Sovet-Əfqan müharibəsi necə yarandı?
«Dekabrın 25-i Moskva vaxtı ilə saat 15.00-da 40-cı ordu və Hərbi Hava Qüvvələrinin aviasiyası Əfqanıstan Demokratik Respublikasının dövlət sərhədini keçsin...»
Bu sətirlər SSRİ müdafiə nazirinin Əfqanıstana göndərilmək üçün hazırlanan hərbi hissələrə 1979-cu il dekabrın 25-i saat 12.00-da daxil olmuş əmrindəndir. Əmrdə göstərilən vaxtdan başlayaraq 47 saat ərzində Kabil və Baqram aeroportlarına 7700 əsgər və zabit, 894 hərbi texnika, 1062 ton müxtəlif yük çatdırılır. Əməliyyatı başa çatdırmaq üçün hərbi-nəqliyyat təyyarələri 343 reys etməli olur. Minlərlə insanın taleyini dəyişdirən, on minlərlə adamın ölümü, yüz minlərlə insanın yaralanması, şikəst olması ilə nəticələnən həmin dekabr günlərinə hazırlığa isə bundan xeyli əvvəl başlanmışdı…
Əfqanıstanda çevrilişlər dövrü
1973-cü il iyulun 17-də Məhəmməd Daud Əfqanıstanın son kralı Zahir şahı devirir, monarxiyanı ləğv edir və özünü prezident elan edir. Zahir şah Avropaya qaçır.
1978-ci il aprelin 27-28-də ölkədə silahlı çevriliş olur və prezident M.Daud öldürülür. Bu hadisə əfqan tarixinə «Aprel inqilabı» kimi düşür. İnqilabdan sonra ölkə Demokratik Respublika elan edilir. Əfqanıstan Xalq Demokratik Partiyasının baş katibi Nur Məhəmməd Təraki dövlət başçısı təyin olunur. Babrək Karməl onun müavini, Hafizulla Əmin isə baş nazirin müavini və xarici işlər naziri seçilir.
Mayda SSRİ ilə ƏDR arasında hərbi müşavirlər göndərilməsinə dair saziş imzalanır və 400 nəfərə qədər sovet hərbi müşaviri bu ölkədə fəaliyyətə başlayır.
Həmin ilin ortalarından başlayaraq H.Əmin Tərakinin şəxsiyyətinə pərəstiş yaradır və o, eyforiyaya qapılaraq hakimiyyətdən uzaqlaşır, ölkəni Əmin idarə edir. İyun ayında bəzi əyalətlərdə mərkəzi hakimiyyətə qarşı ilk silahlı çıxışlar baş verir.
Hakimiyyətdən tədricən uzaqlaşdırılan Babrək Karməl iyunun axırlarında Çexoslavakiyada səfir olmağa razılıq verir.
1978-ci ilin dekabrında dostluq və əmkdaşlıq haqqında sovet-əfqan sazişi imzalanır. İlin sonlarından başlayaraq Pakistandakı qaçqın düşərgələrində hazırlıq keçən silahlı dəstələr Əfqanıstan ərazisinə göndərilir. Bu dəstələrin köməyi ilə 1979-cu ilin yanvarında ölkənin mərkəzi əyalətlərində hökumət əleyhinə silahlı qiyamlar başlayır. Martın 15-də isə Herat əyalətində 20 minə yaxın adam hökumətə qarşı qiyam qaldırır. Minlərlə adam həlak olur. İlk sovet hərbçisi — mayor N.Bizyukov da bu döyüşdə ölür. Regionda vəziyyət gərginləşdiyi üçün ABŞ hərbi-dəniz qüvvələrini Fars körfəzinə göndərir.
