Gənc türklər hərəkatının rişələri XVIII əsrin inqilabı sonları və XIX əsrə gedib çıxır. O, öz başlanğıcını Böyük Fransa inqilabının təsiri ilə Türkiyədə meydana çıxan Tenzimat hərəkatından götürmüşdür.
Avropadakı burjua hərəkatı ilə tanış olan türk ziyalıları və tələbə gənclər Türkiyədə də konstitusiyalı quruluşa keçilməsini zəruri hesab edirdilər. Onlar 1865-ci ildə «Yeni osmanlılar cemiyyeti» yaratdılar. Onun yaradıcıları görkəmli edib olan İbrahim Sinasi və yazıçı-dramaturq Namiq Kamal olmuşdu. Lakin tezliklə «Yeni osmanlılar» cəmiyyətinin fəaliyyətinə son qoyuldu. Təşkilatın bir çox üzvləri həbs edildi, qalanları isə xaricə getməyə məcbur oldular.
1871-ci ildə onlar mühacirətdən ölkəyə qayıtmağa dəvət olundular. «Yeni osmanlılar» cəmiyyəti yenidən fəaliyyətə başladı. 1871-ci ilin mayında onlar Sultan sarayı qarşısında 40 minlik mitinq təşkil etdilər. Xalqın coşmaqda olan qəzəbindən qorxuya düşən hakim dairələr 1876-cı il mayın 30-da saray çevrilişi etdilər. Sultan Əbdüləzizin yerini V Murad, sonra isə II Əbdülhəmid tutdu. O, «Yeni osmanlılar»ın liderlərindən biri olan Midhət Paşanı baş vəzir təyin etdi. Ona Konstitusiya layihəsi hazırlamaq tapşırıldı.
Sultan II Əbdülhəmid Midhət Paşanın hazırladığı Konstitusiya layihəsini qəbul etməyə razılıq verdi. Bu Konstitusiyaya görə Türkiyə konstitusiyalı monarxiya elan edilirdi.
Konstitusiyaya görə İmperiya ərazisində yaşayan bütün əhali osmanlı adlanır, əhalinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabər idilər.
Öz qəddarlığı ilə çox məşhur olan II Əbdülhəmid rejimi şəraitində Konstitusiyanın icrası qeyri mümkün idi. Konstitusiya qəbul edildikdən bir az sonra, 1877-ci ilin fevralında Midhət Paşa həbs olunub sürgünə göndərildi, 1883-cü ildə isə öldürüldü.
«Yeni osmanlılar»ın mütərəqqi addımları hədər getmədi. Onlardan sonrakı mütərəqqi ziyalılar Sultan ağalığına qarşı mübarizəni davam etdirdilər. 1889-cu ildə İstanbuldakı hərbi tibb məktəbinin bir qrup tələbəsi İbrahim Tema, Çərkəz Mehmet Rəşid, Abdulla Cövdət və İshaq Sükuti "İttihad və tərəqqi" adlı gizli cəmiyyət yaratdılar. Bu, Türkiyədə burjua-demokratik hərəkatın başlanğıcı hesab edilirdi. XIX əsrin 90-cı illərində xaricdə -Cenevrədə, Misirdə bu cəmiyyətin qrupları fəaliyyət göstərirdilər. "İttihad və tərəqqi" cəmiyyətinin üzvlərini və onun tərəfdarlarını «Gənc türklər» adlandırırdılar. Onlar 1876-ci il Midhət Paşa konstitusiyanın bərpasını tələb edirdilər.
1907-ci ilin sonlarında Parisdə "İttihad və tərəqqi" cəmiyyətinin və ona qoşulmuş təşkilatların birləşmiş qurultayı çağrıldı. Qurultay, mövcud rejimi silahlı üsyan yolu ilə devirmək və 1876-cı il konstitusiyanı bərpa etmək qərarını qəbul etdi,
«Gənc türklər» Rusiya və İngiltərənin Türkiyəni öz aralarında bölüşdürmək niyyətlərinin qarşısını almaq məqsədilə üsyana müəyyən olunmuş vaxtdan əvvəl başlamağı qərara aldılar, İlk çıxış Makedoniyanın Resne şəhərində başlandı, Şəhərin komendantı leytenant Niyazi bəy 1908-ci il iyulun 3-də üsyan bayrağı qaldıraraq, öz dəstəsi ilə dağlara çəkildi. İyulun 6-da Ənvər bəyin komandanlığı altında olan digər hərbi dəstə də üsyançılara qoşuldu. Üsyan Ədirnədəki hərbi hissələri də əhatə etdi, Hökümətin üsyançıları ram etmək səyləri boşa çıxdı. Əhali və bütün ordu üsyançılar tərəfinə keçdilər.
