Hüseynqulu Xan

Hüseynqulu Xan

Çoxları bilir ki, I Pyotr, Puşkin, Lermontov, Çaykovski, Suvorov, Vrubel, Meyerxold kimi görkəmli şəxsiyyətlər mənşəcə rus deyildilər. Hətta bu xalqın adı ilə öyündüyü Aleksandr Nevski də tatar-monqol mənşəli olub. Rus ordusuna böyük qələbələr gətirən və zaman-zaman imperiya torpaqlarını genişləndirən ən istedadlı hərbçilərin də damarlarında türk, tatar, alman, polyak və başqa xalqların qanları axırdı. Və tarixən bu da bizə bəllidir ki, assimilyasiya edilmiş xalqların qulluq göstərmək ehtirası, qəddarlığı daha güclü olur. «Fəth olun Sibir, Yermak gəlir» misrasının müəllifi də, fatehin özü də rus deyildi.
Əgər bu ruslaşmış, qanları qarışmış hərbçilər olmasaydı bu gün Qafqazda Azərbaycan türkünün, onun dilinin necə geniş bir ərazidə yayılacağına şübhəmiz olmayacaqdı. Lermontov bu dili bütün «Şərqin açarı» adlandırmışdı. Birləşdirici dil kimi Dağıstan xalqları Azərbaycan dilini istəyirdi. Tiflis, az qala bütün Gürcüstan bu dilə böyük ehtiramla yanaşırdı və nəhayət, Ermənistan adlı ölkə yox idi, burada torpağın, doğma elin qeyrətini çəkən mərd kişilər yurdu İrəvan xanlığı vardı. Bu xanlığın son nümayəndəsi Hüseynqulu xan da öz babalarına layiq bir ömür yaşamışdı.

Hüseynqulu xan otağından çıxmadan bir neçə gün fikirləşdi… Türkiyə Rusiya və Avropa ilə əlbəyaxadadır. İran qocalıb əvvəlki qüdrətindən düşüb. Azərbaycan xanlıqları isə ümumi düşmənə qarşı birgə vuruşmaq şüurundan çox-çox uzaqdır. Qalır iki yol: ya var-dövlətini, arvad-uşağı götürüb fərari kimi aradan çıxmaq, ya da qala divarları önündə kişi kimi şəhid olmaq… Hüseynqulu xan ikinci yolu seçdi.
Rus taxtının sahibi guya alicənab sayılan quduz I Aleksandr idi. Və o, Qafqazdan hər gün xoş xəbər gözləyirdi. Məqsədi Qafqazın fəthi ilə bitmirdi. Gözü Təbrizdə, İstanbulda, daha sonra isə Kabil və Dehlidə qalmışdı. Onun fikrincə, Şərqə ağalıq yolu Qafqazdan, məhz Azərbaycandan keçirdi.
Gəncə hakimi Cavad xanı yenicə qanına qəltan edən ruslaşmış gürcü plebeyi Sisianov güclü qoşunla İrəvana yeridi. Xoşbəxtlikdən İranda hakimiyyət o vaxtlar əslində Abbas Mirzənin əlində idi və o, rusların niyyətini yaxşı bilirdi. Sisianovun hücum xəbərini alan kimi İrəvanın köməyinə gəldi. Üçkilsə (Eçmiədzin) yaxınlığında ağır döyüş oldu. Heç bir tərəf üstünlük qazana bilmədi. Lakin yüzminlik ordunun qarşısında xanlıq axıradək dayana bilməyəcəkdi və bunu Hüseynqulu xan yaxşı bilirdi. O, qalaya çəkilməyi qərara. aldı. Ermənilər Sisianovun köməyinə gəldilər. General çarın adından onlara böyük güzəştlər və xanlıq vəd eləmişdi; indiki kimi cani-dildən vuruşurdular. İrəvan qalası mühasirəyə alındı. Aramsız top atəşləri xalqın əzmi qabağında fayda vermədi. Üstəlik, bəzi məhəlli toqquşmalarda ruslar itki verdilər. Sisianov yeni qüvvə almaq üçün geri çəkildi və ikinci bir Hüseynqulu xan tərəfindən Bakının Şirvan darvazası önündə başı kəsilərək İrana göndərildi.

