Böyük Qafqaz vilayətinin iqtisadi rayonları

Böyük Qafqaz vilayətinin iqtisadi rayonları

Bu vilayətin tərkibinə Respublika tabeli Bakı, Şəki, Sumqayıt şəhərləri, 17 kənd rayonu və 4 (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq-Şirvan) iqtisadi rayonları daxildir.

Abşeron iqtisadi rayonu
Tərkibinə Abşeron və Xızı kənd rayonları, respublika tabeli Sumqayıt və Bakı şəhərləri daxildir.
Faydalı qazıntıları. Rayon neft-qaz, tikinti materialları, palçıq vulkanları, Şıx və Suraxanı mineral bulaqları ilə zəngindir. Rekreasiya ehtiyatları ilə zəngin olan bu rayonun Xəzər sahili qumlu çimərliklərində balneoloji kurort kompleksi yaradılıb. Bu rayon Azərbaycanda yeganə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. Bu səbəbdən rayonda S.E.S. tikmək qeyri mümkündür. Içməli suya olan tələbatı ödəmək üçün Samur-Abşeron kanalı, Ceyranbatan su anbarı, Şollar və Kür su kəmərlərindən geniş istifadə olunur.
Problemləri. Azərbaycan ən ağır ekoloji gərginliyə malik olan rayondur. Buradakı neft-kimya zavodları və avtomobillər havanı, neft və çirkab sular dənizi çirkləndirir. Neftlə çirklənmiş torpaqların rekultivasiyaya ehtiyacı var. Xəzərin səviyyəsinin qalxması nəticəsində sahil əraziləri su altında qalmışdır.
Əhalisi. Bu rayon Azərbaycanın ən sıx və çox məskunlaşmış ərazisidir. Rayonun yüksək urbanizasiyalaşmasının səbəbi -çoxsahəli sənayenin inkişafı, yüksək mexaniki artım və paytaxt amilidir. Rayonun əhalisi çoxmillətlidir. Burada 60-dan çox xalqın nümayəndəsi yaşayır.
Sənayesi. Rayonun təbii şəraiti və təbii ehtiyatları onun təsərrüfatının ixtisaslaşmasına təsir edən əsas amillərdir. Rayon Azərbaycanın ən böyük sənaye mərkəzi olub, Bakı-Sumqayıt sənaye qovşağına malikdir. Rayonda yanacaq-energetika, metallurgiya, maşınqayırma, kimya, yüngül və yeyinti sənaye sahələri güclü inkişaf edib. Bu rayon Azərbaycanın ən iri neft və qaz çıxarma rayonudur.
Abşeronda maşınqayırmanın elektrotexnika və neft maşınqayırma sahəsi daha güclü inkişaf edib. Maşınqayırmanın inkişafı və metal tullantılarının çoxluğu ilə əlaqədar Abşeron iqtisadi rayonunda təkrar metal emalı zavodları və kiçik metallurgiya sexləri fəaliyyət göstərir. Rayonda mədən sularından yod istehsal edən müəssisələr fəaliyyət göstərir.
Sahil qəsəbəsindəki sement və dərin dəniz özülləri zavodu rayonun ən iri müəssisələrindəndir. Rayonda həmçinin balıq sənayesi, şüşə və şüşə məmulatları hazırlayan müəssisələrdə mövcuddur.
Kənd təsərrüfatı. Rayonda quru subtropik meyvəçilik (ağ və qara şanı üzüm sortları, badam, püstə, əncir, zeytun), tərəvəzçilik, zəfəran (Bilgahda), ətlik-südlük maldarlıq inkişaf edib. Abşeronda ilan zəhəri alınan müəssisə fəaliyyət göstərir.
Nəqliyyatı. Rayon əlverişli iqtisadi coğrafi mövqeyə malik olduğundan sıx nəqliyyat şəbəkəsinə malikdir. Azərbaycanın ən mühüm dəmir, avtomobil, su və hava yolları buradan başlayır.
Rayonun ən iri şəhərləri Bakı və Sumqayıtdır. Bakı Qafqazın ən iri şəhəri olub, Azərbaycanın paytaxtı olmaqla yanaşı, onun iqtisadi, siyasi və mədəniyyət mərkəzidir. Inzibati cəhətdən Bakı 48 şəhər tipli qəsəbədən və 11 şəhər rayonundan (Səbail, Nəsimi, Nərimanov, Nizami, Suraxanı, Sabunçu, Yasamal, Xətai, Əzizbəyov, Qaradağ, Binəqədi) ibarətdir. Böyük Bakı Abşeron yarımadasının əsas hissəsini, Abşeron və Bakı arxipelaqlarını və Qobustanın bir hissəsini əhatə edir. Bakının ən iri müəssisələri Səttərxan və Keşlə neftayırma zavodları, kondisioner, soyuducu, şin, şüşə və s. zavodlarıdır.
Sumqayıt 1949-cu ildə Bakıdan 35 km aralıda salınıb. O, Azərbaycanın sənaye gücünə görə 2-ci, əhalisinin sayına görə isə 3-cü şəhəridir. Sumqayıt-kimyaçılar, metallurqlar və energetiklər şəhəridir. Ən iri müəssisələri alüminium, boru-prokat, sintetik kauçuk, superfosfat zavodları və kimya-sənaye birliyidir. Sumqayıt Azərbaycanın ekoloji cəhətdən ən böhranlı sahəsidir. Sumqayıt Bakı ilə birlikdə daha böyük şəhər-yaşayış məntəqəsi olan Bakı-Sumqayıt aqlomerasiyasını əmələ gətirir. Bura həm də Abşeronda olan şəhər tipli qəsəbələr də daxildir.

