Azərbaycanın iri relyef formaları tektonik proseslər nəticəsində əmələ gəlmişdir. Bu formalar yüz və minlərlə kvadrat kilometr əraziləri əhatə edən tektonik zonaları əmələ gətirir.
Tektonik zonalar Yer qabığının üfüqi və şaquli hərəkəti nəticəsində yaranır. Şaquli tektonik hərəkətlər qalxan və ya enən ola bilir. Qalxan hərəkətlər tektonik qalxma zonaları, enən hərəkətlər isə tektonik çökmə zonalarını əmələ gətirir.
Azərbaycan Respublikasının ərazisi Şərqi Avropanın litosfer tavası ilə Ərəbistan litosfer tavasının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay qırışıq zonasına daxildir. Azərbaycan ərazisi 5 iri tektonik zonaya ayrılır:
1. Ön Qafqaz çökmә (әyilmә) zonasına Samur-Dәvәçi ovalığı, Şollar düzü aiddir.
2. Böyük Qafqaz qalxma zonasına Böyük Qafqazın cәnub vә şimal-şәrq yamacı, Abşeron-Qobustan vә hәmçinin dә Qusar maili düzәnliyinin әsas hissәsi daxildir.
3. Kür çökәkliyi zonasına Qanıx-Әyriçay çökәkliyi, Acınohur-Ceyrançöl öndağlığı vә Kür-Araz ovalığı aiddir.
4. Kiçik Qafqaz qalxma zonası bütün Kiçik Qafqaz dağlarını, (o cümlәdәn, Naxçıvanın dağlıq hissәsini) vә Talış dağlarını әhatә edir.
5. Araz cavan platformasına Naxçıvanın Arazboyu maili düzәnliklәri daxildir.
Tektonik proseslər nəticəsində süxurlarda tektonik qırılmalar əmələ gələ bilər.
Belə qırılmalar relyefdə aydın əks olunur. Azərbaycanda düzənlik və dağlar arasındakı sərhədlər tektonik qırılmalar boyu keçir. Qırılmalar boyunca dağ yamacları dik olur, tez-tez sürüşmələr baş verir. Bu ərazilərdə termal və mineral suların Yer səthinə çıxması ehtimalı böyükdür.
Azərbaycanın çox hissəsi 7–8 ballıq, Gəncəətrafı ərazilər, Naxçıvanda Qapıcıq zirvəsi ətrafı və Böyük Qafqazın cənub yamacı (xüsusilə Şamaxı və onun ətrafları) 9–10 ballıq zəlzələ zonasına aiddir.
Azərbaycan ərazisi mürəkkəb geoloji quruluşa malikdir. Geoloji quruluş hər hansı bir ərazidə süxurların xüsusiyyətləri, yəni onların yaşı, mәnşәyi və yatım istiqamәtlәrini əks etdirir, milyon illər ərzində formalaşır.
Azərbaycanda ən qədim süxurlar Naxçıvanda (Dərələyəz silsiləsində və Sədərək qalxmasında) və Kiçik Qafqazın şimal hissəsində (Tovuzçay, Zəyəmçay, Əsrikçay hövzələrində) aşkar edilmişdir. Onların yaşı 400–450 milyon ildən çoxdur.
130–250 milyon il əvvəl Azərbaycanın indiki ərazisi Tetis okeanı suları ilə örtülü olmuşdur. Böyük və Kiçik Qafqazın yerində hündür olmayan adalar mövcud olmuşdur.
1,5–1,8 milyon il əvvəl hazırda mövcud olan düzənliklər üzə çıxmış, dağların mütləq hündürlüyü isə artmışdır.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova