Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə

Rusiyada vətəndaş müharibəsi və xarici hərbi müdaxilə

Oktyabr çevrilişindən sonra Rusiyada vətəndaş qarşıdurmasında yeni mərhələ başlandı. Hakimiyyətdən kənarlaşdırılmış qüvvələr: monarxistlər, mülkədar-burjua qüvvələri vahid cəbhədə birləşərək bolşevik rejiminə qarşı cihad elan etdilər. 1918-ci ilin yanvarında sovet hökuməti tərəfindən Məclisi Müəssisənin (parlamentin) buraxılması xırda burjua qüvvələrinin qarşı cəbhəyə qoşulmasına səbəb oldu.
Sovet rejiminə və onun yerlərdə yayılmasına qarşı müqavimət hərəkatı bütün ölkəni bürüdü. Separatizm hərəkatı sovet rejiminə qarşı mübarizə ilə çulğalaşdı. Ucqarlara qaçmış generallar öz ətraflarına böyük silahlı qüvvə toplayaraq Sovet dövlətinə qarşı güclü cəbhə yaratdılar. Şimalda general Müller, Kerenski, şimal-qərbdə general Yudeniç, cənubda ataman Kaledin, general Alekseyev, general Krasnov, general Kornilov, general Denikin, Cənubi-Uralda ataman Dutov, Zabaykalda ataman Semyonov, Sibirdə admiral Kolçak sovet hakimiyyətinə qarşı hərbi yürüşə başladılar. Beləliklə, sovet hakimiyyətinə qarşı «ağlar» hərəkatı formalaşdı.
Bolşevizmi, sovet quruluşunu istəməyən xarici iri dövlətlər də ona qarşı hərbi müdaxilə təşkil etdilər. Brest sülhünü pozan Almaniya Ukraynaya, Gürcüstana və Fransa Arxangelskə, Odessaya, İngiltərə Cənubi Qafqaza, Bakıya, Yaponiya və ABŞ Uzaq Şərqə qoşun çıxardılar. Onlar həmin bölgələrdə olan «ağlar» hərəkatına kömək etdilər. Sovet respublikası üzük qaşı kimi mühasirəyə alındı. Müharibə zamanı əsir düşmüş 40 mindən yuxarı çex və slovaklardan ibarət korpusun qiyamı vətəndaş müharibəsini daha da kəskinləşdirdi. Onlar Almaniya ilə sülh imzalandıqdan sonra Sibir və Uzaq Şərqdən keçib Fransaya getməyə icazə almışdılar. Lakin müxtəlif şayiələr və tərksilah etmək cəhdləri onları Sovet hakimiyyətinə qarşı üsyan qaldırmağa sövq etmişdi. Qiyam nəticəsində onların keçdiyi yerlərdə (Volqaboyunda, Uralda, Sibir və Uzaq Şərqdə) Sovet hakimiyyəti devrildi.

