İdeologiya termini elmdə XVIII-XIX əsrin əvvəllərində işlədilir. Bu anlayışa ilk dəfə fransız alımı Destyut de Frasinin “ Düşünmək qabiliyyəti haqqında etüdlər” adlı kitabında rast gəlinir. İdeologiya termininin bir neçə tərifi vardır. Onlardan biri belədir:
İdeologiya ictimai təfəkkürün formasıdır. O, siyasi, hüquqi, diini, fəlsəfi, mənəvi, bədii baxışlar və ideyalar sistemidir.
Digər tərif isə: ideologiya bu və ya digər insan qrupunun hakimiyyət iddialarını əsaslandıran və buna müvafiq olaraq ictimai fikri öz mənafelərinə tabe etdirməyə çalışan müəyyən doktrinadır. İctimai reallığı əks etdirən bütün baxışlar, nəzəriyyələr ideologiya rolunu oynaya bilməz.İdeologiya sistem şəklinə salınmış elmi nəzəriyyədən fərqlənir.
Elm obyektiv gerçəkliyi olduğu kimi, idrak metodlarının köməyi ilə öyrənir və təsvir edir. İdeologiya isə obyektiv gerçəkliyi məqsədyönlü şəkildə əks etdirir.
Bolşevik diktaturası qurulduqdan sonra sinfi düşmənçiliyi ön plana çıxarmaqla komunistlər ictimai fikri öz mənafeyinə uyğunlaşdırmağa çalışırdı. Bu siyasi ideologiya idi.
Orta əsrlərdə Avropada katolik kilsəsinin bidətçiləri təqibi dini ideologiyanın bir hissəsi idi. Böyük yunan filosofu Aristotel maddələrin mahiyyətinin gözlə göründüyündən daha dərin olduğunu öz “Fizika” əsərində qeyd etmişdi. Bu fəlsəfi ideologiya idi.
XVIII əsrdə Fransa burjua inqilabçıları cəmiyyətin inkişaf və maariflənmə yolu ilə dəyişməsinin tərəfdarı idilər. Bu maarifçilik ideologiyası idi. XIX əsrdə Azərbaycanda maarifçilik ideologiyasının daşıyıcıları A. Bakıxanov, M. F. Axundov və b. olmuşdur.
Deyilənləri ümumiləşdirərək ideologiyanı aşağıdakı bölgüyə bölmək olar:
- Siyasi ideologiya
- Dini ideologiya
- Fəlsəfi ideologiya
- Maarifçilik ideologiyası
Hər bir ideologiya mövcud olduğu rejimlə sıx bağlıdır. Avtoritar və totalitar rejimlərdə ideologiya hakimiyyətin qorunması və möhkəmlənməsinə qulluq edirdi. Bu cəmiyyətdə hakim ideologiyaya qarşı çıxanlar, razılaşmayanlar məhv edilir, cəmiyyətdən təcrid edilir. Totalitar sovet cəmiyyətində rejimin möhkəmlənməsinə xidmət edən sosialist ideologiyası hakim idi. Bu cəmiyyət plüralizmdən məhrum idi.
Demokratik cəmiyyətdə çoxsaylı ideoloji cərəyanlar bir-birilə rəqabət şəraitində fəaliyyət göstərir. Bu cəmiyyətdə müxtəlif siyasi, dini, və başqa ideologiyaya mənsub adamlar nəinki dinc yanaşı yaşayıb işləyə hətta bir ideya ətrafənda birləşə də bilərlər.
Vətəndaş cəmiyyətində müəyyən ideyalar əsasında yaranmış müxtəlif ictimai təşkilatları, siyasi partiyalar fəaliyyət göstərir. Dövlətdən və hakimiyyətdən asılı olmayan bu ictimai birliklərin fəaliyyəti cəmiyyətdə müəyyən problemlərin həllinə kömək etməklə yanaşı, demokratiyanın inkişafında mühüm rol oynayır.
Bu deyilənlərdən çıxan ən mühüm nəticələr bunlardır:
a) demokratik cəmiyyətdə hakim ideologiya yoxdur
b) demokratik cəmiyyətdə ideoloji plüralizm mövcuddur
c) demokratik cəmiyyətdə müəyyən ideyalar əsasında yaranan ictimai birliklər vətəndaş cəmiyyətinin inkişafında böyük rol oynayırlar.