Azərbaycanda Günəş radiasiyasının illik miqdarı 120–160 kkal/sm2 arasında dəyişir. Bu rəqəm Naxçıvanda maksimuma çatır. Şərur-Ordubad düzündə 148–150 kkal/sm2, yüksək dağlıq zonada isə artaraq 152–160 kkal/sm2 təşkil edir. Kür-Araz ovalığında günəş radiasiyasının qiyməti 128–132 kkal/sm2-dir. Orta dağlığa doğru, radiasiyanın miqdarı azalır və 120–124 kkal/sm2-ə qədər enir.
Bunun səbəbi buludluluqdur. 1500–1600 m hündürlükdən sonra onun miqdarı yenə azdır, Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140–150 kkal/ sm2 təşkil edir.
Respublikamızda havanın orta illik temperaturu düzənlik ərazilərdə 14–14,5°C təşkil edir. Dağlara doğru 2000 m yüksəklikdə orta illik temperatur 4–5°C, 3000 m yüksəklikdə isə +1–2°C olur. Orta illik temperaturun 10°C-dən yüksək olması əkinçilik üçün böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasında atmosfer yağıntılarının miqdarına, mövsümi və illik paylanmasına təsir edən əsas amillər – hava kütlələri, ərazinin relyefi və Xəzər dənizidir. Respublika ərazisində ən az yağıntı Qobustanın cənub-şərqinə, Abşeron yarımadasının cənub sahilinə düşür: 150–200 mm-dən az.
Kür-Araz, Samur-Dəvəçi ovalıqları və Naxçıvanın, Arazboyu düzənliklərində illik yağıntının miqdarı 300 mm-dən azdır. Yağıntıların miqdarı Xəzər dənizi sahillərindən qərbə, düzənliklərdən dağlara doğru tədricən artır.
Dağlarda yağıntılar yüksəkliyə doğru artır. Ən çox yağıntı Talış dağlarında (1700–1800 mm) və Böyük Qafqazın cənub yamacında (1400–1600 mm) müşahidə olunur.
Respublikamızın digər dağlıq ərazilərindən fərqli olaraq Talış dağlarında yüksəklik artdıqca yağıntının miqdarı azalır, orta və yüksək dağlıq hissəsində (1300–1500 m-dən yüksək) və dağarası dərələrdə onun miqdarı azalaraq, hətta 250–300 mm-ə bərabər olur.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova