Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı

Cənubi Azərbaycanda demokratik və milli azadlıq hərəkatı

İran əsarətində olan Cənubi Azərbaycan türkləri   «məşrutə» inqilabının   ön sıralarında gedirdilər. 1905-ci ilin dekabrında demokratik ruhlu ruhanilər daxil olmaqla kütlələrin izdihamlı çıxışları Cənubi Azərbaycanın şəhərlərində öz əks-sədasını tapdı. Təbrizdə, Ərdəbildə, Xoyda, Zəncanda və b. şəhərlərdə etiraz nümayişləri başlandı, bazar və dükanlar bağlandı. 1906-cı il sentyabrın 20-də bir dəstə ruhani Təbrizdə İngilis konsulluğunda bəstə oturdu, Fəhlələr, sənətkarlar, tacirlər, milli burjuaziya nümayəndələri, xırda və orta ruhanilər, şəhər yoxsulları, müəllim və şagirdlərdən ibarət minlərlə adam isə Təbrizin «Samsam xan» məscidində bəstə oturdu. Şəhərdə tətil, mitinq və etiraz çıxışlarının ardı-arası kəsilmirdi. Onlar məşrutə (Konstitusiya) qəbul edilməsi, Məclis çağırılması, xarici məmurların tutduğu vəzifələrindən azad edilməsi və ölkədən çıxarılması və s. tələblər irəli sürürdülər. Sentyabrın 29-da Şah güzəştə getməyə məcbur oldu. Şah sarayının Təbrizə göndərdiyi cavab məlumatında Azərbaycandan Məclisə nümayəndələr seçilməsi məqsədilə tezliklə seçkilər keçiriləcəyi vəd olunurdu. Bu, küçələrə çıxan və bəstə oturan narazı kütlələrin çox mühüm qələbəsi idi. Təbrizdəki sentyabr hadisələri İranda Konstitusiya qəbul olunmasına və məclisin çağırılmasına təkan verdi. İnqilabın gedişində yerli inqilabı idarə orqanları olan əncumənlər meydana çıxdı. Cənub Azərbaycanın Urmiya, Ərdəbil,Marağa, Səlmas, Maki, Zəncan. Xalxal və b. şəhərlərində hakimiyyət orqanları olan şuralar seçildi. Habelə «Azərbaycan əyalət şurası» yaradıldı, Azərbaycan əyalət şurası «Gizli Mərkəz» deyilən orqanla birlikdə mücahid dəstələri təşkil etməyə başladı,
Hələ 1906-cı il dekabrın 30-da Müzəffərəddin Şahın ölüm yatağında ikən imzaladığı Konstitusiyasının taxta çıxmış Məhəmmədəli Şah tərəfindən tanınmaması xəbəri Təbrizdə inqilabı hərəkatın yeni vüsət almasına səbəb oldu. 1907-ci il fevralın 8-də Təbrizdə «Gizli Mərkəzin» başçılığı ilə ilk silahlı üsyan baş verdi. Üsyançılar qalib gəldilər. Şəhərdə hakimiyyət əyalət Şurasının əlinə keçdi.
Azərbaycan nümayəndələri İran Məclisində də geniş fəaliyyət göstərirdilər. Onların təqdim etdiyi tələblər Məclisdə müzakirə olunaraq Şaha ultimatum kimi göndərilmişdi.
Şah sarayı əvvəl bu tələbləri rədd etdi. Lakin inqilabı çıxışların güclənməsi Şah: bu tələbləri qəbul etməyə məcbur etdi.
Bütün bunlar göstərirdi ki, Cənubi Azərbaycan, onun mərkəzi Təbriz İran məşrutə inqilabında çox mühüm və həlledici mövqeyə malik idi. Həqiqətən, 1907-ci ilin fevralında mətbuatda verilən məlumatlarda göstərilirdi ki, "İranda inqilabın mərkəzi, hətta öz şərtlərini Tehran parlamentinə diktə edən Təbrizdir", Əslində də 1907-ci ilin yazından etibarən İran inqilabının ağırlıq mərkəzi Təbrizə keçməyə başlamışdı. Artıq 1907-ci ildə Təbriz silahlı inqilabçılar qərargahına çevrilmişdi. Azərbaycan əyalət Şurası bölgədə hakimiyyət orqanı kimi fəaliyyət göstərirdi. O, öz nümayəndələrini Cənubi Azərbaycanın vilayət və mahallarına göndərmişdi. Ərdəbildə, Marağada, Makuda onun nümayəndələri çalışırdı.
