5,3 min kvadrat kilometr ərazisi olan Naxçıvan torpağı ölkə ərazisinin cəmi 6,4 faizini təşkil etsə də, iqlim və relyefi, flora və faunası, Yerin təkindəki təbii sərvətləri ilə zəngindir. İqlimi quru və kantinental, relyefi əsasən dağlıq və dağ ətəyi ərazidən ibarət olan bu diyarın flora və faunası ilk baxışda yoxsul və çılpaq görünür. Amma ərazi cəhətdən bir o qədər böyük olmayan bu regionda ali bitkilərin 2963 növünə rast gəlinir ki, onların da 73-ü mədəni floraya daxildir. Heyvanların növ tərkibi və miqdarı isə siniflər üzrə Azərbaycan faunasının 60-80 faizini təşkil edir.
O ki qaldı bölgədə Yerin təkindəki və üzərindəki sərvətlərin bolluğuna, Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olan akademik Mirəli Qaşqayın dağ-mədən ehtiyatlarına görə Naxçıvanı “Azərbaycanın Uralı” adlandırmasını xatırlatmaq kifayətdir. Akademik Naxçıvanı həmçinin sərvətlərinin zənginliyinə görə torpaqlarımızın “şah damarı” adlandırıb.Geologiya-mineralogiya elmləri ilə məşğul olan alimlərimiz bu diyarı “təbii bulaqlar muzeyi” adlandırıblar. Hələlik bu “muzeyin” 250-dən artıq ekspanatı aşkar olunub. Onların gündəlik debiti də az deyil. Hesablamalara görə, gün ərzində regiondakı mineral su mənbələri yer səthinə təxminən 24 milyon litr su axıdır. Onların da çox az bir hissəsindən istifadə olunur. Onu da deyək ki, hər damlasında həyat nümunəsi olan bu mineral bulaqlar (xüsusilə müalicə əhəmiyyətli sular) adamlara qədim zamanlardan məlum olub. Yerli əhali həmişə dirilik, şəfa suyu olan bu bulaqlardan bəhrələnib, onların müalicə qüdrətinə: “Tanrı ocağı”, – deyərək möhkəm inam bəsləyib. Elə o vaxtlardan da həmin mənbələrin ətraflarında yaşayış məskənləri salınıb. Sirab kəndi yaxınlığındakı Daşqala mağarasını buna misal göstərmək olar. Deyilənə görə, burada ibtidai icma dövrünün adamları yaşayıblar. Badamlı kəndi yaxınlığındakı nekropol isə orta əsrlərə aid arxeoloji abidədir. Naxçıvan şəhərinin ilkin adları olan Naksuana və Naşəva sözləri də öz mənalarını bu “tanrı ocağı”ndan götürüblər.
Sən demə, Naşəva farsca “xoş su” mənasını verdiyi kimi, Naksuana da türk dillərində “xeyirxah su yeri” deməkdir. Tarixən də Naxçıvan şəhərinin ətrafı həmişə mineral su yataqları ilə zəngin olub.
İri çay vadilərində və onların yaxınlığında yerləşən mineral bulaqlar heç də muxtar respublika ərazisində bərabər səviyyədə paylanmayıblar. Bu sarıdan Şahbuz rayonun qismətinə daha çox pay düşüb. Ərazisindəki çay vadiləri boyu 40 kvadrat kilometrlik sahədə 50-dək mineral su mənbəyi aşkar olunub. Culfa rayonunda 85 mineral su bulağı qeydə alınıb. Babək rayonunda isə 50 mineral-müalicə su mənbəyi öyrənilib.
Tədqiqatçıların fikrincə, mineral bulaqların formalaşmasında relyefin, çay şəbəkəsinin, yarandıqları geoloji mühitin, iqlimin böyük əhəmiyyəti olub. Alimlər həm də bu qənaətdədir ki, bu suların yüksək kimyəvi-balneoloji xüsusiyyətlərə malik olmalarında onların müxtəlif tərkibli və yaşlı çöküntülərdən çıxması önəmli rol oynayır. Bu halda bulaq suları yeraltı süxurların bütün müsbət keyfiyyətlərini özləri ilə bərabər yerin səhtinə çıxarırlar. Nəzərə alsaq ki, ərazidə ən qədim su süxurlarının yaşı 400 milyon il ilə 500–700 min arasında dəyişir.
AMEA-nın Naxçıvan bölməsinin əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova deyir ki, mineral suların müalicəvi xüsusiyyətləri onların tərkibindəki 6 əsas ionla müəyyən edilir: natrium, kalsium, maqnezium, xlor, sulfat və hidrokarbonat. Bu suların tərkibinin müxtəlifliyi isə altı elementin müxtəlif nisbətlərdə birləşməsindən asılıdır. Əgər hidrokarbonat və natrium ionu suda üstünlük təşkil edirsə, təbii ki, bu halda onlar hidrokarbonatlı-natriumlu, yəni məşhur “Barjomi” tipli suları təşkil edir. Naxçıvandakı “Sirab”la yanaşı, “Gülüstan” (Culfa), “Nəvi” (Ordubad), “Biçənək” (Şahbuz) mineral suları da bu tipə aiddir. “Narzan” sularında isə müxtəliflik maqnezium, kalsium və sulfat ionlarının birləşməsindən əmələ gəlir. Şahbuz rayonundakı “Badamlı”, “Gicdəsər”, “Karvansara”, “Sələsüz”, Culfadakı “Dingə”, “Nəsirvaz”, Babək rayonundakı “Qızılburun” bulaqları da bu suların anoloqudur.
Müəllif: Məmməd Məmmədov, “525-ci qəzet”, 2010-cu il
Mənbə: AZƏRBAYCAN DİLİ 11 Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün Azərbaycan dili (tədris dili) fənni üzrə DƏRSLİK