I Aleksandr bərk hirsləndi, tanınmış hərbçi, qraf Qudoviçi İrəvana göndərdi. Hüseynqulu xan vəziyyətin gərginləşdiyini gördü; amma müqavimətdən başqa çıxış yolu yox idi. Və həmin vaxtdan İrəvan xanlığı tarixinin qəhrəmanlıq salnaməsi başlandı.
Qudoviç əl-ayağa dolaşmamaq üçün əvvəlcə Naxçıvan üzərinə yeridi. Burada qazandığı uğur onu xeyli qürrələndirdi və o, İrəvanı dörd tərəfdən mühasirəyə aldı. Qudoviç Hüseynqulu xana göndərdiyi hədə və vədlərin fayda vermədiyini görüb bütün qüvvələriylə qalaya həmlə elədi. Topların tüstüsündən qala görünməz oldu. Qan su yerinə axdı. Hər iki tərəf gecə-gündüz cəsədlər daşıdı. Bu gözlənilməz müqavimətdən heyrətlənən Qudoviç dayanıb baxır, aciz-aciz çiyinlərini atırdı.
Uğursuzluq çara çatdırıldı. O, Qudoviçi geri çağırıb yerinə kimliyi bilinməyən Tormosovu göndərdi. Yeni general hiyləgər adam idi və qalanı mühasirə ilə üzüb əldən salmağa, nəhayət Hüseynqulu xanı açıq döyüşə çıxmağa məcbur etməyə çalışırdı. Tormosov az qala məqsədinə çatıb Hüseynqulu xanı tələyə salmışdı. Lakin, kiçik dəstəsi ilə qaladan çıxan Hüseynqulu xan yaxşı ki, vaxtında Koroğlu qalasına çəkilə bildi. Sonra gecə öz dəstəsi ilə əsas qüvvələrinə qovuşub qalaya çəkilməyə imkan tapdı.

Tormosovun ləng hərəkəti də çarın ürəyindən olmadı. Nəhayət, o öz ehtiyat qoşunlarını sınanmış general Paskeviçlə İrəvan üzərinə göndərdi. Bu, təcrübəli, eyni zamanda ehtiyatlı bir hərbçi idi.
20 ildən artıq rus imperiyası ilə mübarizə aparan kiçik bir xanlığın taleyində həlledici günlər başlandı. Abbas Mirzənin inadkarlığı və iki-üç cəbhədə gedən döyüşlər I Aleksandrı hövsələdən çıxardı. O necə olursa-olsun yol üstəki bu maneəni aradan götürüb İrana girmək və oranı işğal etmək istəyirdi. Çar İrəvanı diz çökdürmək niyyətini qətiyyətlə həyata keçirməyə tələsirdi.
Hüseynqulu xan da həlledici anların çatdığını duyurdu. Xanlığın sərhədini gəzir, qalaların müdafiəsini yoxlayırdı. Abbas Mirzə də təhlükəni hiss edib qoşunla köməyə gəldi.

Azərbaycan artıq tamam işğal olunmuş, şimalda isə müsəlman Qafqazın şərəfi olan Şamil öz şanlı azadlıq və istiqlal bayrağını yenicə qaldırmışdı. Əgər İrəvan da alınsaydı, Dağıstan və Şimal-Qərbi Qafqaz od-alov içində tənha qaya kimi qalacaqdı.
1827-ci ildə Paskeviç hücuma keçdi. Bütün rus korpusu məhv edilsə də, bu qələbə, həm Abbas Mirzənin, həm də Hüseynqulu xanın qüvvələrini demək olar ki, tükəndirdi. Paskeviç gecə-gündüz top atəşləriylə şəhəri viran qoydu. Şəhərdə demək olar ki, salamat ev və adam qalmamışdı. Bundan istifadə edən Paskeviç uçuq divarlardan qalanın son müdafiəçilərini də süngü və güllə ilə yerə sərib nəhayət ki, şəhəri aldı. Xəbər I Aleksandra çatanda o Paskeviçə qraf rütbəsi verdi, familiyasına isə Yerivanski ləqəbini əlavə elədi. Lakin ən böyük qazanca ermənilər çatdı. Onlar o vaxta qədər demək olar ki, erməni yaşamayan İrəvan şəhərini özlərinə daimi məskən etdilər. Bundan sonra Paskeviç İran qoşunlarının müqavimətini asanlıqla qırıb Ərdəbilə qədər getdi. Ruslar qədim və müqəddəs şəhərimiz olan Ərdəbili qarət edib yüzlərlə əlyazmasını və Şeyx Səfi məscidinin dünyada misli-bərabəri olmayan çini qablarını, hətta binanın kaşılarını belə qoparıb Ermitaja daşıdılar.
Bundan sonra isə bədnam Türkmənçay müqaviləsini bağlamaqla İran İrəvan xanlığını Rusiyaya güzəştə getməyə məcbur oldu. Sonralar ermənilər Hüseynqulu xanın Güzgülü sarayını məhv etməklə İrəvanda neçə yüzillik türk hökmranlığının son nişanəsini də yox elədilər.
Vətənin azadlığı uğrunda işğalçılara qarşı qəhrəmancasına mübarizəsinə görə son 70 il ərzində Hüseynqulu xan bircə dəfə də yad edilmədi.
Top