Məhz demokratik qüvvələrin, o cümlədən Təbrizlilərin təsiri ilə 1907-ci il oktyabrın 7-də Məhəmmədəli Şah Konstitusiyaya əlavələri imzalamağa məcbur oldu. Lakin öz irticaçı xilqətindən əl çəkməyən Şah 1908-ci ilin may-iyun aylarında yenidən inqilabçı qüvvələrə qarşı hücuma keçdi. 1908-ci il iyunun 23-də Şahın göstərişi ilə İrandakı kazak briqadasının komandiri, rus polkovniki
Lyaxov Tehranda məclisin və Azərbaycan şurasının paytaxtdakı binalarını top atəşinə tutdu. Məclis dağıdıldı və inqilabçılara divan tutuldu.
İrticanın hücumlarına baxmayaraq Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatı daha da yüksəldi. Təbrizi iki hissəyə bölən Meydan çayının sol sahilindəki Əmirəxz məhəlləsi inqilabi qalaya çevrildi, Burada cəmləşən fədayi dəstələrinə Səttarxan və Bağırxan başçılıq edirdilər. Onlar öz silahdaşları ilə birlikdə Təbrizi on bit ay əks-inqilabı qüvvələrin hücumlarından müdafiə etmişdilər 1908-ci il ıyulun 18-də Səttarxan böyük fədakarlıq göstərərək öz dəstəsi ilə hücuma keçib Təbrizin mərkəzi hissəsində təslimçilik rəmzi olan bütün ağ bayraqları götürərək onların yerinə qalib qırmızı bayraqlar asmışdı.
Bu hadisə Təbriz inqilabında dönüş nöqtəsi oldu. Bundan sonra üsyançıların sıraları artmağa başladı. Üsyana rəhbərlik etmək üçün Səttarxan başda olmaqla «Hərbi Şura» yaradıldı. Şuranın tərkibinə Bağırxan, Əli Müsye, Hacı Əli Dovafuruş və Mir Haşım daxil idilər. Üsyançı qüvvələr Təbrizi dörd ay müdafiə etdilər, Onlar 20 minlik qoşunla Şahın Təbriz üzərinə yeritdiyi 40 minlik ordusunu daradam etdilər Şəhər əksinqilabçılardan tamamilə təmizləndi.
Xalq bu qələbənin əldə edilməsində böyük xidmətləri olan Səttarxana «Sərdare-milli», Bağırxana isə «Savare-milli» ləqəblərini verdi. Az sonra Azərbaycan inqilabi əyalət Şurası bu adları rəsmiləşdirdı.
İnqilabçıların sentyabr-oktyabr aylarında Təbrizdə əldə etdikləri Cənubi Azərbaycanda milli-azadlıq hərəkatına yeni vüsət verdi. O, 1908-ci ilin noyabr-dekabr və 1909-cu ilin yanvarı ərzində Maku istisna olmaqla Cənubi Azərbaycanın bütün qərb vilayətlərini bürüdü. Həmin vilayətlərdə demokratik hakimiyyət bərqərar oldu.
Cənubi Azərbaycanda demokratik və milli-azadlıq hərəkatın böyük vüsət almasında xarici ölkələrdən, xüsusən Qafqazdan, Mərkəzi  Asiyadan olan həmvətənlilərin ardıcıl  köməyi  çox mühüm rol oynamışdı Bu sahədə Bakıda və Tiflisdə yaradılmış xüsusi yardım komitələri, «ictimaiyyune-amiyyun» təşkilatları yüksək fəallıq göstərmişdilər.
