Azərbaycanda metallugiya

Azərbaycanda metallugiya

Ölkəmizdə metallurgiya sənayesinin inkişafı üçün aşağıdakı imkanlar var:
1. Bol və rəngarəng xammal bazasının və müxtəlif metal tullantılarının olması.
2. Yerli enerji ehtiyatlarının - neft və təbii qazın olması.
3. Metal tələbatlı sənaye və tikinti sahələrinin olması.
4. Təcrübəli kadr və əmək ehtiyatlarının olması.
5. Mövcud maddi-texniki baza əsasında yeni sahələrin yaranma imkanı.
Metallurgiya 2 yerə - qara və əlvan metallurgiyaya ayrılır. Qara metallurgiyaya - dəmir filizinin çıxarılması və saflaşdırılması, çuqun və poladın əridilməsi, prokat və ferroərintilərin istehsalı daxildir. Azərbaycanın ən iri qara metallurgiya mərkəzləri - Sumqayıt, Bakı və Daşkəsəndir. Daşkəsən Azərbaycanın ən iri dağ-mədən sənayesi mərkəzidir. Daşkəsəndəki dəmir filizi yatağı yaxınlığında filiz saflaşdırma kombinatı fəaliyyət göstərir. Sonra bu kombinatdakı filiz Gürcüstanın Rustavi şəhərindəki metallurgiya zavoduna göndərilir. Çünki Azərbaycanda dəmir filizinin əridilməsi üçün kokslaşan daş kömür yoxdur. Sumqayıtdakı boru-prokat zavodunda isə qara metallurgiyanın son məhsulu olan boru və prokat hazırlanır. Azərbaycanda boru-prokat istehsalının yaradılması neft-qaz sənayesinin inkişafı ilə əlaqədardır.
Maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar Abşeronda təkrar metal emalı zavodları və kiçik metallurgiya sexləri fəaliyyət göstərir. Azərbaycanda qara metallurgiyanın inkişafında Qazax rayonunun Daş Salahlı kəndindəki bentonit gil yatağının rolu böyükdür. Bu gildən polad əridilməsində istifadə olunur. Yuxarıda göründüyü kimi qara metallurgiya aşağıdakı mərhələlərdən keçir: dəmir filizinin çıxarılaraq, saflaşdırılması → çuqun →polad → prokat.
Əlvan metallurgiyanın Azərbaycanda güclü inkişaf etdirilməsi üçün kifayət qədər elektrik enerjisi, alunit, molibden, civə və polimetal filiz yataqları mövcuddur. Əlvan metallurgiya aşağıdakı müəssisələrdən ibarətdir: Sumqayıt və Gəncə alüminium zavodları, Bakı və Gəncə əlvan metalların emalı zavodları, Sumqayıt alüminium prokat zavodu.
Bol xammal və elektrik enerjisinin olması nəticəsində əlvan metallurgiya sənayesi Abşeron, Gəncə-Qazax və Naxçıvan bölgəsində daha güclü inkişaf edib; Şəki-Zaqatala, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın bölgələrində isə gələcəkdə inkişaf etdirmək olar. Azərbaycanda alüminium sənayesi Gəncə və Sumqayıtda daha güclü inkişaf etmiş; alüminium oksidi və alüminiumun istehsalı mərhələlərindən ibarətdir. Daşkəsəndəki Zəylik alunit yatağı və bol elektrik enerjisi hesabına Gəncə zavodu fəaliyyət göstərir. Bu zavodda alüminium oksidi, sulfat turşusu, kalium gübrəsi və s. istehsal olunur.
Azərbaycanda metallurgiyanın ən gənc sahəsi ovuntu metallurgiyasıdır. Bakıda müxtəlif ovuntulardan hazır metal məmulatları istehsal olunan zavod fəaliyyət göstərir. Azərbaycanda metallurgiyanın inkişaf etdirilməsi üçün hər bir şərait - bol xammal və enerji, yüksək ixtisaslı kadrlar var.
Metallurgiya küllü miqdarda xammal və yanacaq istifadə etdiyindən, bu sahəyə aid zavodları xammal və ya yanacaq ehtiyatlarının yaxınlığında, bəzən isə onların arasında yerləşdirirlər.

Top