Aran rayonu

Aran rayonu

Aran iqtisadi rayonu Azərbaycanın ən iri iqtisadi rayonu olub, tərkibinə 16 kənd rayonu (Yevlax, Ağdaş, Ucar, Göyçay, Salyan, Beyləqan, Zərdab, Kürdəmir, Hacıqabul, Bərdə, Ağcabədi, Imişli, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad rayonları) və respublika tabeli Mingəçevir, Şirvan (Əli-Bayramlı) və Yevlax şəhərləri daxildir. Aran - Azərbaycanın ən çox respublika tabeli şəhəri olan iqtisadi rayonudur. (cəmi 3). Aran iqtisadi rayonu çox əlverişli coğrafi mövqeyə malikdir. O şimalda Böyük Qafqaz, cənub-qərbdə Kiçik Qafqaz, cənubda Lənkəran coğrafi rayonları ilə, şərqdə Xəzər dənizi ilə həmsərhəddir. Cənubi Qafqazın Xəzər və Qara dəniz sahillərini birləşdirən əsas nəqliyyat xətləri (dəmir və şosse yolları). Aran iqtisadi rayonundan keçir. Bakını Azərbaycanın digər iqtisadi rayonları, Gürcüstan, Iran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları da bu rayonun ərazisindən keçir.
Relyefi. Ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən çökmə mənşəli Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərindən ibarətdir. Rayonda tikinti materialları; Muradxanlı, Şirvan (Əli-Bayramlı), Salyan və Neftçalada neft yataqları var. Rayonda çökmə mənşəli süxurlar geniş yayıldığından, filiz yataqların yoxdur.
Aran iqtisadi rayonu Azərbaycanın ən çox elektrik enerjisi istehsal edən və 2-ci mühüm neft, təbii qaz hasil edən rayonudur. Mingəçevir Azərbaycanın ən böyük elektroenergetika mərkəzi sayılır. Burada Azərbaycanın ən iri S.E.S-i və I.E.S-i fəaliyyət göstərir. Mingəçevirdan sonra Azərbaycanın 2-ci böyük elektroenergetika mərkəzi Şirvandır. (Əli-Bayramlı). Burada 1958-ci ildə Avropada ilk açıq tipli D.R.E.S. tikilmişdir.
Bu regionda Kür və Araz çaylarının hidroenerji ehtiyatlarından başqa, Günəş enerjisindən də elektrik enerjisi almaq mümkündür.
Sənayesi -yanacaq-energetika, kimya, maşınqayırma, tikinti materialları, yüngül (əsasən toxuculuq) və yeyinti sahələrindən ibarətdir. Bu sahələr əsasən iqtisadi rayonun Mingəçevir-Yevlax və Şirvan (Əli-Bayramlı)-Salyan sənaye qovşaqlarında cəmləşib. Bundan başqa bütün rayon mərkəzlərində yeyinti sənayesi müəssisələri var. Neftçalanın Bankə qəsəbəsində balıq-konserv, Imişlidə şəkər, Kürdəmirdə şərab, Göyçayda şərab və konyak zavodları tikilib. Aran iqtisadi rayonu iri pambıqçılıq rayonu olduğundan burada 14 pambıqtəmizləmə zavodu tikilib. Neftçalada neft mədənlərindən çıxan buruq suları hesabına yod-brom zavodu işləyir.
K/t. Ərazinin düzən və quru subtropik iqlimdə yerləşməsi əkinçiliyin heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə səbəb olmuşdur Lakin ərazinin çox quraq olması irriqasiyaya (süni suvarma) səbəb olub. Suvarmada Mingəçevir, Varvara, Bəhramtəpə su anbarlarından , Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarından istifadə olunur. Lakin buradakı torpaqlar normadan artıq suvarıldığından şor qrunt suları yer səthinə yaxın yerləşib. Qrunt sularının səviyyəsini aşağı salmaq və şoran torpaqları yumaq üçün Aran iqtisadi rayonunda ən sıx kollektor-drenaj şəbəkəsi yaradılıb. Abşerondan fərqli olaraq Aran iqtisadi rayonu k/t-nın müxtəlif sahələri - pambıqçılıq, üzümçülük, taxılçılıq, quru subtropik meyvəçilik (heyva və nar) və heyvandarlıq üzrə ixtisaslaşıb. Bu rayonda həmçinin tərəvəzçilik və bostançılıq inkişaf edib.
Qış mülayim keçdiyindən regiondan qış otlaqları kimi istifadə olunur. Aran iqtisadi rayonu həm də Azərbaycanın ən böyük baramaçılıq rayonudur. (60-70%)
Problemləri. Torpaqların şoranlaşması, səhralaşma, quraqlıq, Xəzər sahili ərazilərin su altında qalması. Rayonda əsən ağ və qara yel təsərrüfatın inkişafına mənfi təsir göstərir.

Rayonun tranzit mövqeyə malik olması, hamar düzənlik və yaşayış məntəqələrinin çox olması nəticəsində Aran iqtisadi rayonunda sıx və böyük uzunluğa malik nəqliyyat şəbəkəsi yaradılmışdır. Bakı-Supsa neft kəmərinin bir hissəsi bu rayon ərazisindən keçir.
Mingəçevir, Şirvan (ƏI-Bayramlı), Yevlax və Salyan regionun ən iri şəhərləri olub, sənaye qovşaqları əmələ gətirir.

Top