Sosialistcəsinə yenidənqurmalar

Sosialistcəsinə yenidənqurmalar

20-ci illərin axırı üçün bolşeviklər Rusiyada öz hakimiyyətlərini qəti olaraq təmin etdilər. Onlar ölkənin müharibədən əvvəlki iqtisadi səviyyəsini bərpa etdilər. İndi onların qarşısında ölkəni bundan sonra necə irəlilətməli sualı durdu. Bu suala cavab olaraq bəziləri yeni iqtisadi siyasət mexanizminə düzəlişlər vermək yolu ilə onu yeni şəraitə uyğunlaşdırmağı, digərləri isə ölkəni tamamilə yeniləşdirməyi təklif edirdilər.
Stalin və onun tərəfdarları ikinci yolu seçdilər. Onlar yeni iqtisadi siyasətin növbəti çətinliklərindən istifadə edərək «Böyük dönüş», «Sosializmin bütün cəbhə boyu hücumu», «SSRİ-ni böyük sənaye ölkəsinə çevirməyi sürətləndirmək» xəttini götürdülər. Beləliklə, sosialist yenidənqurmaları başlandı.

Sənayeləşdirmə birinci növbəli vəzifə kimi hələ 1925-ci ilin sonunda irəli sürülmüşdü. Ənənəvi sənayeləşdirmədən fərqli olaraq SSRİ-də sənayeləşdirmənin ağır sənayenin inkişafından, istehsal vasitələri istehsalından başlanması nəzərdə tutulurdu. Bu xətt «sosialist sənayeləşdirməsi» adlandırılırdı. Onun başlıca məqsədi ölkənin sosial-iqtisadi geriliyini aradan qaldırmaqdan, iqtisadi cəhətdən xaricdən asılılığı yox etməkdən, ilk növbədə baza sənaye sahələrini (yanacaq, metallurgiya, kimya, maşınqayırma) inkişaf etdirməkdən ibarət idi.
Zəruri maddi və maliyyə vəsaitlərinin olmaması üzündən bu vəzifələrin yerinə yetirilməsi ləngiyirdi. Dünya ölkələri də ictimai quruluşu yad bir ölkəyə yardım etmək, borc vermək istəmirdilər. Yeganə yol özünə güvənmək, bu vəsaitləri daxildə tapmaq idi. Bunun üçünsə ölkədə olan vəsaitlərin bölgüsünü daha çox mərkəzləşdirmək, ona möhkəm nəzarət etmək tələb olunurdu. Bu da mərkəzləşdirilmiş planlaşma əsasında mümkün idi. Ona görə də 1927-ci ildə ilk beşillik plan hazırlandı. O, 1928-1932-ci illəri əhatə edirdi. Planda ölkəni sənayeləşdirmək üçün daxili ehtiyat mənbələrindən istifadə olunması ön plana çəkilirdi. Birinci beşillikdə tikilən 1500 sənaye obyektlərindən 50-60-1 zəruri olan hər şeylə təmin olunurdu. Onlardan da 14-ü ən vacib obyekt hesab olunurdu. Həmin obyektlərin tikilməsinə xarici ölkələr də texniki avadanlıqla yardım edirdilər. Sənayeləşdirməni sürətləndirmək üçün «Beşilliyi dörd ildə!» şüan irəli sürülmüşdü. Birinci beşillikdə sənayeləşdirmə yolunda böyük addımlar atıldı. Ağır sənaye məhsulları istehsalı 2,2 dəfə, maşınqayırma dörd dəfə artdı. Dnepr elektrik stansiyası, Maqnitoqorsk və Kuzbas metallurgiya kombinatları, Donbasda və Kuzbasda iri kömür şaxtaları, Stalinqrad (indi Volqaqrad) və Xarkov traktor zavodları, Moskva və Qorki avtomobil zavodları, Türksib dəmir yol xətti tikilib işə salındı. Onlar, bolşeviklərin utopik təbliğatına uyaraq tezliklə «kommunizm qurmaq» arzusu ilə zəruri həyati tələbatlardan məhrum olmaqlarına baxmayaraq yorulmadan çalışan fanatik insanların fədakar əməyinin bəhrələri idi.