"İttihad və tərəqqi" cəmiyyətinin Mərkəzi Komitəsi 1908-ci il iyulun 23-də Makedoniyanın Solonik, Monastir və başqa iri şəhərlərində təşkil etdiyi izdihamlı mitinqdə konstitusiyanın bərpa edilməsi barədə uitimatum qəbul etdi: Sultana göndərilən ultimatumda bildirilirdi ki, əgər üç günə qədər konstitusiya bərpa olunmazsa, İstanbul üzərinə hərbi hücum təşkil olunacaqdır.
Vəziyyətin çıxılmaz olduğunu görən II Əbdülhəmid həmin gün 1876-ci il Konstitusiyasının bərpası və tezliklə parlament seçkiləri keçirilməsi barədə fərman imzaladı. Türkiyə konstitusiyalı monarxiya elan olundu. Bu hadisə Türkiyə tarixinə gənc türklər inqilabı və ya 23 iyul inqilabı kimi daxil olmuşdur.«Gənc türklər» öz təəssübkeşlərindən ibarət hökümət təşkil etdilər.l908-1909-ci illərdə bu hökümətlərə Səid Paşa, Kamil Paşa və Süleyman Paşa başçılıq etmişdilər,
1908-ci il noyabrın 2-də parlamentin ilk iclası çağırıldı, Parlamentə seçilmiş deputatların (250 nəfər) yarıdan çoxu (150 nəfəri) «Gənc türklər „dən idi.
“Gənc türklər»in hakimiyyəti uzun çəkmədi. II Əbdülhəmid ingilislərin himayə etdiyi "Əhrar (Liberallar) partiyası və ruhanilərin "İttihadı müsəlman " (Müsəlman cəmiyyəti) təşkilatı ilə birlikdə İstanbul hərbi qarnizonu komandanlığının köməyi ilə çevriliş edərək hakimiyyəti tamamilə öz əlində topladı. «Gənc türklər» İstanbulu tərk etməli oldular. Lakin çevriliş xalqın əksəriyyəti tərəfindən rəğbətlə qarşılanmadı.
«Gənc türklər» 1909-ci il aprelin 23-də Makedoniya ordusunu Mahmud Şövkət Paşanın komandanlığı altında İstanbul üzərinə yeritdilər. Sultan II Əbdülhəmid hakimiyyətdən kənarlaşdırıldı. Onun iradəsiz qardaşı V Mehmet Rəşad sultan elan edildi.
Bu da, «Gənc türklər» inqilabının yarımçıqlığından, köklü inqilabı dəyişikliklər etmək Iqtidarında olmadığından xəbər verirdi.
İtaliya-Türkiyə (1911-1912), Birinci (1912-1913) və İkinci (1913) Balkan müharibələri Türkiyədə daxili ziddiyyətləri daha da kəskinləşdirdi. Belə bir şəraitdə "İttihad və tərəqqi " partiyasının tərəfdarları 1913-ci il yanvarın 23-də hökümət sarayına hücum etdilər. Dövlət çevrilişi etdilər.
1914-ci ilin əvvəlində «Gənc türklər» "üçlüyünün diktaturası quruldu". "Üçlüyə" hərbi nazir və ordu qərargah rəisi Ənvər Paşa, "İttihad və tərəqqi" partiyası Mərkəzi Komitəsinin sədri, Daxili İşlər Naziri Tələt Paşa və İstanbul şəhərinin valisi Camal Paşa daxil idi.
İnqilabın yarımçıqlığına baxmayaraq «Gənc türklər»in hakimiyyəti dövründə ölkədə bir sıra mütərəqqi islahat və tədbirlər həyata keçirildi. 1914-ci ildə iqtisadı təslimçilik rejimi ləğv olundu. «Gənc türklər » höküməti, ordunu yenidən qurmaq və iqtisadiyyatı inkişaf etdirmək sahəsində mühüm addımlar atdılar.