Yozef Pilsudski

Yozef Pilsudski

Polyak marşalı Pilsudski (1867 - 1935) Litvada anadan olmuşdu. Onlar əslən litvalı olsalar da çoxdan polyaklaşmışdılar. Ailə çoxmillətli olduğundan Yozef uşaqlıqdan beş dil bilirdi. O, Peterburqda gimnaziya bitirib tibb universitetinə daxil olmuşdu. Amma inqilabi hərəkata qoşulduğu üçün həbs edilir, sonra isə Sibirə sürgün olunur. Ancaq inqilabi fəaliyyətini burada da davam etdirir. 1892-ci ildə doğma Vilno şəhərinə qayıdır. Onun bütün varlığı ilə Rusiyaya nifrət etməsi anlaşılandır. Çünki onun vətəni daim rus işğalına məruz qalmışdı və ümumiyyətlə bu ölkənin tarixi, xalqının xarakteri ilə tanış olduqda ruslara və Rusiyaya nifrət etməmək qeyri-mümkündür. Bu ölkədə ermənilərdən və gürcülərdən başqa hələ heç bir xalqa xeyir dəyməyib.

Pilsudski 1894-cü ildə Polşa Sosialist Partiyasını yaradaraq ona rəhbərlik etmişdir. 1905-ci ildən sonra bu inqilabçı tədricən siyasi fəaliyyətdən hərbi fəaliyyətə keçir. O, ruslara qarşı hərbi-siyasi Strelets İttifaqı yaradır. O, siyasi liderlərlə əlbir Polşa legionerlərini təşkil edir və briqada komandiri təyin olunur. Pilsudski Birinci Dünya müharibəsində Bukovinada və Volında ruslara qarşı döyüşlərdə iştirak edir. Almanlar Polşaya daxil olarkən Pilsudski Maqdeburqda onlarla saziş imzalayıb Varşavaya qayıdır və burada dövlət başçısı seçilir. Lakin dövlət seymə tabe olduğuna görə o, vəzifədən gedir, Polşa müstəqil elan olunur.

 



Pilsudski ordusu ilə Lvova gəlir. O, əslən Polşa ərazisi olan Qalisiyanı tələb edir. Sonra Petlyuranın milli Ukrayna hökuməti ilə saziş imzalayıb Qalisiyanı geri alır. 1920-ci ildə Polşa ilə Sovet Rusiyası arasında müharibə başlayır. Qızıl Ordu şöhrətli sərkərdə Tuxaçevskinin başçılığı ilə Varşavaya tərəf yeriyir. Rusların sayı 140 minə yaxın olub polyaklardan iki dəfə çox idi. Lakin Pilsudski rusları qabaqlayıb mayın 7-də Kiyevi alır. Ancaq sayca çox olan rus qüvvələrinin təsiri ilə geri çəkilir. Onun üstünə marşallar - Budyonnı, Yeqorov və Tuxaçevski gəlir. Pilsudski ağıllı şəkildə geri çəkilir, düşmən qüvvələrini fiziki və mənəvi tükənməyə aparırdı. Ruslar az qala Varşavanı almışdılar ki, polyak marşalı və xalqı onların üstünə necə bir fəlakət gəldiyini dərk edib vahid bir yumruğa çevrilir. Və bu yumruq iyul-avqustda rusların başına tərəf gəlir. Pilsudski şəxsən döyüşlərdə iştirak edərək ilk və həlledici zərbəni rusların mərkəzinə - Tuxaçevskiyə endirir. 16-cı rus ordusunun sol cinahı məhv edilir. Sonra marşal şimala tərəf dönüb ruslara elə divan tutur ki, onların 30 mini Almaniyaya qaçıb orada təslim olurlar. 66 min rus polyaklara əsir düşür, 330 top, 10 min hərbi maşın, tank və s. polyakların əlinə keçir. Ümumilikdə ruslar 150 min, polyaklardan üç dəfə çox itki verdilər. Sentyabrın 18-də Pilsudski Nemanda Tuxaçevskini ikinci dəfə əzir. Ruslar yenə 50 minə qədər itki verir. Nəhayət, Sovet Rusiyası təslim olaraq sülh istəyir. 18 mart 1921-ci ildə Riqada saziş imzalanır və ruslar polyakların bütün ərazi iddialarını təmin edirlər.
Xalq Pilsudskini son mənzilə tapşırarkən

Pilsudskinin bu qələbəsi kommunizmin Avropaya doğru yürüşünə mane olan tarixi bir hadisə hesab edilir. Bundan sonra Yan Sobetskiyə bərabər sayılan və xalqın sevimlisinə çevrilən marşal öz həyatını azad Polşanın güclü və müstəqil dövlətə çevrilməsi uğrunda mübarizəyə həsr edir.

Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı

Top