Sənayeləşdirmə nəticəsində artıq ikinci beşilliyin (19331937) axırında SSRİ aqrar ölkədən qüdrətli sənaye dövlətinə, iqtisadi cəhətdən xarici ölkələrdən asılı olmayan dövlətə çevrilmişdi. İlk iki beşillik ərzində ölkədə 4500-dən çox sənaye obyekti tikilmiş, sənaye məhsulları istehsalı 4,5 dəfə artmışdı. Güclü hərbi sənaye kompleksi yaradılmışdı. SSRİ sənaye məhsulları istehsalına görə Avropada birinci, dünyada ikinci yerə çıxmışdı. Bütün bunlar xalqın hədsiz səyləri və məhrumiyyətləri hesabına əldə edilmişdi.
Sənayeləşmə gedişində ciddi səhvlərə də yol verilmişdi. Əvvəla, sənayeləşmə kütlələrin, xüsusən kəndlilərin dilənçiləşməsi hesabına aparılmışdı. Sənayeləşmə istiqrazları sənayeləşmənin başlıca maliyyə mənbələrindən olmuşdu. İkinci, sənayeləşmə, xüsusən ağır sənayenin inkişafı çox sürətlə aparılmışdı. Bu da əhalinin istismarı hesabına edilmişdi. 1929-cu ildə sənaye məhsulları istehsalının illik artımı 28% olmuşdu. Üçüncü, sənayeləşmə siyasəti SSRİ-nin totalitar dövlət kimi formalaşmasının başlıca şərti olmuşdu. Dördüncü, sənayeləşmə sovet imperiyasının müstəmləkəçilik siyasətini daha da gücləndirmişdi. Ucqarlar sənaye üçün xammal mənbələrinə çevrilmişdilər. Beşinci, sənayeləşmə bölgələrin xüsusən qeyri-rus millətləri yaşayan ucqarların mərkəzdən asılılığını daha da gücləndirmişdi. Altıncı, sənayeləşmədə xalqın sosial müdafiəsi nəfinə istehsalın artırılmasına az diqqət yetirilmişdi. Yeddinci, sənayeləşmə dövründə çox məharətlə iqtisadi əlaqələrin hörümçək toruna bənzər sistemi yaradılmışdı. O, indi özünü daha çox qabarıq hiss etdirir.
Kollektivləşdirmə Stalin yenidənqurmasının ən  faciəli tədbirlərindən biri də kollektivləşdirmə siyasəti idi. Burada məqsəd fərdi kəndli təsərrüfatlarını kolxoz və sovxozlarda birləşdirmək, dövlət idarəçiliyinə verməkdən ibarət idi. 1929-cu ilin ikinci yarısından etibarən başlanan  bu proses çox ağrılı keçmiş və faciəli nəticələrə gətirib çıxarmışdı. Partiya və dövlətin qərar və qətnamələrində, göstəriş və əsasnamələrində kollektiv təsərrüfatların təşkilinin könüllülük prinsipləri əsasında həyata keçirilməsi vurğulanırdı. Lakin işdə onlar zorakı yolla təşkil edilirdi. Kolxoza üzv olmaq istəməyənlər qolçomaqlığa salınır, həbs edilir, istehsal vasitələrindən məhrum edilir və sürgün olunurdular. Bu sahədə partiya və komsomol fəalları, sovet və inzibati aparat işçiləri xüsusi canfəşanlıq göstərmişdilər. Onlar zorakı kollektivləşdirməni kütləvi yarış meydanına çevirmişdilər.
Kollektivləşdirmə ümumən kəndlilərə, xüsusən o zaman kənddə nüfuzlu sima olan qolçomaqlara qarşı çevrilən yeniləşdirmə tədbiri idi. Kənddə gedən yeniləşdirmə zorakı yolla aparılan iki prosesi: kolletivləşdirməni və qolçomaqlıqdan salma tədbirlərini özündə ehtiva edirdi. Zorakı yolla qolçomaqları bir sinif kimi ləğv etmək kollektivləşdirmənin mühüm istiqaməti idi.
1929-ci ilin dekabrında Stalin qolçomaqların istismarçı meyllərini məhdud etməkdən onları bir sinif kimi ləğv etmək siyasətinə keçirildiyini elan etdi. Qolçomaqlar üç kateqoriyaya bölündülər. Birinci kateqoriyaya "əksinqilabi fəaliyyətlə" məşğul olanlar (63 min təsərrüfat), ikinci kateqoriyaya sovet rejiminə fəal müqavimət göstərməyənlər, lakin "əksinqilaba kömək edənlər" daxil idilər. Bu iki qrupa daxil olan qolçomaqlar həbs olunub güllələnir və ya Sibir və Qazaxıstanın insan yaşamayan yerlərinə sürgün olunur, mülkləri müsadirə edilirdi. Üçüncü kateqoriyaya daxil olan qolçomaqlar vilayət daxilində bir yerdən digər yerə, əsasən becərilməyən torpaq yerlərinə köçürülürdülər.
Çox yerlərdə on minlərlə ortabab kəndlilər də qolçomaqlığa salınmışdılar. Bəzi rayonlarda kolxoza girməkdən imtina etdiyinə görə ortabab kəndlilərin 80-90%-i qolçomaq əlaltısı kimi mühakimə olunmuşdu. 1930 — 1931-ci illərdə iki milyon nəfərə yaxın adamı təmsil edən 381026 ailə xüsusi yaşayış yerlərinə sürgün edilmişdi.
Sovet siyasətində bu «yuxarıdan inqilab» kimi qiymətləndirilmişdi. Bu siyasət nəticəsində təhlükəli hesab olunan qolçomaqlar güllələnir, uşaqdan tutmuş qadına və qocaya kimi bütün ailə üzvləri sürgün edilirdi. Minlərlə adamlar soyuq və yöndəmsiz vaqonlarda Urala, Sibirə, Qazaxıstanın şaxtalı ərazilərinə göndərilmişdilər. Onlardan ən «qatı düşmən» sayılanlar isə konslagerlərə atılırdılar. Təqribi hesablamalara görə bu qəbildən repressiyalara məruz qalanların sayı 10 milyondan çox olmuşdu.30-cu illərin ortalan üçün kəndli təsərrüfatlarının 75%-i zorakı yolla kollektivləşdirilmişdi. 1937-ci ildə kolxozlar kəndli həyətinin 94%-ni birləşdirmişdi.
Kollektivləşdirmə ölkənin kənd təsərrüfatını ağır vəziyyətə salmışdı. 1929-1934-cü illərdə taxıl istehsalının həcmi 10% aşağı düşmüşdü. 1929-1932-ci illərdə iri buynuzlu heyvanların və atların sayı 1/3, donuzların sayı 2 dəfə, qoyunların sayı 2,5 dəfə azalmışdı. 1932-1933-cü illərdə bir sıra iri rayonları bürüyən aclıq nəticəsində milyonlarla adam ölmüşdü. Təkcə Ukraynada 5 milyon adam acından ölmüşdü. Kollektivləşdirmə kəndlilərin maddi marağını öldürürdü. Onlar əslində tarixən bağlı olduqları torpaqdan məhrum olunurdular. Fərdi kəndlini kolxozçu kəndli əvəz etmişdi. Kollektivləşdirmə kəndlini cəmiyyətin ən hüquqsuz sosial hissəsinə çevirmişdi. SSRİ-də 1932-ci ilin sonlarından etibarən həyata keçirilən pasportlaşma sistemi, bəzi bölgələr müstəsna (əsasən sərhəd rayonları) olmaqla, kəndlilərə tətbiq edilməməişdi. Pasportu və ya şəxsiyyətini müəyyən edən sənəd olmayan kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilmirdi. Bu bir növ keçmiş çarizmin təhkimçilik ənənələrini yeni şəraitdə davam etdirmək idi.

