Sun Tszı

Sun Tszı

Hərbi nəzəriyyə əlbəttə, hərb və müharibələrin özündən çox cavandır. Əvvəlcə nəsə olmalıdır ki, sonra da ümumiləşdirilsin. Lakin biz bilirik ki, hərb və müharibələr tarixin min-min illərlə dərinliyinə gedir. Əldə olunan hərbi nəzəri əsərlərin və ümumiləşmələrin tarixi isə eradan əvvəlki minilliyin ortalarına təsadüf edir. Belələrini yaradanlardan biri və bəlkə də birincisi heç şübhəsiz ki, e.ə. IV əsrdə yaşamış Sun Tszıdır. Çində o dövrdə hərb nəzəriyyəsi çox inkişaf etmişdi. Çünki hələ qədimlərdən bəri bu ölkədə saysız knyazlıqlar arasında aramsız müharibələr gedirdi. Buna görə bu müharibələrdə qələbə çalmaq üçün hərb sənətini dərindən bilmək lazım idi. Bu tələbatı ödəmək üçün sərkərdələr və müdriklər çoxlu hərbi traktatlar yaradırdılar. Belə ki, Sun Tszıya qədər Çində belə traktatların sayı 600-ə çatmışdı. Lakin heç bir başqa traktat öz əhatəliyi, zənginliyi və dərinliyi ilə Sun Tszıya çata bilmədi.
Sun TszıRəvayətə görə Sun Tszı Tsi çarlığında doğulmuş və qoca yaşlarına qədər U çarlığında qulluq etmişdir. Onun özünün də əsl adı U idi. Sun Tszının Avropa hərb nəzəriyyəçiləri Jomini və Klauzevitsdən fərqi bu idi ki, o, həm nəzəriyyəçi, həm də praktik idi. Özünün 30 minlik ordusu ilə Sun U çarlığının şimalındakı aqressiv Çi çarlığını ağır məğlubiyyətə uğradıb Tsi və Tzin çarlığının qoşunları üzərində həlledici qələbə çalmışdı. Uzaq və yaxın bütün çarlıqlar və knyazlar bu qələbələrdən sonra U çarlığına qarşı hər hansı bir tədbirdən əl çəkmiş, əksinə ona dostluq və iltifat sazişləri ilə müraciət etmişdilər.
Lakin Sun Tszının nəzəri fikirləri və tövsiyələri onun əməli işlərindən daha çox parlaq və ölməz oldu. Bu fikir və müddəalar hətta Napoleon kimi hərb dühasının belə masaüstü kitabı olmuşdur.

Miladdan əvvəl II əsrdə yaşamış məşhur Çin tarixçisi Sıma Syan Sun Tszının həyatından belə bir ibrətamiz əhvalat nəql edir. Bir dəfə çar Xou Sun Tszıdan hansı hərbi möcüzə göstərə biləcəyi barədə soruşanda sərkərdə saray cariyələrindən əla döyüş vzvodu düzəldə biləcəyini deyir. Çar gülüb qəşş edir. Amma Sun Tszı çarın onun işinə qətiyyən qarışmayacağı təqdirdə sözlərinə əməl edəcəyi barədə çarla böyük məbləğdə mərc gəlir. O, incə-mincə saray gözəllərini iki dəstəyə bölüb onlarla döyüş məşqlərinə başlayır. Lakin onun səyləri heç bir nəticə vermir. Çarın hərəmləri gülə-gülə hərəkətləri lağ-lağaya döndərirlər. Çar və onun əyanları da pəncərədən gülə-gülə baxıb tamaşa edirlər. Birdən Sun Tszı ən çox gülən kənizi irəli çıxarıb dəstə başçısının tapşırıqlarını layiqincə yerinə yetirmədiyinə görə ölümə məhkum edir və dəstə başçısına əmr edir ki, hökm yerinə yetirilsin. Pəncərədən baxan çar Xou ən sevimli cariyəsinin təhlükədə olduğunu görüb əl-ayağa düşəndə Sun Tszı şərtə görə ona mane olmağı qadağan edir və gənc saray gözəli edam olunur. Bu hadisədən dəhşətə gələn qalan cariyələr bir neçə günə ciddi və inadla məşqlər nəticəsində doğrudan da mahir döyüşçülərə çevrilirlər. Və beləliklə, Sun Tszı çarla bağladığı mərci udur.

Sun Tszının «Hərb sənəti» adlı traktatı aşağıdakı 13 fəsildən ibarətdir: 1. İlk mülahizələr. 2. Müharibənin gedişi. 3. Strateji hücum. 4. Forma. 5. Güc. 6. Doluluq və boşluq. 7. Müharibədə mübarizə. 8. Doqquz dəyişiklik. 9. Yürüş. 10. Mövqeyin şəraiti. 11. Doqquz ərazi. 12. Odla hücum. 13. Cəsuslardan istifadə.
Sun Tszı I fəsildə müharibədə beş şərti əsas sayır: 1. Yol. 2. Göy. 3. Yer. 4. Sərkərdə. 5. Qoşun.

1. Yol — yəni xalqla hökmdarın niyyəti eynidir. Xalq hökmranla birgə ölümə hazırdır.
2. Göy — yəni işıq və qaranlıq, soyuq və isti, zaman gərdişi.
3. Yer — yəni uzaqlıq və yaxınlıq, genişlik və darlıq, ölüm və həyat.
4. Sərkərdə — yəni ağıl, soyuqqanlılıq, humanizm, mərdlik və sərtlik.
5. Qanun — yəni qoşun nizamı, komandanlıq və təchizat.

Göründüyü kimi, bu günün hərbi-texniki vasitələrinin ağlasığmaz inkişafı dövründə belə Sun Tszının şərtləri hər hansı döyüş və qələbə üçün vacib olan taktiki və strateji əsaslardır. Sonrakı fəsillərdə sərkərdə bütün zamanlarda ordular və müharibələr üçün zəruri olan aspektləri ustalıqla müəyyən etmiş, qələbə şərtlərini açıqlamışdır. Və buna görədir ki, Sun Tszı hətta XX əsrin nəinki Mao Tszedun və Vo Nquen kimi nəhəng diktatorları üçün, hətta müasir ABŞ hərb məktəblərində belə geniş öyrənilən nəzəriyyəçidir. Onu hətta Klauzevitsdən belə üstün hesab edirlər.
Top