Quderian illərlə gözləməli oldu. Və nəhayət, Hitler hakimiyyətə gələndə polkovnik Quderian öz konsepsiyasını tankların iştirak etdiyi təlim əməliyyatları ilə fürerə nümayiş etdirdi. Ona öz ilk tank batalyonunu, sonra isə diviziyasını yaratmağa icazə verildi. Aydın idi ki, mobil tank orduları ilə hər hansı düşmən gözlənilməz və effektli hücuma məruz qala bilər. Bunun üçün Quderian Füllerin nəzəriyyəsinə "Blitskriq" konsepsiyasını da əlavə etmişdi.
Hitler generalı mükafatlandırıb 1940-cı ildə general-polkovnik rütbəsi ilə tamamilə gözlənilmədən Qərb cəbhəsinə göndərdi. Quderian 13-15 mayda general Reynxard və Fon Kleytslə bərabər Sedana doğru irəlilədi.
Fransızların doqquzuncu ordusu büsbütün məhv edildi. 80 kilometr məsafə qət edilib Sedan alındı. Mayın 21-də Quderian Bulonu aldı və sonra Britaniya ekspedisiya korpusunu əsir götürdü. Mayın 25-27-də Belçika kralı III Leopold təslim oldu. Mayın 28-də Quderiana gözlənilmədən dayanmaq əmri verildi. Bununla da Hitler İngiltərə aviasiyasına əl-qol açmağa imkan verdi. Nəhayət, iyunun 5-də Hitler yenidən hücum göstərişi verdi. General-polkovnik Quderianın tank diviziyası Fransanın ortasından cənubuna doğru elə sürət götürdü ki, qabağına çıxan bütün orduları əzib iyunun 13-də Parisə daxil oldu. Yalnız bundan sonra Almaniya üzünü Şərqə, qədim və qart düşmənlərinə - Rusiyaya qarşı çevirdi. Quderian Füllerdən blitskriqi Rusiya üzərində tətbiq etmək üçün əmr aldı və daha bir neçə generalla cəmi bir neçə aya bu nəhəng hərbi imperiyanın inadını qırıb milyona qədər əsir alaraq yanvarda gəlib Moskvaya çatdı. Amma birdən-birə gözlənilmədən, fəlakətli halda yorğunluğu bəhanə gətirib paytaxta həmləni yubatdı.
Nəhayət, ordu generalı ƏLAHƏZRƏT QIŞ göndərdiyi 46 dərəcə şaxta ilə Quderianın qalibiyyətli ordusunu sıradan çıxartdı (Böyük Vətən müharibəsində dönüş).Qalib dövlətlər 1945-ci ildə sırf hərbçi olduğunu nəzərə alıb Nürnberq prosesində Quderiana güldən də ağır söz demədilər.
Mənbə: Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı