Günəşli saatların illik miqdarı günəş radiasiyasının paylanmasından asılıdır. Azərbaycanda günəşli saatların illik miqdarı 1800-2900 saat arasında dəyişir. Bu göstərici Naxçıvan MR-in Arazboyu düzənliklərində maksimuma çatır (2900 saat/il). Kür-Araz ovalığında, Ceyrançöldə, Abşeron yarımadasında günəşli saatların miqdarı ildə 2200-2400 saata bərabərdir. Böyük və Kiçik Qafqaz dağlarının dağətəyi və orta dağlıq ərazilərində buludluluğun artması ilə əlaqədar olaraq günəşli saatların miqdarı xeyli azalır.
Yüksək dağlıq qurşaqlarda buludluluq azaldığından günəşli saatların miqdarı yenidən artır (2100-2400 saat/il). Günəşli saatların ən aşağı göstəricisi alçaq dağlıq ərazilərdə, Lənkəran ovalığında və Şollar düzündə (1800−2000 saat/il) müşahidə edilir.
Günəşli saatların miqdarı ilə günəş radiasiyasının paylanması arasında hansı qanunauyğunluğu müşahidə etdiniz?
Günəşli saatların miqdarı havanın temperaturunu müəyyənləşdirən ən mühüm amillərdən biridir. Düzənliklərdən dağlara doğru havanın temperaturu azalır: Kür-Araz ovalığında orta illik temperatur +14,5°C olduğu halda, orta dağlıqda +4°… +5°C, dağların yüksək zirvələrində isə 0°C olur. Yanvar və iyul aylarının orta temperaturlarının da paylanmasında müxtəliflik müşahidə olunur.
Azərbaycanda temperatur şəraiti və günəşli saatların miqdarı enerji istehsalını artırmaq üçün geniş imkanlar açır. Ölkədə il ərzində 300 günəşli günün olması nəinki düzənlik ərazilərdə, hətta dağlıq rayonlarda da günəş enerjisi istehsal edən stansiyalar tikməyə imkan verir. Günəş energetikasının inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini həll edə bilər.
Günəş stansiyaları İES-lər kimi havanı çirkləndirmir və istixana effekti yaratmır, lakin onların işləməsi atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılıdır.
Azərbaycanda artıq günəş enerjisindən istifadə edilməsinə başlanmışdır. 2012-ci ildə Sumqayıtda tikilən “Azgüntex” zavodunda günəş enerjisi ilə işləyən işıqlandırma sistemləri, günəş panelləri istehsal edilir.
Müəllif: Yaqub Qəribov, Oktay Alxasov, Şərafət Hüseynli, Məhbubə Babayeva
Mənbə:Coğrafiya — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Coğrafiya fənni üzrə DƏRSLİK