İtalyan sözü olan «faşizm» (mənası «dəstə», «birlik» deməkdir) bütün dünyada antipatiya doğuran termindir. Tarixdən də məlum olduğu kimi faşizm 1919-cu ildə İtaliyada yaranıb və 1922-ci ildə hakimiyyətə gələn Benito Mussolininin adı ilə bağlıdır. Mussolininin ideyalarını sonralar bütün dünyanı lərzəyə salan alman faşizminin rəhbəri Adolf Hitler davam etdirib.
Faşist rejimi II Dünya müharibəsindən sonra da mövcud idi. Bu rejim Portuqaliyada yalnız 1974-cü ildə, İspaniyada isə 1975-ci ildə ləğv olunub. İkinci Dünya Müharibəsindən sonra bəzi Avropa ölkələrində yaranan neofaşizm (yeni faşistlər) isə bu gün də real təhlükə olaraq qalır.
Neofaşizm müasir cəmiyyətin ən irticaçı dairələrinin mənafeyini əks etdirir. Bu cərəyan başqa millətlərə qarşı qəddarlığı, amansızlığı təbliğ edir. Onun ideologiyasında millətlər aşağı və ali kateqoriyalara bölünür. Neofaşizm cəmiyyətinə xas olan xüsusiyyətlərdən biri başqa millətlərə qarşı zorakılıq praktikasıdır. Neofaşizm faşizmlə genetik əlaqələrini saxlayır. Neofaşistlər faşizmin ideoloji və siyasi baxışlarını rəhbər tutur, dağıdıcılığı təbliğ edirlər. Onun arxalana biləcəyi sosial baza da mövcuddur. Elmi-texniki tərəqqi ilə bağlı kapitalist ölkələrində baş verən sosial dəyişikliklər həyatın dibinə atılmış xüsusi təbəqənin yaranmasına gətirib çıxarıb. Bu təbəqənin nümayəndələri neofaşistlərin ekstremist çağırışlarını asanlıqla qəbul edir və onların təşkilatlarına daxil olurlar. İndi neofaşistlərin təşkilatlarında ikinci və hətta üçüncü nəsil «rəhbər»lər fəaliyyət göstərirlər.
Bu gün dirçəlməkdə olan neofaşizm kifayət qədər təhlükəlidir. O bir sıra ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməkdədir. Fransada irticaçı «Milli Cəbhə» partiyası fəaliyyət göstərir. Onun liderləri ötən əsrin 80-ci illərindən faşizmi açıq şəkildə təbliğ edirlər.
Rusiyada da faşist ideologiyası möhkəmlənir. Şimal qonşumuzda skinhedlər (qırxıqbaşlar) faşizmin yeni nəsli sayılır. Onların fərqlənmə nişanları, təzim qaydaları, digər millətlərə qarşı dözümsüzlükləri alman faşizmini xatırladır. Rusiyada neofaşistlər leqal şəkildə fəaliyyət göstərirlər, onların müxtəlif dəstələri, birlikləri, fürerləri (rəhbər) var. Vladimir Jirinovskinin Liberal-Demokrat partiyası, Dmitrii Roqozinin «Rodina» partiyası neofaşist təşkilatlar sırasına aid edilir. Məsələn, V.Jirinovski bir neçə il öncə and içib ki, Hitlerin səhvlərini təkrar etməyəcək və əgər hakimiyyətə gələ bilsə, Rusiya əsgərləri cənub dənizlərinin sularında çiməcəklər.
Almaniya, Rumıniya, İtaliya, Serbiyada da neofaşistlər belə liderlərə malikdirlər. Almaniyada faşist yönümlü iki qurum-Respublika partiyası və Xalq hərəkatı partiyası fəaliyyət göstərir. Müşahidələr göstərir ki, son illər Latın Amerikası ölkələrində də neofaşizmin mövqeyi möhkəmlənir. Mütəxəssislər faşizmin dirçəlişinin səbəblərini iqtisadi böhran, əhalinin orta təbəqələrinin həyat səviyyəsinin aşağı düşməsi, sosial təminatların zəifləməsi və buradan da hökumətlərə inamsızlığın, avtoritar, güclü rejimə isə inamın güclənməsi ilə əsaslandırırlar.
Hazırda Portuqaliya, İspaniya, Çexiya, Polşa, Ukrayna, Hollandiya, Hətta ABŞ-da nefofaşizm və onun müxtəlif cərəyanları - ultramillətçilər, irqçilər, şovinistlər, ekstremistlər, terrorçular və s. fəaliyyət göstərir.
Skinhedlər hərəkatı 1960-ci illərin əvvələrində Böyük Britaniyanın yoxsul fəhlə məhəllələrində təşəkkül tapıb. Ötən əsrin 70-ci illərinin əvvəlində isə onların ümumi zahiri görünüşü və atributları yaradılıb. Ağır əsgər çəkmələri və tatuirovkalar skinhedlərin əsas atributlarındandır. Faşist ideologiyasına pərəstiş edən skinhedlər hərəkatı Avropanın əksər ölkələrində qeyri-leqal şəraitdə fəaliyyət göstərir.
Rusiyaya gəldikdə isə burada ilk skinhedlər ötən əsrin 80-ci illərinin sonlarında peyda olmağa başlayıb. Onların sosial bazasını 14-30 yaş arasında olan gənclər təşkil edir. Rusiya skinhedləri digər millətlərə nifrət bəsləyirlər. Bu ultramillətçi cərəyanın üzvləri öz nifrətlərini ən iyrənc və qəddar hərəkətlərlə həyata keçirirlər. Rusiya neofaşitstləri hətta dövlət orqanlarında belə təmsil olunurlar.
Rusiyada «qırxıqbaşlar» gəlmələrə, xüsusilədə azərbaycanlılara qarşı tez-tez hücumlar edir, insanlığa sığmayan vəhşiliklərə yol verirlər. Rusiya irqi zəmində törədilmiş cinayətlərin sayına görə digər ölkələrdən öndə gedir. Hər il bu ölkədə 500-ə yaxın skinhed hücumu nəticəsində ən azı 50 nəfər qətlə yetirilir. Rusiya neofasistlərinə məxsus İnternet saytlarında həmin qətliamdan görüntülər yerləşdirilir. Məqsəd digər millətləri qorxu və təşviş içərisində saxlamaqdır. Skinhedlərin hədəfi Mərkəzi Asiya, Qafqaz və Afrikadan olan əcnəbilərdir.
Rusiyadakı neofaşist təşkilatlarından biri Rusiya Milli İttifaqıdır. Bu qrupun üzvləri müxtəlif əlbəyaxa idman növləri- kiq-boksinq, uşu, karate, sambo ilə məşq keçirlər. Onlar yalnız özünümüdafiə üçün məşq etdiklərini və xaricilərə hücumlarda iştirak etmədiklərini bəyan etsələr də, əslində bu, belə deyil. Onlar öz irqçi dünyagörüşlərini gizlətmir və bütün qeyri-ağların Rusiyadan çıxarılmasını istədilərini deyirlər.
Rusiya skinhedlərinin rəhbərlərindən olan Nikolay Koryanoviçin sözlərinə görə, onların kumirləri Stalin və Hitlerdir. Mavi gözlü, qırxıqbaş, boksçuya oxşayan bu adam Rusiya siyasətinin yeni nəslindəndir. O, açıq şəkildə neofaşist ideyalarını təbliğ edir və Rusiyada mütləq monarxiyanın bərpa olunmasını istəyir.
Müşahidələr göstərir ki, son illər həm Rusiya, həm də Avropa ölkələrindəki neofaşistlərin ən böyük aksiyaları Adolf Hitlerin ad günündə (20 aprel) keçirilir. Həmin gün Hitlerin doğum günü özlərinəməxsus tərzdə qeyd edən neofaşistlər daha aqressivləşir və qana susayırlar. Xüsusilə Rusiyada ultramillətçilər bir qayda olaraq Hitlerin ad günündə əcnəbilərlə daha qəddar davranır, onları vəhşicəsinə döyməkdən, qətlə yetirməkdən çəkinmirlər. Son illər aprelin 20-də Rusiyada yaşayan əcnəbilərin ehtiyatlı olmağa çağırılması artıq ənənə şəklini alıb.
Müəllif:Adəm Qorxmaz-modern.az