Azərbaycanda kustar və sənətkarlıq sahələrinin inkişafı haqqında

Azərbaycanda kustar və sənətkarlıq sahələrinin inkişafı haqqında

Azərbaycanda əl əməyinin tarixi qədim zamanlara köklənir. Əl əməyinin nəticəsində yaranan istehsal xalq mədəniyyətinin ən qədim və çox əhəmiyyətli bir parçasıdır. Əl əməyi istehsalı və ya kustar istehsal  Azərbaycanda qurulan və ənənəvi dəyərlərlə əlaqəli olan iqtisadi sistemin tərkib hissəsi olmuşdur. Əl sənətində — kustar sənayedə baş verən proseslər  neft, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesinin təməlinin qoyulmasına və bu sahələrin inkişafına təkan vermişdir. Kustar sənaye sahəsində sənətkarlığın inkişafı ön planda idi.  Bu sahə sənayedə inkişafın ilkin mərhələsi olmuşdur. Əl sənəti istehsalı xalqın maddi mədəniyyətinin ən vacib hissəsidir. Qafqaz ölkələri içərisində Azərbaycan kustar sənaye sahəsinin inkişafına görə həmişə ön planda olmuşdur.Kustar üsülla təşəkkül tapmış və inkişaf edən sənaye sahələrinə misal olaraq: ilk neft yataqlarının qazılması və hasilatı, mis hasilatını, xalçaçılıq (sapların hazırlanması, rənglənməsi), ipəkçilik, ipək kəlağayıların hazırlanması və naxışlanması, həsirdən palazların, zənbillərin, bəzək əşyalarının düzəldilməsı, oyma üsulu ilə ağacdan müxtəlif əşyalarının hazırlanması, dulusçuluqla müxtəlif məişət əşyalarının hazırlanması, şərabçılıq, şüşə istehsalı və şəbəkə sənətinin inkişafı, çuqun əridilməsi, dəmirdən, misdən müxtəlif metalların, məişət əşyalarının hazırlanması, toxuma, tikiş, miniatür və cilalamaq işləri və bu kimi çox zəngin sənət sahələri və s. göstərmək olar.  Bu sahələrdən çoxu günümüzədək əl əməyinə əsaslanır. Misal olaraq milli mədəniyyət nümunəmiz olan, şöhrəti dünyaya yayılan xalçalarımızı və ipəkdən hazırlanan müxtəlif əşyaları göstərə bilərik.
Dulusçuluq
Azərbaycanda xalçaçılıq sənətinin tarixi X əsrə gedib çıxır.  Azərbaycanın strateji mövqeyi, Böyük İpək yolunun üzərində yerləşməsi müxtəlif növ  yüngül sənaye sahələrinin ən cox da xalçaçılıq və ipəkçiliyin inkişafına təkan vermişdir. Azərbaycan xanımlarının toxuduqları xalçalar, palazlar, kilimlər, sumaxlar, hazırladıqları ipək parçalar, baş örtüləri dünya da məşhur olmuşdur.
Ümumiyyətlə istər yun, istərsədə ipək parçadan xalçaların, palazların, parçaların hazırlanması əl əməyi ilə oluqca ağır zəhmət hesabına başa gəlirdi. Buraya baramanın açılması, ipək telinin ilkin emalı, xam ipəyin bişirilməsi, toxuma texnologiyası, boyama və naxışlama üsulu və s. aid edilir. Təkcə Quba qəzasında 30 minə yaxın qadın xalçaçılıqla məşğul olurdu. Ən gözəl xalçalar sumax xalçalar hesab olunur.
XIX əsrin sonu XX əsrin əvvəllərində Gəncədə, Şəkidə, Basqalda  kəlağayı istehsal edən kustar üsullu kiçik müəssisələr fəaliyyət göstərirdi. Əsas şəhər kimi Şəkinin adını çəkmək olar.
Zaqafqaziya üzrə Şamaxı qəzası ipəkçilikdə birinci yeri tuturdu və 1850-1853-cü illərdə orada 196 ipək əyirmə fabriki fəaliyyət göstərirdi. Quba, Bakı,  Abşeron,  Şirvan, Gəncə, Qazax, Qarabağ, Zaqatala, Şəki, Şirvan, Naxçıvan və Təbrizdə xalçaçılıq və ipəkçilik geniş vüsət almışdır.    
1852-ci ildə Moskvada keçirilən kustar və kənd təsərrüfatı sərgisində Nuxa qəzası üzrə Kürkəndi və Hökməli kənd sakinlərinin toxuduqları ağ-qara və rəngli xalçalar nümayiş etdirilmiş və mükafata layiq görülmüşdür.