Əfqan hökuməti SSRİ-dən kömək istəyir
Vəziyyət gərginləşdiyindən Əfqanıstan kömək üçün sovet hökumətinə müraciət edir. Martın 17-19-da bu məsələ Siyasi Büroda müzakirəyə çıxarılır. Hələ qoşun göndərmək barədə söhbət getmir. Heratdakı qiyamı əfqan hökuməti özü yatırır. Aprelin 6-da vəziyyəti yerində öyrənmək və sovet hökumətinin mövqeyini çatdırmaq üçün Sovet Ordusu və Hərbi Dəniz Donanması Baş Siyasi İdarəsinin rəisi general A.Yepişevin başçılığı ilə nümayəndə heyəti bu ölkəyə göndərilir. Görüşlər zamanı əfqan tərəfi xahiş edir ki, sovet hökuməti Əfqanıstana qoşun göndərsin. Lakin nümayəndə heyəti Sovet İttifaqının belə bir addım atmasının qeyri-mümkün olduğunu izah edir.
1979-cu ilin iyununda SSRİ xarici işlər naziri A.Qromıko, DTK sədri Y.Andropov, müdafiə naziri D.Ustinov və MK-nın beynəlxalq şöbəsinin rəhbəri B.Ponamoryovun imzası ilə Siyasi Büroya aşağıdakı məzmunda məktub daxil olur:
«SSRİ XİN, SSRİ DTK, Müdafiə Nazirliyi və Sov.İKP MK-nın beynəlxalq şöbəsi aşağıdakıları məqsədə müvafiq sayır:
1. Sov.İKP MK Siyasi Bürosu adından Əfqanıstan Xalq Demokratik Partiyasının Siyasi Bürosuna məktub göndərilsin və həmin məktubda yoldaşcasına Aprel inqilabının nailiyyətlərinin itirilməsi təhlükəsi ilə əlaqədar sovet rəhbərliyinin narahatlığı açıq bildirilsin və əksinqilaba qarşı mübarizənin gücləndirilməsinə dair tövsiyələr verilsin...
...4. Baqram aeroportundakı sovet təyyarə eskadriliyasını mühafizə və qorumaq üçün Əfqanıstan tərəfinin razılığı alınmaqla bu ölkəyə aviasiya texniki heyət adı ilə kombinizon geyimli paraşüt-desant batalyonu göndərilsin.
Sovet səfirliyinin müdafiəsi üçün xidmət işçiləri adı altında Kabilə SSRİ DTK-nın xüsusi dəstəsi (126-150 nəfər) göndərilsin.
Müvafiq hazırlıq görüldükdən sonra avqustun əvvəllərində vəziyyət kəskin şəkildə gərginləşərsə, xüsusi hökumət obyektlərinin qorunmasında istifadə etmək üçün Baqram aeroportuna Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin xüsusi dəstəsi göndərilsin. Xahiş edirik baxasınız». Bu məsələ ilə bağlı konkret qərar qəbul olunmur. Lakin sovet rəhbərliyinin Əfqanıstana qoşun yeritmək istəyinin ilk təhlükəli işartıları görünür…
«Tamamilə məxfi»
Sentyabrın 14-də Kabil qarnizonunun hissələri şəhərə çıxaraq hökumət obyektlərini nazarətə götürür, N.M.Tərakinin rezidensiyası mühasirəyə alınır. Həmin gecə H.Əmin partiyanın iclasını keçirir, Tərakini və onun silahdaşlarını bütün vəzifələrdən azad edir, özü isə partiyanın baş katibi və dövlət başçısı seçilir. Oktyabrın 10-da Tərakinin ölümü haqqında rəsmi məlumat verilir. Sonralar məlum olur ki, Təraki Əminin əmri ilə prezident qvardiyasının zabitləri tərəfindən boğulub. DTK sədri Y.Andropov və Baş Qərargah rəisi N.Oqarkovun imzaladığı və D.Ustinovun «Razıyam» dərkənarı qoyduğu «Tamamilə məxfi» qrifli daha bir sənəd Siyasi Büroya dekabrın 4-də daxil olur: "Əfqanıstan İnqilab Şurasının sədri, ƏXDP MK-nın baş katibi və ƏDR-in baş naziri H.Əmin son vaxtlar onun iqamətgahını mühafizə məqsədilə Kabilə sovet motoatıcı batalyonu göndərilməsinin zəruriliyi barədə məsələni təkidlə qaldırır.