Quba-Xaçmaz iqtisadi rayonu
Azərbaycanın şimal-şərqini əhatə edən və Rusiya ilə həmsərhəd olan bu rayona Xaçmaz, Quba, Dəvəçi, Qusar və Siyəzən rayonları daxildir.
Relyefi. Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü (4466 m) və ən aşağı nöqtəsi olan Xəzər sahili ovalığın (-26 m) yerləşdiyi bu rayon relyef xüsusiyyətinə görə 4 hissəyə bölünür: düzənlik, dağətəyi, orta və yüksək dağlıq.
Təbii ehtiyatları. Müxtəlif tikinti materialları (qum, gil, çınqıl), Siyəzəndə neft; Qubada Cimi, Xaşı, Xaltan; Dəvəçidə Qalaaltı mineral bulaqları var. Rayonda filiz faydalı qazıntıları yoxdur. Bakıya gətirilən Şollar su kəməri Xaçmazın Şollar düzündən başlanır. Zəngin rekreasiya ehtiyatlarına malik bu rayon Azərbaycanın düzənlik meşələrinin Xəzər dənizi sahilində uzanan yeganə sahəsidir. Meşə ehtiyatları ilə zəngindir.
Əhalisi çoxmillətlidir. Burada Azərbaycanlılardan başqa ləzgi, rus, yəhudi, tat və s. xalqlar da yaşayır.
Sənaye xeyli zəif inkişaf edib. Regionda sənayenin yüngül və yeyinti sahələri inkişaf edib. Ən iri müəssisələri meyvə-tərəvəz kompleksi, şərab zavodu, xalça fabrikləridir. Bundan başqa Siyəzəndə neft və qaz hasilatı, Quba elektrotexnika zavodu, Xaçmazda qara metal tullantılarının emalı sexi fəaliyyət göstərir.
Nəqliyyat. Region əlverişli iqtisadi mövqeyə malik olduğundan ərazidən Bakı-Dərbənd dəmir yolu, sıx avtomobil yolları, neft-qaz və su kəmərləri keçir.
Kənd təsərrüfatı. Regionda qar və buzlaqlarla qidalanan sıx çay şəbəkəsinə malik olduğundan Samur-Dəvəçi ovalığında suvarma əkinçiliyi inkişaf edib. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycanın tumlu meyvəçiliyinə (xüsusilə alma) görə 1-ci, tərəvəzçiliyə (gecyetişən) görə 2-ci rayonudur. Bundan başqa rayonda kartofçuluq, taxılçılıq, üzümçülük, heyvandarlıq inkişaf edib.
Regionda respublika tabeli şəhər yoxdur. Ən böyük şəhərləri Xaçmaz və Qubadır.