Mədəni quruculuq Sosialist islahatlarının tərkib hissələrindən biri də quruculuq sovet    mədəni     quruculuğu    idi.    Mədəni quruculuqda sovet siyasətinin  mahiyyətini bolşevik rejiminə xidmət edən yeni təhsil sistemi və mədəni maarif şəbəkəsi yaratmaq, kommunizm ideologiyası ilə aşılanmış kadrlar, ziyalı ordusu yetişdirmək təşkil edirdi.
Ən mühüm məsələlərdən biri ölkədə savadsızlığı ləğv etmək idi. 1920-ci ilin iyulunda Sovet hökuməti RSFSR maarif komissarlığı yanında savadsızlığı ləğv etmək üzrə Fövqəladə komissiya təşkil etdi. 1923-cü ildə isə ölkədə kütləvi «Rədd olsun savadsızlıq» könüllü cəmiyyəti yaradıldı. Əhali kütləvi olaraq savadsızlığını ləğv etməyə başladı. «Savadlı, savadsızı öyrət!» şüarı günün ən mühüm çağırışı oldu. Sovet hakimiyyətinin 15 ili ərzində 34 milyon yaşlı adam savadlandırıldı. 30-cu illərin axırı üçün Sovetlər Birliyində yaşlı əhali arasında savadsızlıq əsasən ləğv olundu. 1940-cı il üçün 50-60 milyon adam savadlandırıldı.
Mədəni quruculuğun çox mühüm istiqamətlərindən biri də yeni, sovet ümumi təhsil sisteminin yaradılması idi. 1917-ci ilin noyabrında xüsusi dekretlə maarif üzrə Dövlət Komissiyası yaradıldı. 1918-ci ilin avqustunda iki dərəcəli vahid məktəb sistemi təsis olundu. Bu sistemə görə birinci dərəcədə beşillik, ikinci dərəcədə dördillik təhsil nəzərdə tutulurdu.
1921-cü ildə keçirilən məktəb islahatı nəticəsində yeni təhsil sistemi müəyyənləşdirildi. İki dərəcəli məktəbin tam kursunun saxlanılması şərti ilə bir dərəcəli məktəb-dörd sinifli (8 yaşdan 12 yaşa kimi), yediillik məktəb-yeddi sinifli (8 yaşdan 15 yaşa kimi), doqquzillik məktəb-doqquz sinifli (8 yaşdan 17 yaşa kimi) təhsil sistemi yaradıldı.
1927-ci ilin payızından etibarən bütün məktəblər üçün məcburi və vahid tədris planı və eyni müddətli tədris ili müəyyən olundu.
Sosial-iqtisadi sahələrdə sosialist yenidən qurmaları 30-cu illərdə maarifın, təhsil sisteminin köklü dəyişilməsinə səbəb oldu: əvvəla, ümumi icbari təhsilə keçildi. Bu illərdə yediillik və qismən orta ümumi icbari təhsil həyata keçirildi. 1939-cu ildə ümumtəhsil məktəblərində şagirdlərin sayı 1930-cu ildəki 13,5 milyondan 35 milyona qalxdı; ikinci, məktəb sistemi daha da təkmilləşdirildi. 1934-cü ildən etibarən bütün SSRİ-məkanında vahid məktəb sistemi müəyyənləşdirildi. I-IV sinifə qədər ibtidai məktəb, I-VII sinifə qədər yeddiillik, natamam orta məktəb, I-X sinifə qədər onillik, tam orta məktəb adlandırıldı. Üçüncü, təlimin ideologiyalaşdırılması, təhsildə sinfilik və partiyalılıq prinsiplərinin gücləndirilməsi başlıca məqsəd hesab olundu. Məktəblərdə şagirdlərin sosializm, bolşevizm ideologiyası əsasında tərbiyə olunmasında çox mühüm rol oynayan yeni dərsliklər hazırlandı. Məktəblərdə pioner və komsomol təşkilatlarının rolu artdı.
Sosialist ideologiyasına, sovet quruluşuna sadiq olan, onu irəli aparan yeni ziyalı ordusunun formalaşdırılması mədəni quruculuğun ən zəruri vəzifələrindən idi.Sosialist ziyalılarının yetişdirilməsində başlıca mənbə sovet fəhlə ixtisas məktəbləri hesab olunurdu. Gənclərin, xüsusən gənclərin ali məktəblərə hazırlanmasında ali məktəblər yanında fəhlə fakültələrinin yaradılması mühüm rol oynamışdı. 1920-ci ildə RSFSR-də 32 fəhlə fakültəsi fəaliyyət göstərirdi.
Ziyalı kadrların hazırlanmasında ali təhsil müəssisələri müstəsna rol oynamışdılar. Artıq 1933/1934-cü illərdə SSRİ-də 714 ali məktəb fəaliyyət göstərirdi. Onlardan yüzü milli respublikalarda idi. 30-cu illərin axırı üçün artıq SSRİ-də 14 milyon ziyalı ordusu var idi. Onların 80%-i fəhlə və kəndlilərin içərisindən çıxanlar idi.
Sosialist yenidənqurmaları dövründə elmin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində də çox böyük nailiyyətlər əldə edilmişdi. 40-cı illərin əvvəli üçün Sovetlər Birliyində 1800 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərirdi. Ölkədə güclü sovet elmi təşəkkül tapmışdı. Onun nümayəndələrindən K.A.Timiryazevin, İ.P.Pavlovin, N.Y.Jukovskinin, İ.V.Miçurinin, K.E.Siolkovskinin, İ.M.Qubkinin, S.İ. və N.İ.Vavilovların, N.D.Zelinskinin, İ.P.Bardinin və yüzlərlə digərlərinin adları dünya elmində məşhur idi.
Sovet ədəbiyyatının əsasını Maksim Qorki qoymuşdur. Sovet ədəbiyyatı cəbhəsinə daxil olanlardan D.Bedninin, V.Bryusovun, A.Serafımoviçin, A.Blokun, V.Mayakovskinin və b. adalarını çəkmək olar.Sovet ədəbiyyatının inkişafında 1925-ci ildə yaradılan Rusiya proletar yazıçıları Assosiasiyasının (RAPP) mühüm rolu olmuşdu. 1934-cü ildə SSRİ yazıçılar ittifaqı yaradılmışdı. Onun ilk sədri Maksim Qorki olmuşdur.
Bu illərdə incəsənətin inkişafında böyük irəliləyişlər olmuşdu. 1919-cu ilin avqustunda ölkənin bütün teatrları dövlət mülkiyyəti elan olundu. Teatrların əsas vəzifəsi kütlələri yeni ruhda-sosializm ruhunda tərbiyə etməkdə iştirak etmək idi. Sovet teatrlarının formalaşmasında K.S.Stanislavskinin, E.B.Vaxtanqovun, A.V.Nejdanovanın, V.Kaçanovun, L.V.Sabinovun və b. çox böyük xidmətləri olmuşdur.
Kino sənətinin inkişafında böyük nailiyyətlər əldə edilmişdi. Bu illərdə çox güclü sovet kino sənəti təşəkkül tapmışdı. Onun formalaşmasında S.Eyzenşteynin, V.Pudovkinin, A.Dovjenkonun, A.İvanovskinin və b. misilsiz xidmətləri olmuşdur.
30-cu illərin birinci yarısında Sovet Birliyində ilk səsli kino yaradılmağa başladı. Bu illərdə Sovet musiqi incəsənəti təşəkkül
tapdı. Onun təşəkkülündə D.Pokrassın, A.Aleksandrovun,A.Qlazunovun, B.Asafyevin,S.Prokofyevin, R.Qliyerin,Ü.Hacıbəyovun, İ.Dunayevskinin və b. çox böyük əməkləri olmuşdur.