Azərbaycanda  inkişaf  etmiş  sahələrindən  biri  də  metalın  kustar  üsulla emalı  idi. 
Burada  misgərlik xüsusi  yer  tuturdu.
misgərlik
Mis  əşyalar  Bakıda, Şamaxıda, Nuxada,  Gəncədə,  Şuşada,  Lənkəranda,  Qubada,  Naxçıvandada  daha  çox  istehsal olunurdu. Misgərlik sənətindən söhbət açarkən ilk ağıla gələn Lahıcda misgərlik emalatxanalarıdır. Misgərliyin  əsl  mərkəzi  Lahıc  kəndi  idi. Bura da misdən, dəmirdən kustar üsulla hazırlanan ev, məişət və bəzək əşyalarından söz açmamaq olmaz.  Lahıc eyni zamanda, orta əsrlərdə Şirvanın mis sənayesinin məşhur sənətkarlıq mərkəzi olub, Cənubi Qafqaz ölkələrinə, İran və Türkiyə şəhərlərinə ixrac edilən mis qabları, soyuq və odlu silahları ilə şöhrət qazanmışdı.
Silahların  hazırlanma mərkəzi Şamaxı şəhəri hesab olunurdu və qəzada 46 belə sənətkar fəaliyyət göstərirdi. Kəndlərdə hazırlanan məhsulların milli naxışlarla bəzədilməsi insanın gözünü oxşayırdı. İllər keçsə də Lahıcda bu sənət növu hələ də əl əməyinə əsaslanır.
Mənbələrdən məlum olur ki, o dövrdə hər bir sənət sahəsinin özünəməxsus sexi varmış. Sexlərin başında ustalar dururdu. Bütün Yaxın Şərqdə olduğu kimi, Azərbaycanın şəhərlərində də sənətkarlar müəyyən sənət sahəsi üzrə ayrı-ayrı məhəllə və ya bazarlarda fəaliyyət göstərirdilər. Bu məhəllə və bazarlar həmin sənətin adı ilə adlanırdı. Məsələn, zərgərlər, misgərlər, dəmirçilər, başmaqçılar, dülgərlər məhəllələri və s.
Şuşa,Yelizavetpol, Bakı, Şamaxı qəzaları zərgərlik sahəsinin inkişafına görə daha da fərqlənirdi. 1900-cü ildə Bakıda keçirilən zərgərlik sərgisindən sonra həmin eksponatların Parisdə keçirilən Ümumdünya sərgisində nümayiş etdirilməsi üçün dəvət göndərilir. Parisdə keçirilən sərgidə Azərbaycan zərgərlik məmulatları nümayiş olunan zaman böyük marağa səbəb olur. İştirakçılar mükafatlandırılır.
Bundan sonra dünyanın ən məşhur şəhərləri London, Sankt-Peterburq, Türkiyə, Amerika kimi ölkələrdə Azərbaycanın qədim mədəniyyətini özündə əks etdirən esponatlar: xalçalar, qədim döyüş silahları, kəsici alətlər, milli geyim nümunələrimiz və s. nümayiş etdirilir.
Müharibələr dövründə iqtisadiyyatın və ticarətin səviyyəsinin aşağı düşməsi kustar sənaye sahəsinə də öz təsirini göstərirdi. Arxiv sənədləri ilə tanış olarkən XIX əsrin birinci onilliyində sənətkarlığın zəiflədiyini görmək olar. İran istilası zamanı bir çox sənətkarlıq sahələri dağıdılmış və oğurlanmışdır. Bu səbəbdən qəzalar və quberniyalar üzrə sənətkarların onlardan yığılan vergilərin azaldılmasına dair xahiş ərizələri vardır. Yelizavetpol quberniyası üzrə vergi ödəyicisi olan sənətkarların verginin azaldılması haqda müraciət ərizələri mövcuddur.
XIX əsrin birinci on illiyində Azərbaycanda sənətkarlıq sahəsinin ən əsas hissəsini pambıq kağızı istehsalı və satışı tuturdu. Bu sahə üzrə Gəncə, Ordubad, Şuşa şəhərləri fərqlənirdi. Lakin sonralar Rusiyadan idxal edildiyinə görə bu sahə getdikcə mövcudluğunu itirmişdir.