Bundan sonra Sovet hakimiyyətinin əleyhidarları daha fəallaşdılar. Sibirdə admiral Kolçak «Rusiyanın ali hökmdarı» elan edildi. Cənubda general Denikin hərbi-diktatura yaratdı, Şimalda Müller hərbi qubernatorluq təşkil etdi.
Sovet hakimiyyətinin nəzarət etdiyi ərazilərdə də narazı qüvvələr, terrorçu qruplar fəaliyyət göstərirdilər. Onlar bolşeviklərə qarşı ağ terror elan etmişdilər. Onlar bir-birinin ardınca qiyamlar qaldırır, sui-qəsdlər təşkil edirdilər. 1918-ci il avqustun 30-da sui-qəsd təşkil edərək Lenini yaraladılar.
Vətəndaş müharibəsi şəraitində keçmiş Rusiya imperiyası məkanında milli-azadlıq hərəkatı gücləndi. Oktyabr çevrilişindən sonra imperiya ərazisində müstəqil dövlətlər yaranmağa başladı. Sovet hökümətinin elan etdiyi «Rusiya xalqlarının hüquq bəyənnaməsi»nə müvafiq olaraq 1917-ci ilin noyabrında Polşa, dekabrda Finlandiya müstəqillik əldə etdilər. 1918-ci ildə Qafqazda Dağlılar Respublikası, Cənubi Qafqazda müstəqil Gürcüstan, Azərbaycan, Ermənistan Respublikaları yarandı.
1920-ci ilin aprelində Uzaq Şərq bufer Respublikası təşkil olundu. Lakin bunların ömrü çox olmadı. Tezliklə Qırmızı Ordu tərəfindən sözü gedən müstəqil respublikalar işğal olundular. Həmin ərazilərdə də Sovet rejimi quruldu.
Sovet hökuməti özünü qorumaq və əleyhidarlarına qarşı mübarizə aparmaq üçün güclü ordu yaratmağı başlıca vəzifələrindən biri hesab edirdi. Vətəndaş müharibəsinin gedişində — 1918-1919-cu illərdə belə bir ordu yaradıldı. L.Trotski onun ilk komissarı oldu.  1919-cu ilin oktyabrında Qırmızı Ordunun sıralarında 3 milyondan çox əsgər və zabit var idi. 1920-ci ildə onun sayı 5 milyona çatmışdı,
Qırmızı Ordu hissələri 1919-cu ildə Şərqdə Kolçakın qüvvələrini darmadağın etdi. Kolçakın özü 1920-ci ilin əvvəllərində güllələndi. 1919-cu ilin payızında Cənubda Denikinin «Könüllü ordusu» pərən-pərən edildi. O, qalan ordu hissələrini (40 min) Krımda general Vrangelə verib xaricə qaçdı. 1920-ci ilin noyabrında Vrangel də məğlub edildi.
Şimalda vaxtaşırı Petroqrada hücumlar edən Yudeniç məğlub edildi. 1920-ci ildə Arxangelsk və Murmansk azad edildi.
Qırmızıların-bolşeviklərin cəbhələrdəki qələbələrinə şübhə etməyən xarici müdaxiləçilər də çəkilib öz ölkələrinə getdilər. Yalnız yaponlar Uzaq Şərqdə 1922-ci ilə kimi dayandılar.
1920-ci ildə Polşa ilə başlanmış müharibə də Riqa sülhü ilə başa çatdı.

Vətəndaş  müharibəsi  illərində  bolşeviklər düşmənlərinin ağ terroruna qarşı qırmızı terror elan etdilər. RSFSR XKS-i Leninə sui-qəsd edildikdən sonra 1918-ci il sentyabrın əvvəllərində (5-də) qırmızı terror barədə qərar verdi. Bu qərara əsasən 1918-ci ildə Petroqradda 500 nəfərə qədər adam güllələndi. Natamam məlumata görə 1918-1919-cu illərdə 10 minə qədər adam qırmızı terrorun qurbanı olmuşdu. Qırmızı terrorun ən dəhşətli səhifələrindən biri də 1918-ci il iyulun 17-də çar II Nikolay başda olmaqla bütün ailə üzvlərinin Yekaterinburqda güllələnməsidir.
Vətəndaş müharibəsinin siyasi və sosializmin siyasəti iqtisadi tədbirlər sisteminin tərkib hissələrindən biri də hərbi kommunizm siyasətidir. Onun əsil mahiyyəti hərbi qələbə naminə sərt mərkəzləşdirmə şəraitində xəyali kommunizm cəmiyyətinin bəzi sosial-iqtisadi əlamətlərinin bolşeviklər tərəfindən cılızlıqla həyata keçirilməsi idi. Belə ki, bütün istehsal sahələri (sənaye, torpaq) dövlətin əlində  mərkəzləşdirilirdi.İstehsal və bölgü üzərində möhkəm nəzarət qoyulurdu; kəndlilərə ərzaq sapalağı tətbiq olunurdu (artıq məhsul dövlət tərəfindən möhkəm qiymətlə alınırdı); "İşləməyən, dişləməz" prinsipi əsasında ümumi əmək mükəlləfiyyəti həyata keçirilirdi; əmək haqqı natura ilə, məhsul payı, zəruri məhsullar almaq, ümumi yeməkxanalardan istifadə üçün talonlar verilməsi ilə əvəz olunurdu; mənzil, nəqliyyat və bir sıra kommunal xidmətlər pulsuz həyata keçirilirdi; əmtəə-pul münasibətləri aradan qaldırılırdı və s.
Bütün bu sözügedən tədbirlərin məcmusuna «Hərbi kommunizm» siyasəti deyilirdi. Hərbi kommunizm siyasəti 1918-1920-ci illərdə həyata keçirilmişdi. O, vətəndaş müharibəsində sovetlərin qələbəsinin təmin edilməsində mühüm rol oynamışdı.

Top