23 milyon adam birləşmişdi.
Bazar nizamlandı, yüksək gəlir əldə etmək imkanları məhdudlaşdırıldı. Xırda burjua təbəqələri rəqabətdən mühafizə olundu. "İrsi həyətlər qanunu ilə «ari» irq nəslindən olan torpaq sahibkarlarının baurer təbəqəsi yaradıldı. Torpaq mülkiyyətinin parçalanması qadağan edildi.
Sahibkarların birləşdiyi kartellər imperiya təsərrüfat nazirliyinə tabe edildi. Hərbi sənaye kompleksinin sürətlə inkişaf etdirilməsinə başlanıldı. 1938-ci ildə hərbi xərclər 1933-cü ildəki 620 milyon reyxsmarkadan 15,5 milyard reyxsmarkaya qalxdı.
Bu tədbirlər sayəsində 1935-ci ildə Almaniya böhrandan xilas oldu. İşsizlərin sayı 1933-cü ildəki 6 milyondan 1938-ci ildə təqribən 0,5 milyona endi.
Yeni dövlət rejiminin dayağını H.Himmlerin başçılıq etdiyi SS sistemi təşkil edirdi. SS-lər Hitlerin şəxsi mühafizə dəstəsindən dövlət daxilində dövlətə çevrildi. SS-in hərbi hissələri Üçüncü Reyxin ordusuna çevrildi. Himmler gizli dövlət polisinin gestaponun rəhbəri oldu. O, siyasi sui-qəsdlər təşkil edir, konslagerləri kadrlarla təmin edir və əks kəşfiyyatla məşğul olurdu. ASDFP adı altında əsasən almanları əhatə edən geniş ictimai-siyasi təşkilatlar sistemi yaradıldı. Hitleryugend adlanan nasist gənclər təşkilatında 8 milyon gənc birləşmişdi.
Almaniyada daxili vəziyyətin sabitləşməsinə baxmayaraq zorakılıq kütləvi hal almışdı. 1939-cu ilin əvvəli üçün siyasi bəhanələrdən həbs olunanların sayı 300 mindən çox olmuşdu. Yüz minlərlə alman, o cümlədən, məşhur fizik-alim Albert Eynşteyn, yazıçılardan Tomas və Henrix Mannlar, Lion Feyxbander, Bartold Brext, bəstəkarlardan Hans Eysler, Pane Xindemit və b. mühacirət etməyə məcbur olmuşdular.
Antisemitizm dövlət siyasətinə çevrildi. 1933-cü ilin yazında yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı. 1935-ci ildə yəhudiləri «alman vətəndaşlığından məhrum edən» və onların dövlət orqanlarında hər hansı vəzifə tutmaqlarını qadağan edən bir sıra qanunlar verildi. 1939-cu ildən onları xüsusi ayrılmış evlərə və məhəllələrə — qettolara göndərməyə başladılar, 1939-cu il noyabrın 9-dan 10-a keçən gecə yəhudi qırğını təşkil edildi. On minlərlə yəhudi qətlə yetirildi. Müharibə illərində 6 milyon yəhudi nasistlərin ağılsız irqi siyasətinin qurbanı olmuşdu.
Ədəbiyyat, incəsənət və informasiya avtoritar nasist diktaturasına, onun ideologiyasına xidmət etməyə başladı. Bu sahəyə İozef Gebbels başda olmaqla xüsusi ideoloji aparat başçılıq edirdi.
Nasist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflas etməyə başladı. 1933-cü il oktyabrın 14-də Almaniya Millətlər Cəmiyyətindən çıxdı, tərksilah üzrə konfransı tərk etdi. 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin bütün hərbi müddəalarını ləğv etməyə, alman ordusunun artırılmasına, bütün silah növlərinin istehsalının bərpa olunmasına, hərbisizləşdirilmiş Reyn bölgəsinə ordu yeridilməsinə icazə verilməsi tələb edildi. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada müharibə ocağına çevrildi. 1934-cü ildə reyxstaq Almaniyanın hərbi büdcəsini təsdiq etdi. 1935-ci ilin yanvarında keçirilən rəy sorğusunun nəticəsinə əsasən Saar vilayəti Almaniyaya qaytarıldı. 1935-ci ilin martında Hitler hökuməti Almaniyada hərbi mükəlləfiyyəti bərpa etmək barədə qərar qəbul etdi. Alman baş qərargahı bərpa olundu. Almaniya yenidən hərbi hava və sualtı donanma yaratdı.
30-cu illərdə faşizm dünyada da yayılmağa başladı. 1932-ildə Ingiltərədə O.Moslinin başçılığı ilə «Britaniya faşistlər ittifaqı» yaradıldı. Lakin kütləvi xarakter ala bilmədi. Hələ 20-ci illərdə Fransada meydana gələn faşist təşkilatları 30-cu illərdə daha gücləndi. Fransada «Odlu xaçlar», «Fransa hərəkatı» (Aksyon fransez) faşist təşkilatları yaradıldı. Birlikdə onların sıralarında 400 mindən çox adam birləşmişdi. Hətta bu təşkilatlar 1934-cü ildə uğursuz dövlət çevrilişi etməyə cəhd göstərmişdilər.
1931-ci ilin sonlarında İspaniyada «Nasional-sindikalist hücum xuntası» (XONS) və 1933-cü ilin oktyabrında "İspan falanqi təşkilatı" kimi faşist partiyaları formalaşdı. 1934-cü ilin fevralında onlar vahid "İspan falanqi və XONS" partiyasında birləşdilər. 1936 — 1938-ci illərdə İspaniyada vətəndaş müharibəsi zamanı Almaniyanın və İtaliyanın hərtərəfli köməyi sayəsində faşist qüvvələri qələbə çaldılar. 1939-cu ilin aprelində general Frankonun başçdığı ilə faşist diktaturası yaradıldı. 1934-cü ildə Avstriyada İtaliya nümunəsində faşist diktaturası quruldu. 1935-ci ildə Macarıstanda «Milli iradə partiyası» («Nasionalnaya partiya voli») adlı faşist partiyası yaradıldı. Sonralar o, "Çarpazlanmış oxlar" partiyası adlandırıldı.
1934-cü ilin may ayında Bolqarıstanda K.Qeorgiyeviçin başçılığı ilə hərbi faşist hökuməti yaradıldı. 1935-ci ilin yanvarında o, çar III Borisin monarxist-faşist diktaturası ilə əvəz olundu. 1936-cı ildə Yunanıstanda faşizm böyük qüvvəyə çevrildi. 1936-cı ilin mayında Yunanıstanda baş nazir İ.Metoksas faşist partiyasının lideri oldu. 1936-cı ilin avqustunda dövlət çevrilişi edərək özünü diktator elan etdi. Niderlandda və Finlandiyada nassional-sosialistlər böyük qüvvəyə çevrildilər. Onlar 1935-ci ildə bələdiyyə seçkilərində seçici səslərinin 7-8 faizini topladılar. Bu illərdə Rumıniyada «Dəmir qvardiya» adlı faşist təşkilatı fəaliyyətə başladı, Artıq 1936-cı il üçün Avropanın 20 ölkəsində 49 faşist partiyası fəaliyyət göstərirdi.
Almaniyanın təsiri ilə Latın Amerikası ölkələrində: Argentinada, Braziliyada, Çilidə, Qvatemalada, Meksikada, Boliviyada faşist təşkilatları meydana çıxdı. Onlardan «Falanqistlər», «Milli hərəkat», «Nasistlər», lnteqralistlər",«Sinarkistlər», «Legionerlər» və b, göstərmək olar. Hətta Argentinada, Braziliyada, Paraqvayda, Salvadorda, Uruqvayda faşist sayağı hökumətlər formalaşmışdı. Beləliklə, faşizm nüfuzlu siyasi qüvvə olaraq beynəlxalq faktora çevrildi.
Faşizmin beynəlxalq siyasi amilə çevrilməsi dünyada, xüsusən Avropada liberal-demokratizm və totalitar sosializm qüvvələrini narahat etməyə bilməzdL Onların faşizmə qarşı vahid cəbhədə birləşməsi günün başlıca vəzifəsi olmuşdu. Ancaq bu mümkün olmadı.
Kommunist İnternasionalı (1919 — 1943) faşizmə qarşı fəhlələrin vahid cəbhəsini yaratmaq cəhdi göstərən ilk beynəlxalq təşkilat oldu. Kominternin VII konqresi (1935-ci il 25 iyul — 20 avqust) faşizm əleyhinə vahid fəhlə cəbhəsi uğrunda mübarizə konqresi olmuşdu. O, faşizmə qarşı xalq cəbhəsi yaratmaq prinsiplərini işləyib hazırladı.
Faşizmə qarşı xalq cəbhəsi yaratmaq prinsipləri 1934-cü ildə Fransada həyata keçirilmişdi. 1935-ci ildə Fransada kommunistlərin və sosial-demokratların faşizmə qarşı geniş koalision cəbhəsi yaradılmışdı. Hətta sosialist Leon Blyumin təşkil etdiyi «Xalq cəbhəsi» hökuməti yarımhərbi faşist təşkilatlarını faşist liqalarını qadağan etmişdi.Faşizmə qarşı xalq cəbhəsi yaratmaq təcrübəsi 1936 — 1938ci illərdə İspaniyada da sınaqdan keçirilmişdi.