Azadlıq, müstəqillik və məfkurə dönməzliyi rəmzi olan Babək (əsl adı Həsən olub) Cənubi Azərbaycanın Qaradağ vilayətinin Bilalabad kəndində doğulmuşdur. Gəncliyində sarvan olmuş, sonralar isə tacirlik etmişdir. 816-cı ildə Xürrəmilər hərəkatının başçısı, Bəzz qalasının sahibi xırda feodal Cavidan İbn Səhl öldürüldükdən sonra Babək ərəblərə qarşı üsyan qaldırıb mübarizəyə başlamışdır. Təəssüflər olsun ki, onun haqqında yalnız ərəb mənbələrinin məlumatları qalmışdır. Bu məlumatlardan aydın olur ki, Babək fiziki cəhətdən fövqəladə qüvvəli bir adam, azadlığı və əyilməzliyi həyatda hər şeydən uca tutan qeyri-adi natiq və nüfuzedici şəxsiyyətdir.
Onun iradəsi, gücü və ruhi əzəməti heyrət doğurur. Lakin sərkərdəlik məharətini, taktiki və strateji planlarını və onların geniş təsvirini təəssüf ki, müəyyən etmək olmur. Babəkin pis silahlanmış və lazımi döyüş təcrübəsi olmayan könüllüləri nizami ərəb qoşunlarına necə qalib gəlirdi? Ona görə Babəkin və sərkərdələrinin döyüş və qələbələrini yalnız sadalamaq məcburiyyətində qalırıq.
Nəhayətsiz bir imperiya — sərvəti, orduları, ehtiyatları tükənməz bir dövlətlə 20 illik mübarizənin səbəbini yalnız ideallarla bağlamaq əlbəttə sadəlövhlük olardı. Məgər ərəb qoşunlarının idealları yox idi? Əksinə, kafir və dinsizlərlə müharibədə ölmək onlara cənnət vəd edirdi.
Xürrəmilərin isə ölümündən sonrakı həyatları üçün belə xoş ümidləri yox idi. Babək tanınmış və təcrübəli ərəb sərkərdələrindən Yəhya İbn Müaz, İsa İbn Məhəmməd, Züreyq İbn Əli, Əhməd İbn Cüneyd, Məhəmməd Ət-Tusi, Buğa Əl-Kəbiri və başqalarını dönə-dönə məğlub etmişdir. Bunlar böyük sərkərdələr idi və döyüşlərdə on minlərlə əsgər öldürülürdü. Ümumi hesablamalara görə 15-20 il ərzində Babək yarım milyona yaxın ərəb döyüşçüsünü məhv etmişdir.
Mənbələrin məlumatlarından belə bir nəticəyə gəlmək olurdu ki, Babəkin «müttəfiqlərindən» biri ətraf yerlər — dağlar, dərələr və keçidlər olmuşdur. Babək və sərkərdələri ətrafın hər qarışına yaxşı bələd olduqlarına görə pusqular qurur, düşmənlərin ərzaq ehtiyatlarını ələ keçirib, onları çətin vəziyyətdə qoyurdular. Əbəs deyildir ki, xəlifə Mötəsim hakimiyyətə gələndən sonra ona qarşı mübarizənin taktikasını dəyişdi. Bizans ilə müqavilə bağlayıb bütün hərbi və iqtisadi potensialını Babəkə qarşı cəmləşdirdi. Ordu başçılığına mahir türk sərkərdələrini təyin etdi. Və onlar da ilk növbədə hər yanda qala və yollar inşa edərək gələn qoşunların, sursat və ərzağın təhlükəsizliyini təmin etməyə başladılar. Bu, istər-istəməz öz təsirini göstərirdi.
Gələcək məğlubiyyətin ikinci səbəbi Babəkin ən görkəmli sərkərdələrinin, xüsusilə Tərxan, Müaviyə və başqalarının həlak olması, nəhayət əvvəllər Babəklə əlbir olan alban və erməni feodal və knyazlarının ona qarşı satqınlığı idi. Ümumiyyətlə, qüvvələr qeyri-bərabər olanda əlbəttə zəif tərəf gec-tez məğlubiyyətə uğramalıdır. Babək üsyanı bundan artıq davam edə bilməzdi. Azərbaycan etnik, dini və ideoloji cəhətdən ərəb imperiyası kimi yekdil və yekcins deyildi. Əhalinin bir hissəsi bütpərəst, bir hissəsi artıq müsəlman, bir hissəsi də xristian idi. Bütün bu qarışıq din və ideologiyaları xürrəmlik içində əritmək əlbəttə çətin idi. Üsyan o zaman uğurla nəticələnir ki, sürətlə baş verib tam məqsəd əldə olunsun. Ərəbləri Azərbaycandan tamam silib qurtarmaq mümkün olmadı. Xilafətdən ardı-arası kəsilmədən yeni-yeni qüvvələr göndərirdi. Bu isə xalqın mübarizə əzmini yorur, tükəndirirdi. Nəhayət, üsyanın bütün ağırlığı və uğuru bir nəfərin — Babəkin üzərində idi. Doğrudur, Babək hələ gənc, qüvvəsi tükənməz, iradəsi dəmir idi. Lakin onun ətrafında heç olmasa ona yaxın, onun yarısı olan şəxsiyyətlər lazım idi. Babəkin Tərxan kimi köməkçiləri və silahdaşları olmalıydı.
