Azərbaycanın geoloji quruluşu

Azərbaycanın geoloji quruluşu

Azərbaycan Şərqi Avropa tavası ilə Afrika-Ərəbistan tavalarının toqquşduğu sərhəddə yerləşir. Ərazi tamamilə Alp-Himalay geosinklinalının tərkibinə daxildir. Tava toqquşması nəticəsində Mezozoy erasında K.Qafqaz, Naxçıvan və Talış dağlarında vulkanlar püskürmüşdür. Sönmüş vulkanlar Qarabağ vulkanik yaylasında daha geniş yayılıb. Böyük Işıqlı, Qızılboğaz və Gəlinqaya bu yaylanın ən iri sönmüş vulkanlarıdır. Kaynazoyda B.Qafqaz güclü tektonik qalxmaya məruz qalmış, Kür-Araz ovalığı isə çökmüşdür.
Azərbaycanda ən qədim süxurlar Kembriyə qədərki, yəni Proterezoy yaşlı olub, Naxçıvanda-Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Zəyəmçay (Əsrikçay) hövzəsində üzə çıxıb. Onların yaşı 400-450 milyon ildir.
B. və K.Qafqaz dağlarında Mezozoy erasının gilli şistləri, vulkanik süxurları, əhəng və qum daşları 130-250 mln. il yaşındadır.
Ən cavan süxurlar Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqlarında IV dövrə aid olub, qalınlığı 10 km-dir. Xəzərin sahilindəki qum tirələri və balıqqulaqları ən cavan süxurlardır.
Ümumiyyətlə Azərbaycan ərazisi gənc olduğundan Kaynazoy yaslı süxurlar daha geniş yayılıb.
IV dövr vulkan püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavaları Qarabağ vulkanik yaylasında geniş yayılıb. Lava soyuyaraq çınqıla çevrilib. Məsələn: Ayıçınqılı, Pəriçınqılı, Qırmızıdağ və s. Azərbaycanın ən iri sönmüş vulkanları Böyük Işıqlı və Qızılboğaz Qarabağ vulkanik yaylasındadır.

Geoloji quruluşun mürəkkəb olması, yəni ərazinin sıxılması nəticəsində Azərbaycanda 5 tektonik zona yaranıb.
1. Böyük Qafqaz qalxması. Bu zonaya B.Qafqazın Cənub yamacı, Abşeron-Qobustan daxildir.
2. Kiçik Qafqaz qalxması. Bura bütün K.Qafqaz (Naxçıvanın dağlıq hissəsi də) və Talış dağları aiddir.
3. Kür çökəkliyi. Bura Qanıx-Əyriçay, Acınohur-Ceyrançöl və Kür-Araz ovalığı aiddir.
4. Araz tektonik zonası. Bura Naxçıvanın Arazboyu maili düzənlikləri aiddir.
5. Ön Qafqaz çökəkliyi. Bura Qusar maili düzənliyi və Samur-Dəvəçi ovalığı aiddir.
Tektonik çatlar relyefdə aydın görünür. Düzənlik və dağlar arasında sərhəd çatlar boyunca keçir. Sınmalar boyunca sürüşmə və zəlzələlər olur, termal sular və mineral bulaqlar üzə çıxır, dağ yamacları dikdir, tektonik proseslər intensiv gedir.
Sürüşmələr: Çökmə süxurların daha geniş yayıldığı B.Qafqazın dağlıq əraziləri üçün səciyyəvidir. Sürüşmə dağ yamaclarında gilli süxurların üzərindəki qumlu-çınqıllı laylarda qrunt sularının toplanması nəticəsində yaranır. Sürüşmələr gur yağışlar, qarın əriməsi, zəlzələ və yamacın müvazinətini pozan təsərrüfat işləri nəticəsində daha da intensivləşir. Drenaj vasitəsi ilə sürüşmə zonalarında toplanan suları axıtmaqla, çılpaq yamaclarda ağac əkməklə, eninə şumlamaq və yamac bərkidici işlər görməklə sürüşmələrin qarşısını almaq olar.
Zəlzələlər. Azərbaycanın Alp qırışıqlığına daxil olduğundan fəal seysmik zonaya aiddir. Azərbaycanın əsas hissəsi 7 balliq, Gəncə ətrafı, Naxçıvanın Qapıcıq zirvəsi ətrafı və B.Qafqazın cənub yamacı (xüsusi Şamaxı sahələri) 8-9 ballıq zəlzələ zonasına aiddir.
Azərbaycanda 250 palçıq vulkanı var. (Dünyada 1-ci yer) Əsasan Abşeron-Qobustan və Cənub-Şərreqi Şirvanda geniş yayılıb. Ən hündürü Qobustandakı Torağay (400 m) vulkanıdır. Müəyyən olunub ki, palçıq vulkanları ilə neft-qaz yataqları arasında əlaqə vardır.
Həmçinin bax: Azərbaycanın relyefi
Top