Bu dövrdə təsviri incəsənətdə də böyük yüksəliş əldə edilmişdi. 1937-ci ildə I Ümumittifaq özfəaliyyət yaradıcılığı sərgisi keçirilmişdi.
Beləliklə, SSRİ-də XX əsrin 20-30-cu illərdə tələsik və zorakı keçirilən sosialist yenidənqurmaları nəticəsində SSRİ-də dünya kapitalizminə alternativ sosializm cəmiyyəti quruldu. Ölkədə sənaye və kənd təsərrüfatı üzərində ictimai mülkiyyət, dövlət mülkiyyəti bərqərar oldu, əhalinin sosial tərkibi dəyişdi: fəhlə və kəndli sinifləri və onların içərisindən çıxmış yeni ziyalılar ordusu qaldı.
Həyata keçirilən mədəni quruculuq sayəsində ölkənin mədəni həyatı və mənəvi siması dəyişdi.

İnzibati-amirlik rejiminin yaranması. Kütləvi repressiyalar Ölkədə totalitar dövlət sisteminin bərqərar olması sosialist yenidənqurmalarının ən başlıca siyasi nəticəsi idi. Hakimiyyət proletariat diktaturası adı altında ölkədə azad fikirliliyə, siyasi müxalifətə yol verməyən kommunist partiyasının əlində cəmləşdi. Bütün istehsal vasitələri ictimailəşdirildi, dövlətin əlində toplandı, onun idarəçiliyinə keçdi. Stalinin şəxsiyyətinin fetişləşdirilməsi nəticəsində avtoritar dövlət bərqərar oldu. Marksizm-leninizm hakim dövlət ideologiyasına çevrildi. Azad, alternativ fikirli qüvvələrə divan tutulmağa başladı. Kütləvi siyasi repressiyalar başladı. 1934-cü il dekabrın 1-də Leninqrad (indi Sankt-Peterburq)   vilayət   partiya   komitəsinin   birinci   katibi S.Kirovun öldürülməsi, kütləvi repressiyalar üçün bəhanə oldu. Dekabrın 28 — 29-da əksinqilabçıların «Leninqrad mərkəzi»nin 30 üzvü mühakimə olunub güllələndi. 1935-ci ilin yanvarında «terrorçuların» Moskva mərkəzi aşkar edildi. Bu «mərkəz»in Zinovyev və Kamenev başda olmaqla 19 nəfər üzvü mühakimə olundu. 1937-ci ilin yanvarında "əksinqilabçıların" «Moskva mərkəzi»nin 17 nəfər üzvünün ikinci mühakiməsi keçirildi. Onlardan 13 nəfər güllələndi. 1938 — 1939-cu illərdə orduda «təmizlik» keçirildi. Xalq Müdafiə Komissarının 11 müavini məhkum edildi. Ali hərbi Şuranın 80 üzvündən 75-i, 8 admiral, o zaman sağ qalmış 4 marşaldan 2-i, 16 ordu generalından 14-ü, korpus ordu generallarından 90%-i, 80 min zabitdən 35 mini məhv edildi. 1937 — 1938-ci illərdə Ukrayna Mərkəzi Komitəsi aparatının tərkibi tamamilə dəyişdirildi. ÜİK (b)P MK-nin 139 üzv və namizədindən 98-i həbs olundu və demək olar ki, hamısı güllələndi. ÜİK (b)P-nin XVII qurultayına seçilmiş 1966 nəfər nümayəndədən 1108 nəfəri yoxa çıxdı.
Ümumən, 1930 — 1941-ci illərdə 20 milyondan çox adam «xalq düşməni» adı ilə repressiyaya məruz qalmışdı. 1932 — 1938ci illərdə əksinqilabi fəaliyyətə görə 1.3 milyon adam mühakimə olunmuşdu.

Top