Qızıldan və başqa qiymətli materiallardan hazirlanan bəzək əşyaları və bu əşyalara vurulan naxışlar bütün dünyada eləcə də Rusiyada məşhur idi. Gədəbədə, Daşkəsəndə, Naxçıvanda qızıl yataqlarının zənginliyi bu sahəni inkişafına müsbət təsir göstərirdi.
pambıq kağızı istehsalı
Artıq 20-ci əsrin əvvələrində Bakı şəhəri  sənətkarlıq sahəsi üzrə başlıca mərkəzə çevrilmişdi. Bakı Şəhər İdarəsi tərəfindən 1906-cı ildəki tərtib olunmuş hesabatda Bakı şəhəri üzrə sənətkarlıq emalatxanaları və kustar müəssisələrdə işləyən sənətkarların sayının 3992 nəfərə çatdığı qeyd olunmuşdur.
Kustar sahənin inkişafında ən başlıca hadisə 1899-cu ildə Tiflisdə Qafqaz Komitetinin açılışı oldu. Bu qurumun fəaliyyətinin əsas məqsədi  sənətkarlıq sahələrinin inkişaf etdirilməsi idi.
1904-cü ildə ilk dəfə Peterburqda sənətkarlıq sahələrindən ibarət Beynalxalq sərgi təşkil olunmuşdur. Burada azərbaycan sənətkarlarının hazırladıqları qızıldan bəzək əşyaları nümayiş etdirilmişdir.
1910-cu ildə Bakıda sənətkarlıq məktəbində sikkə və dəmir istehsal edən emalatxanaları açılmışdır.  Arxiv sənədlərində 1916-cı ildə Quba və Şamaxı qəzaları üzrə xalq məktəbləri müdirliyinin Qusar rayonunda kənd təsərrüfatı məktəbinin və Qusar ikisinifli məktəbin nəzdində dülgərlik və xarratlıq sənəti üzrə siniflərin açılması haqda yazışmalar vardır. Həmçinin Naxçıvan qəza rəisinin İrəvan qubernatoruna Təzəkənd kəndinə  tələbələrin öyrənməsi üçün  toxucu dəzgahının gətirilməsi və Elizavetpol Quberniya idarəsinə Zəngəzur qəzası Pirican kəndində kəndlilərin öz vesaitləri hesabına sənətkarlıq məktəbinin açılmasına icazə verilməsi haqda göndərdiyi məktubları öz əksini tapmışdır.  
Həmçinin Dövlət Tarix Arxivinin sənədlərində 1913-cü ildə Bakı şəhərində  keçirilən kənd təsərrüfatı və sənaye səgisi haqda maraqlı məlumatlar aşkar olunmuşdur.  Dövlət müşaviri olan Alışevski tərəfindən Qafqaz Canişinliyinə göndərilən №25334, 12 noyabr 1912-ci il tarixli məktubunda qeyd edilir: “Son illər Bakı Quberniyasında məskunlaşma və irriqasiya işlərinin inkişafı ilə əlaqədar olaraq pambıqçılığın eyni zamanda çöl və  bağçılıq işlərinin də inkişafı da müşahidə olunur. Lakin kənd təsərrüfatının inkişafı üçün Bakı quberniyası əhalisində əla sortda toxumların, kənd təsərrüfatı alətlərinin, suvarma avadanlıqlarının olmaması bu inkişafın zəifləməsinə gətirib çıxara bilər. Bakı şəhərində yalnız neft sənayesi çox böyük kapitala malikdir. Bu kapitalın istifadəsinin quberniyanın inkişafına müsbət təsiri olacaqdır. Bu sahənin inkişafı və yüksəlişi əlverişli torpaq və iqlim şəraitinin olmasına baxmayaraq zəif inkişafa malik sahələrin də çiçəklənməsinə təsir göstərəcəkdir. Buna görə də quberniyanın iqtisadi  inkişafına eləcə də kənd təsərrüfatına yeni qüvvələrin cəlb edilməsi üçün 1913-cü ilin payızında kənd təsərrüfatı və kustar sərginin  keçirilməsi zəruridir.  Bu prosesi həyata keçirmək üçün 14000 rublun ayrılması üçün xahiş edirəm. Həmçinin 1912-ci ildə də keçirilən sərginin təcrübəsinə əsaslanaraq bu sərginin də kəsirsiz həyata keçiriləcəyinə inanıram.  Bütün bunları nəzərə alaraq 1913-cü ilin payızında sərginin keçirilməsinə icazə verməyiniz xahiş olunur”.