Şəki-Zaqatala iqtisadi rayonu
Gürcüstan və Rusiya həmsərhəd olan və Azərbaycanın şimal-qərbini əhatə edən bu rayona Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları və respublika tabeli Şəki şəhəri daxildir. Rusiya ilə sərhəddə Baş Qafqaz Suayrıcı silsiləsi yerləşdiyindən burada heç bir sərhəd-keçid məntəqəsi yoxdur.
Təbii ehtiyatları. Balakəndə Filizçay polimetal yatağı, müxtəlif tikinti materialları var. Azərbaycanın mis ehtiyatının hamısı, kükürd kolçedanının 90%-i qurğuşun və sinkin 97-99%-i bu rayondadır. Rayon zəngin meşə və su ehtiyatına malikdir.
Əhalisi çox millətlidir. Burada azərbaycanlılardan başqa gürcü, udin, avar, ləzgi və s. xalqlar yaşayır.
Sənayesi zəif inkişaf edib. Əsasən yerli k/t xammalı əsasında yeyinti və yüngül sənaye sahələri inkişaf edib. Regionda meyvə-tərəvəz konserv zavodları, Zaqatalada fındıq zavodu və çay fabriki, Şəkidə ət kombinatı, tütün və şərab zavodu var.
Azərbaycanın ən iri ipək parça toxuma kombinatı Şəkidədir. Azərbaycanda yeganə qızılgül yağı istehsal edən Zaqatala parfumeriya-kosmetika fabriki var.
Gələcəkdə polimetal filiz yatağının istismarı rayonun sənayesinin inkişafına böyük təkan verəcək.
K/t. Rayon Azərbaycanda qərzəxli (qoz, fındıq, şabalıd) meyvəçilik və tütünçülük üzrə l-ci yer tutur. Bundan başqa rayonda baramaçılıq, çayçılıq (Lənkərandan sonra 2-ci yer), çəltikçilik, üzümçülük, taxılçılıq və qoyunçuluq da inkişaf edib.
Nəqliyyat. Əsas yolu Yevlax-Balakən dəmir və şosse yoludur.
Şəki Azərbaycanın 6-cı, regionun isə ən iri şəhəridir. O Azərbaycanın əsas ipəkçilik mərkəzidir. Regionun 2-ci böyük şəhəri Zaqataladır.

Dağlıq Şirvan iqtisadi rayonu
Tərkibinə Şamaxı, Ismayıllı, Ağsu və Qobustan rayonları daxildir.
Təbii ehtiyatları: neft, qaz, yanar şist, tikinti materialları, palçıq vulkanları, mineral bulaqlar.
Əhalisi zəif məskunlaşıb. Əsasən kəndlərdə yaşayır.
Sənayesi – relyefi dağlıq olduğundan zəif inkişaf edib. Əsas sahələri şərabçılıq və xalçaçılıqdır. Burada məşhur «Kaqor» və «Mədrəsə» şərabları; «Sumax» və «Şirvan» xalçaları; Şamaxı və Basqalda ipək kəlağayılar hazırlanır. Son illərdə Şamaxıda-televizor və avtomobil zavodları tikilib.
K/t. Əkinçiliyə nisbətən heyvandarlıq daha yaxşı inkişaf edib. Dəmyə şəraitində üzüm və taxıl əkilir.
Relyefi dağlıq olduğundan – avtomobil nəqliyyatı daha güclü inkişaf edib.
Azərbaycanda yeganə rəsədxana Şamaxı şəhərindən 22 km aralıdadır.

Top