Baamonde Fransisko Franko El-Ferrol şəhərində Liman xəzinədarı ailəsində anadan olmuş, Toledo şəhərində hərbi piyada məktəbində oxumuşdur. Balacaboy gənc kadet tələbə yoldaşlarından o qədər seçilməsə də, hər halda leytenant rütbəsində təhsilini başa vurub El-Ferrolda qulluğa başlamışdır. Gənc zabit 1910-cu ildə ispan Mərakeş müharibəsinə qoşulub, 1916-cı ildə Binutsedə ağır yaralanmışdır. Cəsurluğuna və rəşadətinə görə 25 yaşında mayor rütbəsinə layiq görülmüşdür. Burada 1920-ci ilə qədər gedən müstəmləkə müharibəsində öz təşəbbüskarlığı və əzmkarlığı ilə polkovnik Franko ispan kralı XIII Alfonsun diqqətini cəlb etmiş və bu diqqət nəticəsində o, Asturiyanın 10 zəngin ailələrinin birindən olan Karmen Polo ilə evlənmişdi.
Yeni kralın himayədarlığı ilə Fransisko 33 yaşında briqada generalı olmuşdur. 1931-ci ildə İspaniyada hökumət təşkil etmək respublikaçı Manuel Asanyaya həvalə olunur. O, ölkəni respublika elan edib böyük sayda hərbi zabitləri istefaya göndərir. General Franko İspaniya Muxtariyyət Hüquqları Konfederasiyası ilə yaxınlaşır və federasiyanın bir neçə yüz minlik üzvləri arasında böyük nüfuz qazanır. Bu zaman o, D.İdalqonun diqqətini cəlb edir və az keçməmiş ordu generalı rütbəsinə layiq görülür.
1934-cü ildə Asturiya metal emalı zavodlarında və şaxtalarında kommunistlərin silahlı qiyamı başlayır. Qiyamın yatırılmasında general Franko da iştirak edir. Bundan sonra o, baş hərbi qərargahın rəisi təyin olunur. 1936-cı ildə İspaniyada hakimiyyət xalq cəbhəsinin, yəni kommunistlərin əlinə keçir. Təbii ki, başqa vətənpərvər generallarla bərabər Franko da Madridi tərk etməli olur. Həmin ildə bir qrup zabit Mərakeşdə solçu ispan hökumətinə qarşı qiyam qaldırır. Qiyam İspaniyaya da yayılıb ölkənin bütün qarnizonlarını bürüyür. İspaniyada vətəndaş müharibəsi başlayır. Lakin ölkədən kənarda yerləşən ordu kommunist rejimi əleyhinə, donanması isə əksinə, respublikaçı hökumətin tərəfdarı olur. Franko İspaniyaya qayıtmağın mümkün olmadığını görüb kömək üçün Hitler Almaniyasına müraciət edir. İspaniyanın özündə kommunistlərin əleyhinə çıxan general Manuel Qoded respublikaçılar tərəfindən məğlub edilib edam olunur. Öz hissələri ilə Pireney yarımadasına gəlib, avqustun 6-da Franko Madridə yürüş edir. Digər istiqamətdə isə general Emilyo Mola hərəkətə gəlir. Onlar əlbir halda Toledonun on günlük mühasirəsindən sonra general Xose Varela ilə birləşirlər. Vəziyyəti belə görən SSRİ kommunist rejimi ispan kommunistlərinin köməyinə gəlir. İspaniyaya on minlərlə əsgər və zabit, habelə çoxlu miqdarda hərbi sursat göndərilir. İspaniyanın hər yerində ağır döyüşlər gedir. Birləşmiş ispan vətənpərvərləri 1936-cı ilin oktyabrın 6-da general Fransisko Frankonu İspaniyanın dövlət başçısı təyin edirlər. Dörd kolonna ilə Madridə doğru hərəkət edən general Mola deyir ki, onun Madriddə daha bir, beşinci kolonnası var. «Beşinci kolonna» ifadəsi də buradan əmələ gəlir.
Böyük Britaniya, ABŞ və Fransa münaqişəyə qarışmırlar. Lakin SSRİ rəsmi surətdə böyük qüvvələrlə rejimin müdafiəsinə gəlir. ABŞ və Fransadan da kommunistlərə çoxlu könüllülər gəlib qoşulur.
Yeni ispan sağ hökumətinin köməyinə göndərilən 50 italyan tankına rus qırıcıları havadan hücum edir və italyanlar pərən-pərən düşür. 37-ci il aprelin 1-də nəhayət, müxalifət Bilbaonu azad edir. Franko generalissimus rütbəsinə layiq görülür.
Sovetlərin hərbi köməyinin ardı-arasının kəsilmədiyini görən Franko noyabrın 28-də bütün İspaniyanın dəniz blokadasına alındığını elan edir. 1938-ci ilin əvvəllərində Franko yenidən hücuma keçib Ebro çayına doğru gəlir. Ebro uğrunda döyüşlərdə 70 min respublikaçı və sovet əsgəri öldürülür. Mayın 15-də könüllülər respublika İspaniyasını tərk edirlər. Nəhayət, uzun və inadlı vuruşlardan sonra Franko 1939-cu ilin yanvarında Barselonanı alır və martın 25-də Madridə daxil olur Şəhərdəki respublikaçılar və kommunistlər təslim olurlar.
Beləliklə, bir generalın hünəri sayəsində böyük və qədim xalq total köləlik rejimindən xilas olur. Sonrakı illərdə ömürlük rəhbər təyin olunan Franko İkinci Dünya müharibəsində Türkiyə kimi öz neytrallığı ilə ölkəsini gələcək faciələrdən qoruyur. Və nə qədər sərt rejim yaratsa da, İspaniyanı qabaqcıl, müasir, ədalətli və firavan ölkələr sırasında saxlayır.
Mənbə: Əlisa Nicatın «Böyük sərkərdələr» kitabı