Yaranmış vəziyyəti və H.Əminin xahişini nəzərə alaraq Baş Kəşfiyyat İdarəsinin bu məqsədələr üçün hazırlanmış 500 nəfərlik dəstəsini onların SSRİ Silahlı Qüvvələrinə mənsubluğunu bildirməyən paltarda Əfqanıstana göndərilməsini məqsədə uyğun sayırıq". Qeyd edək ki, 1979-cu ilin dekabrına qədər Əfqanıstan hökuməti kömək üçün SSRİ-yə 20 dəfə müraciət göndərir. Nəhayət, dekabrın 12-də Siyasi Büro Əfqanıstana qoşun yeritmək barədə siyasi qərar qəbul edir…
«Xüsusilə mühüm sənəd»
Təxminən 15 min sovet vətəndaşının və Allah bilir nə qədər əfqan vətəndaşının ölümünə səbəb olan həmin sənəd hazırda Rusiya prezidentinin arxivində saxlanılır. Sənəd bir nüsxə və əlyazma şəklindədir. Mətni Konstantin Çernenko yazıb.
«Tamamilə məxfi
Xüsusi papka
»A"-da vəziyyət haqqında Sov.İKP MK-nın qərarı
Sədrlik etdi yol. L.İ.Brejnev.
İştirak etdilər: Suslov M.A., Qrişin V.V., Kirilenko A.P., Pelşe A.Y., Ustinov D.F., Çernenko K.U., Andropov Y.V., Qromıko A.A., Tixonov N.A. Ponomarev B.N.
1. Andropov Y.V., Ustinov D.F., Qromıko A.A. yoldaşların təklif etdiyi mülahizə və təkliflər bəyənilsin.
2. Onlara bu tədbirlərin həyata keçirilməsi zamanı prinsipial xarakter daşımayan düzəlişlər etməyə icazə verilsin.
Bütün bu tədbirlərin həyata keçirilməsi Andropov Y.V., Ustinov D.F., Qromıko A.A. yoldaşlara tapşırılsın.
3. Andropov Y.V., Ustinov D.F., Qromıko A.A. yoldaşlara tapşırılsın ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinin gedişi haqqında Siyasi Büronu məlumatlandırsınlar. MK katibi L.Brejnev. 12 dekabr 1979-cu il".
Qərarın üstündə Siyasi Büro üzvlərinin hamısının imzası var. Niyə hamının imzası? Məsələ burasındadır ki, «A»-da vəziyyət haqqında" məsələ çətin və uzun müzakirə prosesi keçib. Brejnev Əfqanıstana qoşun göndərilməsi ilə razılaşmayıb. Andropov və Ustinov onu bütün yay və payız aylarında «yola gətirməklə» məşğul olub. Ona görə də Brejnev qərara bütün silahdaşlarının adbaad səs verməsini təkid edib.
Bu qərarın qəbul edilməsindən dərhal sonra SSRİ-nin müdafiə naziri D.Ustinov Əfqanıstana göndərilmək üçün 75-80 min nəfərlik qoşun kontingenti hazırlamaq barədə əmr imzalayır.
Dekabrın 14-də guya Əfqanıstan rəhbərliyini və Baqram aerordromunu mühafizə məqsədilə bu ölkəyə xüsusi batalyon göndərilir. SSRİ DTK-nın əməkdaşlarının mühafizəsi altında Babrək Karməl də qeyri-leqal şəkildə bu batalyonla ölkəyə gətirilir.
