Qızıma məktub (Esse)

Qızıma məktub (Esse)

Salam, qızım.
Adətən, məktubu uzaqdan uzağa yazırlar. Sən mənim yanımdasan, mənimlə bir evdə, bir tavanın altında, bir döşəmənin üstündə, amma Sənə məktub yazıram. Sən ananı yaxşı tanıyırsan, ona görə yəqin  bu jestim sənə qəribə gəlməz. Çünki bilirsən ki, bir qədər, hətta çox qəribə adamam. Buna ən çox şahid olan da Sənsən.

Bütün qızların içində ilahidən bir hiss, bir duyğu, bir arzu var. Analıq duyğusu, ana olmaq arzusu. Körpə ikən qızlar gəlinciklərini bağırlarına basıb yatırar, lay-lay deyərlər, sənin kimi. Mən də beləydim. Böyüdükcə bu hiss də, arzu da böyüyər, özün boyda, özündən də böyük olar. Ana olmaq istəyərsən, istəyərsən bir qızın olsun, saçlarını hörəsən, cürbəcür, rəngbərəng donlar alıb geyindirəsən əyninə. Çox gözəl olsun, hamının qızından gözəl, sən də qürrələnəsən, gözəl qızın anası kimi. İstəyərsən oğlun ola, qəşəng kostyumlar geydirəsən əyninə, balaca qalstuk taxasan boynuna, balaca kişiyə bənzəyə. Sən də qürrələnəsən, balaca “kişinin” anası kimi. Mən də bu arzuları yaşamışam, qızım, özü də lap güclü. Çox  uşaqsevən olduğumdan hamı deyirdi ki, sənin başından Allah o qədər uşaq tökəcək, doydurub dolandıra bilməyəcəksən. Amma mənim indi bir qızım var, bircə balam…
Çox vaxt Sənə acıqlanıram, hərdən kobudluq da edirəm. Bilirəm, heç nə ilə bunlara haqq vermək olmaz. Sən heç nəyin günahkarı deyilsən. Amma mənim Səndən başqa heç kəsə bu qədər ərkim çatmır. Çünki Sən, mənsiz yaşaya bilməyəcək qədər mənə bağlı yeganə adamsan. Hələ ki…

Bilirsənmi, Səni incidəndən sonra çəkdiyim əzab əzablarımın ən ağırı, ən bağışlanmazıdır. Çünki sonra məni rahat buraxmayan bir şey qanımda bütün vücudumu gəzir. Bu, mənim vicdanımdır. O, məni ağladana qədər danlayır. Sonda yenə Səni incidirəm. Çünki mən ağlayanda Sən dözmürsən, qoşulursan mənə, bu da ki, çox acı bir səhnə yaradır. Biz baş-başa verib ağlaşırıq, ana-bala, mən niyə ağladığımı bilirəm, Sənin niyə ağladığın bir az mübhəm qalır. Təbii ki, özün bilirsən niyə ağlayırsan. Bəlkə, doğrudan da, mənim göz yaşlarıma dözmürsən, axı özün belə deyirsən, bəlkə, gəlinciyinin qırılmış qoluna, itmiş kinder sürprizinə, nə bilim, başqa nəyə. Ancaq mənim üçün fərq etməz, göz yaşları sənin totuq yanaqlarından, dərin baxışlı gözlərindən axır. Bu, çox dözülməzdir, qızım. Çox zaman ağlamaq istəyəndə, susuram, göz yaşlarımı qəlbimə axıdıram ki, sən görməyəsən…

Yazı yazanda, kitab oxuyanda, ümumiyyətlə, məşğul olanda mənə yaxınlaşırsansa, bilirsən ki, möhkəm əsəbiləşirəm. Əsl kobudluğu da həmin anlarda edirəm, bunu sonra başa düşürəm, çünki həmin an özümdə olmuram. Lakin başa düşürəm, bilirəm, Sən ən fundamental əsərsən, heç bir şeir, roman, daha nələr Sənin qədər mükəmməl ola bilməz. Səni hər öpəndə, oxşayanda Allahla görüşürəm, deyirəm ki, ya Rəbbim, Sən məni nə qədər sevirsənmiş… Bu boyda pay ancaq məhəbbətdən verilə bilər insana. Şükür edirəm, edirəm, bitmir. Bu şükrü bitirməyə qorxuram, bitirə bilmərəm, qızım…