Cənubi Azərbaycandakı inqilabi döyüşlərdə Qafqazdan yüzlərlə adam iştirak etmişdi. Təkcə Təbriz barrikadalarında Qafqazdan 800 nəfər döyüşmüşdü. Bakıdan məşhur xeyriyyəçi H.Z.Tağıyev, Teymurxanşuradan N.Mütəllibov inqilaba kömək üçün böyük miqdarda vəsait və silah göndərmişdilər. İstanbulda təşkil olunan "Əncuməne-səadətə İraniyan" (iranlıların səadət şurası), Londonda, Parisdə və Avropanın digər şəhərlərində yaradılmış «Məşrutətəban» (məşrutə tələb edən) komitələri də Təbriz üsyançılarına pul və silahla yardım göstərmişdilər.
Bu illərdə Bakıda çıxan "İrşad", «Həyat», «Təzə həyat» və b.qəzetlər, «Molla Nəsrəddin» jurnalı Güney Azərbaycandakı demokratik hərəkata böyük mənəvi dayaq vermişdilər.
Cənubi Azərbaycandakı demokratik və milli-azadlıq hərəkatından vahiməyə düşən əksinqilab, Şah rejimi ona qarşı mübarizəni bütün vasitələrlə gücləndirirdi. 1909-cu il yanvarın sonunda Təbriz şəhəri yenidən mühasirəyə alındı. İnqilabı boğmaqda şah rejiminə İranda marağı olan İngiltərə və çar Rusiyası da biləvasitə kömək edirdilər. Onlar guya Təbrizdəki xarici təbəələri qorumaq bəhanəsilə 1909-cu il aprelin 25-də Cənubi Azərbaycana qoşun yeritdilər. Hiylə nəticəsində silahlı müqavimətə rast gəlməyən çar qoşunları Təbrizə daxil olub mücahidləri tərksilah etməyə başladılar. Səttarxanın və Bağırxanın güney azərbaycanlılar arasındakı nüfuzundan xoflanan şah rejimi onların Təbrizdə qalması ilə razılaşa bilmirdi. 1910-ci il martm 11də Səttarxan və Bağırxan Tehrana dəvət olundular. Onlar aprelin 15-də 100 nəfər fədainin müşaiyətilə Tehrana gəldilər. Böyük izdiham onları təntənə ilə qarşıladı. Az sonra Səttarxanın dəstəsinə və ona qoşulmuş fədailərə xaincəsinə basqın təşkil edildi. Avqustun 7-də fədailərin toplaşdığı yer daşnak Yefremin başçılıq etdiyi silahlı qüvvələr tərəfindən atəşə tutuldu. Atışma zamanı fədailərdən 18 nəfər öldürüldü, 40 nəfər, o cümlədən Səttarxan yaralandı, 30 nəfərə yaxın fədai həbs olundu. Şah hökuməti Səttarxan və Bağırxanın Təbrizə qayıtmalarına icazə vermədi. Bir müddətdən sonra, 1914-cü ilin noyabrın 9-da Səttarxan atışmada aldığı yaradan həlak oldu.
Səttarxan və Bağırxan Tehrana çağırıldıqdan sonra da Təbrizə əksinqilabçı qüvvələrin hücumları səngimirdi. 1911-cı il dekabrın 20-də çar qoşunları Təbrizə hücum etdilər. Onlar dekabrın 28-də Təbrizi tamamilə öz əllərinə keçirdilər. Bununla da, Cənubi Azərbaycanda 1905-1911-ci illər demokratik və milli azadlıq hərəkatı məğlubiyyətə uğradı. Hərəkatın başçılarına divan tutuldu. Yüzlərlə inqilabçı, o cümlədən Səttarxanın qardaşı oğlanları edam edildilər.
Bu inqilab Azərbaycan tarixində silinməz iz qoymuşdur. O, tariximizə qəhrəmanlıq, cəsarətlilik səhifələri yazmışdır. Bu inqilab Azərbaycan xalqının sonrakı nəsilləri üçün unudulmaz örnək olan inqilabı mübarizə ənənələri vermişdir.
Top