Nə qədər ki, onlar vardı, xünəmilər məğlubiyyət nə olduğunu bilmirdilər. Elə ki, həlak oldular, Babək tək qaldı.
İşin tərsliyindən son nəticədə Babəkə qarşı başqa bir hərbi düha — xəlifəyə xidmət edən türk sərkərdəsi Afşin dayandı. Afşinin Babəkdən fərqi — onun hədsiz hiyləgərliyi, inadçılığı və dözümlüyü idi. Doğrudur, tədqiqatçıların müəyyən etdiyi kimi o, Babəklə əlbir olmağa, onunla birləşib xəlifəyə çıxmağa səy edirdi. Lakin Babək heç bir kompromisə gedə bilmir və bilməzdi. Və ümumiyyətlə bu adamlar hədsiz dərəcədə müxtəlif xarakterli olduqları üçün çətin ki, birləşə biləydilər. Onların istədikləri və planları da başqa-başqa idi.
Əlbəttə, Babək mübarizəsinin mənasız olduğunu görüb dayana bilər və özünü, ailəsini xilas edə bilərdi. Belə ki, onun artıq məğlub olduğu, Bəzz qalasının dağıldığı günlərdə xəlifədən bağışlanma haqqında etibarnamə gəldi.
Hələ bundan əvvəl də Afşin dönə-dönə xəlifə adından ona aman veriləcəyinə zamin olmuşdu. Amma Babək necə deyərlər «xüsusi materialdan hazırlanmış» satılmazlıq və sarsılmazlıq rəmzi idi. Əsirlikdən ona müraciət edən oğluna məktubunu oxuyanda insanın tükləri biz-biz olur. Oğul neyləmişdi? Sadəcə olaraq artıq məğlub olmuş atasına onun bağışlandığını xəbər verirdi. Görün Babək doğma oğluna nə yazırdı: «Ola bilər mən bu gündən sonra az yaşayım, lakin mənim üstümdə padşah (məlik) adı vardır və harada olsam, ya da mənim barəmdə harada nə desələr, mən padşah olaraq qalıram. Sən isə elə bir cinsdən əmələ gəlmisən ki, ondan bir nəfər ləyaqətli adam çıxmamışdır və ucadan hamıya deyirəm ki, sən mənim oğlum deyilsən, çünki qırx il alçaq kölə kimi ömür sürməkdənsə, bir gün rəhbər kimi yaşamaq yaxşıdır».
Babək əsir tutulandan sonra Afşin onu İraqa aparmamışdan nə arzusu olduğunu soruşur. Babək cavab verir ki, mən öz şəhərimə baxmaq istərdim. 837-ci il sentyabrın 15-də Babək dağıdılmış və yandırılmış Bəzzə baxdıqdan sonra Samirəyə aparılır. Babəkin ölümü insanın, qəhrəmanın xarakteri, amalı ilə onun ölümü arasındakı məntiqi bağlılıq, ümumiyyətlə dünya azadlıq mübarizəsi tarixində müstəsna hadisədir.
Bir çox orta əsr mənbələrində Babəkin edamı zamanı göstərdiyi mətanət və mərdliyindən bəhs olunur. Məsələn, əl-Xürrəmini Mötəsimin yanına gətirəndə, onun yaxın tərəfdarı əl-Məzyər dedi: «Ey Babək, sən heç kəsin görə bilmədiyi bir iş görmüsən. İndi də heç kəsin dözə bilmədiyinə sən dözməlisən». Babək ona belə dedi: «Sən mənim dözümümü görərsən».
Elə ki, onu Mötəsimin yanına gətirdilər, Mötəsim əmr etdi ki, Babəkin əllərini və ayaqlarını onun gözünün qabağında kəssinlər. Cəllad əvvəlcə onun sağ əlini kəsdi, qan axanda Babək bütün üzünü qana elə boyadı ki, üzündə zərrə qədər təmiz yer qalmadı. Mötəsim dedi: «Ondan soruşun görək nə səbəbə belə etdi?» Babəkdən soruşdular, o da belə cavab verdi: «Sən əmr etdin məni şaqqalasınlar, mənim edamım üçün sən öz vicdanınla cavab verəcəksən. Lakin buna şübhə ola bilməz ki, məndən axan qanı dayandırmağa sənin hökmün çatmaz və nə qədər ki, başını kəsilməmişdir, bu qan axacaqdır. Mən qorxuram ki, bütün qanım axıb qurtarsın, üzümün rəngi qaçıb solğunlaşsın, adamlar da belə düşünsün ki, guya mən elə əvvəldən ölümdən qorxmuşammış. Məhz buna görə mən belə etdim. Mən üzümü qana boyadım ki, rəngimin saralması görünməsin».
Mötəsim dedi ki, onun gördüyü və bağışlanmasına imkan verməyən işlər olmasaydı, bu faydalı adamı saxlamaq düzgün olardı. Və cəllada əmr etdi ki, edamı davam etdirsin. Cəllad Babəkin əl-ayağını kəsdikdən sonra başını da üzdü.