Bununla da Sərgi Komitəsi yaradılır və komitənin tərkibinə: Vitse Qubernator, Balıq Vətəgələri üzrə İdarə, Dövlət Əmlakları İdarəsinin rəhbərliyi, Quberniya mühəndisi, şəhərin ictimai rəhbərliyinin nümayəndələri, texniki cəmiyyətlər və s. daxil edilir.  Komitənin tərkibinə daxil olan bütün orqanlar hamısı sərginin təşkilinə maddi vəsait ayırırlar. Ayrılan 5000 rubl vəsaitdən 200 rublu qaytarılan, 300 rublu qaytarılmayan vəsaitlərə daxil idi. Yerquruluşu və Əkinçilik Baş İdarəsindən  7500 rubl məbləğində pul ayrılmışdır. Bu vəsaitdən 1500 rubl kənd təsərrüfatı alətlərinin və maşınlarının təşkilinə və mükafatların, medalların verilməsinə xərclənmişdir.
Əkinçilik  və Dövlət Əmlakları Nazırliyinin göstərişi ilə Qafqaz üzrə kənd təsərrüfatı və sənayesi sərgisinin keçirilmə prosesinə aid sənədlərlə tanış olarkən belə məlum olur ki, sərgi 1913-cü ilin payızında Bakıda keçirilmişdir. Bakı Quberniyası kənd təsərrüfatı və sənaye sərgisinin proqramı asağıdakılardan ibarət olmuşdur.
1) əkinçilik; 
2) üzümçülük;
3) bağçılıq və bostançılıq;
4) meşəçilik;
5) heyvandarlıq;
6) arıçılıq
7) quşçuluq;
8) balıqçılıq və balıq vətəgələri;
9) kənd təsərrüfatı maşınları və avadanlıqları;
10) torpaqların suvarılması (hidrotexniki hissə);
11) kustar və sənətkarlıq sənayesi;
12) ipəkçilik və mis qablar sənayesi;
13) ovçuluq.
Bu sərginin keçirilməsində əsas məqsəd sənayeni inkişaf etdirmək üçün qabaqcıl texnologiyanın nümayış etdirmək idi. Sərgidə xarici eksponatlar da nümayış etdirilirdi.
Sərgi iki komitet tərəfindən idarə olunurdu:
1) təşkiledici: bu hissədə sərginin ümumi təşkili üsülları haqda;
2) tənzimləyici: əsasən eksponatların qəbul  edilməsi, quraşdırılması və geri daşınması.
Sərgidə nümayiş etdirilən eksponatlar yalnız Qafqaz dairəsində istehsal olunan məhsullar olmalı idi.  Predmetlərin sərgiyə gətirilməsi və geri daşınması iştirakçıların vəsaiti hesabına həyata keçirilirdi. Nümayiş üçün yerlərin ayrılması pulsuz idi. Sərgi hər gün səhər saat 9-dan axşam saatlarına qədər  fəaliyyət göstərirdi. Hər çıxış üçün müəyyən məbləğdə pul ödənilirdi. Bütün şagirdlər üçün iştirak pulsuz həyata keçirilirdi.
Eksponatların qiymətləndirilməsi üçün ekspert komissiyası fəaliyyət göstərirdi. Ekspert komissiyasının işinin yekunundan sonra iştirakçılar Kənd təsərrüfatı naziri tərəfindən mükafatlandırılırdı. İştirakçılara aşağıdakı mükafatlar ayrılmışdır: fəxri diplom, qızıl və gümüş medallar, tərifnamələr və s.
Vaxt azlığına və məhdud vəsaitlərə baxmayaraq sərginin nümayışı iştirakçılarda xoş təəssüratlar yaratmışdır.
Bu cür sərgilərin keçirilməsi əla sortda toxumun əldə edilməsi, kənd təsərrüfatı alətləri və avadanlıqları, hər cür meliorasiya fəaliyyəti üçün Quberniyada kənd təsərrüfatının inkişafında böyük rol ounayırdı. Bu sərgidən sonra da quberniya, qəza və rayonlarda hər üç ildən bir belə sərgilərin keçirilməsi qərara alınır.
Çoxsaylı şöbə və pavilyonların olmasına baxmayaraq ən çox diqqəti çəkən Bakı neftsənayesi pavilyonu olmuşdur. Hansı ki, böyük sahəni-18 sajın ərazini əhatə edirdi.
XIX əsrin sonlarından etibarən elm və texnikanın inkişafı ilə əlaqədar olaraq artıq kustar sənaye və sənətkarlıq sahələri yavaş-yavaş tənəzzülə uğramağa başladı. Əl əməyini müxtəlif dəzgahlar, maşınlar əvəz etməyə başlamışdır.

 
Müəllif: Zərifə Əhmədova ARDTA-nin aparıcı arxeoqraf
Mənbə: milliarxiv.gov.az
Top