Həmin gün axşam saat 24.00-da Müdafiə Nazirliyi Baş Qərargahının rəis müavini S.Axromeyevin başçılıq etdiyi operativ qrup sovet-əfqan sərhədindəki Termez şəhərinə gəlir və qoşunların Əfqanıstana göndərilməsinə hazırlıq işinə rəhbərlik etməyə başlayır.
Əfqanıstana gedəcək ordu hissələrinə müdafiə naziri D.Ustinovun imzası ilə ilk direktiv də həmin gün göndərilir. Sənəddə hərbi qüvvələrin necə yerləşəcəyi və hansı işləri görəcəyi göstərilir. Hələ döyüşlərdə iştirak etmək barədə söhbət getmir.
Cəmi 40 dəqiqə çəkən əməliyyat
Dekabrın 26-da Baş katibin bağında Siyasi Büronun 12 dekabr tarixli qərarının yerinə yetirilməsi məsələsi müzakirə edilir. Məsələ barədə Ustinov, Qromıko və Andropov məruzə edirlər.
Brejnev bir sıra təkliflər verməklə silahdaşlarının yaxın günlər üçün hazırladıqları tədbirlərlə razılaşır. Qərara alınır ki, bu sahədə atılan hər bir addım beləcə diqqətlə müzakirə edilsin...
Dekabrın 27-də Siyasi Büro sovet qoşunlarının Əfqanıstana yeridilməsi və hakimiyyətin B.Karmələ verilməsi ilə bağlı təbliğat tədbirlərini müzakirə edir. Səhər tezdən H.Əminin sarayına hücuma hazırlıq başlanır.
Həmin vaxt Əmin nəinki nədənsə şübhələnir, əksinə məqsədinə çatdığı üçün — sovet qoşunları Əfqanıstana gəldiyi üçün eyforiyada olur. Günorta öz sarayında təntənəli nahar verən Əmin bu tədbirə partiya rəhbərlərini və nazirləri ailəliklə qonaq çağırır. Nahar vaxtı baş katibin özünün və qonaqların çoxunun vəziyyəti qəfildən pisləşir. Bəziləri huşunu itirir. H.Əmin də özündə olmur.
Bu hadisə mühafizə xidmətinin zabitlərini həyacanlandırır. Onlar əfqan hərbçilərindən ibarət əlavə postlar qoyur, kömək üçün yaxınlıqdakı tank briqadasına zəng vururlar. Buradan kömək gəlməsindən isə söhbət gedə bilməzdi. Sovet qoşunları artıq həmin hərbi hissəni mühasirəyə almışdılar… Axşam saat 19.30-da SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin "İldırım" və «Zenit» xüsusi qruplarının əməkdaşları prezident sarayını tutmaq üçün "Ştorm-333" əməliyyatını həyata keçirir. Hücum zamanı Hafizulla Əmin öldürülür. Əməliyyat cəmi 40 dəqiqə çəkir. Saray tutulduqdan sonra Kabil radiosu ilə B.Karməlin Əfqanıstan xalqlarına əvvəlcədən lentə yazılmış müraciəti verilir. O özü isə hələ Baqramdakı hərbi bazada gizlənir.
Prezident sarayı ilə eyni vaxtda Əfqanıstanın müdafiə və daxili işlər nazirlikləri, Hərbi Hava Qüvvələrinin Baş Qərargahı, türmələr, poçt və teleqraflar da tutulur. Həmin gün 103-cü Vitebsk desant diviziyası Kabilin əsas oöyektlərini nəzarətə götürür...
1979-cu il dekabrın 27-dən 28-nə keçən gecə Əfqanıstanda sadəcə olaraq növbəti dövlət çevrilişi baş vermir, ölkədə vətəndaş müharibəsinin daha da kəskinləşməsinin başlanğıcı qoyulur. Həmin gecə həm Əfqanıstan, həm də Sovet İttifaqı tarixinin faciəli səhifələri başlayır…