Sən yatanda nə qədər məsum görünürsən… Əllərini tuturam, yanaqlarından öpürəm, bilirsən də, Sənin yanaqlarını öpəndə yorğunluğum çıxır, dincəlirəm. Saatlarla belə oturub sənə baxmağa hazıram. Sənə baxa-baxa düşünmək, xatırlamaq, arzulamaq, qorxmaq, ağlamaq, gülmək – ən gözəl istirahətdir.

Bilirəm, nə boyda yükün altına girdiyimi bilirəm. Ana olmaq, övlad böyütmək, insanlara lazımlı ,Vətənə gərəkli, vicdanlı, tərbiyəli, təhsilli, ürəyim istəyən kimi, hərtərəfli övlad böyütmək nə qədər çətindir, məsuliyyətlidir. Bu  məsuliyyətin, bu ağırlığın həstərində olanlar var, onu da bilirəm. Bilirəm ki, xoşbəxtəm, nədən ötrü, kimdən ötrü yaşadığımı bilirəm.

Həm də narahatam, çox narahatam. Bilmirəm ki, Sənin sabahın necə olacaq. Kimlərə yem olacaqsan. Qorxuram, çox qorxuram, qızım. Sənə inanıram, arzu edirəm ki, inamlarımı doğruldasan. Amma ətrafdakı insanlar, təəssüf ki, hərdən məyus edir adamı.  Mən indi başa düşürəm ki, niyə kişilərin çoxu qız övladının doğulmasını istəmir, lakin sonradan hamıdan çox istəyirlər qızlarını. Mən indi başa düşürəm ki, niyə atalar qız yükü, duz yükü deyiblər…

Sənin normal mühitdə böyüməyin üçün hər şey etdim, edəcəm də. Bu, mənim analıq borcumdur. Sənin qarşındakı bütün borclarımdan çıxmağa, üzüağ çıxmağa çalışacam, qismət olsa…

Sən çox düşüncəlisən, yaşından tez və gözəl dərk edirsən hər şeyi. Sənin suallarından qorxmuram, qorxmadığım yeganə şey budur qarşında. Yadındadır, bir dəfə mənə: “Ana, sən olsən, ilan paltarı geyib gəlib yanına girəcəm,”- demişdin. Bir ara da hər gecə əllərini balaca yanaqlarına dirək verib uzun-uzadı üzümə baxardın. Soruşdum ki, niyə elə baxırsan mənə? Dedin ki, axı sən öləndən sonra darıxacam sənin üçün. Bir də dedin ki, səndən sonra anam kim olacaq, axı özgədən adama ana olmur. Ağıllı balam, Sən bunları hardan bilirsən, kimdən öyrənirsən? Eybi yox, təki sən mənim yoxluğumu yaşa nə vaxtsa. Amma Sənin olan, həmişə yanında olan Yaradanın var. Hər gecə Ona dua edirsən, açılan sabahların xeyrini ondan istəyirsən, Ona and içirsən, hərdən də deyirsən ki, Ana, məni cənnətə apar, nə olar, mən Allahı görmək istəyirəm. Bir də deyirsən ki, Allah məni gül bilir. Səndən ətirli gül varmı ki?! Quzum, Sən onu istədikcə, O da Səni istəyəcək, heç birimizi cənnətə anamız yox, əməllərimiz aparacaq, qismət olsa. Sən o cənnətin eşqilə yaşa, Onu görəcəyimizə inan.

İndisə, hələlik, bəlkə, zaman-zaman bu məktubuma əlavələr etdim,  bilmirəm. Onu bilirəm ki, Sən bunu əlavələr bitəndən sonra oxuyacaqsan. Yanaqlarından və alnından öpürəm.

ANAN

Top